Məhkəmə qərarları › İş №e-2-2(113)-3330/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3330/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3330/2025 04.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası, dəbbə pulu) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli PL012/2023№-li Xidmət Müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında qeyd edilmiş 7261,72 manat əsas borc, 3492,06 manat penya məbləği, gecikdirilmiş ümumi məbləğə 5%-lə hesablanmış 485,12 manat məbləğində vurulmuş zərər, ümumilikdə 11238,90 manat, o cümlədən hüquqi yardımın göstərilməsinə ödənilmiş 600 manat və ödənilmiş 125,56 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli PL012/2023№-li Xidmət Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında avtokran xidmətini göstərilməsinə dair sifariş götürmüş və sifariş üzrə götürmüş olduğu öhdəlik iddiaçı tərəfindən icra edilmişdir. Qeyd edilən Xidmət müqaviləsinə əsasən iddiaçı tərəfində öhdəlik icra edilməsinə baxmayaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli PL012/2023№-li Xidmət Müqaviləsinin 1.1-ci yarımbəndində əsasən üzərinə götürmüş olduğu ödənişlə bağlı öhdəliyi bu günədək icra etməmişdir. Qeyd edilən öhdəliyin icrası ilə bağlı iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli EBDQ895897№-li Elektron Qaimənin göndərilməsinə, həmçinin xx.xx.2024-cü il tarixli öhdəliyin icra edilməsinə dair elektron məktubun göndərilməsinə, bundan başqa xx.xx.2025-ci il tarixdə həm iddia ərizəsində qeyd edilən ünvana poçt vasitəsi ilə göndərilmiş pretenziya məktubuna, bununla yanaşı eyni tarixli elektron məktubun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən ödənişlə bağlı öhdəliyi bu günədək icra edilməmişdir. Bundan başqa məhkəmənin diqqətinə onu da çatdırmaq istərdik ki, iddiaçı tərəfindən cavabdehə göndərilən pretenziya məktubunda ödənişlə bağlı qeyd edilmiş müddət başa çatmasına baxmayaraq cavabdeh tərəfindən ödəniş icra edilməmişdir. Belə olduğu təqdirdə tərəflər arasında yaranmış mübahisənin xx.xx.2023-cü il tarixli PL012/2023№-li Xidmət Müqaviləsinin 8.1-ci yarımbəndində nəzərdə tutulmuş qaydada qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həlledilməsizərurəti yaranmışdır. Hörmətli məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğ xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında qeyd edilmiş 7261,72 manat əsas borcdan əlavə tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli PL012/2023№-li Xidmət Müqaviləsinin 3.4-cü yarımbəndində nəzərdə tutulmuş gecikdirilmiş hər gün üçün hesablanmış 3492,06 manat penya məbləği, həmçinin AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş ümumi məbləğə 5%-lə hesablanmış 485,12 manat məbləğində vurulmuş zərər ümumilikdə 11238,90 manat, o cümlədən iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillə elektron qaydada imzalanmış xx.xx.2025-ci il tarixli Hüquqi yardımın göstərilməsi haqqında Müqaviləyə əsasən ödənilmiş 600 manat məbləğində hüquqi yardım haqqının və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 399.3, 399.4, 445, 445.7,449, 449.3, -ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında imzalanmış xx.xx.2023cü il tarixli PL012/2023№-li Xidmət Müqaviləsinin predmetindən görünür ki, “İcraçı” “Sifarişçiyə” əlavədə yerləşən razılaşma protokolunda göstərilən avtokran xidmətini yerinə yetirməyi, “Sifarişçi” isə göstərilmiş xidmətləri qəbul edib hazırkı müqavilə ilə müəyyən edilmiş xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. Müqaviləin 2.2-ci bəndinə əsasən İcraçının xidmət haqqını vaxtlı-vaxtında ödəmək Sifarişçinin vəzifəsidir. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflərin razılığına əsasən, bu Müqavilədə nəzərdə tutulan avtokran xidmətinin dəyəri əlavədə yerləşən razılaşma protokolunda göstərilir. Müqavilənin 3.4.-cü bəndinə əsasən “Sifarişçi” göstərilən xidmətin vaxtında ödənilməmiş dəyərin gecikdirilmiş hər günü üçün 0.1 % həcmində penya ödəyir. xx.xx.2023-cü il tarixli PL012/2023№-li Xidmət Müqaviləsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli X1 görünür ki, icraçı tərəfindən sifarişçiyə Avtokran xidməti göstərilməsi üçün ümumi məbləğ 9440 manat (1440 manat ƏDV olmaqla) məbləğində müəyyənləşdirmişlər. Qeyd hissəsində avtokran üç aydan az işləyərsə kranın aylıq qiymətinin üzərinə 1000 azn əlavə olunacağı, iş günlərinin ay ərzində 26 gün nəzərdə tutulduğu, iş saatının gün ərzində 08:00-dan 18:00- a qədər olduğu, iş vaxtından əlavə işləməyə ehtiyac yaranarsa hər əlavə iş saatı üçün əlavə ödəniş ediləcəyi və 4 gün istirahət gününün əvəzinə işləməyə ehtiyac yaranarsa həmin günlər 1 günü 250 manatdan hesablanacağı müəyyən edilmişdir. EBDQ seriyalı, 895897 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 7261,72 manat məbləğində görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli hesabda xx.xx.2023-xx.xx.2023 tarixlərində 20 gün müddətində 7261,72 manat dəyərində avtokran xidməti qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli PL012/2023№-li xidmətlərin göstərilməsi müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli faktiki yerinə yetirilmiş işlərin təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən xx.xx.2023-xx.xx.2023 tarixlərində 7261,72 manat dəyərində avtokran xidməti işlərinin tam yerinə yetirilərək təhvil verilməsi Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli PL003/25 nömrəli pretenziya məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli PL012/2023N°-li Xidmət Müqaviləsinə əsasən hesablanmış ümumilikdə 11238,90 manat təşkil edən borc məbləğini 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə, iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən Cavabdeh MMC-nin 7261,72 manat əsas borcu olması, xx.xx.2023-cü il taixdən xx.xx.2025-ci il tarixə kimi gericdirilmiş 481 gün üçün illik 5 faiz hesablanmaqla 485,12 manat, günə 0,1% penya olmaqla 3492,06 manat, cəmi 11238,90 manat borcu olması qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən vəkili Vəkil işlədiyi “Kamandar Nəsibov və Partnyorlar” vəkil bürosuna 600 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 1 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 125,40 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 463. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi üzrə öhdəlik münasibətlər mövcud olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər arasında bütün mühüm şərtləri razılaşdırılaraq bağlanmış xx.xx.2023-cü il tarixli PL012/2023 nömrəli xidmət müqaviləsinə əsasən iddiaçı cavabdehə əlavədə yerləşən razılaşma protokolunda göstərilən avtokran xidmətini yerinə yetirməyi, cavabdeh isə göstərilmiş xidmətləri qəbul edib müqavilə ilə müəyyən edilmiş xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş, xx.xx.2023-xx.xx.2023 tarixləində 20 günlük, 7261,72 manat dəyərində avtokran xidməti göstərsə də, cavabdeh tərəfindən xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyi yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş 7261,72 manat xidmət haqqını ödəməmişdir. Bu fakt iş materiallarındakı sübutlarla (təhviltəslim aktı, elektron qaimə, hesab) da təsdiq olunur. Buna görə də iddiaçının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin icrasını, görülmüş xidmətin haqqının ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, iddiaçı tərəfindən cavabdehə avtokran xidmətinin göstərildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək göstərilmiş xidmətlərə görə 7261,72 manat xidmət haqqını ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tələbin haqlı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 7261,72 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 485,12 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 2 ilə yaxın gecikdirdiyinə görə iddiaçının əsas borcun 481 gün gecikdirilməsinə görə hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunaraq 485,12 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı iddiaçı tələbində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən əsas borca hesablanmış 3492,06 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə də haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 363 manat müəyyən olunmalıdır. Məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, vəkil üçün ödənilən 600 manat xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddianın qismən təmin olunduğunu nəzərə alaraq qənaətə gəlir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 125,56 manat dövlət rüsumunun 101,1 manat məbləğində hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 7261,72 manat əsas borc, 363 manat dəbbə pulu, illik 5% ilə hesablanmış 485,12 manat pul vəsaiti, ümumilikdə 8109 (səkkiz min yüz doqquz) manat 84 (səksən dörd) qəpik borc, ödənilmiş hüquqi yardıma görə 600 (altı yüz) manatın və dövlət rüsumunun 101 (yüz bir) manat 10 (on) qəpiyin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar