Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3331/2021 19.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X3 Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçının hesabına yazılmış 4477 manat 80 qəpik borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçının hesabına yazılmış 4477 manat 80 qəpik borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən, iddiaçıya məxsus “Banuçiçək” restoranının qaz xətti üzərinə 12 yanvar 2017-ci il tarixində şəxsi vəsaiti hesabına alınaraq Dövlət yoxlamasından keçirilmiş və SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən yararlılıq rəyi verilmiş G-40 markalı, 05629 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin tarixdən obyektdə istifadə olunmuş təbii qazın hesabatı qeyd edilən qaz sayğacı vasitəsilə aparılmışdır. 2020-ci ilin mart ayında sayğacın elektron hissəsinin 68439 metr kub göstəricidə ilişərək qaldığı və hərəkətsiz olduğunu görmüşdür. Dərhal bu barədə Şirvan Xidmət Sahəsinə məlumat vermişdir. Elə həmin gün Sahənin mütəxəssisləri tərəfindən qaz sayğacına baxış keçirilərək elektron göstəricinin hərəkətsiz qaldığı, istifadə olunan qazın hesabatını sayğacın mexaniki hissəsinin qeydə aldığı müəyyən olunmuşdur. Mütəxəssislər tərəfindən iddiaçıya sayğacın sərfiyyatının mexaniki hissə ilə aparacaqlarını bildirmişlər. 2021-ci ilin fevral ayında Şirvan Xidmət Sahəsinə rəsmi olaraq müraciət etmiş, Sahə rəhbərliyi iddiaçıya qaz sayğacının təmirə göndərilməsi üçün dəfələrlə Regional İdarəyə müraciət edildiyi, lakin hələ də nəticəsi olmadığını bildirmişlər. 18 mart 2021-ci il tarixində Cavabdeh və Şirvan Qaz İdarəsinin nümayəndələri gələrək qaz sayğacını qaz xətti üzərində açmışlar. Onlar sayğaca yerində texniki baxış keçirdikdən sonra sayğacın daxilinin təmiz olduğu, sayğacın normal işlədiyi barədə ******* nömrəli akt tərtib edərək qaz sayğacını yenidən qaz xətti üzərinə quraşdırmışlar və aktın bir nüsxəsini iddiaçıya təqdim etmişlər. Lakin problem bununla da yekunlaşmamış, yenə də elektron göstərici işləməmişdir. 30 aprel 2021-ci il tarixində qaz sayğaclarının aylıq göstəriciləri çıxarılan zaman Şirvan Xidmət Sahəsinin işçiləri elektron göstəricinin öz-özünə bərpa olunduğu və 68439 metr kub göstəricidən birbaşa 114008 metr kub göstəriciyə keçdiyini bildirmişlər. İddiaçı onlara həmin vaxt sayğacın mexaniki göstəricisinin 57005 metr kub olduğunu, elektron hissədə aşkar edilmiş qaz həcminin ondan 2 dəfə çox yazıldığını və bu rəqəmlərin həqiqətə uyğun olmadığını bildirmişdir. Şirvan Xidmət Sahəsinin nümayəndələri iddiaçıya haqlı olduğunu bildirərək baş vermiş hadisəyə görə narahat olmamasını demişlər. Lakin, may ayının əvvəlində iddiaçıya təqdim olunan hesabatda obyektə əlavə olaraq 4447 manat 80 qəpik hesabat aparıldığı barədə iddiaçıya hesab faktura təqdim olunmuşdur. İddiaçı, hesabatla razılaşmadığı, bu borcu qəbul etmədiyi üçün Cavabdehnə pretenziya məktubu ünvanlamışdır. Lakin, məktubu da cavabsız qalmış və əlavə hesablanmış borc silinməmişdir. 13 ay müddətində qaz sayğacının elektron hissənin işləməməsinə tədbir görülməməsi birbaşa Cavabdeh səhlənkarlığıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən, iddiaçıya məxsus “Banuçiçək” restoranının qaz xətti üzərinə 12 yanvar 2017-ci il tarixdə G-40 markalı, 05629 nömrəli qaz sayğacı quraşdırılaraq təbii qaz istifadəçisi kimi abonent qeydiyyatına alınmışdır. Həmin vaxtdan “Banuçiçək” restoranında istifadə olunan qazın hesabatı qeyd olunan qaz sayğac vasitəsilə aparılmışdır. 2020-ci ilin mart ayında sayğacın elektron göstəricisi 68439 metr kubda sönmüş, mexaniki göstərici 32311 metr kub təşkil etmişdir. Elektron göstərici söndüyü səbəbindən də obyektdə istifadə olunan qazın həcmi mexaniki gösrətici əsasında hesablanmışdır. Mexaniki göstərici əsasında restorana 2020-ci ilin aprel ayında 1033 (sayğac göstəricisi 33344), may ayında 1471 (sayğac göstəricisi 34815), iyun ayında 1228 (sayğac göstəricisi 36043), iyul ayında 1337 (sayğac göstəricisi 37380), avqust ayında 1629 (sayğac göstəricisi 39009), sentyabr ayında 1613 (sayğac göstəricisi 40622), oktyabr ayında 1812 (sayğac göstəricisi 42434), noyabr ayında 2914 (sayğac göstəricisi 45348), dekabr ayında 2172 (sayğac göstəricisi 47520), 2021 -ci ilin yanvar ayında 2440 (sayğac göstəricisi 49960), fevral ayında 2143 (sayğac göstəricisi 52103), mart ayının birinci yarısı 982 (sayğac göstəricisi 55532) metr kub hesabat aparılmış, ümumilikdə (mart ayının birinci yarısında aşkarlanan 982 kub qazı çıxmaq şərti ilə) 22239 metr kub qaz hesablanmışdır. 16.04.2021-ci il tarixdə qeyri-əhali obyektlərinin qaz sayğaclarının göstəriciləri qeydə alınan zaman iddiaçıya məxsus sayğacın elektron göstəricisinin bərpa olunduğu müəyyən olunmuşdur. 30.04.2021-ci il tarixdə qaz sayğacının elektron göstəricisi 114008 metr kub, mexaniki göstərici 57005 metr kub qeydə alınmış və AQİS bazasına işlənmişdir. Nəticədə elektron sərfiyyat əsasında 45569 metr kub hesabat aparılmış, obyektin hesabında 9126.4 manat məbləğində borc yaranmışdır. Elektron göstərici istifadə olunmuş qaz sərfini göstərmədiyi müddətdə sayğacın mexaniki hissəsi əsasında “Banuçiçək” restoranına hesablanmış 4447.80 manat məbləğində borc (22239 metr kub qaz həcmi) elektron hissənin qeydə aldığı göstəricidən çıxılmış, borc azalaraq 4678.60 manat ( 9126.4-4447.8=4678.60) təşkil etmişdir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinə qaz sayğacının elektron göstəricisinə əsasən borc hesablanmışdır. İddiaçı iddia ərizəsində mülkiyyətində olan restoranın qaz sayğacına baxış keçirərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərini pozulmasını qeyd etmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus “Banuçiçək” restoranında heç bir yoxlama keçirilməmiş, qaz sayğacına texniki baxış keçirilərək müəyyən xidmətlər göstərilmişdir. Qeyd olunanlar iddia tələbinin əsassız olmasının birbaşa sübutudur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, X6 vergi ödəyicisi kimi uçota alınmaqla ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. 18 mart 2020-ci il tarixli ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən, iddiaçıya məxsus “Banuçiçək” restoranında quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğac xəttən açılmış, süzgəc və sayğacın daxilinin təmiz olması müəyyən olunmuş, sayğac yenidən xəttə bağlanaraq bu barədə akt tərtib olunmuşdur. Cavabdeh Salyan rayon Qaz İstimar İdarəsinin 23.04.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçıya məxsus Elster G-40 RVG EK-220 05629 nömrəli qaz sayğaçının elektron lövhəsi 13.04.2020-ci il tarixdən sönmüş və həmin vaxtı olan göstərici elekron 68439 m3, mexaniki 32311 m3 təşkil etmişdir. Bundan sonra xidməti məlumatla müraciət olunmuş və göstəricinin mexaniki hesabatla aparılması qərarlaşdırılmışdır. 2021ci ilin fevral ayında Audit komisiyyasının yoxlaması zamanı sayğacın elektron lövhəsinin işləməməsi barədə akt tərtib olunmuşdur. Lakin 16.04.2021-ci il tarixdə sayğaca baxış zamanı elektron lövhə işləmiş və üzərindəki göstərici elektron 112178 m3, mexaniki 55532 m3 olaraq AGİS bazasına işlənilmiş və nəticədə abonentin hesabına 43739 m3 sərfiyyat hesablanmışdır. Sayğacın hesabatı mexaniki göstərici ilə getdiyi dövrdə 22239 m3 qaz sərfi abonentin hesabına işlənmişdir. Abonentin saldosundan müəyyən olunur ki, cavabdeh tərəfindən 2021-ci ilin aprel ayına iddiaçıya hesablanmış sərfiyyatdan 4447,8 manat çıxılmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən, iddiaçıya məxsus “Banuçiçək” restoranında quraşdırılmış Elster G- 40 RVG EK-220 05629 nömrəli qaz sayğaçının elektron lövhəsi 13.04.2020-ci il tarixdən sönmüş, bundan sonra sayğacın göstəricisi mexaniki hesabatla aparılmışdır. 2021-ci ilin fevral ayında cavabdehin Audit komisiyyasının yoxlaması zamanı sayğacın elektron lövhəsinin işləməməsi barədə akt tərtib olunmuşdur. Cavabdehin əməkdaşları tərəfindən 16.04.2021-ci il tarixdə sayğaca baxış zamanı elektron lövhənin işləməsi müəyyən olunmuş və üzərindəki göstərici elektron 112178 m3, mexaniki 55532 m3 olaraq AGİS bazasına işlənilmiş və nəticədə abonentin hesabına 43739 m3 (8747,8 manat) sərfiyyat hesablanmışdır. Sayğacın hesabatı mexaniki göstərici ilə getdiyi dövrdə 22239 m3 (4447,8 manat) qaz sərfi abonentin hesabına işlənmiş və həmin sərfiyyat abonentin hesabına hesablanmış 43739 m3 sərfiyyatdan çıxılmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarından və cavabdehin nümayəndəsinin izahatından müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Cavabdehin nümayəndəsi bu halı onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus “Banuçiçək” restoranında heç bir yoxlama keçirilməmiş, qaz sayğacına texniki baxış keçirilərək müəyyən xidmətlər göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən yoxlamaların bütün növləri qeyd edilməklə, bəziləri konkret göstərilmişdir ki, bunlardan baxış, o cümlədən müşahidə, nəzarət sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən yoxlamaların növlərinə aid edilmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə quraşdırılmış sayğaca baxış da sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən yoxlamalar növünə aid olmaqla yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalı idi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi sayğacın elektron göstəricisi söndüyündən cavabdeh tərəfindən sayğac dəyişdirilməyərək, onun mexaniki göstəricisi əsas götürülməklə sərfiyyat hesablanmışdır. Yoxlama zamanı isə elektron göstəricinin uzun müddət sonra işlədiyini müəyyən edən cavabdeh, onun əvvəl sönməsini, eləcə də nasaz olmasını nəzərə almayaraq, elektron göstəricini əsas götürməklə iddiaçıya əlavə sərfiyyat hesablamışdır ki, bu qanunsuzdur. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinin tələblərinə əsasən qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə (hazırki işə münasibətdə qaz sayğacının dəyişdirilməməsi, təmir olunmaması) görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi yoxlama zamanı iddiaçının hesabına 43739 m3 (8747,8 manat) sərfiyyat hesablanmış, sayğacın hesabatı mexaniki göstərici ilə getdiyi dövrdə 22239 m3 (4447,8 manat) qaz sərfi 43739 m3 sərfiyyatdan çıxılmaqla iddiaçıya əlavə 21500 m3 (4300 manat) sərfiyyat hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, yoxlama zamanı iddiaçıya 4300 manat məbləğində əlavə borc hesablandığından iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (4300 manat) iddia tələbinin (4477,80 manat) 96 faizini təşkil etdiyini nəzərə alaraq 30 manat məbləğində dövlət rüsumunun 28,8 manat məbləği cavabdehdən, qalan 1,2 manat məbləği isə iddiaçıdan tutularaq dövlət gəlirlərinə alınmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən X3 hesabına yazılmış 4300 manat borc silinsin. İddia qalan hissədə rədd edilsin. 30 manat dövlət rüsumunun 28,80 manat məbləği Cavabdehndən, qalan 1,2 manat məbləği isə X1 tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3331/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3331/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver