Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3374/2021 21.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirkəti”nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirkəti”nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirkəti” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-yə artıq ödənilmiş 72524,87 manat və həmin məbləğin illik 5%-i olmaqla 3626,24 manat, dövlət rüsumu 30 manat, vəkilin xidmət haqqı 110 manat olmaqla cəmi 76 291,11 manatın iddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirkəti”nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Türkiyə Respublikasının “X1 Sanayi ve Ticaret A.Ş”-nin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra iddiaçı) ilə "xxxx" MMC arasında 15 yanvar 2019-cu il tarixdə, 124 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı cavabdehdən aldığı malın dəyərini cavabdeh tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən, köçürmə yolu ilə əvvəlcədən ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 16 dekabr 2020-ci il tarixində 354000 manat (ƏDV ilə birgə) məbləğində avans ödənişi edilmişdir. Lakin ödənilən avansa münasibətdə ƏDV ilə birgə 72524,87 manat (əsas borc- 61,461, ƏDV-11 063,87) məbləğində mal və ya xidmət alınmamışdır. Buna görə də artıq ödənilmiş məbləğin geri qaytarılması üçün cavabdehə pretenziya göndərilmiş, lakin keçən müddət ərzində cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirkəti”nin nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirilmişdir ki, cavabdehə alınacaq mallara görə əvvəlcədən 354000 manat (ƏDV ilə birgə) məbləğində avans ödənilsə də, ƏDV daxil 72524,87 manat məbləğində mallar verilmədiyinə görə iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 15 yanvar 2019-cu il tarixli 124 saylı alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə satıcı "xxxx" MMC ilə alıcı “X1 Sanayi ve Ticaret Anonim Şirkəti” arasında bağlanmışdır. Müqavilənin şərtlərinə görə alıcı satıcıdan aldığı malın dəyərini satıcı tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən, köçürmə yolu ilə əvvəlcədən ödəməyi öhdəsinə götürmüşdür. 16.12.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, “X1 Sanayi ve Ticaret Anonim Şirkəti” tərəfindən "xxxx" MMC-yə 54000 manat məbləğində pul ödənilmişdir. 16.12.2020-ci il tarixli 1110CAZ203510011 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, “X1 Sanayi ve Ticaret Anonim Şirkəti” tərəfindən "xxxx" MMC-yə 300000 manat məbləğində pul ödənilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1-ci maddələri). Göründüyü kimi iddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirkəti” və cavabdeh "xxxx" MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, “X1 Sanayi ve Ticaret Anonim Şirkəti” tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh "xxxx" MMC öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir, belə ki, iddiaçı cavabdehə alınacaq mallara görə 16.12.2020-ci il tarixdə əvvəlcədən ƏDV ilə 354000 manat məbləğində avans ödəsə də, cavabdeh tərəfindən ƏDV daxil 72524,87 manat məbləğində mallar iddiaçıya təhvil verilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddiaçının 72524,87 manat məbləğində pul tələbi ilə bağlı iddiası əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının illik 5% olmaqla 3626,24 manat və hüquqi yardıma görə 110 manat məbləğində pul tələbi iddiası rədd edilməlidir, belə ki, iddiaçı sözügedən tələblərlə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 95,10%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 95,10%-i, yəni 28,53 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən edilməli və cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 72524,87 manat və dövlət rüsumu kimi ödənilmiş 28,53 manat cəmi 72553,40 manat məbləğində pul tutularaq iddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirkəti”nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən ƏDV daxil 72524,87 manat və dövlət rüsumu kimi ödənilmiş 28,53 manat cəmi 72553,40 manat məbləğində pul tutularaq iddiaçı “X1 Sanayi ve Ticaret Anonim Şirkəti”nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3374/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3374/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver