Məhkəmə qərarları › İş №e-2-2(113)-3384/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3384/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3384/2025 09.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X7 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən İddiaçının xeyrinə1392.4 manat əsas borcun,7338 manat cərimə məbləğinin toplamda 8730,4 AZN pul məbləğinin və 108 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra - İddiaçı) ilə Cavabdeh MMC (bundan sonra - Cavabdeh) arasında23 aprel 2021-ci il tarixli, № _DM 07/21-003 saylı alqı-satqımüqaviləsi (bundan sonra- Müqavilə) bağlanmışdır. Müqavilənin 3.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 100%-i əvvəlcədən ödəniş (avans) şəklində, müqavilə və/və ya onun Əlavələri imzalandıqdan sonra 7 gün ərzində köçürmə yolu ilə “Satıcı”nın hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda Əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. Müqavilə üzrə razılaşdırılmış məbləğ qarşı tərəfin bank hesabına köçürüldükdən sonra alqısatqı predmeti olan malların bir hissəsi tərəfimizə təhvil verilmişdir. Lakin malların geriyə 1392.4 AZN dəyərində qalan hissəsi bizə təhvil verilməmiş və Cavabdehin İddiaçı qarşısında borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə Cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bundan başqa, Müqavilənin 4.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Müqavilənin 4.1.-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində “Alıcı”ya malların təhvilini gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra bütövlükdə təhvil verilənədək “Satıcı” “Alıcı” ya hər gecikdirilən gün üçün Malların cəmi dəyərinin 0,5%-imiqdarında cərimə ödəməlidir.

3. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərərək, əslində müqavilədə göstərilən malların təhvil verildiyini, lakin təhvil təslim aktlarınn olmamasını, həmçinin mübahisəyə iddia müddətinin tətbiq edilməsini və İddiaçı tərəfindən verilmiş iddianın tamamilə rədd edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı MMC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2021-ci il tarixli, DM 07/21-003 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Müqavilənin predmeti, Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə(lər)də (Qiymət və X1, Sifarişnamə, Təklif, Spesifikasiya, Akt və sair) qeyd olunan əşya(lar)ın (bundan sonra “Mal(lar)”) Satıcı tərəfindən Alıcıya satılmasından, Alıcı tərəfindən isə bu Müqavilə və Əlavə(lər) ilə nəzərdə tutulmuş qaydada və məbləğdə Mal(lar)ın dəyərinin Satıcıya ödənilməsindən ibarətdir. - 2.1-ci bəndinə əsasən malın 1 ədədinin qiyməti Əlavələr ilə, ümumi toplantının qiyməti isə Alıcının səlahiyyətli nümayəndəsinin Mal(lar)ı təhvil almasını təsdiq edən aktla müəyyən olunur. - 3.1-ci bəndinə əsasən Əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 100%-i sonradan ödəniş şəklində, Müqavilə və ya onun Mallar Müqavilədə nəzərdə tutulmuş qaydada təhvil verildikdən sonra 7 gün ərzində köçürmə yolu ilə Satıcının hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda Əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. - 4.1-ci bəndinə əsasən bu müqavilənin 4.1. maddəsində nəzərdə tutulmuş müddət ərzində Alıcıya Mal(lar)ın təhvilinin gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra Mal(lar) bütövlükdə təhvil verilənədək Satıcı Alıcıya hər gecikdirilən gün üçün Mal(lar)ın cəmi dəyərinin 0,5%-i miqdarında cərimə ödəməlidir. - 10.3-cü bəndinə əsasən müqavilə bir il müddətində,xx.xx.2022-ci il tarixinədək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. xx.xx.2021-ci il tarixli, DM 07/21-003 saylı alqı-satqı müqaviləsinə 01 saylı Əlavə olan Qiymət və X2 Satıcı tərəfindən Alıcıya satılacaq Mallar və onların qiymətləri razılaşdırılmışdır.

11. xx.xx.2021-ci il tarixli, DM 07/21-003 saylı alqı-satqı müqaviləsinə 01/21 saylı Əlavə olan xx.xx.2021-ci il tarixli Qiymət və X2 Satıcı tərəfindən Alıcıya satılacaq Mallar və onların qiymətləri razılaşdırılmışdır.

12. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehin hesabına 4333 manat köçürülmüşdür. V. Cavabdeh tərəfindən iddiaçıya EBBO 926326 nömrəli xx.xx.2021-ci il tarixli 761.10 manat, EBBP 790546 nömrəli xx.xx.2022-ci il tarixli 171.10 manat, EBBP 081091 nömrəli xx.xx.2021-ci il tarixli 1268.50 manat, EBBP 783773 nömrəli xx.xx.2021-ci il tarixli 413 manat məbləğində elektron qaiəmələr göndərilmişdir. VI. Tətbiq edilən hüquq:

13. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

14. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29)

17. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

18. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

20. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Vİ.Məhkəmənin mövqeyi:

21. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, təhvil verilməli malın dəyərini tam ödəsə də, mallar iddiaçıya tam təhvil verilməmiş, bununla da cavabdeh tərəfindən müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 1392.4 manat məbləğində borcu yaranmışdır. Qeyd edilən hal, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş, alqı-satqı müqaviləsi, elektron qaimələr ilə təsdiq edilir.

23. Məhkəmə sadalanan qanunvericilik normalarını, iddiaçı tərəfindən dəyəri ödənilsə də eyni zamanda cavabdehin müqaviləyə əsasən 1392.4 manat dəyərində malı təhvil verməməklə, müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 1392.4 manat məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 1392.4 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

24. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 7338 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

25. Göründüyü kimi Cavabdeh QSC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

26. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 100 manat məbləğində dəbbə pulu tutulmalıdır.

27. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə təqdim edilmiş iddia müddətinin tətbiq olunması barədə ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış alqı-satqı müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinədək nəzərdə tutulmuş və müddətin axımı həmin tarixdən hesablanmalıdır.Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən,iddia müddətinin axımı kəsilmiş və iddiaçı tərəfindən müddət ötürülməmişdir.

28. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 108 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

29. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 1392.40 (min üç yüz doxsan iki manat qırx qəpik) manat əsas borc, 100 (yüz) manat cərimə borcu və iddianın təmin olunmuş hissəsinə münasibətdə 35 (otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar