Məhkəmə qərarları › İş №e-2-2(113)-3378/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3378/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3378/2021 15.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı müqavilə üzrə pul tələbi barədə iddiası üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən aldığı unun 591.655,0 manat məbləğində dəyərini, 275.425.93 manat məbləğində hesablanmış bank faizinin və 30 manat məbləğində dövlət rüsumunun cəmi 867.110,93 manatın cavabdeh "xxxx" ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC "xxxx" ASC ilə un tədarükünə dair 07 yanvar 2013-cü il tarixli 11/01 №li, 01 yanvar 2014-cü il tarixli 09/01 №li və 15 noyabr 2017-ci il tarixli 32/01 №li müqavilələr bağlamışdır.Müqavilələrin 1.1 -ci bəndi ilə "xxxx" ASC «tədarükçü» tərəf olaraq, alıcı kimi "xxxx" ASC-nin aylar üzrə verdiyi sifarişə uyğun olaraq un tədarük edərək ona verməyi öhdəsinə götürmüşdür.Müqavilənin 1.2-ci bəndi ilə "xxxx" ASC «alıcı» tərəf kimi onun sifarişinə əsasən “tədarükçü” nün tədarük etdiyi unu qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür."xxxx" ASC tədarükçü tərəf kimi bağladığı müqavilələr üzrə öhdəliklərini tam icra etmişdir və 07 yanvar 2013-cü il tarixli 11/01nömrəli müqaviləyə əsasən 2013-cü ilin may-noyabr ayları ərzində 325.540 manat dəyərində 960 ton, 01 yanvar 2014-cü il tarixli 09/01 nömrəli müqaviləyə əsasən 2014-cü ilin yanvar-avqust ayları ərzində 262.000 manat dəyərində 800 ton, 15 noyabr 2017-ci il tarixli 32/01nömrəli müqaviləyə əsasən 2017-ci ilin noyabr-dekabr aylarında 10.200,0 manat dəyərində 30 ton un tədarük edərək müvafiq qaimə-fakturalarla mərkəzləşdirilmiş daşıma qaydasında (qaimə-fakturalar əlavə edilir) “alıcı” "xxxx" ASC-nin ünvanında ona təhvil vermişdir."xxxx" ASC-nin nümayəndələri “tədarükçi”nün tədarük edərək onun ünvanına çatdırdığı unu öz anbarında qəbul etmiş və bu barədə qaiməfakturalara imza etməklə və möhür vurmaqla təsdiq etmişlər."xxxx" ASC bağladığı müqavilələrin 1.2-ci və 2.3-cü maddələri ilə üzərinə götürdüyü öhdəliklərini pozmuş, aldığı unun dəyərini indiyə qədər ödəməmişdir.Belə ki, "xxxx" ASC 2013-cü il ərzində aldığı ununun 325540 manat məbləğində dəyərinin 2395.0 manatı, 2017-ci il ərzində aldığı unun 10200 manat məbləğində dəyərinin 3600.0 manatı olmaqla cəmi 5995.0 manatını ödəmiş, qalan 591655.0 manatını isə ödəməmişdir."xxxx" ASC 07.01.2016-cı il, 12.01.2018-ci il, 07.01.2019-cu il, 21.01.2020-ci il, 02.06.2021-ci il tarixli üzləşmə aktları ilə "xxxx" ASC-yə 591655,0 manat məbləğində borcunun olmasını etiraf edərək təsdiq etmişdir, ödəməyi öhdəsinə götürmüşdür.Müqaviləyə əsasən aldığı unun dəyərini və ödəməni gecikdirməyə görə hesablanmış bank faizini ödəməsi haqqında iddiaçı cavabdehə 06.02.2020-ci il tarixli 14/09 nömrəli pretenziya vermişdir. Həmin pretenziyaya 12.02.2020-ci il tarixli 05nömrəli məktubla verdiyi cavabında, aldığı unun dəyərini, maliyyə çətinlikləri ilə bağlı olaraq vaxtında ödəyə bilmədiyini və borcunu razılaşma əsasında 2020-ci ilin sentyabr ayından başlayaraq qrafik üzrə ödəyəcəyini bildirmişdir.İddiaçının 21.02.2020-ci il tarixli 19/04 nömrəli məktubu ilə borcunu 2020-ci ilin sentyabrından hansı məbləğdə və müddətdə ödəcəyi barəsində sorğusuna cavab olaraq cavabdeh 10.03.2020-ci il tarixli 15 nömrəli məktubla bildirmişdir ki, iddaçıya olan borcunu 2020-ci ilin sentyabr ayından başlayaraq istehsal fəaliyyətindən asılı olaraq ödəyəcəkdir, ödəniş qrafiki isə istehsalın və satışın həcmindən asılı olaraq qarşılıqlı razılıqla müəyyən ediləcəkdir.2020-ci ilin sentyabr ayı çatdığına görə iddiaçının borcun ödənişi qrafikinin təqdim olunmasına dair 03.09.2020-ci il tarixli 56/01 nömrəli məktubuna cavab olaraq cavabdeh 18.09.2020-ci il tarixli 56 nömrəli məktubla bildirmişdir ki, borc 2020-ci ilin dekabr ayından hər ay 10000.0 manat olmaqla mütəmadi ödəniləcəkdir.Lakin cavabdeh, hər dəfə olduğu kimi, verdiyi sonuncu vədini də yerinə yetirməmişdir və həmin vədin verildiyi vaxtdan ötən 6 ay ərzində borcun ödənişinə başlamamışdır. Ona görə də iddiaçı borcun cavabdehdən məhkəmə qaydasında alınmasına məcbur olmuşdur. "xxxx" ASC bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliyini pozaraq onu icra etmədiyinə, aldığı unun dəyərini ödəməyərək "xxxx" ASC-yə məxsus 591.655 manat pulun ödənilməsini gecikdirərək ondan faydalandığına görə həmin pulun məbləğindən illik 7,25 faiz olmaqla bank faizləri ödəməlidir."xxxx" ASC-yə məxsus pul vəsaitlərini qaytarmayaraq onlardan faydalandığına görə "xxxx" ASC-nin ödəməyə borclu olduğu bank faizlərinin məbləği 2013-cü ildə aldığı unun 323055,0 manat məbləğində dəyərini 7 il ərzində ödəməyərək ondan faydalandığına görə 163950,43 manat (323055,0 manat x 7,25 faiz x 7 il), 2014-cü ildə aldığı unun 262000,0 manat məbləğində dəyərini 5 il ərzində ödəməyərək ondan faydalandığına görə 110040,0 manat (262000,0 manat x 7,25 faiz x 6 il), 2017-ci ildə aldığı unun 6600,0 manat məbləğində dəyərini 3 il ərzində ödəməyərək ondan faydalandığına görə 1435,50 manat (6600,0 manat x 7,25 faiz x 3 il) olmaqla cəmi 275425.93 manat təşkil edir. "xxxx" ASC "xxxx" ASC-yə tədarük etdiyi unun emalı üçün aldığı buğdanın dəyərini bankdan kredit alaraq ödəmişdir və həmin kreditlərə görə indiyə qədər bank faizləri ödəməkdə davam edir. Beləliklə cavabdeh “alıcı” kimi bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini icra etməyərək hazırki iddia ərizəsi üzrə iddiaçı tərəf olan “tədarükçi” dən aldığı unun 591655,0 manat məbləğində dəyərini ödəməyərək onun qanunla qorunan hüquqlarını pozmuş və ona maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: 07 yanvar 2013-cü il tarixli 11/01 saylı və 01 yanvar 2014-cü il tarixli 09/01 saylı oxşar məzmunlu müqavilələrə əsasən “tədarükçü” həmin müqavilənin qüvvədə olduğu dövr ərzində “alıcı”nın aylar üzrə verdiyi sifarişə uyğun olaraq un əla növ tədarük edərək «alıcı»ya verməyi öhdəsinə götürür. “alıcı” verdiyi sifarişə uyğun olaraq, “tədarküçü” tərəfindən tədarük edilən unu qəbul etməyi və həmin müqavilənin şərtlərinə əsasən dəyərini ödəməyi öhdəsinə götürür. 15 noyabr 2017-ci il tarixli 32/01 saylı müqaviləyə əsasən “tədarükçü” sifarişə uyğun olaraq 1000,0 (bir min) ton növlü un tədarük edərək “alıcı”ya verməyi öhdəsinə götürür. “alıcı” verdiyi sifarişə uyğun olaraq, “tədarküçü” tərəfindən tədarük edilən unu qəbul etməyi və həmin müqavilənin şərtlərinə əsasən dəyərini ödəməyi öhdəsinə götürür. 07.01.2016-cı il tarixli üzləşmə aktına əsasən 2013-2014-cü illərdə alınmış una görə 01.01.2016-cı il tarixə "xxxx" ASC-nin "xxxx" ASC-yə 585.055 (beş yüz səksən beş min əlli beş manat) manat, 12.01.2018-ci il tarixli üzləşmə aktına əsasən 2013-2014-cü illərdə və 2017-ci illərdə alınmış una görə 01.01.2018-ci il tarixə "xxxx" ASC-nin "xxxx" ASC-yə 591.655 (beş yüz doxsan bir min altı yüz əlli beş manat) manat, 07.01.2019-cu il tarixli üzləşmə aktına əsasən 2013-2014-cü illərdə və 2017-ci illərdə alınmış una görə 01.01.2019-cu il tarixə "xxxx" ASC-nin "xxxx" ASC-yə 591.655 (beş yüz doxsan bir min altı yüz əlli beş manat) manat, 21.01.2020-ci il tarixli üzləşmə aktına əsasən 2013-2014-cü illərdə və 2018-ci illərdə alınmış una görə 01.01.2019-cu il tarixə "xxxx" ASC-nin "xxxx" ASC-yə 591.655 (beş yüz doxsan bir min altı yüz əlli beş manat) manat, 02.06.2021-ci il tarixli üzləşmə aktına əsasən 2013-2014-cü illərdə və 2017-ci illərdə alınmış una görə 01.06.2021-ci il tarixə "xxxx" ASC-nin "xxxx" ASC-yə 591.655 (beş yüz doxsan bir min altı yüz əlli beş manat) manat, məbləğində borcun olması etiraf edilmiş, qeyd olunan üzləşmə aktları hər iki tərəfin möhürləri ilə təsdiqlənmişdir. "xxxx" ASC-nin X3 Hüseynov R.A. tərəfindən "xxxx" ASC-yə ünvanlanan 12.02.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, müəsisədə müəyyən iqtisadi və maddi çətinliklər olduğu üçün borcun qaytarılmasında gecikmələr yaranmışdır. Qeyd olunan müqavilələr üzrə alınmış unun dəyərindən yaranmış borc cəmiyyətin öhdəliyindədir. Son illərdə "xxxx" ASC-də yaranmış çətinliklər artıq rəhbərlik tərəfindən öz müsbət həllini tapmışdır. Müəsisə öz fəaliyyətini yenidən bərpa etmək üzrədir. "xxxx" ASCnin "xxxx" ASC-yə olan borcu sentyabr 2020-ci il tarixindən razılaşma əsasında qrafik üzrə ödəniləcəkdir. "xxxx" ASC-nin X3 Hüseynov R.A. tərəfindən "xxxx" ASC-yə ünvanlanan 10.03.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, əvvəlki məktubda qeyd edildiyi kimi müəsisə öz fəaliyyətini yenidən bərpa etmək üzrədir. Müəsisə hələki istehsala başlamadığı üçün, (hazırlıq işləri sona çatmadığına görə) aylıq ödəniş və müddət haqqında dəqiq məlumat verə bilmirlər. "xxxx" ASC-nin "xxxx" ASC-yə olan borcu sentyabr 2020-ci il tarixindən istehsal fəaliyyətindən asılı olaraq ödəniləcəkdir. Qrafik, müəsisənin istehsal gücü, aylıq satış dövriyyəsi nəzərə alınmaqla, qarşı tərəflə razılaşdırma əsasında olacaqdır. "xxxx" ASC-nin X3 Hüseynov R.A. tərəfindən "xxxx" ASC-yə ünvanlanan 18.09.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, əvvəlki məktubda qeyd olunan borc tam qəbul edilmişdir. Müəyyən nəzərdə tuulmayan səbəblərdən ödəniş 2020-ci ilin dekabr ayından hər ay 10.000.00 (on min) manat olmaqla mütamədə ödəniləcəkdir. Əgər müəsisənin fəaliyyəti nəzərdə tutulduğu kimi davam edərsə, maliyyə durumuda irəliləyişlər olarsa, aylıq ödəniş daha çox olacadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdeh tərəfindən, iddiaçının təhvil verdiyi mallar üzrə borcu yaranmışdır. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində, həmçinin 275.425.93 manat məbləğində hesablanmış bank faizinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə əldən çıxmış fayda haqqının cavabdehdən tutulması hissəsində hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1 -ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1- ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Belə ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli pul məbləğini gecikdirməyə görə faydalandığına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından isə görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-dən 591.655,0 (beş yüz doxsan bir min altı yüz əlli beş manat) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-dən 591.655,0 (beş yüz doxsan bir min altı yüz əlli beş manat) manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar