Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3341/2022 21.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən ödənilməyən 7600 manat pulun, mediasiya və məhkəmə üçün ödənilən 150 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən ödənilməyən 7600 manat pulun, mediasiya və məhkəmə üçün ödənilən 150 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 26 nömrəli müqaviləyə əsasən, iddiaçı cavabdehin sifarişi əsasında 26 saylı müqaviləyə edilən əlavədə qeyd edilən turist və əlaqəli xidmətlər göstərməyi öz öhdəsinə götürmüş, cavabdeh isə göstərilən xidmətlərin əvəzini ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilən xidmətlərə görə 5000 ABŞ dollarından artıq olmayan haqq-hesab qəbzi hər ayın 30-da təşkilata təqdim olunmalıdır. Lakin müqavilədə qeyd edilən məbləğin 7.600 manatı bu günə qədər ödənilməmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq göstərilən xidmətlərin ödənişlərini etməkdən yayınır və dəfələrcə rəsmi qaydada məktubla müraciətə, daha sonra rəsmi qaydada xx.xx.2022-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıq etdilməsinə baxmayaraq heç bir cavab verilməmiş və bu günədək heç bir ödəniş olunmamışdır. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixinə ödənilməmiş borc məbləği 7600 manat təşkil edir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: xx.xx.2019-cu il tarixdə 26 nömrəli müqavilədən görünür ki, iddiaçı cavabdehin sifarişi əsasında 26 saylı müqaviləyə edilən əlavədə qeyd edilən turist və əlaqəli xidmətlər göstərməyi, cavabdeh isə göstərilən xidmətlərin əvəzini ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2020-ci il tarixli 21 saylı İnvoysdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 7601 manat dəyərində xidmətlər göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 26 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən, iddiaçı cavabdehin sifarişi əsasında 26 saylı müqaviləyə edilən əlavədə qeyd edilən turist və əlaqəli xidmətlər göstərməyi, cavabdeh isə göstərilən xidmətlərin əvəzini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 7601 manat dəyərində xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən xidmətlərin dəyəri ödənilməmişdir. xx.xx.2019-cu il tarixdə 26 nömrəli müqavilə üzrə tələbə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında xidmət müqaviləsi bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, göstəriləcək xidməti göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə bu müqavilə üzrə də öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı tədqiq olunan işin materiallarında olan sənədlərlə cavabdehin xx.xx.2019-cu il tarixdə 26 nömrəli müqaviləyə və invoysa əsasən iddiaçıya olan borcu təsdiq olunduğundan 7601 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 7600 manat pul, mediasiya və məhkəmə üçün ödənilən 150 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3341/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3341/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver