Məhkəmə qərarları › İş №e-2-2(113)-3385/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3385/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3385/2023 18.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və digər tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan alınmış puldan qaytarılmamış 103000 manatın və həmin məbləğə hesablanmış 7982,5 manat faizin, Gürcüstanda "xxxx" MMC-nin açılmasına görə, Gürcüstana 10 dəfə gediş-gəliş və orada yaşayış xərcləri üçün, kredit üzrə ödənilmiş faizlər və penyaya görə və Gürcüstanda 07.2015-ci il tarixdən-04.2022-ci il tarixədək icarə haqqına görə ödənilən cəmi 47562 ABŞ dollarının qətnamənin icra olunan anına manatın məzənnəsinə uyğun olaraq manatla və həmin məbləğə hesablanmış 6299 manat faizin cavabdehlərdən müştərək qaydada tutulması və iddiaçıya ödənilməsini, iddiaçı tərəfindən avadanlıqların qalıq dəyərinə görə Martini S.p.A-ya və avadanlıqların Gürcüstana göndərilmə xərcləri üçün ödənilən cəmi 85450 avronun avadanlıqların hazırkı dəyəri olan 62900 avro ilə əvəzləşdirməklə, həmin avadanlıqların iddiaçının mülkiyyətinə təhvil verilməsi; qalan 22550 avronun qətnamənin icra olunan anına manatın məzənnəsinə uyğun olaraq manatla və həmin məbləğə hesablanmış 3207 manat faizin cavabdehlərdən müştərək qaydada tutulması və iddiaçıya ödənilməsi, məhkəmə məsrəfləri olan-133 manat dövlət rüsumunun, 400 manat mediasiya xidmətinə görə ödənilmiş məbləğin və 300 manat hüquqi xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulmaqla iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehlərin hərəkətlərində cinayət əlamətinin olmasına əsaslı şübhələr yarandığından onlar barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) 2013-cü-2015-ci illər üzrə qanuni təmsilçisi olmuşam. Təxminən 2014-cü ilin dekabr ayında, Cavabdeh1 şifahi tapşırığı əsasında (həmin tapşırıqdan Nərgiz xanımın da xəbəri olmuşdur), onlara məxsus olmuş “Globus Center” Ticarət və Biznes Mərkəzinin, avropa standartlarına uyğun xüsusi cihazlar vasitəsi ilə işıqlandırılmasına görə, İtaliya Respublikasında fəaliyyət göstərən Martini SPA müəssisəsinin istehsal etdiyi avadanlıqların sifariş edilməsi üçün müvafiq məlumatların və sənədlərin əldə olunması xahiş edilmişdir. Həmin dövrdə, mən imeyl poçt vasitəsi ilə Martini SPA müəssisəsinin bu işə məsul şəxsləri ilə danışıqlar apardıqdan və sifariş ediləcək avadanlıqların markası, ölçülərı, miqdarı, çəkisi, dəyəri, dəyərinin ödənilməsi qaydaları, Azərbaycan Respublikasına idxal olunması ilə əlaqədar bütün məsrəfləri, o cümlədən vergiləri, rüsumları və s barədə məlumatlar və müvafiq sənədlər əldə etdikdən sonra, həmin məlumatları və sənədləri Anar bəyə rəsmi olaraq təqdim etdim. Anar bəy həmin məlumatlarla tanış olduqdan bir neçə gün sonra, mənə yeni tapşırıq verərək, avadanlıqların təcili surətdə sifariş edilməsini və Martini S.p.A müəssisəsi tərəfindən hazırlanacaq avadanlıqların ümumi dəyəri olan-524215 avro pul vəsaitinin 50%-ni, yəni 262107 avro avans ödəniş aparılması üçün hazır olduğumuzu onlara bildirməyimi xahiş etdi. Mən, Anar bəyin tapşırığı əsasında Martini S.p.A müəssisəsi ilə müqavilə öhdəlikləri ilə razılaşdırdım və onların təqdim etdiyi hesab fakturanı Anar bəyə təqdim etdim. Bir faktı da qeyd edirəm ki, Mahmudovlar ailəsinə məxsus olan-afşor zonada, Karib dənizi, Dominika ada dövləti, Roseau şəhəri, Great Marlborough və Great George küçəsində (00152) yerləşən, “MADİSON DESİGN LTD” müəsisəsinin Latviya Respublikası, Riqa şəhərində yerləşən “ABLV Bank” ında olan hesablaşma hesabından, xx.xx.2015-ci il tarixdə Martini S.p.A müəssisəsinin hesabına 262107 avro avans ödəniş köçürülmüşdür. Təxminən 5-6 gün sonra cavabdehlərin atası X1 məni yanına çağırmış və açıq-aşkar kobud surətdə mənə bildirdi ki, sifariş etdiyin avadanlıqlar mənə lazım deyil, həmin pullar da Anarın deyil, mənimdir, tez bir zamanda pullarımı geri qaytar. Sözun düzü, bəlli idi ki, Eldar bəy həmin dövrdə Milli Təhlükəsizlik Naziri vəzifəsində işləyirdi, onun sözünə qarşı söz desəydim, daha da qəzəblənib məni təhqir etməsi istisna edilmirdi. Ona görə də, ondan vaxt istədim ki, mən tez bir zamanda italiyanlarla danışıb sizi xəbərdar edərəm. Məcbur qalıb, mənə aidiyyəti olmayan, tanımadığım və Eldar bəylə Anar bəyə məxsus afşor zonada yerləşən müəssisə tərəfindən Martini S.p.A müəssisəsinə ödənilmiş avans məbləğinin geri qaytarılması üçün, Martini S.p.A müəssisəsinə müraciət etdim. Lakin, mənə bildirildi ki, ödənişin qaytarılması mümkün olmayacaq; artıq sifariş etdiyiniz avadanlıqların bütün materialları alınmış və istehsalına başlanılmışdır; ən əlverişli halda avadanlıqların qalıq dəyəri üçün 82750 avro ödənilməklə razılıq əldə etmək olar. Göstərilən cavab, yəni ödənişin qaytarılmasının mümkün olmaması və ən əlverişli halda avadanlıqların qalıq dəyəri üçün 82750 avro ödənildikdən sonra razılığın əldə edilməsi barədə məlumatı Eldar bəyə (eləcə də digər cavabdehlərə) bildirərkən, Eldar bəy tərəfindən çox böyük kobudluqla qeyd olunmuşdur ki, pulumu 5 gün ərzində qaytarmadığın halda, səni “Alişkanın” yanına nərd oynamağa göndərərəm, ağlın başına gəlsin. Mən, çarəsiz qalıb otaqdan çıxdım və dıgər otaqda oturan onun köməkçisindən “Alişkanın” kimliyini soruşanda qeyd olundu ki, həmin şəxs Əli İnsanovdur. Mən, Anara müraciət etdim ki, avadanlıqların sifarişi şəxsən sizin tapşırığınız əsasında olmuş; həmin sifarişi özünüz şəxsən yoxlayıb, bəyənmiş və hesab faktura əsasında avans ödənişini, mənə adiyyəti olmayan, tanımadığım və özünüzə məxsus afşor zonada yerləşən müəssisə tərəfindən, yəni sizin tərəfinizdən həyata keçirilmişdir. Odur ki, Eldar bəyə, yəni atanıza bildirməlisiniz ki, bütün əməliyyatlar sizin tapşırıq əsasında həyata keçirilmişdir. Anar bəy mənə bildirdi ki, hazırda ümumiyyətlə mən bu işlərlə məşğul olmuram və atam nə deyirsə ona əməl etməlisən, əks halda bilirsən ki, səni nə gözləyə bilər. Bir daha qeyd edirəm ki, Martini S.p.A müəssisəsinə avadanlıqların sifariş etməyim şəxsən Anar bəyin tapşırığı əsasında olmuş;Anar bəyin iradə ifadəsi olaraq pul vəsaitinin köçürülməsi də, məhz özlərinə məxsus afşor zonada yerləşən müəssisə tərəfindən həyata keçirilmişdir. (qeyd olunan faktlar-Anar bəyin və Martini S.p.A müəssisəsinin əməkdaşlarının imeyl poçtuna göndərilən məktublarla və ondan alınan cavablarla; müvafiq bank sənədlərilə; hesab fakturaları ilə; telefon danışıqlarının yazıları ilə və sair sənədlərlə tamtəsdiq olunur). Xüsusi olaraq qeyd edirəm ki, mənə qarşı edilən bilə-bilə və açıq-aşkar qanunsuz hərəkətlərə, o cümlədən 262107 avro miqdarında pulu onlara qaytarmayacağım təqdirdə həbs olunacağım ilə mənə edilən hədələrə məruz qaldığımdan, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, 9 ədəd iltizam üzrə, toplam 334461 manat pulu “Qlobus Center” Ticarət və Biznes Mərkəzinin baş mühasibi Tofiq İsmayılova ödədim. (həmin fakt -8 ədəd yazılı iltizamlarla təsdiq olunur) Qeyd.Həmin pulu qohumumdan alınmış borc və bankdan götürdüyüm kredit hesabina ödəmişəm.(həmin hallar-şahid ifadələri və kredit müqaviləsi ilə tam sübut olunur) Onu da qeyd edim ki, sifariş olunan avadanlıqların qəbul edilməsindən onlar tərəfindən imtina edildiyinə görə və həmin avadanlıqları qəbul etmədiyim təqdirdə hər buraxılmış gün üçün hesablanacaq peniya məbləğinin qarşısının alınması üçün, 2015-ci ilin iyun ayında məcbur qalıb Gürcüstan Respublikasında, öz adıma firma açdım. Həmin firmanın adına icarəyə anbar götürdüm və sifariş olunmuş avadanlıqları həmin anbara yerləşdirməklə, mühafizəsini də təşkil etdim. Hal-hazıradək, sifariş olunmuş avadanlıqlar həmin anbarda saxlanılır və bütün xərclər tərəfimdən qarşılanır. Bundan sonra, cavabdehlərin atası Eldar bəy 2015-ci ilin sentyabr ayında işdən azad olunduqdan sonra, cavabdehlərin xahişini nəzərə alaraq, şikayətçi olmamağım üçün, məndən məcburi qaydada alınmış 334 461 manat pulumdan, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, 4 qəbz üzrə Globus Centerin nümayəndəsi Tofiq İsmayılovun iştirakı və cavabdehlərin atası Eldar bəyin hayat yoldaşının dayısı Zülfüqar Allahverdiyevin şahidliyi ilə, toplam-231461 manat mənə qaytarılmış; qalan-103000 manat və tərəfimdən çəkilən xərclərlərlə birlikdə, avadanlıqlar satıldıqdan sonra ödəniləcəyi vəd edilmişdir. Lakin, hal-hazıradək həmin vəsaitlər ödənilməmişdir. (həmin fakt-4 qəbz üzrə tamsübut olunur) Tərəfimdən çəkilən xərclər hal-hazıradək artım fərqi ilə dəyişsə də, cavabdehlər tərəfindən avadanlıqların təhvil alınması və xərclərimin ödənilməsi istiqamətində əməli tədbirlər görülməmişdir. Qeyd edirəm ki, cavabdehlər tərəfindən hal-hazıradək mənə ödənilməli pul vasaitləri aşağıdakılardan ibarətdir: 1.Məcburi qaydada məndən alınmış pulumdan ödənilməmiş məbləğ- 103000 manat; 2.Avadanlıqların qalıq dəyəri üçün Martini SPA-ya ödənilən məbləğ-82750 avro; 3.Gürcüstanda "xxxx" MMC -nin açılmasına görə xərclər-2000 ABŞ dolları; 4.Gürcüstana 10 dəfə gediş-gəliş və orada yaşayış xərcləri-8000 ABŞ dolları; 5.Avadanlıqların Gürcüstana göndərilmə xərcləri-2700 avro; 6.Kredit üzrə ödənilmiş faizlər və penya-18365 ABŞ dolları; 7.Gürcüstanda 07.2015-ci il tarixdən- 04.2022-ci il tarixədək icarə haqqı-19197 ABŞ dolları; Odur ki, 103000 manat; 85450 avro və 47562 ABŞ dolları məbləğində pul vəsaitlərinin ödənilməsi və avadanlıqların təhvil götürülməsi üçün mütəmadi olaraq cavabdehlərə müraciətlər edilsə də, müxtəlif bəhanələr gətirməklə, həmin pulların yaxın zamanlarda ödəniləcəyi və avadanlıqların təhvil alacaqları barədə yalançı vədlər vermişlər. Sonuncu dəfə, yuxarıda qeyd olunanlar barədə xx.xx.2022-ci il tarixli yazılı pretenziya ilə cavabdehlərə müraciət olunmuş və həmin pul vəsaitlərinin ödəməsi və Gürcüstanda icarəyə götürülmüş anbarda yerləşən avadanlıqların təhvil alması xahiş (təklif) edilmişdi, əks təqdirdə, Gürcüstanda icarəyə götürülmüş anbarda yerləşən avadanlıqların hazırkı qiymətinə uyğun həmin pul vəsaitlərinin əvəzləşdirilməsinin aparılacağı bildirilmişdir. Lakin kifayət qədər vaxt keçsə də, cavabdehlər tərəfindən hər hansı bir cavab verilməmiş, onlarla telefon əlaqələri saxlanılmasına və yaranmış mübahisəni məhkəmdənkənar, aralarında həll edilməsinə çoxsaylı cəhdlər edilsə də, cavabdehlər tərəfindən heç bir əməli tədbirlər görülməmişdir. Bundan sonra, mübahisənin mediasiya qaydasında həll olunması üçün müraciət olunsa da, bu da heç bir nəticə vermədiyinə görə, məcbur qalıb məhkəməyə müraciət edirik. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, Vəkil2 sistemə iddia müddətinin tətbiqinə dair ərizə yükləmiş, ərizədə qeyd etmişdir ki, Hazırki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalı və verilməli olan pul vəsaitlərinin (borcun) ödənilməsindən yayınması hərəkətlərinin qanunsuz hesab edilməsini, iddiaçıdan güya alınmış puldan qaytarılmamış məbləğin, faizin, dəymiş zərər və çəkilmiş xərcin , habelə dövlət rüsumu və məhkəmə məsrəflərinin cavabdehlərlərdən müştərək qaydada tutulmaqla iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edək ki, iddia tələbinin heç bir əsası yoxdur, iddianı qəbul etmirik. Həmin tələb əsassız olmaqla yanaşı, həm də həmin tələblər üzrə iddia müddətləri heç bir üzrlü səbəb olmadan ötürülmüşdür. Ona görə də, iddia tələbi iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1 -ci və 373.2-ci maddələrinə görə, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç ıl təşkil edir. Həmin Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. iddiaçının iddiasının faktiki əsası kimi istinad edilən hansısa alqı-satqıya dair naməlum müqavilə münasibətləri güya 2015-ci ildə olmuşdur. Həmin naməlum “müqavilə” öhdəliklərindən irəli gələn tələbə dair iddia isə, yalnız 2023-cü ildə, yəni 8 il sona qaldırılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki: “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını ıntizamlandırır, onları oz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.” Göründüyü kimi, iddia müddətinin tətbiq edilməsi mülki hüquq münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. Avropa insan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdi ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, Vəkil2 sistemə yenidən ərizə yükləmiş, ərizədə qeyd etmişdir ki, irəli sürülmüş əsassız iddia tələbinə münasibətdə fikirlərimi məhkəmə hazırlıq iclasında bildirərək qeyd etmişdim ki, tərəflər arasında müqavilə münasibətlərinin olmasına dair hər hansı bir sübut təqdim edilməmiş, belə bir müqavilə mövcud olmamışdır. Ümumiyyətlə, bu tip iddiaların kommersiya məhkəməsində baxılması da anlaşılmazdır, çünki tərəflər hüquqi şəxs deyil və iddia olunan münasibətlərin də kommersiya münasibəti olmasına dair əsas sübut, yəni müqavilə mövcud deyil. Təəssüf ki, iddiaçının nümayəndəsi olan hörmətli həmkarım iddia ərizəsinə əlavəsində mənim sözlərimi təhrif edib güya iddianı hansısa hissədə etiraf etdiyimi qeyd etmişdir. Bu qeydin heç bir əhəmiyyəti əlbəttə ki, yoxdur, çünki iddianın etirafı ən azından yazılı formada olmalı və mücərrəd ifadələrdən ibarət olmamalıdır. Hesab edirik ki, iddia tələbi tamamilə əsassızdır və iddiaçı tərəfin sübut kimi təqdim etmək istədiyi sənədlər toplusunun təmsil etdiyim şəxslərə qarşı irəli sürülmüş iddiaya heç bir aidiyyəti olmamaqla yanaşı, hansısa mətbuatdan götürülmüş məqalələrə istinad isə ümumiyyətlə absurddur. Odur ki, iddianın ümumiyyətlə icraata götürülməli olmadığını hesab edirik, icraata götürülüb baxışa təyin edildiyi təqdirdə isə hər hansı bir sübut mövcud olmadığından iddia tələbinin təmin edilməli olmadığını, sübut kimi nəyisə təhrif edib təqdim edildiyi halda isə iddia müddətinin tətbiqinə dair ərizəmizin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edirik. İddiaçı nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz vermiş, etirazda bildirmişdir ki, əvvəla qeyd olunmalıdır ki, cavabdehlərin adından təqdim olunmuş Ərizədə birbaşa olmasa da, dolayısı ilə tərəflər arasında mülki hüquq münasibətlərinin mövcud olması, o cümlədən tərəflərin müqavilə münasibətində olmaları təsdiqlənir. Belə ki, həmin ərizədə cavabdehlər "iddia tələbinin heç bir əsası yoxdur" ifadəsini qeyd etsələr də, bu halı, yəni iddianın əsassız olmasını sübut etmək üçün hər hansı bir dəlilə və sübuta əsaslanmamışlar. Odur ki, iddianın hansı səbəbdən əsassız olması barədə hər hansı bir dəlilin və sübutun ümumiyyətlə təqdim olunmaması, həmin halın yalnız və yalnız cavabdehlərin özlərinin formal mülahizəsi və fərziyəsi olduğunu müəyyən edir. Digər tərəfdən, cavabdehlər açıq-aşkar qeyd edirlər ki, “həmin tələblər üzrə iddia müddətləri heç bir üzrlü səbəb olmadan ötürülmüşdür'' Deməli, cavabdehlərin bu mövqeyi, belə nəticəyə gəlməyə əsas verir ki, iddia tələbləri üzrə üzürlü səbəb göstərilərsə, həmin tələblərin, yəni müqavilənin mövcud olması, eləcə də cavabdehlər tərəfindən bu halların qəbul edilməsi mümkün olardı. 3. Bundan sonra, cavabdehlər, xüsusən də 1-ci cavabdeh artıq əvvəlki mövqeyini dəyişərək, "hansısa alqı-satqıya dair naməlum müqavilə münasibətləri qüya 2015-ci ildə olmuşdur. "və" iddia isə, yalnız 2023-cü ildə, yəni 8 il sona qaldırılmışdır." İfadələrini işlətməklə, dolayısı ilə tərəflər arasında mülki hüquq münasibətlərinin mövcud olmasını, eləcə də tərəflərin müqavilə münasibətlərini etiraf etmişlər. Belə ki, cavabdehlər tərəfindən “hansısa alqı-satqıya dair naməlum müqavilə" qeyd edilməsi və tərəflər arasındakı tapşırıq müqaviləsinin məhz 2015-ci ildə mövcud olmasının əksini sübut edən hər hansı bir halın, əsaslandırılmış dəlilin və sübutun təqdim edilməməsi, onu sübut edir ki, cavabdehlərin bu əsası da onların yalnız və yalnız formal mülahizələrinə əsaslanmışdır. Bununla yanaşı, qeyd olunmalıdır ki, cavabdehlərin hər birinin namayəndəsi və vəkilinin eyni şəxs olması onu müəyyən edir ki, həmin şəxs ilk dəfə 1-ci cavabdehin adından EMİSdə e-kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərkən bilirdi ki, iddia tələbi həm də 2-ci cavabdehə qarşı yönəlmişdir. 2-ci cavabdeh tərəfindən etibarnamənin xx.xx.2022-ci il tarixdə verilməsini nəzərə alsaq, məlum olur ki, 1-ci cavabdehin nümayəndəsi kimi 2-ci cavabdehin nümayəndəsi hazırkı məhkəmə mübahisəsindən və iclaslarından xəbərdar olmuş, lakin məhkəmə iclaslarında 2-ci cavabdeh təmsil olunmamışdır. Cavabdehlər tərəfindən birgə tərtib edilmiş "Müddətin tətbiqinə dair" ərizənin 18,09.2023-cü il tarixdə təqdim edilməsi onu müəyyən edir ki, iddiaçı tərəfindən iddianın dəyişdirilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə təqdim edildikdən sonra, cavabdehlər iddia tələbinə ciddi yanaşmış və 2-ci cavabdehin də məhkəmədə təmsil olunmasını zəruri hesab etmişdir. Çünki, məhkəmənin xx.xx.2023-cü il saat 15-25də keçirilmiş hazırlıq iclasında iştirak edən 1-ci cavabdehin nümayəndəsi izahatında açıq-aşkar göstərillmişdir ki, "Uzun illərdir ki, Mahmudovlar ailəsinə hüquqi yardım göstərir və iddia tələbinin cavabdehlərə aidiyyəti yoxdur. Anar, iddiaçıya hər hansı bir göstəriş verməmiş və onun qarşısında öhdəlik götürməmişdir. Ona görə də Anar iddiaya qarşı cavab verməli şəxs ola bilməz və onun cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Allahqulİyev Zülfüqar Anarın dayısı yox, Anarın anasının dayısıdır. İddia tələbinin ümumiyyətlə Anarla heç bir əlaqəsi ola bilməz və iddiaçı ilə hər hansı bir sahibkarlıq fəaliyyətində olmamışdır." Deməli, cavabdehlərin nümayəndəsi olan şəxs əvvəlki mövqeyini dəyişərək, artıq tərəflərin mülki hüquq münasibətlərində olduğunu qəbul edərək, iddia müddətini tətbiq etməklə iddiadan imtina barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, nümayəndə iddia tələbinin cavabdehlərə aidiyyətinin olmamasını, eləcə də Anarla heç bir əlaqəsinin ola bilməməzliyini və iddiaçı ilə hər hansı bir sahibkarlıq fəaliyyətində olmomasını israrlı səkildə qeyd etmişdir. Göstərilənlərdən başqa, xüsusi olaraq qeyd olunmalıdır ki, hazırkı iddianın mümkünlüyü barədə məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı çıxarılmış və qərardadın 2- ci bəndində işdə iştirak edən şəxslərə iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməli olduğu bildirilsin.qərara alınmışdır. AR MPM-nin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Lakin, cavabdehlər tərəfindən iddia tələblərinə qarşı hər hansı bir etiraz da qaxil olmamışdır. Deməli, qanunla müəyyən edilmiş müddət ərzində iddiaya qarşı etirazın təqdim olunmaması və yalnız formal mülahizəyə əsaslanmış "Müddətin tətbiqinə dair" ərizənin təqdim olunması onu müəyyən edir ki, cavabdehlər yalnız iddia müddətini tətbiq etməklə iddiadan imtina barədə qətnamə çıxarılmasını xahiş edirlər "Müddətin tətbiqinə dair" ərizənin əsassız olması barədə: Yuxarıda qeyd olunduğu kimi, ərizə yalnız formal mülahizələrə əsaslandığı kimi, onun qanuni əsası da mövcud deyildir. Belə ki, iddia ərizəsində də qeyd olunur ki, təxminən 2014-cü ilin dekabr ayında, Cavabdeh1 şifahi tapşırığı əsasında (həmin tapşırıqdan Nərgiz xanımın da xəbəri olmuşdur), onlara məxsus olmuş "Globus Center" Ticarət və Biznes Mərkəzinin, avropa standartlarına uyğun xüsusi cihazlar vasitəsi ilə işıqladırılmasına görə, İtaliya Respublikasında fəaliyyət göstərən Martini S.p.A müəssisəsinin istehsal etdiyi avadanlıqların sifariş edilməsi üçün müvafiq məlumatların və sənədlərin əldə olunması xahiş edilmişdir. Anar bəy həmin məlumatlarla tanış olduqdan sonra, iddiaşıya yeni tapşırıq verərək, avadanlıqların təcili surətdə sifariş edilməsini və Martini S.p.A müəssisəsi tərəfindən hazırlanacaq avadanlıqların ümumi dəyəri olan-524215 avro pul vəsaitinin 50%-ni, yəni 262 107 avro avans ödəniş aparılması üçün hazır olduğunu onlara bildirməyini xahiş etmiş; Hesab faktura Anar bəyə təqdimedilmi ş; Mahmudovlar ailəsinə məxsus olan- afşor zonada, Karib dənizi, Dominika ada dövləti, Roseau şəhəri, Great Marlborouqh və Great George küçəsində (00152) yerləşən, "Madison Design LTD" müəsisəsinin Latviya Respublikası, Riqa şəhərində yerləşən "ABLV Bank" ında olan hesablaşma hesabından, xx.xx.2015-ci il tarixdə Martini S.p.A müəssisəsinin hesabına 262107 avro avans ödəniş köçürülmüş; sonra cavabdehlərin atası X1 ödənilmiş pulu geri qaytarılmasını tələb etmiş; ödənişin qaytarılmasının mümkün olmaması və ən əlverişli halda avadanlıqların qalıq dəyəri üçün 82 750 avro ödənildikdən sonra razılığın əldə edilməsi barədə məlumatı Eldar bəyə, eləcə də digər cavabdehlərə bildirərkən, 262107 avro miqdarında pulu onlara qaytarmayacağı təqdirdə, iddiaçının həbs olunacağı ilə ona edilən hədələrə məruz qaldığından, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, 9 ədəd iltizam üzrə, toplam 334461 manat pulu "Qlobus Center" Ticarət və Biznes Mərkəzinin baş mühasibi Tofiq İsmayılova ödənilmiş; iddiaçı həmin pulu qohumundan alınmış borc və bankdan götürdüyüm kredit hesabina ödəmiş; peniya məbləğinin qarşısının alınması üçün, 2015-ci ilin iyun ayında məcbur qalıb Gürcüstan Respublikasında, öz adına firma açıb; Həmin firmanın adına icarəyə anbar götürüb və sifariş olunmuş avadanlıqları həmin anbara yerləşdirməklə, mühafizəsini də təşkil edib; Sifariş olunmuş avadanlıqlar həmin anbarda saxlanılır və bütün xərclər iddiaçı tərəfindən qarşılanır; cavabdehlərin atası Eldar bəy 2015-ci ilin sentyabr ayında işdən azad olunduqdan sonra, idddiaçı cavabdehlərin xahişini nəzərə alaraq, şikayətçi olmamağı üçün, ondan məcburi qaydada alınmış 334461 manat pulundan, xx.xx.2015-ci il tarixdən-xx.xx.2015-ci il tarixədək, 4 qəbz üzrə Globus Centerin nümayəndəsi Tofiq İsmayılovun iştirakı və cavadehlərin atası Eldar bəyin hayat yoldaşının dayısı Zülfüqar Allahverdiyevin və Tamara Hamidovanın şahidliyi ilə, toplam-231 461 manat ona qaytarılmış; qalan-103000 manat və tərəfindən çəkilən xərclərlərlə birlikdə, avadanlıqlar satıldıqdan sonra ödəniləcəyi Vəd edilmişdir; Lakin, hal-hazıradək həmin vəsaitlər ödənilməmişdir; Odur ki, 103000 manat; 85450 avro və 47562 ABŞ dolları məbləğində pul vəsaitlərinin ödənilməsi və avadanlıqların təhvil götürülməsi üçün mütəmadı olaraq cavabdehlərə, eləcə də onların təqdim etdikləri X2 müraciətlər edilsə də, müxtəlif bəhanələr gətirməklə, həmin pulların yaxın zamanlarda ödəniləcəyi və avadanlıqların təhvil alacaqları barədə yalançı vədlər vermişlər. 3.2. iddiaçı sonuncu dəfə, yuxarıda qeyd olunanlar barədə xx.xx.2022-Cİ il tarixli yazılı Pretenziya ilə cavabdehlərə müraciət etmiş və həmin pul vəsaitlərinin ödəməsi və Gürcüstanda icarəyə götürülmüş anbarda yerləşən avadanlıqların təhvil alması xahişi (təklifi) edilmişdi;. Əks təqdirdə, Gürcüstanda icarəyə götürülmüş anbarda yerləşən avadanlıqların hazırkı qiymətinə uyğun həmin pul vəsaitlərinin əvəzləşdirilməsinin aparılacağı bildirilmişdir, Lakin kifayət qədər vaxt keçsə də, cavabdehlər tərəfindən hər hansı bir cavab verilməmiş; onlarla telefon əlaqələri saxlanılmasına və yaranmış mübahisəni məhkəmdənkənar, aralarında həll edilməsinə çoxsaylı cəhtlər edilsə də, cavabdehlər tərəfindən heç bir əməli tədbirlər görülməmişdir. Bundan sonra, mübahisənin mediyasiya qaydasında həll olunması üçün müraciət olunsa da, bu da heç bir nəticə vermədiyinə görə, məcbur qalıb məhkəməyə müraciət edilmişdir. Deməli, işin hallarından görünür ki, tapşırıq müqavilələri əsasında tərəflər arasında razılaşmaya görə, cavabdehlərin sifariş etdikləri və Gürcüstanda iddiaçının adına olan firma tərəfindən icarəyə götürülmüş, o cümlədən iddiaçı tərəfindən məsrəfləri qarşılanan anbarda saxlanılan avadanlıqlar, cavabdehlər tərəfindən ödənilmiş avans hesabına və iddiaçı tərəfindən hazıradək 103000 manat; 85450 avro və 47562 abş dolları məbləğində çəkilən xərclər hesabına əldə olunmuş; həmin avadanlıqlar satıldıqdan sonra və ya cavabdehlər tərəfindən təhvil götürüldüyü an iddiaçıya ödənilməli olan pul məbləğlərinin ödənilməsi həyata keçirilməlidir. İddiaçı tərəfindən icarəyə götürülmüş anbar xərclərinin ödənişləri, fakt olaraq hal-hazıradək iddiaçı tərəfindən ödənilir. Açıq-aşkardır ki, tərəflər arasında bağlanmış şifahi tapşırıq müqaviləsinin qüvvədə olma müddətinin bitməsi barədə hər hansı bir öhdəlik götürülməmişdir. Əksinə, həmin müqavilə öhdəliklərinin tam olaraq icrası anına, yəni avadanlıqların cavabdehlər tərəfindən satılması və ya təhvil götürülməsi və həmin vaxt iddiaçının xərclərinin ödənilməsi anınadək qüvvədə sayılır. Odur ki, həmin müqavilə qüvvədə olmaqla, götürülmüş öhdəlikər tam icra olunmayanadək, cavabdehlərin formal mülahizələri əsasında, öhdəliklərin icrasına iddia müddətinin tətbiqi yol verilməzdir. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24.12,2014-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır.MM-in "Müqavilə hüququ" adlı 20-ci Fəslində yer alan və bütün müqavilələrə şamil olunan 399 və 399.3-cü maddələri baxımından müqavilə azadlığı prinsipinə formal bərabərlik kimi baxıla bilər.Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.istənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər.Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasınə əsaslanır. Bu prezumpsiya isə "öhdəliklər vicdanla yerinə yetirilməlidir" hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373,2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MMin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir;- Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, MM-in 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının Qurtarmasının müqavilədə müəyyənləşdirilmiş ana qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair" 2012-ci il 12 mart tarixli Qərarında göstərilir ki, Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 tələbini müdafiə edərək iddia ərizəsinə və iddia müddətinin tətbiqinə dair ərizəyə etiraza uyğun izahat vermiş, əlavə olaraq isə izahatında tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlandığını, iddiaçıya Cavabdeh1 hər hansı hüquqi şəxsin təsisçisi və ya qanuni təmsilçisi kimi deyil, fiziki şəxs qismində avandalıqların alınmasını xahiş etdiyini, tapşırığı Cavabdeh1 verdiyini, Cavabdeh2 həmin vaxt onların yanında olduğunu, Cavabdeh1 ilə təmasların Cavabdeh2 vasitəsilə aparıldığını, tapşırığın şifahi qaydada verildiyini, tapşırığın Cavabdeh1 tərəfindən şəxsən yox, ayrı-ayrı şəxslər vasitəsilə verildiyini bildirmişdir. Həmçinin izahatında KİV-də “Martini” S.p.A şirkətinin bank hesabına pulu köçürən Madison Design LTD şirkətinin cavabdehlərə məxsus olmasını, pulun qaytarılması ilə bağlı telefon danışıqların Hacıyev Fuad, Allahverdiyev Zülfüqar və iddiaçı arasında aparıldığını, həmin şəxslərin borcun qaytarılması ilə bağlı Cavabdeh1 məlumatının olduğunu və borcun qaytarılacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid Həmidova Tamara ifadəsində İddiaçı anası olduğunu, oğlunun işıq avadanlıqları aldığını, avadanlıq alındıqdan sonra Cavabdeh1 ilə oğlu arasında münasibətlərin pozulduğunu, avadanlıq üçün ödənilən pul qaytarılan zaman Allahverdiyev Zülfüqar, İsmayılov Tofiqin və özünün şahid kimi iştirak etdiyini, Cavabdeh1 sifariş verilən avadanlığı özünün seçdiyini bildirmişdir. Məhkəmə iclasınının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, Vəkil2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 24 dekabr 2014-cü il tarixli e-mail yazışmasından görünür ki, İddiaçı mailto:president@crystalholding.azElektron ünvan e-mail ünvanına məktub göndərərək bildirmişdir ki, “Hörmətli Anar bəy, Globus Mərkəzinin rəngləmə avadanlığı üçün faktura göndərirəm. Bu avadanlığın bütün dünyada analoqu yoxdur, zavod onu xüsusi olaraq bizim üçün hazırlayır, qiymətə çatıdırılma, gömrük və quraşdırılma daxil deyil. Quraşdırılma qiyməti 32500 AZN, bütün avadanlıqların ümumi çəkisi 5 tondur ki, bu əvvəlki təklifdən 2 dəfə azdır, gömrüklə çatdırılmanı təşkil edə bilərsiniz, amma əminəm ki, bunu daha ucuza başa çatdıra bilərik”. 24 yanvar 2015-ci il tarixli e-mail yazışmasından görünür ki, İddiaçı mailto:president@crystalholding.azElektron ünvan e-mail ünvanına məktub göndərərək bildirmişdir ki, “Hörmətli Anar bəy, Globus Mərkəzinin işıqlandırılması və elliptik hesablama üçün yekun təklifi göndərirəm”. 02 fevral 2015-ci il tarixli e-mail yazışmasından görünür ki, İddiaçı mailto:president@crystalholding.azElektron ünvan e-mail ünvanına məktub göndərərək bildirmişdir ki, “Hörmətli Anar bəy, Globus Mərkəzinin işıqlandırılması və elliptik hesablama üçün yekun təklifi göndərirəm”. İddiaçı “Martini” S.p.A şirkətinin e-mail ünvanına göndərdiyi məktubdan görünür ki, İddiaçı “Martini” S.p.A şirkətinə müraciət edərək sifarişi ləğv etmək məcburiyyətində olduqlarını bildirmişdir. 02 mart 2015-ci il tarixli “Martini” S.p.A şirkətinin İddiaçı ünvanladığı e-mail yazışmasından görünür ki, “Martini” S.p.A şirkəti İddiaçı müraciət edərək layihə üzrə istehsala başlandığını, bu səbəbdən sifarişi ləğv edə bilməyəcəklərini bildirmişdir. 31 mart 2015-ci il tarixli “Martini” S.p.A şirkətinin ünvanladığı e-mail yazışmasından görünür ki, “Martini” S.p.A şirkəti avadanlıqların sifarişinə görə ödənilməli olan 262215,05 avronun ödənilməsini, ya da istehsalı üçün materialların alınması ilə bağlı hesablanmış 82750 avronun ödənilməsini, sonuncu məbləğin ödəniləcəyi halda sifarişin ləğv ediləcəyini bildirmişdir. 17 avqust 2015-ci il tarixli 1002 nömrəli "xxxx" MMC ilə “Lilo 1” SC arasında bağlanmış şirkətin gömrük anbar sahəsinə xidmət haqqında müqavilədən görünür ki, “Lilo 1” SC Tbilisi şəhəri, Yumaşev küçəsi, 14 nömrəli ünvanda yerləşən anbarı "xxxx" MMC-yə icarəyə verməyi, "xxxx" MMC isə anbardan istifadənin qarşılığında icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 10 fevral 2015-ci il tarixli çıxarışdan görünür ki, Madison Design LTD-nin “Bank of Latvia” adlı bankda yerləşən hesabından “Martini” S.p.A şirkətininin bank hesabına 262107,53 avro məbləğində pul köçürülmüşdür. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1 və 777.2-ci maddələrinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir, belə ki, İddiaçı iddia ərizəsində cavabdehlərdən Cavabdeh1 tapşırığı əsasında İtaliyanının “Martini” S.p.A şirkətindən işıq avadanlıqlarını sifariş etdiyini, bununla bağlı Dominikan Respublikasında yerləşən bank hesabından “Martini” S.p.A şirkətinə pul köçürdüyünü, həmin hesabın cavabdehlərə məxsus olduğunu bildirsə də, məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında tapşırıq münasibətlərinin məhz iddiaçı ilə Cavabdeh1 arasında yaranması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi, vəkilin izahatında cavabdehlərə məxsus bank hesabından “Martini” S.p.A şirkətinə pul köçürüldüyünü bildirsə də, həmin hesabın məhz Cavabdeh1 məxsusluğu ilə bağlı da sübut təqdim edilməmişdir. Məhkəmə digər Cavabdeh2 münasibətdə isə qeyd edir ki, iddiaçı iddia ərizəsində yalnız Cavabdeh1 ilə aralarında tapşırıq münasibətlərinin yarandığını, Cavabdeh2 isə sadəcə aparılan danışıqlarda iştirak etdiyini bildirmiş, məhkəmə isə bununla bağlı qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında hazırki tələblə bağlı ümumiyyətlə hər hansı münasibətlər yaranmadığından tələb Cavabdeh2 aid olan hissədə də rədd edilməlidir. Həmçinin məhkəmə cavabdehin nümayəndəsinin hazırki tələbə münasibətdə iddia müddətinin tədbiq edilməsi ilə bağlı qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi sübuta yetilmədiyinə görə iddia müddəti də mövcud olmayan tələbə tətbiq edilə bilməz. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçıdan alınmış puldan qaytarılmamış 103000 manatın və həmin məbləğə hesablanmış 7982,5 manat faizin, Gürcüstanda "xxxx" MMC-nin açılmasına görə, Gürcüstana 10 dəfə gediş-gəliş və orada yaşayış xərcləri üçün, kredit üzrə ödənilmiş faizlər və penyaya görə və Gürcüstanda 07.2015-ci il tarixdən-04.2022-ci il tarixədək icarə haqqına görə ödənilən cəmi 47562 ABŞ dollarının qətnamənin icra olunan anına manatın məzənnəsinə uyğun olaraq manatla və həmin məbləğə hesablanmış 6299 manat faizin cavabdehlərdən müştərək qaydada tutulması və iddiaçıya ödənilməsini, iddiaçı tərəfindən avadanlıqların qalıq dəyərinə görə Martini S.p.A -ya və avadanlıqların Gürcüstana göndərilmə xərcləri üçün ödənilən cəmi 85450 avronun avadanlıqların hazırkı dəyəri olan 62900 avro ilə əvəzləşdirməklə, həmin avadanlıqların iddiaçının mülkiyyətinə təhvil verilməsi; qalan 22550 avronun qətnamənin icra olunan anına manatın məzənnəsinə uyğun olaraq manatla və həmin məbləğə hesablanmış 3207 manat faizin cavabdehlərdən müştərək qaydada tutulması və iddiaçıya ödənilməsi, məhkəmə məsrəfləri olan-133 manat dövlət rüsumunun, 400 manat mediasiya xidmətinə görə ödənilmiş məbləğin və 300 manat hüquqi xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulmaqla iddiaçıya ödənilməsi tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçıdan alınmış puldan qaytarılmamış 103000 manatın və həmin məbləğə hesablanmış 7982,5 manat faizin, Gürcüstanda "xxxx" MMC-nin açılmasına görə, Gürcüstana 10 dəfə gediş-gəliş və orada yaşayış xərcləri üçün, kredit üzrə ödənilmiş faizlər və penyaya görə və Gürcüstanda 07.2015-ci il tarixdən-04.2022-ci il tarixədək icarə haqqına görə ödənilən cəmi 47562 ABŞ dollarının qətnamənin icra olunan anına manatın məzənnəsinə uyğun olaraq manatla və həmin məbləğə hesablanmış 6299 manat faizin cavabdehlərdən müştərək qaydada tutulması və iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən avadanlıqların qalıq dəyərinə görə Martini S.p.A-ya və avadanlıqların Gürcüstana göndərilmə xərcləri üçün ödənilən cəmi 85450 avronun avadanlıqların hazırkı dəyəri olan 62900 avro ilə əvəzləşdirməklə, həmin avadanlıqların iddiaçının mülkiyyətinə təhvil verilməsi, qalan 22550 avronun qətnamənin icra olunan anına manatın məzənnəsinə uyğun olaraq manatla və həmin məbləğə hesablanmış 3207 manat faizin cavabdehlərdən müştərək qaydada tutulması və iddiaçıya ödənilməsi, məhkəmə məsrəfləri olan-133 manat dövlət rüsumunun, 400 manat mediasiya xidmətinə görə ödənilmiş məbləğin və 300 manat hüquqi xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulmaqla iddiaçıya ödənilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar