Məhkəmə qərarları › İş №e-2-2(113)-338/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-338/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-338/2024 24.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: lizinq obyektinin sahiblik və istifadəyə verilməsi, lizinq ödənişinin geri qaytarılması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı lizinq obyektinin sahiblik və istifadəyə verilməsi, lizinq ödənişinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. "xxxx" MMC (alıcı) ilə X2 (satıcı) arasında 24 may 2023-cü il tarixdə LM 068 nömrəli lizinq obyektinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu Müqavilənin 6-cı bəndində göstərilmiş əmlakın (bundan sonra "Əmlak" adlandırılacaqdır) Alıcıya satılmasını, Alıcı isə həmin Əmlakın bu Müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş qiymətinin Satıcıya ödənilməsini və onun qəbul edilməsim öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən alıcı əmlakı lizinqə vermək məqsədilə əldə edir. 2.1-ci bəndinə əsasən bu müqavilənin predmeti olan əmlakın qiyməti 14.900 manat təşkil edir və bütün ödənişlər manatla aparılır. 6-cı bəndinə əsasən lizinq obyekti 2016-cı il buraxılışlı, BAN 1G1ZE5ST8HF183145, Rəng - Boz metallik, Tip - Sedan, X3 markalı avtomobildir.

2. "xxxx" MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında 24 may 2023-cü il tarixdə 068 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən lizinq verən X3, Tip - Sedan, Rəngi - Boz metallik, Buraxılış ili - 2016, BAN 1G1ZE5ST8HF183145 avtomobili (bundan sonra lizinq obyekti) satıcıdan əldə etməyi və Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra lizinq ödənişini) ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən bu Lizinq Müqaviləsinin ümumi məbləği 14.900 manat təşkil edir. 1.3-cü bəndinə əsasən lizinq əməliyyatları üzrə komissiya haqqı 1.310 manat həcmində məbləği Lizinq alan lizinq verənə ödəməlidir. 1.4-cü bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti Lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyekti Lizinq alanın mülkiyyətinə keçir. 2.1-ci bəndinə əsasən bu müqavilənin müddəti 36 (otuz altı) ay müəyyən edilir. 3.1-ci bəndinə əsasən hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilir. 4.2.7-ci bəndinə əsasən bu Müqaviləyə vaxtından əvvəl xitam verildikdə, lizinq obyektini normal aşınma nəzərə alınmaqla yaxşı vəziyyətdə lizinq verənə qaytarmaq lizinq alanın vəzifəsidir. 4.3. Lizinq verənin hüquqları: 4.3.3. Lizinq alan bu Müqavilədə nəzərdə tutulan, yaxud qanunvericiliklə üzərinə düşən vəzifələrini vaxtında və lazımi qaydada yermə yetirmədikdə lizinq müqaviləsinə birtərəfli qaydada xitam vermək və pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq; 4.3.4. Qanunverciliklə müəyyən edilmiş hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək; 4.4-cü bəndinə əsasən lizinq verənin əsas vəzifəsi bu Müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyektini lizinq alanın mülkiyyətinə verməkdən ibarətdir. 5.4-cü bəndinə əsasən zərərin və cərimənin ödənilməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir. Lizinq alanın təqsiri üzündən Müqavilə ləğv edildikdə, zərərin və ya cərimənin məbləğindən, onların ödənilib-odənilməməsindən asılı olmayaraq, onun əvvəllər ödədiyi məbləğ qaytarılmır və Lizinq verənin xeyrinə silinir. 5.8-ci bəndinə əsasən lizinq verən lizinq obyektində nəzarət məqsədilə GPS qurğusu yerləşdirə bilər. Bu qurğuların çıxarılması və ya qeyri-işlək vəziyyətə salınması lizinq predmetinin Lizinq verənin nəzarətindən çıxarılması kimi qiymətləndirilir və bu hal lizinq öhdəliklərinin yerinə yetirilməsində böyük risk daşıdığına gorə Lizinq verən tərəfindən lizinq müqaviləsini birtərəfli qaydada xitam edilə bilər. Müqaviləyə xitam verildlikdə qurğu lizinq verənə qaytarımalıdır, qaytarılmış qurğuda qusurlar aşkar edildikdə və ya Lizinq obyektindən istifadə zamanı qurğu yararsız vəziyyətdə olarsa, Lizinq alan 2000 manat məbləğində cərimə ödəməlidir. 5.13-cü bəndinə əsasən lizinq obyektinə sahiblik və ondan istifadə hüququ Lizinq alana bu müqavilə ilə şərtləşdirilmiş həcmdə keçir. 6.1-ci bəndinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizınq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 6.1.1. Lizinq alanın lizınq obyektindən istifadə şəraiti bu müqavilənin şərtlərinə və ya lizınq obyektinin təyinatına uyğun deyilsə; 6.1.2. Lizinq alan Lizınq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 6.1.3. Lizinq alan Lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 6.1.4. Lizinq alan lizinq obyektindən istifadə uçun lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə; 6.1.5. Bu Müqavilənin 5.8-ci bəndində göstərilən hal baş verdikdə; 6.1.6 Lizinq alan Lizinq obyektinə monitorinq məqsədi ilə baxış keçirilməsi üçun şərait yaratmarsa, müqavilə imzalanan zaman təqdim etdiyi telefon nömrələrinə 3 gün ərzində cavab vermərsə və ya zəng çatmarsa, eləcə də Lizinq verənə qarşı açıqca hörmətsizlik və ya kobud rəftar göstərərsə. 6.2-ci bəndinə əsasən lizinq alan pul məbəğlərinin və lizınq obyektinin mübahisəsiz geri alınması ilə bağlı Lizinq verənin tələbini aldığı gündən 3 iş gunü ərzində lizinq obyektini Lizinq verənin tələbində göstərilən yerdə qaytarmağa borcludur. Lizınq obyekti qaytarılarkən onun vəziyyəti haqqında akt tərtib edilir. 6.3-cü bəndinə əsasən lizinq alan tələbi aldığı gündən 7 iş günu ərzində lizinq obyektini könüllü qaytarmaqdan imtina etdikdə, Lizinq verənin hüququ varkı, nümayəndələri vasitəsilə lizinq obyektinin kimdə və harada olmasından asılı olmayaraq Lizinq verənə geri qaytarılmasına dair müvafiq icraatı yerinə yetirsin. Bu halda Lizinq alanın və lizınq obyektinin istifadəçisi olan digər şəxslərin razılığı tələb olunmur. Müqavilə lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir.

3. 24 may 2023-cü il tarixli 068 nömrəli daxili lizinq müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 36 ay müddətində hər ay 584,57 manat (sonuncu ay 584,58 manat) olmaqla cəmi 21.044,52 manat (14.900 manat əsas + 6.144,52 manat faiz) məbləğində lizinq ödənişləri edilməli idi. Ödəniş cədvəli tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.

4. "xxxx" MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında bağlanmış 24 may 2023cü il tarixli 068 nömrəli daxili lizinq müqaviləsinə əlavə 01 saylı xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən:

1. Daxili lizinq Müqaviləsinin 6.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış müqaviləyə xitam verilir.

2. Bu razılaşma imzalandığı andan qüvvəyə minir və tərəflərin bir-birinə qarşı hər hansı iddiasının və borcunun olmadığı bəyan edilir.

5. 19.09.2023-cü il tarixli İNV2 saylı qəbzə əsasən İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 585 manat lizinq ödənişi edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2024-cü il tarixli, 4/227 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 79-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli 01 nömrəli Razılaşmada “Lizinq alanr” hissəsində “imza” qrafasındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən “Chevrolet Malibu” minik markalı, tip - sedan, rəngi - boz metalik, buraxılış ili - 2016, BAN 1G1ZE5ST8HF183145 olan avtomobili sürmək üçün etibarnamə təqdim edilməklə İddiaçı sahiblik və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq verən olaraq "xxxx" MMC direktoru Nümayəndə şəxsində və lizinq alan İddiaçı arasında “Chevrolet Malibu” minik markalı, tip sedan, rəngi - boz metalik, buraxılış ili - 2016, BAN 1G1ZE5ST8HF183145 olan avtomobil barəsində xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən müqavilə öhdəlik tam yerinə yetirilməsinə baxmayaraq "xxxx" MMC tərəfindən verilmiş etibarnamənin vaxtı uzadılmadığından maşın polis tərəfindən cərimə meydançasına yerləşdirilmiş və "xxxx" MMC tərəfindən ondan xəbərsiz və icazəsi olmadan cərimə meydançasından həmin avtomaşın özbaşına götürülmüşdür. Avtomobil onun istifadəsində olmamasına baxmayaraq o aylıq ödənişləri edir. Sonuncu aylıq ödənişi isə avtomobilin aqibəti ona məlum olmadığından və lizinq şirkəti tərəfindən ona dəfələrlə müraciətinə baxmayaraq heç bir məlumat verilmədiyindən ödəməyə ehtiyat edir. Avtomaşın ona qaytarılan kimi dərhal ödəməyə hazırdır. O, dəfələrlə lizinq şirkətinə müraciət etsə də heç bir səbəb və əsas göstərilmədən avtomobili ona vermirlər. Aldığı məlumata görə "xxxx" MMC vətəndaşları bu yolla aldatmaqda davam edirlər. Tərəflər arasında bağlanan müqavilənin 5.1-cimaddəsinə əsasən lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə ilə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir. Hazırda təqsirli tərəf lizinq şirkətidir, avtomobilini ona qaytarmamaqla ona xeyli ziyan vurmaqda davam edir. Belə ki, o, lizinq şirkətinin təkidi ilə ilkin ödəniş olaraq 8000 manat avtomobil üçün ödəmiş, iki aylıq ödənişlərini həyata keçirmişdir. Lakin bütün bunlara baxmayaraq lizinq şirkəti öz öhdəliklərini yerinə yetirmir. Hətta onlara göndərilmiş pretenziyanı belə qəbul etməkdən imtina etmişlər. Lizinq müqaviləsinə müqavilənin hansı şərtlərə xitam edilməsi və əvvəlcədən ona tələbin göndərilməsi qeyd olunsa da lizinq şirkəti tərəfindən müqavilə öhdəliklərinə riayət edilmədən qanunsuz olaraq avtomaşını onun əlindən almışlar.

9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (tələbin həcminin artırılması) barədə ərizə verərək, "xxxx" MMC tərəfindən “Chevrolet Malibu” minik markalı, tip - sedan, rəngi - boz metalik, buraxılış ili - 2016, BAN 1G1ZE5ST8HF183145 olan avtomobili sürmək üçün etibarnamə təqdim edilməklə İddiaçı sahiblik və istifadəsinə verilməsi eyni zamanda 19 sentyabr 2023-cü il tarixində ödənilmiş 585 manat pulun iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 373, 389.1, 390.1, 442, 445.7, 747.1, 748 və 560.2-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

11. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə O.E.Bayramzadə arasında bağlanan xx.xx.2023-cü il tarixli, LM068 saylı lizinq obyektinin alğı-satqısı müqaviləsinə əsasən 14900 manat dəyərində olan Chevrolet Malibu markalı minik avtomobili və satın alma ilə əlaqədar digər bütiln xərslər şirkət tərəfindən ödənilməklə Cavabdeh MMC tərəfindən satın alınmışdır və hal-hazırda həmin avtomobil şirkətin tam mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-2.1-ci maddəsinə əsasən Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cü maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində imzalanan 068 saylı daxili lizinq müqaviləsinə əsasən avtomobil iddiaçının istifadəsinə verilmişdir. Bu müqaviləyə 1 saylı əlavəyə görə iddiaçı hər ayın 24-ü tarixində 584,57 manat məblğəində ödəniş etməli idi, lakin iddiaçı tərəfindən ilk ödənişdən gecikdirməyə yol verilmiş və daha sonra növbəti aylarda ödəniş edilməmişdir. Lizinq müqaviləsi ilə müəyyən edilən ödənişlərin edilməsi və ödəniş edilmədiyi halda avtomobilin qaytarılması ilə əlaqədar iddiaçıya bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə heç bir öhdəlik iddiaçı tərəfindən yerinə yetirilməmişdir. Lizinq verən olaraq mülkiyyətlərində olan avtomobilin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilən qaydada zəruri tədbirlər görülmüş və avtomobil DYPİ-nin xüsusi duracağından tərəflərindən götürülmüşdür. Avtomobilə duracaqda baxış keçirilən zaman avtomobilin motorunun işlək vəziyyətdə olmaması və digər hissələrinin sıradan çıxması, eləcə də iddiaçı tərəfindən törədilən müxtəlif növ inzibati xətarala görə 546,4 manat məbləğində inzibati cərimənin olması aşkar olunmuşdur. Mülkiyyətçi olaraq Cavabdeh MMC tərəfindən bütün inzibati cərimələr ödənilmiş və avtomobilin təmirinə 6285 manat məbləğində xərc çəkilmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.7-ci maddəsinə və Daxili lizinq müqaviləsinin şərtlərinə əsasən iddiaçı lizinq obyektini daim saz və istismara yararlı vəziyyətdə saxlamalı, lizinq ödənişlərini gecikdirməməli və lizinq obyektinə texniki xidməti, onun orta, cari və əsaslı təmiri öz hesabına həyata keçirməli idi. Onu da qeyd edirlər ki, hazırda iddiaçının lizinq müqaviləsi ilə müəyyən edilən faiz borcu üzrə 1.122,64 manat və cərimə üzrə borcu 982 manat məbləğində təşkil edir. Yekun olaraq bildirirlər ki, lizinq müqaviləsi ilə müəyyən edilmiş bütün ödənişlər (əsas, faiz.cərimə), lizinq obyekti olan avtomobilin təmirinə və inzibati cərimələrin ödənilməsinə çəkilən bütün xərc iddiaçı tərəfindən tam ödənildikdən sonra avtomobil iddiaçının mülkiyyətinə verilə bilər.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

13. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində və tələbin həcminin artırılması barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, iddiaya qarşı verilmiş etirazda göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Vəkil2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona verilən məlumata əsasən avtomobil DYPİ-nin əməkdaşları tərəfindən 16 avqust 2023-cü il tarixində saxlanılmış və duracaqdan Cavabdeh MMC tərəfindən 18 sentyabr 2023-cü il tarixində çıxarılmışdır. İddiaçı özü "xxxx" şirkətinin rəhbərliyinə müraciət edərək etibarnamənin ləğv edildiyi səbəbindən maşının duracağa yerləşdirilməsi barədə məlumat vermişdir. Sonrakı məhkəmə iclaslarında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 mübahisəli lizinq müqaviləsinə xitam veirlməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanı məhkəməyə təqdim etmiş və bildirmişdir ki, müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunmuşdur. Hazırda həmin avtomobil başqa şəxsə lizinqə verilmişdir.

15. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəklərini, onların iştirakları olmadan məhkəmə baxış iclasını keçirilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

16. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

18. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

19. AR Mülki Məcəlləsinin: - 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. - 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. - 424.4-ci maddəsinə görə əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. - 439.4-ci madəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747-1.2-ci maddəsinə görə lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. - 747-1.3-cü maddəsinə görə lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. - 748-1.8-ci maddəsinə görə izinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. - 748-2.1-ci maddəsinə görə lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. - 748-10.1-ci maddəsinə görə izinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

20. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

21. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

22. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 24 may 2023-cü il tarixli 068 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən X3 (Tip - Sedan, Rəngi - Boz metallik, Buraxılış ili - 2016, BAN 1G1ZE5ST8HF183145) markalı avtomobil İddiaçı 36 ay müddətinə lizinqə verilmişdir.

24. Həmçinin işin mübahisəsiz halı ondan da ibarətdir ki, sözügedən lizinq obyekti olan 2023-cü ilin iyul ayında DYPİ-nin cərimə meydançasına yerləşdirilmiş (idarə edən şəxsin etibarnaməsinin olmaması ilə əlaqədar) və cərimə meydançasından avtomobil "xxxx" MMC tərəfindən götürülmüşdür.

25. Hazırda İddiaçı mübahisəli lizinq müqaviləsi üzrə tərəfindən öhdəliklərin tam icra edilməsinə baxmayaraq lizinq obyekti olan avtomobil barəsində cavabdeh "xxxx" MMC tərəfindən ona verilmiş etibarnamənin vaxtı uzadılmadığından həmin avtomobilin polis tərəfindən cərimə meydançasına yerləşdirildiyini, cavabdeh tərəfindən ondan xəbərsiz və icazəsiz cərimə meydançasından götürüldüyünü, avtomobilin onun istifadəsində olmamasına baxmayaraq aylıq ödənişləri icra etdiyini, lakin cavabdehin öhdəliklərini pozaraq lizinq obyektini ona qaytarmaqdan imtina etdiyi əsas göstərərək cavabdeh lizinq obyekti olan avtomobili sürmək üçün Cavabdeh MMC tərəfindən etibarnamə təqdim edilməklə həmin avtomobilin onun sahiblik və istifadəsinə verilməsi və lizinq ödənişi olaraq 19 sentyabr 2023-cü il tarixində ödənilmiş 585 manat pulun iddiaçıya qaytarılmasını tələb edir.

26. Məhkəmə idarə edilməsi üçün etibarnamə verilməklə avtomobilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsinə dair iddia tələbi ilə bağlı əvvəla qeyd edir ki, iddiaçı həmin tələbin faktiki əsası kimi tərəflər arasında bağlanmış 24 may 2023-cü il tarixli 068 nömrəli daxili lizinq müqaviləsinin bağlanmasına və həmin müqaviləyə əsasən cavabdehin lizinq obyektini onun sahiblik və istifadəsinə vermək öhdəliyini daşınmasına istinad etmişdir.

27. İş materiallarından isə görünür ki, cavabdeh "xxxx" MMC mübahisəli lizinq müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmanı məhkəməyə təqdim etmişdir.

28. Bununla bağlı o da qeyd edilməlidir ki, iddiaçı göstərilən razılaşmada imzanın onun tərəfindən icra edilməsi faktını mübahisələndirmiş, iş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizası üzrə ekspert rəyi ilə razılaşmadakı imzanın iddiaçı tərəfindən icra edilməsi müəyyən edilmişdir.

29. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

30. Odur ki, iş materialları ilə mübahisəli lizinq müqaviləsinə xx.xx.2023-cü il tarixdə tərəflərin qarşılıqlı razılığına əsasən xitam verilməsi öz təsdiqini tapdığından Mülki Məcəllənin 424.3-cü maddəsinn tələblərinə uyğun olaraq həmin razılaşma bağlandığı andan tərəflərin müqavilə üzrə öhdəliklərinə, o cümlədən lizinq verənin lizinq obyektini lizinq alanın istifadəsinə və sahibliyinə vermək öhdəliyinə də xitam verilmişdir. Odur ki, iddiaçı ləğv edilmiş lizinq müqaviləsinə istinad etməklə lizinq obyektinin idarə edilməsi üçün etibarnamə verilməklə sahiblik və istifadəsinə verilməsini tələb etməkdə haqlı deyil.

31. Digər tərəfdən iddianın 19 sentyabr 2023-cü il tarixində ödənilmiş 585 manat pulun iddiaçıya qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmada tərəflər lizinq müqaviləsinə xitam verilməsi ilə yanaşı həmin müqavilə üzrə bir-birinə qarşı hər hansı iddiasının və borcunun olmaması barədə razılaşmışlar.

32. Belə olan halda isə tərəflər lizinq müqaviləsinin xitam verildiyi tarixə lizinq müqaviləsi üzrə öhdəliklərinin olmaması barədə razılaşdıqlarından, müqaviləyə xitam verildikdən sonra isə həmin müqavilə üzrə yeni öhdəliklərin yaranması istisna edildiyindən cavabdehin 19 sentyabr 2023-cü il tarixində iddiaçıdan 585 manat məbləğində pul vəsaitini əldə etməsi üçün hər hansı bir qanuni və ya müqavilə əsası olmamış, yəni cavabdeh həmin vəsaiti əldə etməklə əsassız varlanmışdır.

33. Belə olan halda 19 sentyabr 2023-cü il tarixində Cavabdeh MMC-yə ödənilmiş 585 manat pulun geri qaytarılması hissəsində iddia əsaslı olmaqla iddia təmin edilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 585 manat məbləğində pul tutularaq İddiaçı geri qaytarılmalı, qalan hissədə iddia rədd edilməlidir.

35. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 50 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 50 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

36. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (tələbin həcminin artırılması barədə ərizə nəzərə alınmaqla) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat təşkil edir.

37. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

38. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

39. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 15 manat, dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

40. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 manat pul vəsaitinin 33 manat hissəsi cavabdehdən, 77 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 585 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 25 manat və dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin.. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 manat pul vəsaitinin 55 manat hissəsi cavabdehdən, 55 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar