Məhkəmə qərarları › İş №e-2-2(113)-3347/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3347/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3347/2022 23.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "X1" Məhdud Məsuliyyətli Cəmiyyəti ("X1" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25639,63 (iyirmi beş min altı yüz otuz doqquz manat altmış üç qəpik) manat məbləğində borc, 22372,67 (iyirmi iki min üç yüz yetmiş iki manat altmış yeddi qəpik) manat məbləğində peniya, 4273,30 (dörd min iki yüz yetmiş üç manat otuz qəpik) manat məbləğində Mərkəzi Bankın uçot dərəcəsinə uyğun faiz borcu, 200 (iki yüz) manat mediasiya xərci və 248 (iki yüz qırx səkkiz) manat dövlət rüsumu olmaqla, cəmi 52733 (əlli iki min yeddi yüz otuz üç) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1” MMC ilə Cavabdeh MMC arasında bağlanmış 30 yanvar 2018-ci il tarixli, TYS-20180130/01 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq "xxxx" MMC-yə xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə 25639,63 (iyirmi beş min altı yüz otuz doqquz manat altmış üç qəpik) manat məbləğində mal verilmişdir. Həmin malın dəyərinin ödənilməməsi səbəbindən ümumilikdə 22372,67 (iyirmi iki min üç yüz yetmiş iki manat altmış yeddi qəpik) manat peniya hesablanmışdır. Bundan əlavə, pulun ödənilməsini əsassız saxladığına görə cavabdeh iddiaçıya Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq 4273,30 (dörd min iki yüzyetmiş üç manat otuz qəpik) manat məbləğində pul ödənilməlidir (25 ay 7%). Bununla əlaqədər cavabdeh təşkilata 17 noyabr 2021-ci il tarixli pretenziya məktubu verilmişdir. Pretenziya məktubuna cavab olmadığından dərhal Mediasiya Şürasına müraciət edilmişdir. Mediator tərəfində verilmiş 20 dekabr 2021-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, Cavabdeh MMC 19 dekabr 2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “X1” MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci ödəmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, Cavabdeh MMC-dən 25639,63 (iyirmi beş min altı yüz otuz doqquz manat altmış üç qəpik) manat məbləğində borc, 3000 (üç min) manat məbləğində peniya, 4273,30 (dörd min iki yüz yetmiş üç manat otuz qəpik) manat məbləğində Mərkəzi Bankın uçot dərəcəsinə uyğun faiz borcu və 200 (iki yüz) manat mediasiya xərcinin iddiaçı “X1” MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Satıcı” qismində "X1" MMC ilə “alıcı” qismində Cavabdeh MMC arasında 30 yanvar 2018-ci il tarixli, TYS-20180130/01 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı malı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Alıcı isə malı qəbul etməyi və bu Müqavilənin şərtlərinə əsasən onun dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən mal sifariş olunduğu andan 3 iş günü ərzində alıcıya bütünlüklə göndərilməlidir. Müqavilənin 4.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödəniş mallar təhvil alındığı gündən 5 iş günündən gec olmayaraq və ya qabaqcadan həyata keçirilməlidir. Müqavilənin 12.2-ci bəndinə əsasən satıcı tərəfindən mallar vaxtında göndərilmədikdə hər gecikdirilmiş gün üçün alıcı satıcıdan müqavilə məbləğinin 0,1 %-i qədər cərimə pulu tələb edə bilər. Müqavilənin 12.3-cü bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş mallar göndərildikdən və alıcı tərəfindən təhvil alındıqdan sonra 5 iş günü ərzində alıcı malın dəyərini ödəməzsə, satıcının alıcıdan hər gecikdirilmiş gün üçün müqavilə məbləğinin 0,1 %-i qədər cərimə pulu tələb etmək hüququ var. - 30 yanvar 2018-ci il tarixli, TYS-20180130/01 nömrəli alqı-satqı müqaviləsinə 05 dekabr 2018-ci il tarixli, 9 nömrəli Əlavədən (qiymətlərin razılaşdırma protokolu) görünür ki, protokolda qeyd edilən mallar üzrə ümumilikdə 29031,66 manat (ƏDV daxil) məbləğində pul alıcı - Cavabdeh MMC tərəfindən satıcı - "X1" MMC-yə ödənilməlidir. Qeyd olunan protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 30 yanvar 2018-ci il tarixli, TYS-20180130/01 nömrəli alqı-satqı müqaviləsinə 02 fevral 2019-cu il tarixli, 10 nömrəli Əlavədən (qiymətlərin razılaşdırma protokolu) görünür ki, protokolda qeyd edilən mallar üzrə ümumilikdə 607,70 manat (ƏDV daxil) məbləğində pul alıcı - Cavabdeh MMC tərəfindən satıcı - "X1" MMC-yə ödənilməlidir. Qeyd olunan protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 30 yanvar 2018-ci il tarixli, TYS-20180130/01 nömrəli alqı-satqı müqaviləsinə 05 fevral 2019-cu il tarixli, 11 nömrəli Əlavədən (qiymətlərin razılaşdırma protokolu) görünür ki, protokolda qeyd edilən mallar üzrə ümumilikdə 6810,49 manat (ƏDV daxil) məbləğində pul alıcı - Cavabdeh MMC tərəfindən satıcı - "X1" MMC-yə ödənilməlidir. Qeyd olunan protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2019-cu il tarixli, EAAP seriyalı, 980643 nömrəli elektron qaimədən müəyyən edilir ki, "X1" MMC tərəfindən yola salınmış mallar, görülmüş işlər və ya göstərilmiş xidmətlərə görə ƏDV daxil ümumi məbləği 6810,49 manat məbləğinə elektron qaimə tərtib edilərək, elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - xx.xx.2019-cu il tarixli, EAAP seriyalı, 885803 nömrəli elektron qaimədən müəyyən edilir ki, "X1" MMC tərəfindən yola salınmış mallar, görülmüş işlər və ya göstərilmiş xidmətlərə görə ƏDV daxil ümumi məbləği 607,70 manat məbləğinə elektron qaimə tərtib edilərək, elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - xx.xx.2018-ci il tarixli, EAAO seriyalı, 119718 nömrəli elektron qaimədən müəyyən edilir ki, "X1" MMC tərəfindən yola salınmış mallar, görülmüş işlər və ya göstərilmiş xidmətlərə görə ƏDV daxil ümumi məbləği 29031,66 manat məbləğinə elektron qaimə tərtib edilərək, elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. -“X1” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəmə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “X1” MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş borcu yaranmışdır. Həmin borcun mövcudluğu iş materiallarında olan sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 25639,63 manat (iyirmi beş min altı yüz otuz doqquz manat altmış üç qəpik) məbləğində əsas borc, 3000 (üç min) manat cərimə, 4273,30 manat (dörd min iki yüz yetmiş üç manat otuz qəpik) manat faiz borcu, 200 (iki yüz) manat mediasiya xərci iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 25639,63 manat (iyirmi beş min altı yüz otuz doqquz manat altmış üç qəpik) məbləğində əsas borc, 3000 (üç min) manat cərimə, 4273,30 manat (dörd min iki yüz yetmiş üç manat otuz qəpik) manat faiz borcu, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 33112,93 manat (otuz üç min yüz on iki manat doxsan üç qəpik) məbləğində pul tutularaq iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar