Məhkəmə qərarları › İş №e-2-2(113)-3380/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3380/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3380/2025 18.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, lizinq müqaviləsi, dəbbə pulu, delikt, özgə işlərinin tapşırıqsız icrası) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinədair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2967 manat əsas borc, 714 manat cərimə borcu, real zərər olaraq avtomobilin təmir xərci 1319,44 manat, cavabdeh əvəzindən ödənilmiş inzibati cərimə 237 manat olmaqla ümumilikdə 5237,44 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq onunxeyrinə ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh MMC (“Alıcı”) arasında cavabdehin kommersiya fəaliyyəti ilə əlaqədar avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli C-012-SA-24 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW7P3155966), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsilikin ödəniş edilmədən avtomobilin dəyəri tam ödənilənədək Satıcı tərəfindən Alıcının sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh dəyəri 71340 manat müəyyən edilən avtomobilin dəyərini xx.xx.2024-cü il tarixindən etibarən 60 ay müddətinə, ayda 1189manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən Müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş, müqavilə bağlandıqdan və avtomobil şirkətə təhvil verildikdən sonra 6-cı ayın və 7-ci ayın bir hissəsinin ödənişlərini (sonuncu ödəniş xx.xx.2024-cü il tarixində edilmişdir) etdikdən sonra heç bir ödəniş etməmiş və cavabdehin nümayəndəsi tərəfindən şirkətin ərazisində təhvil-təslim edilərək, avtomobilin açarı əməkdaşlara təqdim edilməklə xx.xx.2024-cü il tarixində Skoda Kamiq 1.6 MPİ markalı, 77YJ340 dövlət qeydiyyat nömrəli avtomobil əməkdaşlar tərəfindən yerləşdiyi binanın duracağından evakuatorla servisə gətirilmiş, cavabdeh isə müqavilənin icrasından imtina etmişdir. Gecikmələr barədə əməkdaşlar tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən icra edilməmiş öhdəliklərinin icrası təmin edilməmişdir. Bununla bağlı Cavabdeh MMC müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliyinə geri qaytarıldığı tarixlə birlikdə üç aylıq müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli C-012-SA-24 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Baxışın keçirilməsi vaxtı və baxışın nəticəsi barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi baxışda iştirak etməmişdir. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün xx.xx.2024-cü il tarixli icra edilmiş xidmətlərə dair aktda gösətərilən təmir işləri faktiki olaraq görülmüş, həmin xərclər iddiaçı tərəfindən qarşılanmaqla 1319,44 manat avtomobilə xərc çəkilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi (təqsirli hüquqazidd hərəkətləri) nəticəsində İddiaçı MMC-yə realzərər (delikt) dəymişdir. Eyni zamanda sonuncu ödənişdən (avqust ayının qismən ödənişi) xx.xx.2024-cü il tarixindən avtomobilin geri qaytarıldığı və servisdə baxıldığı xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi olan 1 ayın (avqust) yarı ödənişi və 2 ayın (sentyabr, oktyabr) ödənilməmiş məbləği, yəni 2967 manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin gecikdirilməsi və edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 714 manat məbləğində dəbbə pulu yaranmışdır. Əlavə olaraq Cavabdeh MMC sahibliyində olduğu müddətdə Skoda Kamiq 1.6 MPİ markalı, 77YJ340 dövlət qeydiyyat nömrəli avtomobil direktoru tərəfindən idarə edildiyi dövrdə törətdiyi inzibati xəta tənbehi olan cərimələri ödəməmiş və avtomobil şirkət tərəfindən təkrar satışa çıxarılarkən cavabdehin ödəmədiyi cərimələr məcbur şirkət tərəfindən ödənilmişdir. Bu cərimələrin ümumi məbləği isə 237 manat təşkiletmişdir. Beləliklə Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması nəticəsində cavabdehin "xxxx" MMC qarşısında ümumilikdə 5237,44 manat miqdarında zərər, borc öhdəliyi və cərimə borcu yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli C-012-SA-24 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X2 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 390, 399, 399.3, 421.3, 423.2, 424.3, 424.5- 425.1, 442, 443.5 447, 447.1, 447.2, 448.1, 449, 459.1, 567, 600.5, 601.1606.1, 1115-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edəcək nümayəndə X1 üzürlü olaraq həmin iclasda iştirak edə bilməyəcəyi səbəbindən, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən, əsas borc, inzibati cərimə hissəsində qəbul etdiyini, lakin dəbbə pulu və real zərəri qəbul etmədiyini bildirmişdir. Avtomobilə heç bir real zərər dəyməmiş, saz vəziyyətdə onun tərəfindən təhvil verilmişdir. Sonradan ailə vəziyyətilə bağlı problemlər olduğu üçün avtomobili geri qaytarmaq məcburiyyətində qalmışdır. Avtomobil təhvil verildiyi gün satışa çıxarılıb satılmışdır. Sonda o, iddianın qismən təmin olunmasını xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC (“Satıcı”) və Cavabdeh MMC (“Alıcı”) arasında bağlanmış xx.xx.2024cü il tarixli C-012-SA-24 saylı müqaviləsindən görünür ki, Satıcı Müqavilənin şərtlərinə uyğun olaraq, modeli Skoda Kamiq 1.6 MPİ, buraxılış ili 2023 olan (VİN: TMBGC6NW7P3155966) Avtomobil(lər)i dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadəsinə verməyi, o cümlədən Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə təhvil verilmiş Avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1.-ci maddəsinə əsasən Müqavilənin 1.1. bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 71340 manat məbləğində müəyyən edilir. Alıcı 0 manat məbləğində ilkin ödəniş edir. Qalıq borc sayılacaq 76068 manat məbləği isə Alıcı xx.xx.2024 tarixindən etibarən 60 ay müddətində, ayda 1189 manat olmaqla ödəməyi Satıcı qarşısında öz öhdəsinə götürür. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən hər gün üçün Alıcı Satıcıya aylıq ödənişin 1 faizi həcmində cərimə ödəyəcəkdir. Müqavilənin 4.1.3-cü bəndinə Müqavilənin 1.1. bəndində göstərilən avtomobili zəmanət müddəti ərzində istehsalçı zavodun tələblərinə müvafiq olaraq ilk 5000 km-də və bundan sonra hər 7500 km yürüşdən bir məcburi texniki xidmətdən keçirməlidir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən Skaz Autohouse MMC tərəfindən avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixli C-012-SA-24 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə ilkin ödəniş olmadan DQN alınması və icbari sığorta üçün 580 manat, ilk ay xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi hər ay 1189 manat ödəniş edilməli olduğu halda ilk 7 ay ərzində (sonuncu ödəniş xx.xx.2024-cü il tarix) ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixi üçün gecikdirilmiş məbləğ 2967 manat, cərimə məbləği 714 manat təşkil edir. xx.xx.2024-cü il tarixli İddiaçı MMC tərəfindən tərtib edilmiş Təhvil-Təslim Aktına əsasən, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılmış C-012-SA-24 N-li saylı müqavilə əsasında alınmış Skoda Kamiq, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW7P3155966, rəng: Ağ) (DNN77YJ340) avtomobili təhvil verilmişdir. ********** nömrəli xx.xx.2024-cü il tarixli icra edilmiş xidmətlərə dair akta əsasən müəyyən olunur ki, SKODA KAMİQ AMBİTİON 1.6 markalı, 7YJ340 dövlət qeydiyyat nömrəli avtomobildə 1319,14 manat dəyərində Satıcı tərəfindən təmir işləri görülmüşdür. xx.xx.2024-cü il tarixli EQ2357125 saylı protokola əsasən 64 manat, xx.xx.2024-cü il tarixli EQ23157126 saylı protokola əsasən 32 manat, xx.xx.2024-cü il tarixli EQ23157122 saylı protokola əsasən 16 manat, xx.xx.2024-cü il tarixli EQ23157120 saylı protokola əsasən 16 manat, xx.xx.2024-cü il tarixli EQ23157117 saylı protokola əsasən 64 manat, xx.xx.2024-cü il tarixli AYN0799578 saylı protokola əsasən 20,2 manat və xx.xx.2024-cü il tarixli EQ25411984 saylı protokola əsasən 24,8 manat inzibati cərimə ödənilmişdir. Təmir Sifarişinə əsasən İddiaçı MMC tərəfindən İcra edilməli işlərinin (əməliyyatların) adı Servisə təqdim edilmişdir. Təmir Aktına əsasən, SKODA KAMİQ AMBİTİON 1.6 markalı, 77YJ340 dövlət qeydiyyat nişanlı TMBGC6NW7P3155966 Vin kodlu, 2023-cü il tarixli avtomobil İddiaçı MMC tərəfindən ehtiyyat hissələri və təmir işləri ilə birlikdə cəmi 1283,62 manat ƏDV daxil işlər görülmüşdür. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanan qaimədən görünür ki, Cavabdeh MMC-yə təqdim edilmiş məktub xx.xx.2024-cü il tarixində çatdırılmışdır. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə ərizəyə əsasən xx.xx.2024-cü il tarixinə olan əsas 1775 (Min yeddi yüz yetmiş beş) manat təşkil edir. 666 (altı yüz altımış altı) manat məbləğində borcu 7 (yeddi) gün ərzində ödənilməsini təmin etməklə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlığa baxmayaraq heç bir addım atılmadığından İddiaçı MMC (“Satıcı”) arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli C-012-SA-24 saylı Müqaviləyə müqavilənin xitam veriləcəkdir. xx.xx.2024-cü il tarixli, 1049 nömrəli kassa mədaxil orderi qəbzində 1189 manat, xx.xx.2024-cü il tarixli, 3639 nömrəli kassa mədaxil orderi qəbzində 1189 manat, xx.xx.2024-cü il tarixli, 2496 nömrəli kassa mədaxil orderi qəbzində 1189 manat, xx.xx.2024-cü il tarixli, 2684 nömrəli kassa mədaxil orderi qəbzində 400 manat, xx.xx.2024-cü il tarixli, 3139 nömrəli kassa mədaxil orderi qəbzində 665 manat, xx.xx.2024-cü il tarixli, 3640 nömrəli kassa mədaxil orderi qəbzində 125 manat, xx.xx.2024-cü il tarixli, 3309 nömrəli kassa mədaxil orderi qəbzində 600 manat Shkoda MMC-nin hesabına mədaxil olunduğu qeyd olunub. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda texniki baxışın keçiriləcəyi tarixdə və vaxtda İddiaçı servis mərkəzinə gəlməyəcəyi təqdirdə, texniki baxış onların iştirakı olmadan həyata keçiriləcəyi, tərtib edilmiş Aktın 1 nüsxəsi onların ünvanına göndəriləcəyi və təmir aktında qeyd olunmuş məqamlar onlar tərəfindən qəbul edilmiş hesab ediləcəyi qeyd edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda Təmir Aktına dair hər hansı əlavə və dəyişiklikləri, habelə irad və təklifləri olacağı təqdirdə 3 iş günü ərzində İddiaçı MMC-yə məlumat verməkləri xahiş edilmişdir. İddiaçı MMC tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq xx.xx.2024cü il tarixli C-012-SA-24 nömrəli müqavilənin davam etdirilməsi üçün İddiaçı MMC-yə olan ümumilikdə 2 441 (iki min dörd yüz qırx bir) manat məbləğində borcun 7 gün ərzində ödənilməsi, əks təqdirdə xx.xx.2024-cü il tarixli C-012-SA-24 nömrəli müqaviləyə xitam veriləcəyi və məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 72,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748.2.9-cu maddəsinə əsasən lizinq müqaviləsində lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği göstərilməlidir. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1090-cı maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur(1090.1). İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər(1090.2). İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun(1090.3). 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “...Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir.....Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur...”. Həmçinin həmin Qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 28 dekabr 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, lizinq beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları rəsmi reyestrdə qeydə alınır və həmin daşınar əmlakın rəsmi reyestrlərini aparan inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli C-012-SA-24 nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq, Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW7P3155966), yeni və yürüşü 0 km olan avtomobili dəyəri tam ödənilənədək texniki saz halda cavabdehin istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh 6-cı və 7-ci ayın ödənişlərini, sonuncu ödənişi xx.xx.2024-cü il tarixində ödədikdən sonra, 2 ay ardıcıl ödəniş etməmiş və xx.xx.2024-cü il tarixində avtomobil iddiaçının əməkdaşları tərəfindən evakuatorla servisə gətirilmiş, cavabdeh müqavilənin icrasında imtina etmişdir. Cavabdeh MMC müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin iddiaçının qanuni sahibliyinə geri qaytarıldığı tarixlə birlikdə üç aylıq müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli C-012-SA-24 nömrəli Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmasına baxmayaraq, tərəflər arasında baş tutan münasibətlərin xarakteri və şərtləri alqı-satqı müqaviləsindən daha çox lizinq müqaviləsinin elementlərini özündə əks etdirir. Çünki lizinq müqavilə münasibətlərində də olduğu kimi, cavabdeh tərəfindən avtomobilə görə müqavilədə qeyd olunan aylıq ödənişlər ödənilməyə başlamış, bu əsnada avtomobil üzərində mülkiyyət hüququ iddiaçıda olmuş, cavabdeh həmin avtomobili etibarnamə əsasında sürmüş, yalnız ödənişləri həyata keçirib qurtardıqdan sonra avtomobil üzərində mülkiyyət hüququnun cavabdehə keçməsi razılaşdırılmışdır. Belə ki, qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini avtomobilin təşkil etdiyi alqı-satqı müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun notarial qaydada bağlanmalı olduğu müəyyənləşdirilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən avtomobillər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır, onların alqı-satqısı isə notarial qaydada rəsmiləşdirilir. Lakin işin hallarından aydın olur ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə nə notarial qaydada təsdiqlənmiş, nə də dövlət yol polisi orqanında bağlanmamışdır – bu isə o deməkdir ki, əslində həmin müqaviləni etibarlı alqı-satqı müqaviləsi kimi qiymətləndirmək mümkün deyildir. Bununla yanaşı hazırkı işin halları baxımından nəzərə alınmalıdır ki, hər iki tərəf, “Skoda Kamiq” markalı nəqliyyat vasitəsinə dair müqaviləni təsdiqləmiş və avtomobil müqavilə bağlandıqdan sonra cavabdehin istifadəsinə verilərək onun tərəfindən 6-7 ay ödəniş həyata keçirilmişdir. Başqa sözlə, tərəflər arasında faktiki olaraq avtomobilə dair müqavilədə qeyd olunan münasibətlər yaranmışdır və bu baxımdan məhkəmənin qənaətinə görə onlar, əgər iddiaçının iddia tələbini əsaslandırdığı əqd lap əvvəldən etibarlı olsa idi, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, mübahisəyə lizinq müqaviləsi münasibətlərini tənzimləyən maddi hüquq normaları baxımından qiymət verilməlidir. İşin hallarından göründüyü kimi, məhz cavabdeh müqavilə üzrə öhdəliyini pozduğu, yəni aylıq ödənişləri ödəmədiyi üçün iddiaçı avtomobili cavabdehdən geri alaraq müqavilədən birtərəfli qaydada imtina etmiş, onun müqavilədən birtərəfli qaydada imtina etməsi və avtomobili geri alması isə həm müqavilənin şərtlərinə, həm də Mülki Məcəllənin 421.2 və 748-1.12.4-cü maddələrinin tələblərinə uyğun olmuşdur. Çünki mülki qanunvericilikdə həmin normalara əsasən lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh avtomobilin geri alındığı xx.xx.2024-cü il tarixinədək icra etməli olduğu öhdəliyin icrasından, yəni ödəməli olduğu lizinq ödənişlərinin ödənilməsindən yayına bilməz. Mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir. xx.xx.2024-cü il tarixli C-012-SA-24 nömrəli müqavilə üzrə aylıq 1189 manat ödəniş edilməsi şərtləşdirilmiş, nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə geri alınmış, iddiaçı tərəfindən hesablamalar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək natamam ödənişlərlə bilikdə 3 ay üçün aparılmış, iddiaçı tərəfindən hesablamanın aparıldığı tarixə gecikdirilən məbləğ 2967 manat təşkil etmişdir. Göründüyü kimi cavabdeh lizinq obyekti onun istifadəsinə verildikdən sonra müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikinə uyğun olaraq ödəniş etməli olduğu halda, 6-7 ay ödəniş etmiş, 3 ay isə tamamilə ödəniş etməyərək öhdəliyini icra etməmişdir. Həmçinin cavabdehin nümayəndəsi həmin hissədə borcu qəbul edərək təmin olunmasına etiraz etməmişdir. Buna görə də iddiaçının, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri pozulmaqla ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişi edilmədiyi üçün 2967 manat gecikdirilən məbləğin cavabdehdən mübahisəsiz geri almaq hüququ yaranmışdır və iddiaçının tələbi həmin hissədə haqlıdır. Bundan başqa iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixli C-012-SA-24 nömrəli müqavilə üzrə 714 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 140 manat müəyyən olunmalıdır. Bundan başqa iddiaçı Skoda Kamiq 1.6 MPİ markalı, 77YJ340 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1319,44 manat pul vəsaiti tutulmasını tələb etmişdir. Belə ki, iddiaçı avtomobilə vurulmuş zərərin iddiaçı tərəfindən törədildiyini və çəkilməli xərclərin cavabdeh tərəfindən ödənilməli olduğunu qeyd etmişdir. Cavabdeh isə avtomobilə heç bir ziyan dəymədiyini, avtomobilin saz vəziyyətdə olduğunu, hətta iddiaçının əməkdaşlarının ona dediyinə əsasən avtomobil təhvil verilən gün, əla vəziyyətdə olduğu üçün dərhal satıldığını bildirmişdir. İlk növbədə qeyd edilməlidir ki, avtomobil cavabdehdən təhvil alındığı zaman iddiaçı tərəfindən təhvil-təslim aktı tərtib edilməmiş, avtomobildə olan qüsurlar, zədələr, cızıqlar, salonun çirkli olması, təkərin, diskin təmirə ehtiyacı olması və s. qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi avtomobilə cavabdeh tərəfindən ziyan dəyməsi hissəsində sübuta yetirilmir, buna dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən iddiaçının təqdim etdiyi aktlardan görünür ki, avtomobildə görülmüş işlər, ümumi cilalanma, kimyəvi təmizləmə, mühərrikxananın kimyəvi təmizlənməsi, təkərlərin balansı və s. avtomobilin zədələnməsi nəticəsində və ya vaxtında görülməmiş işlər deyil, sadəcə normal istifadə nəticəsində avtomobilin mümkün normal köhnəlməsi (amortizasiyası) nəticəsində yaranmış işlərdir ki, iddiaçı bu işləri avtomobili yenidən satışa çağırmaq məsqədi ilə görmüşdür. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, avtomobilin təmir xərcləri hissəsində iddia təmin olunmamalıdır. Həmçinin iddiaçı öz iddia tələbində cavabdeh tərəfindən ödənilmiş inzibati cərimə məbləği olaraq 237 manat pul vəsaitinin də cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdeh həmin hissədə iddianı qəbul etmişdir. İşdə olan materiallardan və işin faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli C-012-SA-24 nömrəli müqavilədən irəli gələn özgə işlərini tapşırıqsız aparma münasibətləri əmələ gəlmişdir. Belə ki, “Skoda Kamiq” markalı, **-YJ-*** dövlət nömrə nişanlı avtomobil cavabdehin istifadəsində olarkən törətdilmiş inzibati xətalara görə hesablanmış cərimələri ödəmədiyindən, iddiaçı cavabdehin əvəzinə həmin cərimələri ödəmişdir. Göründüyü kimi cavabdehin məsuliyyət daşıdığı inzibati xətaya görə iddiaçı tərəfindən 237 manat cərimə məbləği ödənilməklə, cavabdehin yerinə yetirməli olduğu ictimai vəzifə icra olunduğundan, nəticədə iddiaçının MM-in 1090.3-cü maddəsinə əsasən həmin məbləğin geri ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə üzrə inzibati xətaya görə məsuliyyət daşıdığını, onun törətdiyi inzibati xəya görə iddiaçının onun əvəzinə ödədiyi cərimə məbləğinin ödənilməsi tələb etmək hüququnun olmasını, cavabdehin nümayəndəsinin həmin hissədə iddianı qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalı, 237 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 72,40 manat dövlət rüsumunun 53,44 manat əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2967 manat əsas borc, 140 manat cərimə borcu, ödənilmiş inzibati cərimənin əvəzi olaraq 237 manat, ümumilikdə 3344 (üç min üç yüz qırd dörd) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 53 (əlli üç) manat 44 (qırx dörd) qəpiyinin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar