Məhkəmə qərarları › İş №e-2-2(113)-3382/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3382/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3382/2024 18.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ ilkin İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İlk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması("xxxx" MMC üçüncü şəxs olmaqla), qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (satıcı) və "xxxx" MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə və/və ya alış sifarişlərində öz əksini tapmış malları alıcıya satır, alıcı isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəyir. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilənin çərçivəsində nəzərdə tutulmuş mallar alıcıya gec çatdırıldıqda, alıcı satıcıya hər gecikmə günü üçün gecikdirilmiş malların ümumi dəyərinin 0.5% həcmində lakin gecikdirilmiş malların ümumi dəyərinin 20%- dən artıq olmamaq şərti ilə cərimə tətbiq edə bilər. Bu cərimələr alıcının qərarından asılı olaraq alıcı tərəfindən satıcıya ödəniləcək malların dəyərindən də tutula bilər.

2. İddiaçı MMC (müştəri) ilə Cavabdeh MMC (ekspeditor) arasında daşınma və yükdaşıma xidmətləri haqqında 12 fevral 2024-cü il tarixli 016-024 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu razılaşma tərəflər arasında münasibətləri idarə edir və müştərinin sifarişləri əsasında ekspeditor tərəfindən daşınmanın təmin edilməsi və/və ya yük daşıma xidmətləri və yardımçı xidmətlərin həyata keçirilməsi məsələlərini tənzimləyir. 1.3-cü bəndinə əsasən ekspeditor beynəlxalq qanunlara və hazırkı razılaşmaya müvafiq olaraq, yüklərin daşınmasını təşkil edir. 2.2.1-ci bəndinə əsasən müştəri bu razılaşmada nəzərdə tutulan vaxtda və müəyyən edilmiş qaydada ekspeditor tərəfindən icra olunan xidmətlərə görə ödəniş edir. 3.1-ci bəndinə əsasən hər bir göndəriş üçün xidmətlərin dəyəri müəyyən edilir və tərəflər arasında ayrı-ayrı qiymət təklifləri kimi, bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan və yüklərə və partiyalara müvafiq olaraq tərtib edilən qoşmada razılaşdırılır. 3.2-ci bəndinə əsasən qoşmalarda (əiavələrdə) başqa qayda nəzərdə tutulmayıbsa, müştəri xidmətlərin dəyərini təhvil-təslim aktının bağlandığı tarixdən 1 ay ərzində ekspeditora ödəyir. 3.3-cü bəndinə əsasən ekspeditor icra olunan xidmətlərə görə müştəriyə ABŞ dolları ilə invoys (hesab faktura), Azərbaycan manatı ilə elektron-qaimə göndərir. Ehtiyac olarsa, qaimədə ayrıca bir maddə kimi ƏDV məbləğləri də göstərilir. 4.1-ci bəndinə əsasən tərəflər bu razılaşma üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. Tərəflərdən hər hansı birinin mülkiyyət maraqları və ya nüfuzu digər tərəflə razılaşdırılan öhdəliyin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində pozularsa, sözügedən tərəf vurulmuş zərərin ödənilməsini tələb etmək hüququna malikdir. 7.1-ci bəndinə əsasən razılaşma tərəflər tərəfindən imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətində etibarlıdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 04.24 saylı əlavəsinə əsasən 2975 manat dəyərində xx.xx.2024-cü il tarixli EBEB seriyalı 026484 nömrəli; xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 05.24 saylı əlavəsinə əsasən 2975 manat dəyərində xx.xx.2024-cü il tarixli EBEB seriyalı 026723 nömrəli; xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 11.24 saylı əlavəsinə əsasən 9180 manat dəyərində xx.xx.2024cü il tarixli EBEC seriyalı 330436 nömrəli; xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 09.24 saylı əlavəsinə əsasən 6120 manat dəyərində xx.xx.2024-cü il tarixli EBEB seriyalı 404577 nömrəli; xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 10.24 saylı əlavəsinə əsasən 3060 manat dəyərində xx.xx.2024-cü il tarixli EBEB seriyalı 688872 nömrəli; xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 08.24 saylı əlavəsinə əsasən 33660 manat dəyərində xx.xx.2024-cü il tarixli EBEB seriyalı 907802 nömrəli; xx.xx.2024-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli 06.24 saylı əlavəsinə əsasən 15.300 manat dəyərində xx.xx.2024-cü il tarixli EBEB seriyalı 029050 nömrəli, elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir.

4. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli,11.24 saylı hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (3 ədəd konteyner üçün) 5400 ABŞ dolları təşkil edir.

5. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli,10.24 saylı hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (1 ədəd konteyner üçün) 1800 ABŞ dolları təşkil edir.

6. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli,09.24 saylı hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri 3600 ABŞ dolları (2 ədəd konteyner üçün) təşkil edir.

7. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli,08.24 saylı hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (11 ədəd konteyner üçün) 19.800 ABŞ dolları təşkil edir.

8. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 07.24 saylı hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (1 ədəd konteyner üçün) 1400 ABŞ dolları təşkil edir.

9. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 06.24 saylı hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (5 ədəd konteyner üçün) 9000 ABŞ dolları təşkil edir.

10. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli,05.24 saylı hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (1 ədəd konteyner üçün) 1750 ABŞ dolları təşkil edir.

11. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli,04.24 saylı hesabfakturadan (invoys) görünür ki, həmin invoys əsasında yük daşıma xidmətlərinin ümumi dəyəri (1 ədəd konteyner üçün) 1750 ABŞ dolları təşkil edir.

12. Cavabdeh MMC tərəfindən 004199, 075162, 076601, 075160, 000066, 073858, 073830, 245014, 064473, 087526, 084293, 082919, 082960, 078476, 078482, 081927, 081928, 07383000 nömrəli beynəlxalq qaimələrə əsasən müəyyən edilir ki, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2023-cü il tarixli hesab-faktura üzrə mallar daşınmışdır.

13. 2024-cü ilin mart və aprel ayları üzrə olan gömrük bəyannamələri və bəyannamələrin qoşma vərəqlərinə əsasən ilə müəyyən edilir ki, göndərən (ixracatçı) OOO “PO” “NVTZ” RF OOO “VTE” tapşırığı ilə (təmsilçi) "xxxx" MMC (idxalatçı) İddiaçı MMC-yə ünvanlanmış müxtəlif çəkidə olan borular AR-in gömrük sərhədindən keçirilərək rəsmiləşdirilmişdir.

14. 12 fevral 2024-cü il tarixli 016-024 saylı müqavilənin 11/24 saylı xx.xx.2024-cü il tarixli əlavəsinin 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24- 661) müştəri ekspeditora 5400 ABŞ dolları, 10/24 saylı xx.xx.2024-cü il tarixli əlavəsinin 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-665) müştəri ekspeditora 1800 ABŞ dolları, 09/24 saylı xx.xx.2024-cü il tarixli əlavəsinin 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-645) müştəri ekspeditora 3600 ABŞ dolları, 08/24 saylı xx.xx.2024-cü il tarixli əlavəsinin 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-624) müştəri ekspeditora 19.800 ABŞ dolları, 07/24 saylı əlavəsinin xx.xx.2024-cü il tarixli 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-491) müştəri ekspeditora 1400 ABŞ dolları, 06/24 saylı əlavəsinin xx.xx.2024-cü il tarixli 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-611) müştəri ekspeditora 9000 ABŞ dolları, 05/24 saylı əlavəsinin xx.xx.2024-cü il tarixli 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-600) müştəri ekspeditora 1750 ABŞ dolları, 04/24 saylı əlavəsinin xx.xx.2024-cü il tarixli 1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə (invoys 24-505) müştəri ekspeditora 1750 ABŞ dolları ödəyir.

15. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ******* saylı ödəniş tapşırığına əsasən müəyyən edilir ki, 320 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-nin hesabından “Union” Vəkil Bürosunun "xxxx" ASC-nin hesabına köçürülmüşdür.

16. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli, pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

17. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin mülkiyyətində olan və 77XF897 - 15ZB8;9979BO373 - 99ZX285 qeydiyyat nişanlı nəqliyyat vasitələrində qanunsuz saxlanılan iddiaçıya məxsus malların təhvil verilməsinə, Cavabdeh MMC tərəfindən dəymiş maddi ziyanın əvəzi olan 30.723 manat məbləğində pulun və yüklərin təhvil veriləcəyi vaxtadək yaranacaq maddi ziyanın İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində 016-024 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh iddiaçının ixrac və idxal yüklərinin daşınmasını, yüklərin saxlanmasını və ona təhvil verilməsini və hazırkı razılaşma ilə müəyyən edilən şərtlər əsasında və göstərilən qaydada digər yardımçı xidmətlərin icrasını öz üzərinə götürmüşdür. Cavabdehə xidmət göstərən sürücülər cavabdeh tərəfindən əmək haqqlarının gecikdirilməsini əsas gətirərək iddiaçının xüsusi mülkiyyətində olan yükü nəqliyyat vasitəsindən boşaltmaqdan və iddiaçıya təhvil verməkdən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan əmlaklara qanunsuz məhdudiyyətlər yaradılması iddiaçının bir sıra hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Yükün gecikdirilməsi ilə istehsalatda işin dayandırılması səbəbindən iddiaçıya maddi ziyan dəymişdir. Ərizəyə əlavə olunmuş gömrük bəyannamələrindən də görünür ki, cavabdehin qanunsuz sahibliyində saxladığı mallar iddiaçıya məxsusdur, iddiaçı tərəfindən ölkəyə gətirilmiş, iddiaçı tərəfindən idxal gömrük rəsmiləşdirilməsi aparılmışdır. Bununla belə, iddiaçı tərəfindən satın alınmış, ölkəyə gətirilmiş, idxal edilmiş, bütün vergi, gömrük və s. icbari ödənişləri icra edilmiş mallarəsassız və qanunsuz olaraq cavabdeh tərəfindən saxlanılmışdır. Belə ki, 10UX210 / 99ZB210 qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus 25537,55 manat dəyərində malları 3 gün ərzində, 42BZ438 / 42ZA698 qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25512,09 manat dəyərində malları 3 gün ərzində, 99HH253 / 10ZD253 qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25443,19 manat dəyərində malları 13 gün ərzində, 99UU769 / 20ZA669 qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25537,55 manat dəyərində malları 3 gün ərzində qanunsuz sahibliyində saxlamışdır. 77XF897 / 15ZB897 qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus 25537,55 manat dəyərində malları və 99BO373 / 99ZX285 qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25537,55 manat dəyərində malları hələ də iddiaçıya təhvil verməkdən imtina edir və qanunsuz mülkiyyətində saxlayır. Qeyd olunan malların iddiaçının sahibliyinə verilməməsinin iddiaçıya külli miqdarda ziyan vurmasından əlavə onun Azərbaycan Respublikasının Konstitusiyası, o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1-ci protokolu ilə təsbit edilən və qorunan bazar iqtisadiyyatının və iqtisadi dövriyyənin əsas məhfumu olan mülkiyyət hüququnu kobud şəkildə pozmaqdadır. İddiaçı gecikdirilmiş yükləri digər müqavilə tərəfdaşlarına çatdırmaq öhdəliyi vardır. İddiaçı Azərbaycanın ən böyük şirkətindən olan "xxxx" MMC tərəfindən keçirilən tenderdə qalib gələrək, tərəflər arasında müqavilə imzalanmışdır. Müqavilənin ümumi dəyəri 9 rəqəmlidir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC iddiaçı öhdəliklərini icra etmədiyi təqdirdə, müqaviləyə dərhal və birtərəfli qaydada xitam vermək hüququna malikdir. Belə olan halda aydın olur ki, cavabdehin iddiaçının mülkiyyət hüququnu pozması nəticəsində kiçik sahibkarlıq subyekti olan iddiaçı həcminə və mahiyyətinə görə indiyə qədər bağlamış olduğu ən böyük müqavilədən və iri və nüfuzlu biznes tərəfdaşından məhrum ola bilər, bu isə iddiaçının kommersiya maraqlarına, bazardakı işgüzar nüfuzuna bərpası mümkün olmayan zərər vurmaqla, onun sahibkarlıq fəaliyyətinin sonlanması ilə nəticələnə bilər, məhvinə gətirib çıxara bilər. Bu Müqavilənin 3.2-ci bəndinə görə, mallar "xxxx" MMC-yə gec çatdırıldıqda "xxxx" MMC İddiaçı MMC-yə hər gecikmə günü üçün gecikdirilmiş malların ümumi dəyərinin 0.5%-i miqdarında cərimə tətbiq edir. Hazırda bugünkü günə hesablanan cərimə məbləği 10.723 manat təşkil edir. Yuxarıda sadalanan 4 nəqliyyat vasitəsindəki mallar isə iddiaçı tərəfindən cavabdehə xidmət göstərən sürücülərə ümumilikdə 20.000 manat məbləğində xidmət haqqı ödənildikdən sonra iddiaçıya təhvil verilmişdir. Odur ki, iddiaçıya ümumilikdə 30.000 manatdan çox ziyan dəymişdir.

19. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 425.1, 442-ci maddələrinə istinad etmişdir.

20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

21. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (tələbin həcminin artırılması) barədə sonuncu ərizə verərək, cavabdehdən 33571,26 manat məbləğində cərimə, 9000 manat məbləğində sürücülərə ödənilmiş xidmət haqqının və 30.000 manat məbləğində maddi ziyanın, cəmi 72571,26 manat pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

22. İddiaya qarşı etiraz təqdim olunmuşdur.

23. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC üçün metal boruların Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilməsi məqsədilə - tərəflər arasında xx.xx.2024-cü il tarixli, 016-024 saylı müqavilə bağlanıb. Həmin yükün daşınıb-gətirilməsi üçün Cavabdeh MMC tərəfindən 25 ədəd qoşqulu yük avtomobili ayrılıb. Həmin avtomobillərin 5 ədədi Cavabdeh MMC-nə məxsusdur. Qalan 20 ədəd avtomobilin 16 ədədi “X1” MMC-yə, 1 ədədi "xxxx" MMC-yə, 1 ədədi "xxxx" MMC-yə, 2 ədədi isə "xxxx" MMC-yə məxsusdur. Cavabdeh MMC həmin şirkətlərlə müvafiq müqavilə bağlamaqla onların yük avtomobillərini İddiaçı MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli, 016-024 saylı müqavilədən irəli gələn öhdəliyin icrasına cəlb edib. Həmin müqavilədən irəli gələn öhdəliklər vaxtında və layiqincə icra edilib – 25 ədəd yük avtomobili ilə bütün yük Azərbaycan Respublikasına gətirilib. Həmin yüklərin çatdırılıb təhvil verilməsinə dair aktlar İddiaçı MMC –nə təqdim olunsa da iddiaçı həmin aktları imzalayıb 1 surətini Cavabdeh MMC şirkətinə təqdim etməkdən imtina edib. Buna baxmayaraq, İddiaçı MMC təhvil-təslim aktlarını imzalamadan 24 yük avtomobilində olan yükü təhvil alıb. 1 avtomobilin sürücüsü isə təhvil-təslim aktı imzalanmadan yükü iddiaçıya təhvil verməkdən imtina edib. Həmin yükün iddiaçıya təhvil verilməməsi, bununla – iddiaçının təhvil-təslim aktını imzalamaması və onun bir surətini təqdim etməməsi ilə əlaqədar təqsirli hərəkətləri ilə bağlıdır. Bundan başqa 25 avtomobil yükün daşınması ilə əlaqədar xidmət haqqının ödənilməsi üçün iddiaçıya elektron qaimə fakturalar göndərilsə də iddiaçı Cavabdeh MMC-nin 75.650 manat təşkil edən xidmət haqqını ümumiyyətlə ödəməyib. İddia ərizəsində iddiaçı “yükün çatdırılmasının gecikdirilməsinə görə” cavabdehə 10.723 manat cərimə hesabladığını qeyd edir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Lakin iddiaçı iddia ərizəsində yükün hansı tarixdə çatdırılmalı olması, bunun hansı sənəddə göstərilməsi, 10.723 manat cərimə məbləğinin necə hesablanması barədə hər hansı məlumat vermir. İddiaçı iddia ərizəsində yükün çatdırılması ilə bağlı xidmət haqqını bilavasitə müqavilə bağladığı Cavabdeh MMC-yə müqavilə şərtlərinə uyğun olaraq rəsmi şəkildə - bank vasitəsilə deyil, cavabdehə xidmət göstərən sürücülərə nağd şəkildə ödədiyini, bu məqsədlə 20.000 manat xidmət haqqı ödədiyini qeyd edir və bunun nəticəsində ona həmin həcmdə maddi ziyan dəydiyini bildirir. İddiaçının qeyd etdiyi bu hallar bir sıra suallar yaradır: - əgər bu doğrudursa nə üçün iddiaçı xidmət haqqını rəsmi müqavilə bağladığı və xidmət haqqını ödəmək öhdəliyinin olduğu Cavabdeh MMC-yə deyil, yük avtomobilinin sürücüsünə ödəyib? - Nə üçün iddiaçı xidmət haqqını bank vasitəsilə rəsmi qaydada deyil, nağd şəkildə ödəyib ? - İddiaçı ödədiyi vəsaiti yükün daşınmasına görə xidmət haqqı hesab edirsə, onda niyə eyni zamanda həmin məbləği maddi ziyan hesab edir və cavabdehdən tələb edir. İddiaçı yük avtomobillərinin sürücülərinə 20.000 manat pul ödəməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməyib. Beləliklə, iddiaçı faktiki olaraq etiraf edir ki, yük çatdırıldığı halda onun çatdırılmasına dair təhvil - təslim aktlarını imzalayıb cavabdehə xidmət haqqını bank yolu ilə ödəmək əvəzinə, həmin aktları imzalamadan yük avtomobillərin sürücülərinə nağd şəkildə pul verib yükləri əldə edib. Hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün Cavabdeh MMC ilə “Union” Vəkil Bürosu arasında müqavilə bağlanıb və bununla əlaqədar 320 manat xidmət haqqı ödənilib. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinin təmin olunmaması və ödənilmiş hüquqi xidmət haqqına görə 320 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutulub cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

c) Qarşılıqlı iddia tələbi və qarşılıqlı iddia tələbinin dəlilləri

24. 27.05.2024-cü il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı iddia tələbinin təmin edilməsi, İddiaçı MMC-dən 75.650 manat yükdaşıma xidmətlərinin haqqının, habelə məhkəmə xərcləri kimi iddia qaldırılması üçün ödənilmiş 316,95 manat dövlət rüsumunun və 320 manat vəkil xidməti haqqının, cəmi 76.286,95 manat pul vəsaitinin tutulub Cavabdeh MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında metal boruların Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xx.xx.2024-cü il tarixli, 016-024 saylı müqavilə bağlanıb. Həmin yükün daşınıb gətirilməsi üçün Cavabdeh MMC tərəfindən 25 ədəd qoşqulu yük avtomobili ayrılıb. Həmin avtomobillərin 5 ədədi Cavabdeh MMC-yə məxsusdur. Qalan 20 ədəd avtomobilin 16 ədədi “X1” MMC-yə, 1 ədədi "xxxx" MMC-nə, 1 ədədi "xxxx" MMC-yə, 2 ədədi isə "xxxx" MMC-yə məxsusdur. Cavabdeh MMC həmin şirkətlərlə müvafiq müqavilə bağlamaqla onların yük avtomobillərini İddiaçı MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli, 016-024 saylı müqavilədən irəli gələn öhdəliyin icrasına cəlb edib. Həmin müqavilədən irəli gələn öhdəliklər vaxtında və layiqincə icra edilib – 25 ədəd yük avtomobili ilə bütün yük Azərbaycan Respublikasına gətirilib. Həmin yüklərin çatdırılıb təhvil verilməsinə dair aktlar İddiaçı MMC –yə təqdim olunsa da iddiaçı həmin aktları imzalayıb 1 surətini Cavabdeh MMC-nə təqdim etməkdən imtina edib. Buna baxmayaraq, İddiaçı MMC təhvil-təslim aktlarını imzalamadan 24 yük avtomobilində olan yükü təhvil alıb. 1 avtomobilin sürücüsü isə təhvil-təslim aktı imzalanmadan yükü iddiaçıya təhvil verməkdən imtina edib. Həmin yükün iddiaçıya təhvil verilməməsi İddiaçı MMC-nin təhvil-təslim aktını imzalamaması və onun bir surətini Cavabdeh MMC-nə təqdim etməməsi ilə əlaqədar təqsirli hərəkətləri ilə bağlıdır. Bundan başqa 25 avtomobil yükün daşınması ilə əlaqədar xidmət haqqının ödənilməsi üçün iddiaçıya elektron qaimə faktiralar göndərilsə də İddiaçı MMC Cavabdeh MMC-nin 75.650 manat təşkil edən xidmət haqqını ümumiyyətlə ödəməyib. İddiaçı MMC ilk iddia üzrə iddia ərizəsində Cavabdeh MMC tərəfindən ona ziyan vurulduğunu göstərsə də yükün hansı tarixdə çatdırılmalı olması, bunun hansı sənəddə göstərilməsi, 10.723 manat cərimə məbləğinin necə hesablanması barədə hər hansı məlumat vermir. İddiaçı MMC yük avtomobillərinin sürücülərinə 20.000 manat pul ödəməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməyib. Beləliklə, İddiaçı MMC faktiki olaraq etiraf edir ki, yük çatdırıldığı halda onun çatdırılmasına dair təhvil təslim aktlarını imzalayıb cavabdehə xidmət haqqını bank yolu ilə ödəmək əvəzinə, həmin aktları imzalamadan yük avtomobillərin sürücülərinə nağd şəkildə pul verib yükləri əldə edib.

26. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi AR Mülki Məcəlləsinin 425.1, 425.2, 448.1, 448.2-ci maddələrinə istinad etmişdir.

d) Qarşılıqlı iddiaya qarşı etirazın dəlilləri

27. Qarşılıqlı iddiaya qarşı etiraz təqdim olunmamışdır.

28. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC qarşılıqlı iddia ərizəsində bildirir ki, yükün daşınıb gətirilməsi üçün Cavabdeh MMC tərəfindən 25 ədəd qoşqulu yük avtomobili ayrılmışdır. Həmin avtomobillərin 5 ədədi Cavabdeh MMC-yə məxsusdur. Qalan 20 ədəd avtomobilin 16 ədədi “X1” MMC-yə, 1 ədədi "xxxx" MMC-yə, 1 ədədi "xxxx" MMC-yə, 2 ədədi isə "xxxx" MMC-yə məxsusdur. Bildirirlər ki, İddiaçı MMC-nin bu üçüncü şəxslər qarşısında öhdəliyi yoxdur və heç bir məsuliyyət daşımır. Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 016- 024 nömrəli müqavilənin 4.2.6-cı bəndinə əsasən, ekspeditor, yəni Cavabdeh MMC bu müqavilə üzrə xidmətlərin icrasına cəlb etdiyi subpodratçılar və üçüncü şəxslər tərəfindən xidmətin bu müqavilə şərtlərinə uyğun, lazımınca yerinə yetirilməməsinə görə müştəri qarşısında vurulmuş real zərərə görə məsuliyyət daşıyır. Bu üçüncü şəxslər tərəfindən təqdim olunmuş bildirişlərdə müxtəlif nəqliyyat vasitələri ilə daşınmış yüklərin İddiaçı MMC-yə təhvil verildiyi qeyd olunmuşdur. Buna baxmayaraq, üçüncü şəxslər tərəfindən bu təhvil-təslim barədə, malların İddiaçı MMC-nin hər hansı əməkdaşına təhvil verilməsinə dair heç bir təsdiqedici sənəd təqdim olunmamışdır. Həmin şirkətlər tərəfindən təqdim edilmiş bu bildirişlər yüklərin İddiaçı MMC-yə təhvil verilmiş olmasına dair təsdiqedici sənəd kimi çıxış etmir və məhkəmə tərəfindən sübut olaraq qəbul edilməməlidir. SG Logistics” MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş bildirişlərdə qeyd olunan nəqliyyat vasitələri isə, ümumiyyətlə, hazırda mübahisə predmeti kimi çıxış etmir və iş üzrə əlaqəsizdir. Mübahisə predmeti olan nəqliyyat vasitələri yalnız “X1” MMC tərəfindən verilmiş bildirişdə öz əksini tapsa da, bu nəqliyyat vasitələrindəki yüklərin təhvil verilməsinə dair məlumatlar və tarixlər tamamilə əsassızdır. Bildirişdə qeyd edilən tarixlərin doğruluğunu təsdiq edə bilən heç bir konkret sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Habelə, direktorları ayrı-ayrı şəxslər olan bu şirkətlər tərəfindən verilmiş bildirişlərin mətnlərinin hamısının eyni məzmunda, eyni cümlə quruluşunda, identik olaraq eyni formada yazılması bu bildirişlərin görünüş üçün, sırf Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunması üçün verildiyini göstərir. Bildirişlərin bu qədər oxşar (eyni) olması onların müstəqil şəkildə və obyektiv tərtib edilmədiyini göstərməklə, Cavabdeh MMC-nin iddiasının etibarlılığına və obyektivliyinə ciddi şübhələr yaradır. Cavabdeh MMC tərəfindən təqdim edilən sənədlərlə bağlı: Cavabdeh MMC elektron məhkəmə sisteminə çoxlu sayda müxtəlif sənədlər yükləmişdir. Bu sənədlərin əksəriyyətini CMR sənədləri təşkil edir. CMR – avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi olub, malların daşıyıcı tərəfindən yükgöndərəndən yaxşı vəziyyətdə qəbul edilməsini və daşımanın müəyyən edilmiş şəraitdə həyata keçirilməsini əks etdirir. CMR sənədi beynəlxalq daşımaların hüquqi çərçivəsində vacib rol oynasa da, malların təhvil-təslim prosesində təhvil-təslim aktını əvəz etmir və malların təhvil alınması ilə bağlı hər hansı bir əhəmiyyətə malik deyil. CMR sənədinin əsas məqsədi daşınma zamanı malların vəziyyəti və daşınma şərtləri haqqında məlumat verməkdir, lakin bu sənəd malların faktiki olaraq təhvil verildiyini sübut etmək üçün istifadə edilə bilməz. Malların İddiaçı MMC tərəfindən təhvil alınmasını təsdiqləyə bilən yeganə hüquqi sənəd təhvil-təslim aktıdır. Yalnız bu akt malların İddiaçı MMC-yə faktiki olaraq təhvil verildiyini və qəbul edildiyini rəsmi şəkildə sənədləşdirə bilər. CMR sənədi malların İddiaçı MMC tərəfindən təhvil alındığını təsdiq etmək üçün yetərli hüquqi qüvvəyə malik deyil. Bu səbəbdən, Cavabdeh MMC-nin CMR sənədlərinə əsaslanaraq malların təhvil verildiyini iddia etməsi əsassızdır. Bundan əlavə, Cavabdeh MMC öz ərizəsində xidmət haqqının ödənilməsi üçün İddiaçı MMC-yə elektron qaimə fakturalar göndərildiyini və İddiaçı MMC-nin Cavabdeh MMC-yə 75.650 manat borcu olduğunu iddia edir. Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 016- 024 nömrəli müqavilənin 3.2-ci bəndinə əsasən, qoşmalarda (əlavələrdə) başqa qayda nəzərdə tutulmayıbsa, müştəri (yəni İddiaçı MMC) xidmətlərin dəyərini təhvil-təslim aktının bağlandığı tarixdən 1 ay ərzində ekspeditora (yəni Cavabdeh MMC-yə) ödəyir. Bu müqavilə bəndi açıq şəkildə göstərir ki, xidmət haqqının ödənilməsi təhvil-təslim aktlarının imzalanması və malların faktiki olaraq İddiaçı MMC tərəfindən qəbul edilməsi ilə şərtləndirilmişdir. Başqa sözlə, Cavabdeh MMC-nin xidmət haqqını tələb etməsi üçün əvvəlcə malların İddiaçı MMC-yə düzgün şəkildə, tam və vaxtında təhvil verildiyini və bunun təhvil-təslim aktları ilə təsdiq edildiyini sübut etməsi vacibdir. Qeyd etməlidirlər ki, İddiaçı MMC tərəfindən yalnız təhvil alınan malların ödənişləri mütəmadi olaraq icra olunmuşdur və müqavilə öhdəliklərinə uyğun şəkildə həyata keçirilmişdir (müvafiq ödəniş tapşırıqları iş materiallarına əlavə olunur). Buna baxmayaraq, Cavabdeh MMC-nin iddia etdiyi 75.650 manat məbləğində borcun yaranması üçün heç bir hüquqi əsas yoxdur, çünki həmin məbləğə dair təqdim edilən elektron qaimə-fakturalar təhvil-təslim aktları ilə təsdiqlənməmişdir. İddiaçı MMC müqavilə şərtlərinə əsasən, yalnız faktiki olaraq təhvil alınan malların ödənişini icra etməklə öz öhdəliyini yerinə yetirmişdir. Bu səbəbdən, Cavabdeh MMC-nin xidmət haqqı ilə bağlı iddiası əsassızdır və təmin edilməməlidir. 29.Etirazın hüquqi əsası kimi, AR Mülki Məcəlləsinin 441.2-ci maddəsinə istinad edilmişdir.

e) İşdə iştirak edən şəxslər və onların izahatları

30. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını, ilkin iddianın isə rədd olunmasını xahiş etdi.

31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.

32. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə qarşılıqlı iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

33. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ona verilən suallara cavab olaraq qarşılıqlı iddia tələbini xidmətin həyata keçirilməsi hissəsində etiraf etmiş, mübahisənin xidmətin vaxtında göstərilməməsi ilə bağlı olduğunu, 9000 manat məbləğində xidmət haqqı ödənişinin nağd olaraq həyata keçirildiyini bildirmişdir.

III. MƏHKƏMƏ BAXİŞİ VƏ MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

34. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

35. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

36. AR Mülki Məcəlləsinin:

-21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür -852.1-ci maddəsinə görə ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. -852.4-cü maddəsinə görə ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

37. Məhkəmə hesab edir ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İCSS” MMC ilə ilkin cavabdeh, qarşılıqlı Cavabdeh MMC arasında daşınma və yükdaşıma xidmətləri haqqında 12 fevral 2024-cü il tarixli 016-024 saylı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC-nin sifarişi ilə yükdaşımanın həyata keçirilməsini təşkil etməyi, İddiaçı MMC isə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Hazırda ilkin iddiaçının daşınmasını sifariş etdiyi mallar (25 yükmaşını) ilkin cavabdeh tərəfindən AR-ə gətirilsə də, onlara vaxtında təhvil verilmədiyini, nəticədə həmin malların alıcısı olan "xxxx" MMC tərəfindən onlara cərimə tətbiq edilməsi ehtimalının yarandığını, eyni zamanda malların təhvil almaq üçün yükmaşınlarının sürücülərinə pul ödədiklərini əsas göstərərək Cavabdeh MMC tərəfindən öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə onlara dəymiş maddi zərərin ("xxxx" MMC tərəfindən tətbiq edilməsi nəzərdə tutulan cərimə, sürücülərə ödənilən pul məbləğləri və layihənin uğursuzluğu nəticəsində dəymiş maddi zərər) ödənilməsini tələb edir. İlkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC isə İddiaçı MMC-nin sifarişi əsasında malların daşınaraq sonuncuya təqdim etdiklərini, bununla mübahisəli müqavilə üzrə öhdəlikləri lazımi qaydada icra etdiklərini, daşınmış malların təqdim edilməsində gecikdirmənin iddiaçı tərəfindən təhvil-təslim aktlarının imzalanmaması səbəbindən yaranmasını, qarşılıqlı cavabdehin isə malların daşınmasının təşkilinə görə müqaviləyə əlavələrdə müəyyən edilmiş xidmət haqqını onlara ödəmədiyini əsas göstərərək həmin xidmət haqqının qarşılıqlı cavabdehdən tutulmasını tələb edir.

38. İlkin iddia ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, həmin tələb mahiyyət etibarilə ilkin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin lazımi qaydada icra edilməsi nəticəsində ilkin iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsindən ibarətdir.

39. Həmin iddianın qanuni əsaslarını təşkil edən Mülki Məcəllənin 443.1 və 21.1-ci maddələrinin məzmunundan da göründüyü kimi müqavilə öhdəliklərinin pozuntusundan irəli gələn maddi zərərin ödənilməsi tələbləri məhkəmə tərəfindən o şərtlə təmin edilə bilər ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması, iddiaçıya maddi zərər vurulması, müqavilə öhdəliklərinin pozulması ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, cavabdehin müqavilə üzrə öhdəliyinin pozulmasında təqsiri müəyyən edilsin.

40. Hazırkı halda ilkin cavabdeh tərəfindən ilkin iddiaçı üçün 25 ədəd yükmaşını vasitəsilə yükün daşınması təşkil edilsə də, yükmaşınlarının bir neçəsinin AR-in gömrük sərhədindən keçirildikdən sonra boşaldılmasının gecikdirilməsi və sonuncu yükmaşınının hazırkı mübahisə ilə bağlı müvəqqəti təminat tədbiri tətbiq edildikdən sonra icra məmurlarının iştirakı ilə boşaldılaraq ilkin iddiaçıya təqdim edilməsi, yəni ilkin cavabdehin müqavilə üzrə öhdəliklərinin vaxtında icra etməməsi işin mübahisəsiz hallarıdır.

41. Öhdəliyinin pozuntusunun (lazımi qaydada icra edilməməsinin) baş verməsində ilkin cavabdehin təqsirinin mövcud olub-olmaması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, mülki hüquqda təşəkkül tapmış borclunun təqsirlilik prezumpsiyaya əsasən öhdəliyin pozulmasında borclunun təqsirli olması ehtimal edilir və bu halda təqsirsiz olmasını sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Hazırkı halda isə ilkin cavabdeh yükmaşınlarının vaxtında boşaldılmasının ilkin iddiaçının təqsirli əməli, yəni ilkin iddiaçı tərəfindən təhvil verilmiş yüklərə dair təhvil-təslim aktlarının imzalanmaması ilə bağlı olmasını iddia etsə də, təhvil-təslim aktlarının imzalanması ilə bağlı ilkin iddiaçıya müraciət etməsini, ilkin iddiaçının isə aktları imzalamaqdan imtina etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə həmin dəlilləri əsaslı saymır. Belə olan halda ilkin cavabdehin müqavilə üzrə öhdəliyinin pozulmasında təqsirli olmamasını sübuta yetirmədiyini nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, müqavilə öhdəliyinin pozuntusu ilkin cavabdehin təqsirindən baş vermişdir.

42. İlkin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin pozulması nəticəsində ilkin iddiaçıya zərər dəyib-dəyməməsi məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, ilkin iddiaçı ilkin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin pozulması nəticəsində ona real zərər və əldən çıxmış fayda formasında zərər dəyməsini sübuta yetirə bilməmişdir. Belə ki, ilkin iddiaçı ona maddi zərər dəyməsini üç halla – daşındıqdan sonra təhvil verilməsi gecikdirilmiş malların alıcısı olan "xxxx" MMC tərəfindən ona müqavilə üzrə öhdəliklərin pozulmasına görə dəbbə pulu hesablanması, malları tez zamanda təhvil almaq üçün yükmaşınlarının sürücülərə pul ödəməsi, eləcə də "xxxx" MMC ilə bağladığı müqavilə üzrə layihənin uğursuzluğundan dolayı ona zərər (qoyduğu investisiyalar, işçi resursları və itirilmiş gəlirlər) vurulması ilə əsaslandırmışdır.

43. Həmin hallarla bağlı məhkəmə qeyd edir ki, ilkin iddiaçı nə "xxxx" MMC-nin ona dəbbə pulu hesablamasını, nə də yükmaşınlarının sürücülərinə malların təhvil verilməsi üçün pul ödəməsini, nə də ki layihənin uğursuzluğu ilə bağlı ona real maddi zərər və ya əldən çıxış fayda formasında zərər vurulması təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. "xxxx" MMC tərəfindən gələcəkdə dəbbə pulunun hesablanması “ehtimalı” isə ilkin iddiaçıya maddi zərər vurulması, yəni baş vermiş fakt kimi qiymətləndirilə bilməz.

44. Beləliklə, ilkin cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində ilkin iddiaçıya maddi zərər vurulması faktı iş materialları ilə öz təsdiqini tapmadığından maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin iddia rədd edilməlidir.

45. Qarşılıqlı iddiaya gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş müqaviləyə əlavələr, invoyslar və elektron qaimələrlə təsdiq edilir ki, tərəflər 25 ədəd yükmaşını vasitəsilə malların daşınmasının təşkilinə görə qarşılıqlı iddiaçıya ödəniləcək xidmət haqqının cəmi ƏDV daxil 75.650 manat (44.500 ABŞ dolları) təşkil etməsi barədə razılaşmışlar.

46. Digər tərəfdən işə məhkəmədə baxılarkən qarşılıqlı cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddiaçı tərəfindən mübahisəli malların yük daşınması təşkili xidmətinin göstərilməsi və həmin xidmətlərə tərəflərindən ödəniş edilməməsi faktlarını etiraf etmişdir. Məhkəmə hesab edir ki, həmin hallar qarşılıqlı iddiaçı tərəfindən etiraf edildiyindən qarşılıqlı iddiaçı MPM-in 106.3-cü maddəsinə əsasən həmin halları sübuta yetirməkdən azaddır.

47. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, 75.650 manat məbləğində xidmət haqqı qarşılıqlı cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.

48. “Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı ilkin iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 308 manat, qarşılıqlı iddia üzrə ödənilməli olan dövlət rüsumu isə 316,95 manat təşkil edir.

49. İlkin iddiaçı tərəfindən cəmi 401 manat (183+218) məbləğində,qarşılıqlı iddiaçı tərəfindən isə 316,95 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

50. Hazırkı halda ilkin iddianın rədd edildiyini nəzərə alaraq alaraq məhkəmə hesab edir ki, ilkin iddianın verilməsinə görə ödənilmiş 308 manat məbləğində dövlət rüsumu ilkin iddiaçıya aid edilməli, ilkin iddia verilərkən artıq ödənilmiş 193 manat məbləğində dövlət rüsumu ilkin iddiaçıya qaytarılmalı, qarşılıqlı iddia təmin edildiyindən qarşılıqlı iddia verilərkən ödənilmiş 316,95 dövlət rüsumu qarşılıqlı cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.

1. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 320 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

2. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İlkin İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddia rədd edilsin. İlkin iddia verilərkən ilkin iddiaçı tərəfindən artıq ödənilmiş 193 manat məbləğində dövlət rüsumu ilkin iddiaçıya qaytarılsın. Qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilsin. Qarşılıqlı cavabdeh İddiaçı MMC-dən ƏDV daxil 75.650 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 316,95 manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar