Məhkəmə qərarları › İş №e-2-2(113)-3375/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3375/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3375/2021 27.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 sentyabr 2020-ci il tarixli № 1052/2020 saylı Alqı-satqı müqaviləsi əsasında yaranmış 18.735,57 manat (on səkkiz min yeddi yüz otuz beş manat əlli yeddi qəpik) (ƏDV daxil) borc və adı çəkilən müqavilənin pozulması əsasında hesablanmış 13.500 manat (on üç min beş yüz) dəbbə pulu olmaqla ümumilikdə 32.235,57 manat (otuz iki min iki yüz otuz beş manat əlli yeddi qəpik) pul vəsaitinin “X3”MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 sentyabr 2020-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında № 1052/2020 saylı “alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi sayılan Qiymət razılaşma protokolunda göstərilən Malları CavabdehMMC-ə, yəni alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, 09.09.2020-ci il tarixli № 1052/2020 saylı müqaviləyə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən 15.09.2020-ci ildə № 96220 saylı və 24.09.2020-ci ildə № 417350 saylı elektron-qaimələr əsasında alıcıya, elektron qaimələrdə əks olunmuş mallar, satıcı trəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı, yəni CavabdehMMC№ 96220 saylı elektron-qaiməyə əsasən ƏDV daxil 13.785,47 AZN (on üç min yeddi yüz səksən beş manat qırx yeddi qəpik) və № 417350 saylı elektron-qaiməyə əsasən ƏDV daxil 4.950,10 AZN (dörd min doqquz yüz əlli manat on qəpik) məbləğlərində malın dəyərlərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMCyə ödəməmişdir. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin 9.4-cü bəndində dəbbə pulunun hesablanmasına dair qeyd nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin iş materiallarında olan sənədlər əsasında müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 09.09.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. 15.09.2020-ci il tarixdə 13.785,47 manat dəyərində olan malların verilməsinə, 24.09.2020ci il tarixdə isə 4950,10 manat dəyərində olan malların verilməsinə dair iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinəə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan İddiaçı daşıyır. İş materiallarına əlavə edilmiş 01.06.2021-ci il tarixli Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Nihad Məmmədli tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh direktoru X1 15.09.2020-ci il və 24.09.2020-ci il tarixlərdə İddiaçındən cəmi 18.735,57 manat dəyərində olan malları qəbul etdiyini etiraf etmiş, malların dəyərinin ödənilməməsi səbəbini isə maliyyə çətinliyi ilə əlaqələndirmiş və yaxın zamanlarda hissə-hissə ödəyəcəyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 18.735,57 manat dəyərində olan malları cavabdehə verməsi halı öz təsdiqini tapmış, ancaq cavabdeh tərəfindən qeyd edilən məbləğin ödənilməsi həyata keçirilmədiyindən iddia əsas borcun yəni, 18.735,57 manat borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın 13.500 manat dəbbə pulunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin mübahisəli olmayan 18.735,57 manat manat əsas borcuna münasibətdə iddiaçı tərəfindən tələb edilən cərimənin məbləği 1000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 18.735,57 manat, dəbbə pulu 1000 manat olmaqla cəmi, 19.735 (on doqquz min yeddi yüz otuz beş) manat, 57 (əlli yeddi) qəpik məbləğində pul Agro Food Service” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin Əsas borc üzrə 18.735,57 manat, dəbbə pulu 1000 manat olmaqla cəmi, 19.735 (on doqquz min yeddi yüz otuz beş) manat, 57 (əlli yeddi) qəpik məbləğində pul Agro Food Service” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar