Məhkəmə qərarları › İş №e-2-2(113)-3351/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3351/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3351/2021 03.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ("xxxx" MMC) cavabdeh "xxxx" Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5628,60 manat (beş min altı yüz iyirmi səkkiz manat altmış qəpik) məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və "xxxx" Firması arasında İcraçı ("xxxx" MMC) tərəfindən avadanlıqlar, materiallar və xidmətlər ilə Sifarişçinin ("xxxx" Firması) təhciz edilməsi haqqında 02 iyul 2018-ci il tarixli, BSMN-2018-179 №li müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İcraçı Müqavilənin ayrılmaz hissəsi sayılan Razılaşdırma Protokollarında göstərilmiş avadanlıqlarla Sifarişçinin təhciz edilməsinin, işlərin görülməsinin həyata keçirilməsini və Sifarişçi isə işləri, avadanlıqları qəbul edərək onların qiymətini icraçıya ödənilməsini öz öhdəsinə götürür. Qeyd edilən müqavilənin 02 iyul 2018-ci il tarixli 1 saylı Əlavəsi olan Razılaşdırma Protokolu üzrə ümumi mal və işlərin dəyəri ƏDV daxil 149780,59 manat, 06 dekabr 2018-ci il tarixli 2 saylı Əlavəsi olan Razılaşdırma Protokolu üzrə ƏDV daxil 5628,60 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin 1 və 2 saylı Əlavələri olan Razılaşdırma Protokollarında nəzərdə tutulan bütün işlər "xxxx" MMC tərəfindən yerinə yetirilmiş və işlərin qəbul edilməsinə dair akt ilə rəsmiləşdirilmişdir. Belə ki, "xxxx" MMC və "xxxx" Firması tərəfindən təsdiq edilmiş Akta əsasən 2 saylı Razılaşdırma Protokolunda nəzərdə tutulmuş "xxxx" MMC tərəfindən yerinə yetirilmiş iş və mallar "xxxx" Firması tərəfindən qəbul edilmişdir. Lakin qeyd edilən müqavilənin ayrılmaz hissəsi olan 2 saylı Razılaşdırma Protokolunda nəzərdə tutulmuş işlərin tam olaraq iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə borc, yəni 5628,60 manat məbləğində pul vəsaiti hazırkı vaxtadək ödənilməmişdir. Bu da cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi deməkdir. Qeyd edilən məbləğin ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə edilən həm yazılı, həm də şifahi müraciətlərə baxmayaraq, borc ödənilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehə təqdim edilmiş avadanlıqlar üçüncü şəxsə təqdim edilmişdir. Həmin avadanlıqların dəyəri ödənilmədiyindən borc məbləği ödənilə bilməmişdir. Hazırkı borc məbləğini etiraf edirlər. Müəssisə fəaliyyət göstərmədiyindən borc məbləğini ödəyə bilməmişlər. İddianın təmin olunması barədə qətnamə çıxarılmasına etraz etmir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İcraçı qismində İddiaçı ilə Sifarişçi qismində "xxxx" Firması arasında BSMN-2018- 179 nömrəli 02.07.2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən avadanlığı, materialları və yaxud xidmətləri bu müqavilənin tərkib hissələri sayılan əlavələrində göstərilmiş texniki xarakteristikalara, miqdarlara və qiymətlərə uyğun olaraq icraçı sifarişçiyə təchiz etməyi, sifarişçi isə onları qəbul edib, qiymətini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən hər sifarişdə təhvil verilən mal və avadanlıqların siyahısı və dəyəri mövcud müqaviləyə əlavə olunacaqdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə sifarişçiyə verilən malların ümumi dəyəri siyahı üzrə müqaviləyə əlavə olunacaqdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi razılaşdırma protokoluna uyğun malın dəyərinin ödənilməsini həyata keçirir. - İddiaçı ilə "xxxx" Firması arasında bağlanmış BSMN-2018-179 nömrəli 02.07.2018ci il tarixli alqı-satqı müqaviləsi əsasında 1 nömrəli 02.07.2018-ci il tarixli Razılaşdırma Protokolundan görünür ki, razılaşdırma protokolunda cədvəldə göstərilmiş ümumi qiyməti 149780,59 manat təşkil edən malları, satıcı alıcının mülkiyyətinə təhvil veməyi, alıcı isə həmin malları qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd olunan razılaşdırma protokolu tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı ilə "xxxx" Firması arasında bağlanmış BSMN-2018-179 nömrəli 02.07.2018ci il tarixli alqı-satqı müqaviləsi əsasında 2 nömrəli 06.12.2018-ci il tarixli Razılaşdırma Protokolundan görünür ki, razılaşdırma protokolunda cədvəldə göstərilmiş ümumi qiyməti 5628,60 manat təşkil edən malları, satıcı alıcının mülkiyyətinə təhvil veməyi, alıcı isə həmin malları qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd olunan razılaşdırma protokolu tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - Tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş Malların qəbul “Akt”ından görünür ki, aktda cədvəldə göstərilmiş mallar alıcı tərəfindən satıcıya təhvil verilmişdir. - 10.06.2021-ci il tarixli, EBAW seriyalı, 967612 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən "xxxx" Firmasına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5628,60 manat təşkil edir - İddiaçı tərəfindən cavabdeh "xxxx" Firmasına ünvanlanmış 21.05.2021-ci il tarixli pretenziyadan görünür ki, borcun ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Həmin borcun mövcudluğunu cavabdeh tərəf təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 5628,60 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Firmasından 5628,60 manat (beş min altı yüz iyirmi səkkiz manat altmış qəpik) borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 5658,60 manat (beş min altı yüz əlli səkkiz manat altmış qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar