Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3332/2021 02.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən ƏDV daxil 16072.49 manat borcun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən ƏDV daxil 16072.49 manat borcun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında olan müqaviləyə əsasən cavabdehə müxtəlif adlarda mallar satılmış, lakin bugünə qədər qalmış ƏDV daxil 16072.49 manat ödənilməmişdir. İddiaçı tərəfindən elektron qayimələr cavabdehə göndərilmiş və tam olaraq təsdiq edilmişdir. İddiaçı tərəfindən 04.05.2021-ci il tarixli pretenziya məktubları göndərilməklə on beş gün ərzində həmin məbləği ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlığa baxmayaraq indiyə qədər həmin məbləğdə pul ödənilməmişdir. Ödənilməli olan məbləğlə əlaqədar elektron qayimələr əlavələri ilə birlikdə cavabdehə göndərilmiş və qarşı tərəfdən tam olaraq təsdiq edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə arasında hər-hansı Müqavilə üzrə öhdəlikləri əks etdirən heç bir sübutu iddia ərizəsində qeyd etməmiş və yaxud sənədlərin surətini qoşmamışdır. İddiaçı və cavabdeh arasında Müqavilə və digər sənədlər mövcud deyil. Həmçinin, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilibsə buna dair təsdiqedici sənədləri (protokol razılaşma, AKT və s.) təqdim etsinlər. Sonda cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 67 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda müxtəlif adda cavabdehə mal satılmışdır. Hesabdan çıxarışların və memorial orderlərin surətlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 02.05.2018-ci il tarixli 006/05/2018 saylı alqı-satqı müqaviləsinə əsasən xırdavat, santexnika və elektrik materiallarının alışı üzrə 23.08.2019cu il tarixdə 10.000 manat, 29.10.2019-cu il tarixdə 8.000 manat, 06.11.2019-cu il tarixdə 4.000 manat, 03.12.2019-cu il tarixdə 5.000 manat, 10.12.2019-cu il tarixdə 10.000 manat, 14.04.2020-ci il tarixdə 18.000 manat, 06.05.2020-ci il tarixdə 5.000 manat, 22.05.2020-ci il tarixdə 6.000 manat, 13.10.2020-ci il tarixdə 4.000 manat, 11.11.2020-ci il tarixdə 1.000 manat məbləğlərində ödənişlər edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 3.7.1-ci bəndinə əsasən elektron qaimə-faktura malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt təqdim edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda müxtəlif adda cavabdehə mallar satılmış, malların dəyərindən cavabdeh tərəfindən iddiaçının hesabına ödənişlər edilmişdir. Cavabdehin iddiaçıya 16072,49 manat borcu qalmışdır. Məhkəmə elektron qaimələrlə və iddiaçının nümayəndəsi və vəkiliinin izahatı ilə müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri alqı-satqı müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər isə Mülki Məcəllənin 29-cu fəslinin normaları ilə tənzimlənir ki, həmin fəslin normalarında da alqı-satqı müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi şifahi formada da bağlana bilər. İş materiallarında olan elektron qaimələrdən, hesabdan çıxarışlardan və memorial orderlərdən görünür ki, iddiaçı tərəfindən malların göndərilməsinə dair elektron qaimələr cavabdehə göndərilmiş, həmin qaimələr cavabdeh tərəfindən təsdiq edilməklə iddiaçının hesabına ödənişlər olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin iddiaçı və cavabdeh arasında hərhansı Müqavilə üzrə öhdəlikləri əks etdirən heç bir sübutu iddia ərizəsində qeyd etməməsi və yaxud sənədlərin surətini qoşmaması, iddiaçı və cavabdeh arasında Müqavilə və digər sənədlərin mövcud olmaması barədə dəlilləri tamamilə əsassızdır. Eyin zamanda, memorial orderlərdən də göründüyü kimi cavabdeh tərəfindən iddiaçının hesabına ödənilmiş pul vəsaitləri 02.05.2018-ci il tarixli 006/05/2018 saylı alqısatqı müqaviləsinə istinad edilməklə ödənilmişdir ki, bu hal da tərəflər arasında müqavilənin mövcud olmasını təsdiq edir. Beləliklə də, işin qeyd olunan halları ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında elektron qaimələrdə göstərilmiş malların alqı-satqısı ilə bağlı aralarındakı yazılı və ya şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin razılığa (müqaviləyə) əsasən də iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında müxtəlif adda mal sonuncuya satılmış və cavabdeh mallların dəyərinin bir hissəsini iddiaçıya ödəmiş, lakin qalan hissəsinə münasibətdə isə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Belə olan halda isə Mülki Məcəllənin 441.4-cü maddəsinin tələbinə görə əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyini həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilmişdirsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məcəllənin qeyd olunan müddəasının mənası baxımından iddiaçı üzərində düşən öhdəliyini yerinə yetirdiyi halda, cavabdeh də üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməlidir, yəni iddiaçının satdığı malların dəyərini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən ƏDV daxil 16072.49 manat borc və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3332/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3332/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver