Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3376/2025 07.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 noyabr 2024-cü il tarixli SEEN-VMF 11/24 saylı müqavilə üzrə vergilər daxil olmaqla 9204 manat pul məbləğinin, ödənilmiş 113 manat dövlət rüsumu üçün ödənilmiş vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 noyabr 2024-cü il tarixli reklam xidmətlərin göstərilməsi barədə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, reklam xidmətlərinin göstərilməsinə dair “Sifarişçi” İcraçıya sifariş edir və İcraçı bu müqaviləyə əlavə olunmuş Qiymətlərin razılaşma protokollarında göstərilən qaydada, müddətdə və ünvanlarda Sifarişçiyə reklamlarının yerləşdirilməsinə dair öz xidmətlərini göstərir. xx.xx.2024-cü il tarixli elektron qaimə və xx.xx.2024-cü il tarixli 2024/013 saylı hesab fakturaya əsasən, Cavabdeh MMCnin İddiaçı MMC-yə vergilər daxil olmaqla 9204 manat məbləğində borcu yaranmışdır. Lakin borclu Cavabdeh MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, lakin pretenziya məktubuna hər hansıcavab verilməmişdir.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verib iddianın təmin olunmamasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia ərizəsində də qeyd etmişdir ki, icraçı Qiymətlərin razılaşma protokollarında göstərilən qaydada, müddətdə və ünvanlarda “Sifarişçi”yə reklamlarının yerləşdirilməsinə dair öz xidmətlərini göstərir. Lakin buna baxmayaraq iddiaçı müqavilədə nəzərdə tutulan qiymətlərin razılaşdırma protokolunu iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkilindən qiymətlərin razılaşdırma protokolunun təqdim olunması tərəfimdən tələb edilməsinə baxmayaraq o, belə bir sənədin olmadığını bildirmişdir. Qiymətlərin razılaşdırma protokolu olmadığı təqdirdə 9204 (doqquz min iki yüz dörd) manat məbləğində borcun hardan yarandığı müəmmalıdır. Belə ki, xidmətlərin göstərilməsi barədə müqavilənin 1.1-ci bəndində Qiymətlərin razılaşdırılma protokolunun olması öz əksini tapmışdır. Eyni zamanda Sifarişçi ilə İcraçı arasında işlərin görülməsinə dair təhviltəslim aktı olmalıdır lakin dekabr ayı üçün belə bir akt mövcud deyildir. Bu da bir daha ona sübutdur ki, 2024- cü ilin dekabr ayı ürrə İcraçı tərəfindən hər hansısa bir xidmət göstərilməmişdir. Belə bir sənədin vacibliyi müqavilənin 2.6-cı bəndində qeyd edilmişdir. Eyni zamanda nəzərinizə çatdırıram ki, yuxanda qeyd edilən sənədlər 2024- cü ilin noyabr ayı üzrə tərtib edildiyi üçün tərəfimizdən iddiaçıya 6980 (altı min doqqu yüz səksən) manat məbləğində xidmət haqqı ödənilmişdir. İkinci məsələ: İddiaçı MMC xx.xx.2024- cü il tarixinədək "xxxx" MMC (VÖEN: **********) olaraq xidmət gösərmişdir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli reklam xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanmış və xx.xx.2024-cü il tarixinədək reklam xidmətləri "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi MT 2411 seriyalı 10921018 nömrəli elektron qaimə əsasında noyabr ayı üzrə göstərdikləri xidmətləri "xxxx" Company MMC göstərmiş və bununla bağlı onunla Cavabdeh MMC arasında xx.xx.2024cü il tarixli 13 saylı əlavə (təhvil-təslim aktı) imzalanmışdır. Bundan sonra noyabr ayı üzrə tərəfimizdən ödəniş ediləcəyi vaxt "xxxx" Company MMC-nin Cahid adlı mühasibi şirkətimizin mühasibinə sms yazaraq dəyişikliklər olduğu üçün qaiməni "xxxx" Company MMC adından göndərə bilməyəcəklərini başqa şirkətin adından qaimə göndərəcklərini və noyabr ayı üzrə ödənişin həmin şirkətə ediləcəyi barədə xahiş etmişdir. Həmçinin bu barədə "xxxx" Company MMC-nin direktoru Vasif bəyin də xəbəri olduğunu bildirmişdir. Səbəb kimi isə hesablarında sərəncam oldiğunu qeyd etmişlər. Bundan sonra biz "xxxx" Company MMC ilə uzun müddət ərzində əməkdaşlıq etdiyimiz üçün yeni yaratdıqları şirkət ilə müqavilə rəsmiləşdirilməli olduğumuzu bildirmiş və bundan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC ilə müqavilə bağlanaraq noyabr ayı üzrə göstərilən ximətlərin dəyərini sonuncuya ödəmişik. Lakin dekabr ayı üzrə İddiaçı MMC tərəfindən heç bir reklam xidməti göstərilməmişdir. İddia etdikləri məbləğin haradan əldə edilməsi barədə heç bir rəsmi sənədləşmə iddia ərizəsinə əlavə etməmişlər. Əgər noyabr ayı üçün nəzərdə tutulan reklam xidmətlərini dekabr ayı üzrə də göstərmiş olsaydılar noyabr ayı üçün təqdim etdikləri qiymət raılaşdırılma protokolu və təhvil-təslim aktı mütləq olmalı idi. İkinci bir tərəfdən 9206 manat dəyərində reklam xidmətinin göstərilməsi ilə bağlı məbləği kiminlə və necə razılaşdırıblar bununla bağlı da heç bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi E.Nəsibov iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 01/10/24/S saylı müqaviləyə əsasən reklam xidmətlərinin göstərilməsinə dair Sifarişçi İcraçıya sifariş edir və İcraçı bu Müqaviləyə əlavə olunmuş Qiymətlərin razılaşma protokollarında (bundan sonra “Əlavələrində”) göstərilən qaydada, müddətdə və ünvanlarda Sifarişçiyə reklamların yerləşdirilməsinə dair öz xidmətlərini göstərir.
9. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, SN 25-04 nömrəli müqaviləyə əsasən icraçı, Tərəflərin qarşılıqlı razılaşdırdığı qaydada rəsmiləşdirilmiş Sifarişçinin sifarişlərinə əsasən, Müqavilənin əlavələri ilə müəyyən edilmiş ünvanlarda və müddətlərdə stasionar və səyyar reklam qurğuları və digər reklam daşıyıcılarının üzərində reklamların quraşdırılması, yerləşdirilməsi və yayılması, həmçinin onları Müqavilə məqsədlərinə uyğun saxlanılması, çap işlərinin yerinə yetirilməsi və qarşılıqlı razılaşdırılmış digər reklam xidmətlərinin göstərilməsini təmin edir, Sifarişçi isə öz növbəsində Müqavilə ilə müəyyən edilmiş xidmət haqqını vaxtlı-vaxtında və tam həcmdə İcraçıya ödəyir.
10. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SEEN- VMF/11/24 saylı “reklam xidmətlərinin göstərilməsinə dair müqavilə”yə əsasən reklam xidmətlərinin göstərilməsinə dair Sifarişçi İcraçıya sifariş edir və İcraçı bu Müqaviləyə əlavə olunmuş Qiymətlərin razılaşma protokollarında göstərilən qaydada, müddətdə və ünvanlarda Sifarişçiyə reklamların yerləşdirilməsınə dair öz xidmətlərini göstərir.
11. Müqavilənin 4.1-ci bəndinə əsasən İcraçı reklam daşıyıcılarının yerləşdirdiyi dövr üçün hər təqvim ayının ilk 5 (beş) günündən gec olmayaraq reklam xidmətlərinə görə xidmət haqqının ödənilməsi üçün Sifarişçiyə hesab-fakturanı təqdim edir.
12. xx.xx.2022-ci il tarixli ADS-VMF-22 saylı müqavilənin 13 nömrəli əlavəsinə əsasən icraçı "xxxx" MMC ilə sifarişçi "xxxx" MMC arasında göstəriləcək xidmətlərin dəyəri 8236,40 manat dəyərində razılaşdırılmışdır.
13. xx.xx.2024-cü il tarixli, 13 nömrəli təhvil-təslim aktına əsasən tərəflər 8236,40 manat dəyərində xidmətlərin göstərilməsini təsdiq etmişlər.
14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2411 10921018 nömrəli 8236,4 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2412 11960427 nömrəli 9204 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
15. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna verdiyi cavab məktubunda göstərilmişdir ki, Bülbül və Neftçilər prospektlərinin kəsişməsində, Qız qalasının yaxınlığında və Kukla teatrının yaxınlığında yerləşdirilən reklam daşıyıcısı (led monitor) Dənizkənarı Milli Parkın ərazisində yerləşdirildiyindən müvafiq icazənin verilməsi Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin səlahiyyəti xaricindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017ci il 19 dekabr tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 1.2-ci bəndinə görə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənarı Bulvar İdarəsi tərəfindən (bundan sonra - müvafiq qurum) həyata keçirilir. Qərardadda göstərilən digər ünvanlarda, yəni Sahil bağı yaxınlığında, Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində, həmçinin Əziz Əliyev küçəsində yerləşən reklam daşıyıcısına (led monitor) açıq məkanda Reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən həyata keçirilmiş olsa da, texniki imkanlarla bağlı qərardadda göstərilən tarixdə həmin reklamların qeyd olunan qurğularda yayımlanıb-yayımlanmaması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində hər hansı məlumat mövcud deyil.
16. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə reklam xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, həmin müqavilə üzrə 2024-cü ilin noyabr ayı üzrə cavabdeh tərəfindən iddiaçıya göstərilmiş reklam xidməti ilə bağlı 8236,40 manat pul ödənilmişdir.
18. İddiaçı hazırda 2024-cü ilin dekabr ayı üzrə göstərilmiş xidmətlərə görə ödənilməmiş 9204 manat pulun cavabdehdən tutulmasını tələb edir.
19. Cavabdeh iddiaya qarşı yazılı etirazında həmin müqavilənin qiymətlərin müəyyən edilməsi ilə bağlı əlavə razılaşmasının olmamasını göstərmişdir.
20. Məhkəmə cavabdehin bu dəlilinə cavab olaraq bildirir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş MT2411 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimədə “Pasifiko” markasının reklamının dəyəri 1200 manat, “Tissot” markasının reklamının dəyəri 1200 manat, “Svatch” markasının reklamının dəyəri 1200 manat olmaqla göstərilmiş, həmin qaimə cavabdeh tərəfindən ödənilmiş, qaimə və ödəniş məhkəmə icraatı zamanı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
21. İddiaçı tərəfindən təqdim edilmiş və cavabdeh tərəfindən ödənilməyən ikinci elektron qaimədə həmin markaların reklamı ilə bağlı göstərilmiş qiymətlər MT2411 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimədə göstərilmiş qiymətlərlə eynilik təşkil edir.
22. Cavabdeh tərəfindən hazırda ödənilməsi tələb edilən elektron qaiməyə hər hansı etiraz verilməmiş, qaimə düzəlişə göndərilməmiş, ləğv edilməsi ilə bağlı cavabdehə müraciət edilməmişdir.
23. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə heç bir xidmət göstərilməsə idi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ya bununla bağlı öz etirazlarını iddiaçıya bildirə bilərdi. Hazırda isə belə bir hal müəyyən edilməmişdir.
24. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”.
25. Məhkəmə cavabdehin tərəflər arasında imzalanmış iki tərəfli təhvil aktının olmaması barədə dəlilinə cavab olaraq bildirir ki, məhkəmə araşdırması zamanı 2024-cü ilin noyabr ayı üzrə də tərəflər arasında hər hansı təhvil aktının imzalanmadığı müəyyən edilmişdir.
26. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron poçt yazışmalarından görünür ki, cavabdehin nümayəndəsi (Rövşən Məmmədzadə) iddiaçıya xx.xx.2024-cü il tarixdə yazaraq bildirmişdir ki, tərəflərindən reklam xidmətləri ilə bağlı monitorinq aparılmış, monitorinq zamanı bir monitorun həmin gün işləmədiyi müəyyən edilmişdir, həmin günün əlavə günlə əvəz edilməsi tələb edilmişdir.
27. İddiaçı cavabında həmin gün elektrik enerjisinin verilişində problem olması səbəbindən reklam yayımının dayanmasını, lakin problemin artıq aradan qaldırıldığını bildirmişdir.
28. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş vatsap yazışmalarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə dekabr ayı üzrə reklam xidmətləri ilə bağlı hər hansı dəyişiklik olub olmamasını soruşmuş, cavabdehin nümayəndəsi (hazırda qanuni təmsilçisi olan Qanuni nümayəndə2) cavabında “dekabr planı” adı altında yeni sifarişi iddiaçıya göndərmiş, növbəti ayda “2 yerə svatch girir, elmlər sktoylerdən isə çıxır” yazmışdır.
29. Materiallarda olan elektron qaimələrdən müəyyən edilir ki, 2024-cü ilin noyabr ayında Elmlər Akademiyasının metrosunun qabağında skrollerdə reklam yayımı olmuş, 2024-cü ilin dekabr ayında isə olmamış, 2024-cü ilin noyabr ayında “Svatch” markası ilə bağlı bir yerdə reklam yayımı həyata keçirildiyi halda cavabdehin sifarişi əsasında əlavə iki yerdə (“Kukla” teatrının yaxınlığı və R.Behbudov küçəsi) led monitorlarda həmin marka ilə bağlı reklam yayımı həyata keçirilmişdir.
30. Cavabdeh 2024-cü ilin dekabr ayı ilə bağlı sifarişlərinin olmadığını, noyabr ayında xidmətin tərəflərindən dayandırıldığını bildirsə də, xidmətlərin 2024-cü ilin dekabr ayından həyata keçirilməsinin dayandırılması ilə bağlı iddiaçıya xəbərdarlıq ünvanladığını təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişdir.
31. İddiaçı tərəfindən təqdim edilmiş vatsap yazışmalarından görünür ki, 2024-cü ilin dekabr ayında reklamlarla bağlı video çarxlar qarşı tərəfə təqdim edilmiş, göstərilmiş xidmətlərə hər hansı irad bildirilməmişdir.
32. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
35. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
36. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
38. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.
39. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
40. Beləliklə, materiallarda olan sübutlarla müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli reklam xidmətlərinin göstərilməsi barədə müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin dekabr ayında reklam xidmətləri göstərilmiş, lakin göstərilmiş xidmətlərin dəyəri hazırkı günədək iddiaçıya ödənilməmişdir.
41. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 9204 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 113 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 9204 manat məbləğində pul, 113 manat dövlət rüsumu, ümumilikdə 9317 (doqquz min üç yüz on yeddi) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova