Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3337/2023 06.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2021-ci il tarixli, CM 250621/725 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməyən 21.984,73 manat pulun, 3.957,25 manat ƏDV-nin, mediasiya xərclərinin əvəzi olaraq 200 manat pulun, hüquqi yardımın göstərilməsinə görə 500 manat pulun, əldən çıxmış fayda qismində 10.500 manat pul olmaqla cəmi 37.141,98 manat pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 25 iyun 2021-ci il tarixli CM250621\725sayı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər arasında müxtəlif tarixlərdə malların alqı-satqısı həyata keçirilmiş, müqaviləyə əsasən İddiaçı öhdəlikləri tam şəkildə yerinə yetirmiş, lakin "xxxx" MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödənişləri tam həyata keçirməmiş, müqavilə üzrə ödənilməmiş 21.984,73 manat (ƏDV xaric) qalıq borc qalmışdır. Alıcı müqavilə öhdəliklərini icra etmədiyi üçün müxtəlif tarixlərdə cavabdehin ünvanlarına pretenziya məktubu göndərilmiş, lakin nəticə əldə olunmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq 22 may 2023-cü il tarixdə mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh MMC iştirak etməmişdir. Mediasiya xərci olaraq 200 manat tərəflərindən ödənilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC-nin arasında malların alqı-satqısı xx.xx.2021-ci il tarixli CM 250621/725 saylı müqaviləyə əsasən həyata keçirilir ki, həmin müqavilənin 1.1-ci maddəsinə əsasən alıcı "xxxx" MMC aldığı malın dəyərini satıcı İddiaçı bank hesabına köçürmə yolu ilə ödədikdən sonra malı satıcıdan qəbil edir. İddia tələbindən isə göründüyü kimi, satıcı dəyəri ödənilməmiş malları alıcıya vermişdir. Bu halda satıcı özü həmin müqavilənin şərtini pozmuşdur və verdiyi haqqı qabaqcadan ödənilməmiş malların dəyərinin ödənilməsi üçün alıcının ödəmə imkanına dözmək vəzifəsini də yerinə yetirməmişdir. Bundan əlavə, həmin müqavilənin 2.1-ci maddəsinə əsasən malların dəyəri tərəflərin qarşılıqlı razılaşdırılmış protokollar əsasında malların satılacaq miqdarda qaimə-fakturalarının qiymətləri ilə müəyyən olunur. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 01 saylı, xx.xx.2021-ci il tarixli, 02 saylı, xx.xx.2021-ci il tarixli, 03 saylı, xx.xx.2021-ci il tarixli, 04 saylı təhvil-təslim aktlarında alınmış malların dəyəri göstərilmədiyinə görə iddia məbləğinin nə dərəcədə əsaslı olması da şübhə doğurur. Həmçinin, müqavilənin 2.2-ci maddəsinə əsasən alıcı satıcıdan aldığı ödəniş sənədləri əsasında 10 iş günü ərzində malın tam dəyərini satıcının hesablaşma hesabına ödəyəndən sonra malı təhvil alacaqdır. Göründüyü kimi, satıcı bu müqavilədən kənara çıxaraq öz riski əsasında dəyəri qabaqcadan ödənilməmiş malları alıcıya verməklə, həmin malların dəyərinin ödənilməsi müddətini də alıcı ilə müzakirə etmədən, 10.500 manat məbləğində əldən çıxmış fayda barədə ədalətsiz iddia tələbi ilə çıxış edir. Qeyd olunanlardan göründüyü kimi, satıcı bu müqavilədən kənara çıxaraq öz riski əsasında dəyəri qabaqcadan ödənilməmiş malları alıcıya verməklə, həmin malların dəyərinin ödənilməsi müddətini də alıcı ilə müzakirə etmədən, müqavilədə nəzərdə tutulmuş qaydanı pozaraq hazırda alıcını çətin maliyyə vəziyyətinə salmışdır. Buna əsasən də hazırda ona qarşı süni qaydada şişirdilərək irəli sürülmüş iddia tələbinin heç bir əsası mövcud deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2021-ci il tarixdə CM 250621/25 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən “satıcı” bu müqavilədə müəyyən olunmuş şərtlərlə verilmiş sifarişə və nümunəyə uyğun olaraq malını və göstərəcəyi xidməti müqaviləyə əlavə olunan Əlavə 1-də qeyd olunan qiymət razılaşdırması protokolda göstənlən miqdarda “alıcı”-ya satmağı, “alıcı” isə o həmin malın dəyərini “satıcının”-nın bank hesabına köçürmə yolu ilə ödədikdən sonra malı “satıcı”-dan qəbul edəcəkdir. 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri tərəflərin qarşılıqlı razılaşdırılmış protokollar əsasmda mallarının satılacaq miqdarda qaimə fak tural arının qiymətləri ilə müəyyən olunur. 2.2-ci bəndinə əsasən “satıcı” müqaviləyə əlavə olunan Əlavədə göstərilən miqdarda malı və xidmətləri “alıcı”ya təhvil verəcəkdir. “alıcı” isə “satıcı”-dan aldığı ödəniş sənədlərin əsasmda 10 (on) iş günü ərzində Əlavədə qeyd olunan malın tam dəyərini “satıcı”nın hesablaşma hesabına ödəyəndəndən sonra malı təhvil alacaqdır. 3.1-ci bəndinə əsasən müqavilə bağlandığı gündən etibarən qüvvəyə minir və xx.xx.2022-ci il tarixə qədər qüvvədədir. 3.2-ci bəndinə əsasən müqavilə tarixi bitdiyi zaman tərəflərdən heç biri nüqaviləyı xitam verməzsə, müqavilə hər dəfə daha 1 (bir) il müddətinə uzadılır. 4.6-cı bəndinə əsasən “alıcı”, malların dəyərini “satıcı” -ya nağd pulla və ya köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür. 4.7-ci bəndinə əsasən “alıcı” malın dəyərini tərəflərin razılaşdırılan qaydada ödədikdən sonra 10 (on) gün ərzində malı “satıcı”-dan qəbul edəcəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli malların təhvil-təslim aktları ilə İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli CM 250621/25 saylı alqısatqı müqaviləsinə əsasən müxtəlif adda, miqdarda və ölçülərdə olan elektrik malları (kabel, izolent və s.) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. Malların təhvil-təslim aktları imzalarla yanaşı İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə də təsdiq edilmişdir. İddiaçı tərəfindən ümumilikdə (ƏDV daxil) 48.038,07 manat məbləğində malların verilməsinə dair, o cümlədən 27.996,09 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 116791 nömrəli, 3.017,94 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 363622 nömrəli, 15.705,19 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 738741 nömrəli və 1.318,85 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 934584 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. Elektron qaimələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (EBBE seriyalı, 116791 nömrəli e-qaimə üzrə) İddiaçı hesabına 10.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (EBBE seriyalı, 116791 nömrəli e-qaimə üzrə) İddiaçı hesabına 8.725,5 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı tərəfindən "xxxx" MMC-yə pretenziya məktubu ünvanlayaraq borcun 3 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə CM 250621/25 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda İddiaçı həmin müqavilə əsasında təqdim edilmiş malların dəyərinin - 21.984,73 manat və 3.957,25 manat (ƏDV) məbləğində borcun cavabdeh "xxxx" MMC tərəfindən ödənilmədiyini iddia edir və həmin borcun tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və iddiaya qarşı etirazını satıcının dəyəri ödənilməmiş malları alıcıya verməklə müqavilənin şərtini pozması, həmçinin təhvil-təslim aktlarında alınmış malların dəyəri göstərilmədiyindən iddiaçının tələb etdiyi məbləğin əsaslı olmasının şübhə doğurması ilə əsaslandırır. Göründüyü kimi cavabdeh etirazında iddiaçı tərəfindən malların onlara təqdim edildiyini və verilmiş malların dəyərinin ödənilməməsini dolayısı ilə etiraf etdiyindən göstərilən hallar işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı isə cavabdehə təqdim edilən malların dəyəri ilə bağlıdır. Göstərilən halla bağlı məhkəmə qeyd edir ki, mübahisəli malların cavabdehə təqdim edilməsi ilə bağlı İddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə elektron qaimələr göndərilmiş və "xxxx" MMC MMC həmin qaimələrin heç birini qanunvericilikdə müəyyən edilmiş müddət ərzində düzəliş üçün qaytarmamış, eləcə də cavabdeh şirkət üçün vergi öhdəliyi yaradan həmin elektron qaimələr ilə bağlı iddiaçıya və vergi orqanına hər hansı bir formada etiraz ünvanlamamışdır. Məhkəmə hesab edir ki, cavabdeh malların qiyməti (dəyəri) qeyd edilmiş elektron qaimələrlə bağlı iddiaçıya və vergi orqanına hər hansı bir formada etiraz ünvanlamaması, hətta xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 116791 nömrəli elektron qaimə üzrə verilmiş malların qismən ödənişini həyata keçirməsi malların qiymətləri (dəyəri) ilə razılaşması anlamına gəlir. Digər tərəfdən məhkəmə alqı-satqı müqaviləsinin şərtlərinə əsasən mallar dəyərləri ödənildikdən sonra təqdim edilməli olduğu halda iddiaçının dəyəri qabaqcadan ödənilməmiş malları cavabdehə təqdim etməklə müqavilə şərtlərini (2.1-ci bəndi) pozması ilə bağlı cavabdehin etirazında göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin: 427.1-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 428.1-ci maddəsinə görə əgər kreditor icranı almaqdan üzrlü səbəbə görə imtina etməzsə, borclu öhdəliyi vaxtından əvvəl icra edə bilər. 428.2-ci maddəsinə görə öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. Göründüyü kimi qanunverici borclu tərəfindən öhdəlik vaxtından əvvəl icra edildikdə kreditorun həmin icranı almaqdan imtina etmək imkanını nəzərdə tutmuşdur. Hazırkı halda isə kreditor vaxtından əvvəl təqdim edilmiş malları qəbul etməklə həmin hüquqdan istifadə etməmiş, yəni malların vaxtından əvvəl təqdim edilməsi ilə razılaşmışdır. Odur ki, məhkəmə yuxarıda göstərilən dəlillərə münasibətdə qeyd etməyi zəruri sayır ki, birincisi, satıcının malı təqdim etmək öhdəliyini vaxtından əvvəl icra etməsi alıcını malın dəyərini ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə, kreditorun vaxtından əvvəl təqdim edilmiş icranı qəbul etdikdən sonra göstərilən hala istinad edərək malların ödəməkdən imtina etməsi isə vicdanlılıq prinsipinin tələblərinə cavab verən davranış hesab edilə bilməz. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – ƏDV daxil 25.941,98 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 25.941,98 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əldən çıxmış faydaya görə hesablanmış 10.500 manat məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə İddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 167,82 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 25.941,98 manat manat məbləğində əsas borc və mediasiya xərclərinin əvəzi olaraq 150 manat və vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin.. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3337/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3337/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver