Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3365/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2,498.24 manat borcunun və ödənilmiş 45 manat dövlət rüsumunun - cəmi 2,543.24 manat məbləğin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında RE23/053 nömrəli, 11 sentyabr 2023-cü il tarixli “Məhsulların” alqı-satqı müqaviləsi imzalnmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-dən müxtəlif “Mallar” alınsa da, həmin “Mallar”ın dəyərinin cəmi 2,498.24 manat (iki min dörd yüz doxsan səkkiz manat, iyirmi dörd qəpik) məbləğində olan hissəsi hazırki vaxtadək Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Göstərilən məbləğdə “Mallar”ınCavabdeh MMC tərəfindən qəbul edilməsini “Malların Təhvil-Qəbul Aktları” da bir daha sübut edir. Ödənişin həyata keçirilməsi üçün tərəfimizdən Cababdehə: 1) 209491 saylı, xx.xx.2023 -cü il tarixli; 2) 866015 saylı, xx.xx.2023 -cü il tarixli; 3) 931098 saylı, xx.xx.2023 cü il tarixli; 4) 815603 saylı, xx.xx.2023 -cü il tarixli; 5) 815604 saylı, xx.xx.2023-cü il tarixli il tarixli “Elektron qaimə”lər də göndərilmişdir. Qeyd olunanları “Tərəflər” arasında imzalanmış 31 yanvar 2024-cü il tarixli “X1” da bir daha təsdiq edir. Bununla bağlı dəfələrlə nümayəndəmiz vasitəsilə Cababdehlə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin Cababdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmiş və borc məbləği ödənilməmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
5. İddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı satqı müqaviləsinə əsasən
6. 1-ci bəndinə əsasən Şirkət mülkiyyətində olan müxtəlif növ malları Müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, Müştəri isə həmin mahsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini şirkətə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olduğu market və ya marketlər zərcirində üçüncü şəxslərə satmağı öhdəsinə götürür.
7. 2.3-cü bəndinə əsasən Şirkət bu müqavilə qüvvəyə mindikdən sonra Müştərinin müraciəti əsasında onun sifarişini, bu müqavilə ilə müəyyən edilmiş qaydalarını nəzərə almaqla məhsulları müştəriyə əvvəlcədən köçürmə yolu ilə ödəmə və ya nisya satış qaydasında faktura əsasında verir və müştərinin özü və ya səlahiyyətli nümayəndəsi qaiməfakturanı imzalamaqla onları qəbul edir,
8. 2.5-ci bəndinə əsasən məhsulların şirkət tərəfindən qaimə-faktura üzrə müştəriyə verildiyi andan bütün hallarda onların təsadüfən məhv olması və ya zədələnməsi riski müştəriyə keçir.
9. 3.1-ci bəndinə əsasən satılmış məhsulun dəyəri müştəri tərəfindən şirkətin hesabına ödənilir. Satılmış məhsulun dəyəri Şirkətə vaxtında ödənilmədikdə, müştərinin yeni şifarişləri ödənişin tamamlanmasına qədər qəbul edilmir.
10. 3.4-cü bəndinə əsasən tərəflər hər ilin dekabr ayında bu müqaviləyə əsasən satılmış məhsullar üzrə borcların üzləşməsini aparırlar. Üzləşmədə müştərinin cari il üzrə mövcüd olan bütün borcları müəyyən edilərək sıfırlanması üçün müştəri tərəfindən şirkətə tam şəkildə ödənilməlidir.
11. Malların xx.xx.2023-cü il tarixli təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 3172,05 manat dəyərində, xx.xx.2023-cü il tarixli akta əsasən 1814,28 manat dəyərində mallar təhvil verilmişdir.
12. EBDN209491 saylı xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən 513,59 manat, EBDP866015 saylı xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən 3172,05 manat, EBDP931098 saylı xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən 1814,28 manat dəyərində, EBDQ815603 saylı xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən 905,86 manat, EBDQ815604 saylı xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən 285,98 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir.
13. 31.01.2024-cü il tarixli X1na əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixə olan borcu 3118,32 manat mələğində müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
17. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
19. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RE23/053 saylı alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən Şirkət mülkiyyətində olan müxtəlif növ malları Müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, Müştəri isə həmin mahsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini şirkətə ödəməyi öhdəsinə götürmüşdür.
23. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – e-qaimə, təhvil-təslim aktları, üzləşdirmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 2498,24 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
24. Beləliklə, 2498,24 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 45 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV.Nəticə:
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 2498,24 əsas borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 45 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova