Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3339/2022 07.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən borc məbləği kimi 105.037 (bir yüz beş min otuz yeddi) manat, mediasiya rüsumu olaraq ödənilmiş 400 manat və göstərilmiş hüquqi xidmətə görə 150 manat, cəmi 105.587 (bir yüz beş min beş yüz səksən yeddi) manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (Alıcı) ilə arasında 29 yanvar 2021-ci il tarixdə K2021-015 nömrəli satış (alqı-satqı) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC (Alıcı) İddiaçı MMC-dən (Satıcı) tikinti (qatqı) malları almış və əvəzində həmin malların satış dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə arasında bağlanmış müqaviləyə əsasən hazırda sonuncunun İddiaçı MMC-yə 105.037 (bir yüz beş min otuz yeddi) manat borcu müəyyən edilmişdir. Bu faktı iş materiallarına əlavə edilən və hazırda da qüvvədə olan elektron qaimə də təsdiq edir. "xxxx" ASC (Alıcı) ilə arasında 29 yanvar 2021-ci il tarixli müqavilənin bağlanılmasından 1 il, 4 ay müddət keçməsinə baxmayaraq hələ də 105.037 (bir yüz beş min otuz yeddi) manat məbləğində borc sonuncu tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 29 yanvar 2021-ci il tarixdə, K2021-015 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Satıcı (İddiaçı MMC) hazırki Müqavilənin Əlavələrində göstərilən malları Alıcının ("xxxx" ASC) mülkiyyətinə verməyi, Alıcı isə hamin malı qəbul etməyi və onun əvəzində Malın satış qiymətini Müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Hazırda iddiaçı 105.037 (bir yüz beş min otuz yeddi) manat dəyərində olan malların ödənilmədiyini bildirərək, pulun cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan İddiaçı üzərinə düşür. Qeyd edilən xüsusatın araşdırılması üçün həm də, tərəflər arasında olan işgüzar münasibətlərin hansı qaydada formalaşmış olduğuna da diqqət yetirilməlidir. İddiaçı tərəf iddiasının əsaslı olmasını təsdiq edən sübutlar kimi, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 353018 nömrəli 13.777,92 manat, xx.xx.2021-ci il tarixli EBBA seriyalı 753666 nömrəli 13.777,92 manat, xx.xx.2021-ci il tarixli EBBB seriyalı 642731 nömrəli 15.052,79 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBC seriyalı 559532 nömrəli 15.297,76 manat, xx.xx.2021-ci il tarixli EBBD seriyalı 344093 nömrəli 17.531,50 manat, xx.xx.2021-ci il tarixli EBBG seriyalı 546382 nömrəli 14.143,24 manat, xx.xx.2021ci il tarixli EBBH seriyalı 616567 nömrəli 15.455,96 manat, ümumilikdə 105.037,09 manat məbləğində malların İddiaçı tərəfindən alıcı "xxxx" ASC-yə təqdim edilməsi barədə elektron qaimələri və həmin elektron qaimələrin cavabdehin özü tərəfindən təsdiq edilməsinə dair çıxarışı əlavə etmişdir. Bundan əlavə də xx.xx.2021-ci il tarixdə 21-3661 nömrəli, xx.xx.2021-ci il tarixdə 21- 9383 nömrəli, xx.xx.2021-ci il tarixdə 21-11408 nömrəli, xx.xx.2021-ci il tarixdə 21-13247 nömrəli, xx.xx.2021-ci il tarixdə 21-15125 nömrəli, xx.xx.2021-ci il tarixdə 21-20860 nömrəli və xx.xx.2021-ci il tarixdə 21-22848 nömrəli müvafiq yol-qaimələri göndərilmişdir. Həmçinin də iddiaçı tərəf işə digər hazırda mübahisə predmetindəki məbləğə aid olmayan 11.02.21-ci il tarixli (349750 saylı), 18.02.21-ci il tarixli (653347 saylı), 18.02.21-ci il tarixli (653545 saylı) elektron qaimələri əlavə edərək, tərəflər arasında əvvəllər də, işgüzar münasibətlərin olduğunu və müvafiq olaraq ödənişlərin edildiyini bildirir. Məhkəmə qeyd edir ki, işin araşdırılmış və müəyyən olunmuş hallarından da göründüyü kimi, tərəflər arasında əvvəllər də alqı-satqı münasibətləri olmuş və müvafiq olaraq mallar verilmiş və ödənişlər edilmişdir. Lakin, yuxarıda qeyd edilmiş, cavabdehin özü tərəfindən təsdiq edilmiş cəmi dəyəri 105.037,09 manat təşkil edən elektron qaimələrlə bağlı cavabdeh tərəfindən hər hansı bir ödənişin edilməsi ilə bağlı sənəd təqdim edilməmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş elektron qaimələrin cavabdehin özü tərəfindən təsdiq edilməsi, ona dair hər hansı bir etirazın edilməməsi tərəflər arasında işgüzar münasibətlərin məhz elektron qaimələr üzərindən getməsini göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Yuxarıda qeyd edilən xüsusatlar, yəni 105.037,09 manat dəyərində olan elektron qaimələrin məhz cavabdehin özü tərəfindən təsdiq edilməsi, 105.037,09 manat dəyərində olan malların cavabdehə verildiyini təsdiq edir. Həmçinin də cavabdeh tərəfin qeyd edilən mallara dair hər hansı bir ödənişin etməsinə dair sənəd təqdim etməməsi, cavabdehin qeyd edilən malların dəyərini ödəmədiyi sübut edir. Ona görə də, iddia 105.037 manat borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********38 nömrəli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən Bakı 5 saylı Mediasiya Təşkilatına 400 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, 400 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın 150 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün “Kəngərli və Partnyorları” Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 150 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2021-ci il tarixli K2021-015 saylı alqı-satqı müqaviləsi üzrə 105.037 (bir yüz beş min otuz yeddi) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 400 (dörd yüz) manat, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3339/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3339/2022
07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver