Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3359/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması, lizinq obyektinin geri qaytarılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması və müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, zaminlik müqaviləsi, müqavilənin etibarsızlığı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1, nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması, lizinq obyektinin geri qaytarılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması və müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiaları iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması, lizinq obyektinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli İF/06153 saylı X5 müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 12779,35 manat borcun, 792 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin, dövlət rüsumu olaraq ödənilmiş 88,16 manat məbləğin ödənilməsi və lizinq obyekti olan Chevrolet Cruze minik markalı 77AL158 dövlət nömrə nişanlı avtomobilin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixli İF/06153 saylı 36 ay müddətli X5 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Chevrolet Cruze minik markalı 77AL158 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. X5 müqaviləsi ilə yanaşı 31 may 2024-cü il tarixində Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Artıq beş aydan çoxdur ki, cavabdeh tərəfindən heç bir ödəniş edilmir və hal-hazırda lizinq obyekti onun istifadəsindədir. Cavabdeh müqavilə müddəti ərzində 2820 manat (iki min səkkiz yüz iyirmi manat) ödəniş etmişdir (ödənişdən çıxarış əlavə olunur). Cavabdehin xx.xx.2025-ci il tarixinə olan əsas borcu 10065,14 manat (on min altmış beş manat on dörd qəpik), faiz borcu 2603, 96 manat (iki min altı yüz üç manat doxsan altı qəpik), cərimə borcu 110,25 manat (bir yüz on manat iyirmi beş qəpik), cəmi 12779,35 manat (on iki min yeddi yüz yetmiş doqquz manat otuz beş qəpik) təşkil edir (maliyyə arayışı əlavə olunur). Avtomobil cavbdehlərin istifadəsində olarkən 792 manat (yeddi yüz doxsan iki manat) yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr yaranmışdır (SMS radar proqramından çıxarış əlavə olunur).
3. İddiaçı "xxxx" MMC iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlərdən xx.xx.2023-cü il tarixli İF/06153 saylı X5 müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada xx.xx.2025-ci il tarixinə olan əsas borcu 10065.14 manat, faiz borcu 2603.96 manat, cərimə borcu 110.25 manat, cəmi 12779.35 manat, avtomobil cavbdehlərin istifadəsində olarkən 792 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin ödənilməsi və lizinq obyekti olan Chevrolet Cruze minik markalı 77AL158 dövlət nömrə nişanlı avtomobilin müqavilənin tələbinə uyğun olaraq saz vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh1 tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış zaminlik müqaviləsi aldatma yolu ilə həyata keçirilmişdir. Belə ki, Cavabdeh1lə iddiaçı arasında münasibətlər 2024-cü ilin fevral ayında formalaşmışdır. Buna sübut ddiaçının cavabdehə nəqliyyat vasitəsini idarə etmək üçün verdiyi etibarnamə, həmçinin Cavabdeh1 tərəfindən cədvəl üzrə ödənilən aylıq 505 manat vəsaitdir. Münasibət dedikdə iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanılmalı olsada, iddiaçı guya sonuncunun ödəmə qabiliyyətini yoxlamaq üçün (sınaq) müqaviləni may ayında bağlayacağına vəd verməsi olmuşdur. xx.xx.2024-cü ildə isə iddiaçı cavabdehi aldadaraq ona lizinq adı ilə zaminlik müqaviləsini imzalatdırması olmuşdur. Bu münasibətlər dövründə, cavabdehə təqdim olunmuş əmlak dəfələrlə sıradan çıxmış, mühərrik, asqı sisteminin təmirinə görə cavabdeh 7 ay ərzində 9000 manata yaxın ziyanla üzləşmişdir. Sentyabr ayında cavabdeh nəqliyyat vasitəsini iddiaçıya qaldırması üçün iddiaçının nümayəndəsi Məhəmməd Osmanovla əlaqə saxlamış, sonuncu isə bildirmişdir ki, avtomobilə yeni müştəri tapacaqlar, 13 sentyabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi whats app sosial şəbəkəsi vasitəsilə cavabdehə zəng edərək bildirmişdir ki, iddiaçı yeni müştərini tapmışdır, avtomobili ofisə təhvil verməsini bildirmişdir. Həmin gün cavabdeh avtomobili Məhəmmədin təyin etdiyi yerə gətirərək təhvil vermişdir. Daha sonra isə iddiaçı tərəfindən cavabdehə borc barədə bildiriliş göndərilmiş, sonuncunun, Cavabdeh2lə birgə şəkildə borclu olduğu, həmin borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı müəyyən olunmuşdur. Cavabdeh məsələ ilə bağlı iddiaçının ofisində gedərək məlumat almaq istədikdə, iddiaçı bildirmişdir ki, onun işçisi Məhəmməd Osmanov insanları aldadıb, şirkətə ziyan vurub, buna görə də iddiaçı Məhəmməd Osmanovla əlaqələri kəsib və işçinin iş vaxtı törətdiyi əməllərə görə məsuliyyət daşımır. Bütün bunlarla bağlı sual yaranır ki,iİddiaçının iddia etdiyi məbləğ lizinq obyektinin tam dəyərini əhatə edir? işçininin qanunsuz əməllərinə zörə üçüncü şəxslər qarşısında məsuliyyəti kim daşımalıdır? Əgər işci iddiaçıya ziyan vurmuşdursa, niyə işçidən ona təhkim olunan whats app nömrə geri tələb olunmayıb? Nivə bununla bağlı cavabdehlərə məlumat verilməyib? Niyə iddiaçı işəgötürən kimi hüquq mühafizə orqanlarına müraciət etməyib? Müraciət edibsə nəticəsi nə olmuşdur? Beləliklə, hesab edilir ki, iddiaçının əsas məqsədi öz hüquqlarından sui istifadə edərək, həm Cavabdeh2 həmçinin, Cavabdeh1 aldadaraq süni risk altında saxlamaq olmuşdur ki, gələcəkdə həm lizinq obyektini geri almaq, həmçinin, əmlak təhvil alındıqdan sonra əsassız hesablanan vəsaiti tələb etmək olmuşdur. İddiaçının iddia tələbi Mülki Məcəllənin lizinq münasibətlərinə və həmin münasibətləri xitam olunma tələblərinə uyğun gəlmir. Belə ki, lizinq münasibətlərinə əsasən, lizinq alan əmlakı təhvil almışsa, onun dəyərini lizinq alandan tələb edə bilməz.
6. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinin etibarsız hesab olunması və 6 ay üçün ödənilmiş ümumilikdə 3030 manat, həmçinin 100 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2lə xx.xx.2023-ci il tarixdə lizinq müqaviləsi bağlamış, daha sonra isə xx.xx.2024-cü il tarixdə digər Cavabdeh1 (bundan sonra-lddiaçı) ilə zaminlik müqaviləsi bağlamışdır. Cavabdehlər 5 aydan çoxdur ki heç bir ödəniş etmirlər və lizinq obyekti olan əmlak Cavabdeh2 istifadəsindədir. Həmin iddia üzrə tərəfimizdən məhkəməyə etiraz edilmiş və iddianın əsassız olmasına dair mötəbər sübutlar təqdim olunmuşdur. Hazırki iddia üzrə bildirilir ki, cavabdehin iddia tələbi əsassızdır, xüsusi olaraq, iddiaçı ilə bağladığı 31,05.2024-cü il tarixli zaminlik müqaviləsi etibarsız hesab olunmalıdır. Məsələnin əsl tərəfi ondan ibarətdir ki, iddiaçı Cavabdeh1 və cavabdeh Bank olmayan Kredit təşkilatı İDK MMC arasında münasibətlərin formalaşmasına səbəb İddiaçının lizinq şərtlərinə əsasən nəqliyyat vasitəsini əldə etmək olmuşdur. Bununla əlaqədar, iddiaçı 2024-cü ilin fevral ayında cavabdehin ofisinə yaxınlaşaraq öz niyyətini bildirmiş, cavabdeh isə heç bir müqavilə bağlamadan, “iddiaçının etibarlı olub-olmadığmı yoxlamaq üçün” hər ay 505 manat olmaqla təkcə etibarnamə ilə nəqliyyat vasitəsini təhvil vermişdir. Lizinq müqaviləsinin bağlanacağını isə 3 ay sonra vəd vermişdir. İddiaçı 3 ay nəqliyyat vasitəsini idarə etmiş, hər ay ödəniş etmiş, may ayında isə cavabdehdən müqavilə bağlanmasını tələb etsə də, cavabdeh lizinq adı ilə xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsini bağlamışdır. Həmin ilin sentyabr aymda iddiaçı nəqliyyat vasitəsini cavabdehə qaytarmaq barədə öz iradə ifadəsini bildirmiş, sonuncu isə “whatsapp” sosial şəbəkəsi vasitəsilə nəqliyyat vasitəsinə yeni müştəri tapdığını bildirərək əmlakı Sumqayıt şəhərində yerləşən avtomobil salonuna təhvil verməyi xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixində Sumqayıt şəhəri Freqat mehmanxanasının qarşısında nəqliyyat vasitəsi cavabdehin nümayəndəsi X1 təhvil verilmişdir. Daha sonra, cavabdeh xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunu göndərmişdir. Cavabdehin hərəkəti qabaqcadan əsl həqiqəti gizlətməklə, iddiaçını hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək kimi başa düşülür. Bu yolla cavabdeh iddiaçının arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olmuşdur. Beləliklə də, bağlanmış əqd aldadılmış tərəfin həqiqi iradəsini təhrif etmişdir. Bu isə iddiaçının iradə sərbəstliyinin və mülki qanunvericiliyinin əsas prinsiplərindən birinin kobud şəkildə pozulmasıdır. Buna görə hazırki zaminlik müqaviləsi mübahisə predmetidir. Əsas məqamlardan biri də, aldatma nəticəsində bağlanmış əqd buna maraqlı olan şəxsin, yəni cavabdehin təkcə hərəkəti ilə deyil, həm də hərəkətsizliyi ilə də baş verə bilər. Belə ki, maraqlı şəxs ona məlum olan və əqdin bağlanmasına mütləq mane olacaq hallar barədə digər tərəfə məlumat verməkdən qəsdən susmuşdur. Əqdin bağlanmasına mane ola biləcək hallar, şübhəsiz ki, onun mühüm şərtlərinə bağlı ola bilər. Aldanmış tərəf bu hallar haqqında qarşı tərəfin ona mütləq məlumat verəcəyinə inanır, ümid edir və vicdanla bunu gözləyir. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Aldatmanın məqsədindən asılı olmayaraq aldatma nəticəsində bağlanmış əqd mübahisəli əqddir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2004-cü il tarixli Qrarma əsasən, Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Həmin qərara əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasmda iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Digər tərəfdən, cavabdehin qanunsuz hərəkətləri ilə əlaqədar AR Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və AR Mərkəzi Bankına şikayət məktubları göndərildikdən sonra, cavabdehin nümayəndəsi iddiaçı ilə whats app sosial şəbəkəsi vaisətisi ilə əlaqə quraraq nəqliyyat vasitəsinin Bakı şəhəri Xətai rayonundan yerləşən Xəzər TV-nin yanında saxladıqlarını və iddiaçı Cavabdeh1 onu götürməyi xahiş etmişdir, (sübutlar işə əlavə olunmuşdur). Bununla da, bir daha müəyyən olunur ki, cavabdehin əsas məqsədi iddiaçını aldatmaqla öz maraqlarını üstün tutmaq, maddi ziyan vurmaqla, bunun nəticəsində əsassız gəlir, bəhər götürmək, qısa sözlə əsassız varlanmaq olmuşdur. Bütün bunlar cavabdehin hərəkətlərində dələduzluq cinayətinin tərkibi olmasına dəlalət edir, bununla əlaqədar məhkəmənin cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını ərizə ilə xahiş ediləcəkdir. II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ş.Əbilov ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh1 nəqliyyat vasitəsini Osmanov Məhəmməd adlı işçiyə geri təhvil versə də, rəsmi qaydada təhvil-təslim olmamış, hazırda nəqliyyat vasitəsi təmirlə bağlı ustadadır, nəqliyyat vasitəsinə zərər dəymişdir. Bu səbəbdən nəqliyyat vasitəsinin geri alınması ilə bağlı tələblərini müdafiə edir.
9. Məhkəmə iclasında Cavabdeh1 qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
11. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. Məhkəmə iclasının Cavabdeh2 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. BB367297 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə görə Chevrolet Cruze minik markalı 77AL158 dövlət qeydiyyat nişanlı (ban:KL1JF69E9DK107048) nəqliyyat vasitəsi iddiaçı "xxxx" MMC-nin mülkiyyətindədir.
15. "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İF/06153 nömrəli X5i müqaviləsinə görə lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür.
16. Müqavilənin 5.2-ci bəndinə görə lizinq obyektinin qiyməti 11000 manat təşkil edir.
17. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına görə 1 ədəd Chevrolet Cruze minik markalı ağ rəngli (ban:KL1JF69E9DK107048) nəqliyyat vasitəsi yararlı vəziyyətdə Cavabdeh2 təhvil verilmişdir.
18. "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh1 (zamin) arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinə görə zamin 1.2-ci bənddə göstərilən müqavilə üzrə lizinq alanın lizinq verən qarşısında götürdüyü öhdəliyini (əsas borclar, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində lizinq verənə dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür.
19. "xxxx" MMC tərəfindən təqdim edilmiş ödənişlər üzrə çıxarışa görə Cavabdeh2 tərəfindən lizinq müqaviləsi üzrə ümumilikdə 934,86 manat əsas borc, 1879,47 manat faiz borcu olmaqla ümumilikdə 2820 manat vəsait ödənilmişdir.
20. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə Cavabdeh2 xx.xx.2023-cü il tarixli, İF/06153 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 10065,14 manat, faiz borcu 2603,96 manat, cərimə borcu 110,25 manat, cəmi borc 12779,35 manat təşkil edir.
21. Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli 4 nömrəli qəbzə əsasən 250 manat, xx.xx.2024-cü il tarixli 3 nömrəli qəbzə əsasən 505 manat, xx.xx.2024cü il tarixli 6 nömrəli qəbzə əsasən 505 manat, xx.xx.2024-cü il tarixli 7 nömrəli qəbzə əsasən 505 manat, xx.xx.2024-cü il tarixli 3 nömrəli qəbzə əsasən 455 manat məbləğində ödənişlər edilmişdir.
22. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir.
23. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Qarşılıqlı iddiaçı iddia ərizəsində tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin etibarsız əqd olduğunu bildirir.
25. Məhkəmə qarşılıqlı iddianın həmin tələbinə münasibətdə aşağıdakıları qeyd edir.
26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarına əsasən “... məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır”.
27. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında da vurğulamışdır ki, “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir”.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
30. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
32. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
33. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
34. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
35. Mülki Məcəllənin 354.2-ci maddəsi Mülki Məcəllənin əqdlərin etibarsızlığını müəyyən edən fəslində (XİV fəsil) nəzərdə tutulmaqla həmin norma Mülki Məcəllənin iddia müddətini və onun tətbiq olunma əsaslarını müəyyən edən fəslin (XVİİİ fəsil) normalarından fərqli qaydanı müəyyən edir və iddia müddəti kimi dəyərləndirilmir.
36. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər.
37. Cavabdeh1 qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.
38. Məhkəmə qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə araşdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir.
39. Bu səbəbdən məhkəmə qarşılıqlı iddia ərizəsini zaminlik müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edir, təmin edilməməsi qənaətinə gəlir.
40. Məhkəmə qarşılıqlı iddia ərizəsini 6 ay ərzində ödənilmiş 3030 manat pulun geri qaytarılması hissəsində də əsassız hesab edir.
41. Cavabdeh1 lizinq müqaviləsi üzrə ümumilikdə 3030 manat pulun ödənildiyini bildirsə də, materiallarda olan ödəniş qəbzlərindən, habelə iddiaçının təqdim etdiyi hesabdan çıxarış məlumatlarından görünür ki, lizinq müqaviləsi üzrə ümumilikdə 2820 manat vəsait ödənilmişdir.
42. Məhkəmə ödənilmiş həmin vəsaitlərin geri qaytarılmalı olması barədə iddia tələbini əsassız hesab edir.
43. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və Cavabdeh2 arasında lizinq müqaviləsi bağlanmış, həmin müqavilənin predmeti olan nəqliyyat vasitəsi sonuncunun sahiblik və istifadəsinə verilmiş, lizinq predmetinin cavabdehlərin sahiblik və istifadəsində olduğu dövr üzrə lizinq ödənişləri həyata keçirilmişdir.
44. Lizinq ödənişlərinin həyata keçirilməsi lizinq müqaviləsi üzrə lizinq alanın öhdəliyi olduğundan həmin ödənişlərin qaytarılmalı olması barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.
45. Məhkəmə ilk iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
46. Belə ki, ilk iddia ərizəsi 4 hissədən ibarətdir: 1. lizinq müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada xx.xx.2025-ci il tarixinə olan 10065.14 manat əsas borc, 2603.96 manat faiz borcunun tutulması; 2. Cavabdehlərdən birgə qaydada 110.25 manat dəbbə pulunun tutulması; 3. Avtomobil cavbdehlərin istifadəsində olarkən 792 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin ödənilməsi; 4. Lizinq obyektinin saz vəziyyətdə geri qaytarılması.
47. Məhkəmə ilk iddia ərizəsini birinci hissədə qismən əsaslı hesab edir.
48. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər (iddiaçı və Cavabdeh2) arasında xx.xx.2022-ci il tarixli, 06/5817/YİLİZ nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə Cavabdeh2 təhvil vermişdir. Lizinq müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh1lə zaminlik müqaviləsi imzalanmış, sonuncu iddiaçı qarşısında öz üzərinə borclu ilə birgə məsuliyyət götürmüşdür. Cavabdehlər həmin müqavilələr ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişlər.
49. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
50. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
51. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
52. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
53. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
54. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
55. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
56. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
57. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
58. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
59. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
60. Belə ki, iddiaçı lizinq müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada xx.xx.2025-ci il tarixinə olan 10065.14 manat əsas borc, 2603.96 manat faiz borcunun tutulmasını xahiş etsə də, Cavabdeh1 tərəfindən təqdim edilmiş iddiaçı ilə olan vatsap yazışmalarından görünür ki, lizinq obyektinin geri qaytarılması iddiaçı (həmin təşkilatda işçi olmuş Osmanov Məhəmməd adlı şəxs) tərəfindən Cavabdeh1 tələb edilmiş, sonuncu tərəfindən nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə iddiaçının işçisinə təhvil verilmişdir.
61. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehlərdən lizinq obyektinin geri qaytarıldığı tarixə (xx.xx.2024-cü il) olan borclar – 703,34 manat əsas borc, 724,33 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
62. Məhkəmə ilk iddia ərizəsini 110.25 manat dəbbə pulunun tutulması hissəsində də qismən əsaslı hesab edir.
63. İddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə lizinq müqaviləsinə əsasən hesablanmış 110,25 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
64. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
65. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
66. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 30 manat müəyyən edilməlidir.
67. Məhkəmə ilk iddia ərizəsini lizinq obyektinin cavbdehlərin istifadəsində olarkən 792 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin ödənilməsi hissəsində isə əsassız hesab edir.
68. İddiaçı tərəfindən məhkəməyə yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin ödənilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
69. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
70. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
71. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
72. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
73. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
74. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
75. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
76. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
77. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
78. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
79. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
80. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
81. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
82. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
83. Hazırkı halda iddiaçı cavabdehlərin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
84. Məhkəmə ilk iddianı lizinq obyektinin geri qaytarılması hissəsində də əsassız hesab edir.
85. Belə ki, məhkəmə araşdırması zamanı lizinq obyekti olan nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən iddiaçının səlahiyyətli nümayəndəsinə (Osmanov Məhəmməd adlı işçi) geri qaytarıldığı müəyyən edildiyindən iddiaçının hazırkı tələbi də təmin edilə bilməz.
86. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin xx.xx.2023-cü il tarixli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 703,34 manat əsas, 724,33 manat faiz, 30 manat cərimə borclarının yarandığını, belə olan halda isə iddiaçının həmin borcların ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdehlərdən göstərilən borclar birgə qaydada tutularaq iddiaçıya ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia rədd edilməlidir.
87. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
88. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən ilk iddia ərizəsi verilərkən ödənilmiş 34,31 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 96,69 manat dövlət rüsumu ilk iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir. V. Nəticə:
89. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə (müştərək) qaydada xx.xx.2024-cü il tarixə olan 703,34 manat əsas borc, 724,33 manat faiz borcu, 30 manat dəbbə pulu, 34,31 manat dövlət rüsumu, ümumilikdə 1491,98 (bir min dörd yüz doxsan bir manat doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. İlk iddia ərizəsi verilərkən ödənilmiş 96,69 (doxsan altı manat altmış doqquz qəpik) manat dövlət rüsumu ilk iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. İddiaçı Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması və müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh1 özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova