Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3372/2021 02.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçın nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış məhsulların alınması və xidmətlərin göstərilməsinə dair 253 saylı 11.11.2020-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən yaranmış ƏDV daxil 14535,05 manat dəyərində borcun, 1453,50 manat cərimənin, 363 manat dəyərində əldən çıxmış faydanın, 180 manat dəyərində vəkil xərcinin və ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında məhsulların alınması və xidmətlərin göstərilməsi üçün 253 saylı 11.11.2020-ci il tarixli müqavilə rəsmiləşdirilmişdir. Müqavilə şərtlərinə əsasən Cavabdeh MMC İddiaçı MMC tərəfindən təhvil verilən malları təhvil alıb pulunu ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə qüvvəyə mindiyi tarixdən sonra İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müxtəlif tarixlərdə imzalı təhvil-təslim aktlarına əsasən 20238,61 manat dəyərində (ƏDV daxil) mal verilmişdir. Sonuncu ödənişi 04.12.2020-ci il tarixində olmaqla, ümumilikdə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə borcdan 5703,56 manat (ƏDV daxil) məbləğində ödəniş edilmişdir. Bundan başqa Cavabdeh MMC ilə İddiaçı MMC arasında rəsmiləşdirilmiş 11.11.2020-ci il tarixli 253 saylı müqavilənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən 1453,50 manat məbləğində cərimə borcuda yaranmışdır. İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alaraq anlamaq olar ki, Cavabdeh MMCnin ödəməli olduğu cərimə hesablanmamış 14535,05 manat pulu İddiaçı MMC dövr etdirmiş olsaydı illik ən azı ümumi məbləğin 5-10 faizi miqdarında fayda əldə etmiş olardı. Ən sadə halda 14535,05 manat vəsaiti İddiaçı MMC hər hansısa bankda illik 5 faiz olmaqla (hazırda ölkəmizdə ən az illik bank fazi 5 faizdir) əmanət olaraq yerləşdirsəydi, keçən 6 ay ərzində 363 (üç yüz altmış üç) manat fayda qazanmış olardı. Borclu borcunu ödəmədiyinə görə 363 manat vəsait İddiaçı MMC üçün əldən çıxmış faydadır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə yanaşı izahatında əlavə olaraq Cavabdeh MMCnin satılan məhsulların əvəzində İddiaçı MMC-yə ƏDV daxil 14535,05 manat məbləğində əsas borcun olduğunu nəzərə alaraq, iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 11.11.2020-ci il tarixli 253 saylı müqavilədən göünür ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh MMC arasında məhsulların alınması və xidmətlərin göstərilməsi barədə rəsmiləşdirilmiş və müqavilə şərtlərinə görə Cavabdeh MMC İddiaçı MMC tərəfindən təhvil verilən malları təhvil alıb pulunu ödəməyi öz öhdəsinə götürmüş və müqavilənin 6-cı maddəsinin müvafiq bəndlərinə görə müqavilədə müəyyənləşdirilmiş qaydada və məbləğdə (hesab-fakturalar, qaimələr, aktlar, digər sənədlər əsasında) ən qısa müddət ərzində lakin 10 gündən gec olmamaq şərti ilə ödəmələr aparılmalı olmuşdur. 2020-ci ilin noyabr-dekabr ayında tərtib edilmiş elektron qaimələrdən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə ƏDV daxil 19205,05 manat məbləğində mal satılmışdır. İddiaçı MMC-nin məhkəməyə ünvanlanmış məktubdan görünür ki, bir sıra qaimələr üzrə ödəniş tam aparılmamış və ya qismən aparılmışdır belə ki, Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış 11.11.2020-ci il tarixli 253 saylı müqvilə üzrə öhdəliklərin Cavabdeh MMC tərəfindən tam yerinə yetirilmədiyinə görə 651599 nömrəli elektron qaimə üzrə 1335,61 manat (4670 manat məbləğində ödəniş olub), 207509 nömrəli elektron qaimə üzrə 165,2 manat, 132681 nömrəli elektron qaimə üzrə 14,64 manat, 37648 nömrəli elektron qaimə üzrə 1817,79 manat, 439894 nömrəli elektron qaimə üzrə 8967,12 manat, 848732 nömrəli elektron qaimə üzrə 2234,69 manat olmaqla İddiaçı MMC-yə ümumilikdə ƏDV daxil 14535,05 manat borcu yaranmışdır. 25 iyun 2021-ci il tarixli 86 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin və ödəniş qəbzin sürətindən görünür ki, İddiaçı MMC ilə vəkil Nümayəndə arasında müvafiq müqavilə bağlanmış və hüquqi yardımın göstərilməsi müqabilində 13 saylı vəkil bürosuna 25.06.21-ci il tarixdə 180 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 462.1, 465.2, 467 və 567-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə məhkəmədə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, Cavabdeh MMC alınan malın əvəzində yaranan ƏDV daxil 14535,05 manat məbləğində borcu ödəməməklə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Göründüyü kimi İddiaçı MMC Cavabdeh MMC-yə müxtəlif növ mallar satmış və bu haqda 8 ədəd elektron qaimə tərtib etmiş, həmin qaimələrdən 2 qaimə üzrə tam ödəniş aparılsa da, 19205,05 manat məbləğində malların satılmasını əks etdirən 6 qaimə üzrə yalnız 4670 manat məbləğində ödəniş olmuş, lakin Cavabdeh MMC müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməyərək ƏDV daxil 14535,05 manat məbləğində borcu ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, müqavilənin ləğvi, əsas borc və vəkil xərci ilə bağlı iddiaçının tələbini əsaslı hesab edir. Bununla yanaşı, məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan dəbbə (cərimə) azaldaraq 184,95 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Bununla yanaşı iddiaçı 363 manat məbləğində əldən çıxmış fayda tələb etsə də, məhkəmə hesab edir ki, həmin tələb rədd edilməlidir, belə ki, iddiaçı həmin tələbi əsaslandıra bilməmiş və həmin tələblə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 253 saylı 11.11.2020-ci il tarixli müqavilənin ləğv edilməli, həmin müqaviləyə əsasən yaranmış ƏDV daxil 14535,05 manat borc, 184,95 manat məbləğində cərimə, 180 manat dəyərində vəkil xərci cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 90,13%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 90,13%-i, yəni 27,03 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 253 saylı 11.11.2020-ci il tarixli müqavilənin ləğv edilsin. Cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 14535,05 manat borc, 184,95 manat cərimə, 180 manat vəkil xərci cəmi 14900 manat və dövlət rüsumu kimi ödənilmiş 27,03 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3372/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3372/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver