Məhkəmə qərarları › İş №e-2-2(113)-338/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-338/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-338/2023 10.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 2420- GL/17 nömrəli müqavilə üzrə yaranmış 8315 manat gecikdirilmiş borcu və hesablanmış 6554,10 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi: 15369,10 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 2420-GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 2420-GL/17 nömrəli müqavilə üzrə yaranmış 8315 manat gecikdirilmiş borcu və hesablanmış 6554,10 manat cərimə borcu yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, sistemə ərizə yükləyərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək müqavilə üzrə əsas borcdan 2000 manat məbləğində borcunu ödədiyini, cərimə borcu ilə isə razılaşmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2420-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ümumi məbləği 9865 manat olan və 1 nömrəli əlavədə göstərilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 4.2-ci bəndinə əsasən Lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləğinə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş müqavilə üzrə cərimənin hesablanması qrafikindən və təqdim edilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 2420-GL/17 nömrəli müqavilə üzrə 8315 manat əsas borcu və 6554,10 manat cərimə borcu vardır. xx.xx.2023-cü il tarixli 16185 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən 2000 manat məbləğində borc ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci və 747.1-ci maddələrinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh lizinq obyektlərinə görə vaxtında ödənişləri etmədiyinə görə öhdəlikləri yerinə yetirməmişdir Məhkəmə cavabdeh tərəfindən 2000 manat məbləğində borcun ödənildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 2420-GL/17 nömrəli müqavilə üzrə 6315 manat əsas borc, həmçinin 300 manat hüquqi yardım və 200 manat mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. İddiaçının 6554,10 manat cərimə tələbi ilə bağlı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 485 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 2420-GL/17 nömrəli müqavilə üzrə 6315 manat əsas borc, 485 manat cərimə, cəmi 6800 manat həmçinin 200 manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli 2420-GL/17 nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixə yaranmış 6315 manat əsas borc, 485 manat cərimə cəmi 6800 manat, həmçinin 200 manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar