Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3388/2025 05.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi üzrə pulun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, YXM-023/24 saylı xidmət müqaviləsinə əsasən, icraçı (iddiaçı) sifarişçinin (cavabdehin) sifarişi əsasında xidmətləri icra edərək sifariçiyə verməyi, sifarişçi isə həmin xidmətləri qəbul etdikdən sonra müqavilə məbləğini ödəməyi öhdəsinə götürür. Xidmət müqaviləsinin: 1.1. 1.2-ci bəndinə əsasən, xidmətin növləri, xidmət haqqı müqavilənin əlavəsi olan X1 ilə müəyyən edilir. 1.2. 2.1-ci bəndinə əsasən, Bu Müqaviləyə uyğun olaraq xidmət icraçı tərəfindən həyata keçirildikdən sonra X1 ilə müəyyən edilmiş qiymətə uyğun xidmət haqqının ümumi məbləği faktiki görülən xidmətin həcminə mütənasib olaraq hər ay üzrə xidmətlərin göstərilməsi ilə bağlı “Xidmətlərin göstərilməsinə dair AKT” tərtib edilərək müəyyən edilir. 1.3. 2.2-ci bəndinə əsasən, Tərəflər arasında xidmətlərin göstərilməsinə dair akt tərtib edilərək yazılı təsdiq edildikdən sonra xidmət İcraçı tərəfindən icra edilmiş hesab edilir. 1.4. 2.3-cü bəndinə əsasən, xidmətlərin göstərilməsinə dair akt tərəflər arasında yazılı təsdiq edildikdən sonra icraçı tərəfindən həmin Akt üzrə düzgün formada təqdim edilən elektron qaimə-faktura əsasında Sifarişçi tərəfindən 30 (otuz) iş günü ərzində Xidmətlərin dəyəri icraçının bu Müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilir.
2. Tərəflərin səlahiyyətli nümayəndələrinin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, YXM-023/24 saylı xidmət müqaviləsinə 1 saylı Əlavəyə görə (X1) inşaat sahəsində torpaq çıxarılması və yüklənməsi üzrə texnika xidmətinin göstərilməsinə görə aylıq xidmət haqqının (ƏDV xaric) 7000 manat (günlük – 250 manat, saatlıq – 27,77 manat məbləğində olmaqla) məbləğində olması razılaşdırılmışdır.
3. Tərəflərin səlahiyyətli nümayəndələrinin imzası və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmiş – 2024-cü ilin aprel ayı üzrə xx.xx.2024-cü il tarixli akt ilə (ƏDV xaric) 8555,56 manat məbləğində, 2024-cü ilin may ayı üzrə xx.xx.2024-cü il tarixli akt ilə (ƏDV daxil) 9112,21 manat, 2024-cü ilin iyun ayı üzrə xx.xx.2024-cü il tarixli akt ilə (ƏDV daxil) 9964,43 manat, 2024-cü ilin iyul ayı üzrə xx.xx.2024-cü il tarixli akt ilə (ƏDV daxil) 1475 manat məbləğində xidmətlərin yerinə yetirilməsi barədə “xidmətlərin təhvil-təslimi” barədə aktlar tərtib edilmişdir.
4. Təhvil-təslim aktlarına müvafiq olaraq tərtib edilmiş (ƏDV daxil) – 10095,56 manat pulun ödənilməsi barədə 10778062 saylı elektron qaimə, 9112,21 manat pulun ödənilməsi barədə 10379199 saylı elektron qaimə, 9964,43 manat pulun ödənilməsi barədə 10655100 saylı elektron qaimə və 1475 manat pulun ödənilməsi barədə 10884228 saylı elektron qaimə (qaimələr üzrə cəmi 30647,2 manat) cavabdehə göndərilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı 30647,20 manat əsas, həmin borca görə 1532,36 manat 5 % illik hesablanmış faiz məbləği, 320 manat vəkilə ödənilmiş xidmət haqqı, məhkəməyə ödənilmiş 187,50 manat dövlət rüsumu olmaqla, cəmi 32687,06 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında YXM-023/2024 nömrəli 01 aprel 2024-cü il tarixli xidmət müqaviləsi (bundan sonra-Müqavilə) bağlanmışdır. Sözügedən müqavilə və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Qeyd edilir ki, Müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş, iddiaçı müqavilədə nəzərdə tutulan xidmətləri icra etmiş, həmin xidmətlər tərəflər arasında xidmətlərin təhvil-təslim Aktı ilə təsdiq edilmişdir. Belə ki, tərəflər arasında 30 aprel 2024-cü il tarixli 8555,56 manat xidmət haqqı məbləğində, 31 may 2024-cü il tarixli 9112,21 manat, 30 iyun 2024-cü il tarixli 9964,43 manat, 31 iyul 2024-cü il tarixli 1475 manat xidmət haqqı məbləğində təhviltəslim aktları imzalanmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə iddiaçı tərəfindən elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında cavabdeh tərəfindən iddiaçıya ödəniş həyata keçirilməmişdir. Cavabdehə təqdim edilmiş elektron/hesab fakturada nəzərdə tutulmuş məbləğdən cavabdehin iddiaçıya 30647,20 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı MMC tərəfindən cavabdehə MT2405 №10778062 nömrəli, xx.xx.2024-cü il tarixli 8555 manat əsas, 1540,56 manat ƏDV olmaqla 10.095,56 manat dəyərində , MT2406 №10379199 nömrəli, xx.xx.2024-cü il tarixli 8850 manat əsas, 262,21 manat ƏDV olmaqla 9112,21 manat dəyərində, MT2407 №10655100 nömrəli, xx.xx.2024-cü il tarixli 7965 manat əsas, 1999,43 manat ƏDV olmaqla 9964,43 manat dəyərində MT2408 №10884228 nömrəli, xx.xx.2024-cü il tarixli, 1250 manat əsas 225 manat ƏDV olmaqla 1475 manat dəyərində elektron qaimələr vurulmuşdur. Həmin elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Odur ki 30647,20 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin cavabdeh tərəfindən borc vaxtında ödənilmədiyinə görə qanunverciliyə əsasən illik 5 %, yəni 30647,20 x 5% x 1 il = 1532,36 manat hesablanmış pul da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
8. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etmədiyindən MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
12. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.
21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
22. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilənin məzmununa ümumi anlamda əsasən onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlər daxildir. Eyni zamanda, hər bir sahəyə aid olan müqavilənin məzmununa həmin müqaviləyə aid olan özünəməxsus, yaxud elə xüsusi şərtlər daxil edilə bilər ki, müqavilənin əsas mahiyyəti həmin şərtlərdən asılı olar.
23. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, YXM-023/24 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında xidmətlərin icra edilərək sifariçiyə verilməsi, sifarişçinin isə həmin xidmətləri qəbul etdikdən sonra müqavilə məbləğini ödəməyi öhdəsinə götürməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Mübahisə iddiaçıya görə, yerinə yetirilmiş xidmətin haqqının cavabdeh tərəfindən ödənilməməsi ilə bağlıdır. İddiaçı göstərilən xidməti müqaviləyə uyğun yerinə yetirdiyini iddia edərək xidmət haqqının ödənilməsini cavabdehdən tələb edir.
24. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olmasının yoxlanılması üçün bu müqavilənin mühüm şərti kimi yerinə yetirilməli işlərin, yəni əvvəldə də qeyd edildiyi kimi inşaat layihəsi üzrə texnika xidmətinin göstərilib-göstərilməməsi, göstərildiyi halda xidmət haqqının cavabdeh tərəfindən ödənilməsi ilə bağlı məsələlərin müəyyən edilməsi mübahisənin düzgün həlli baxımından zəruridir. Bu şərtlərin yoxlanılması, eyni zamanda hər bir tərəfin öz öhdəliklərinin hansı həcmdə yerinə yetirilməsini də ehtiva edir. 24.1. Tərəflər arasında bağlanmış müqavilədə iddiaçı tərəfindən xidmətin görülməsinin təsdiqi bu barədə iki tərəfli Təhvil-təslim aktının tərtib edilməsi ilə şərtləndirilmişdir. Belə ki, müqavilənin 2.1, 2.2 və 2.3-cü bəndlərinə əsasən, Bu Müqaviləyə uyğun olaraq xidmət icraçı tərəfindən həyata keçirildikdən sonra o, X1 ilə müəyyən edilmiş qiymətə uyğun xidmət haqqının ümumi məbləğinə dair hər ay üzrə “Xidmətlərin göstərilməsinə dair AKT”ı tərtib edərək cavabdehə göndərir, cavabdeh tərəfindən həmin akt yazılı təsdiq edildikdən sonra xidmət İcraçı tərəfindən icra edilmiş hesab edilir. Xidmətlərin göstərilməsinə dair akt tərəflər arasında yazılı təsdiq edildikdən sonra icraçı tərəfindən həmin Akt üzrə düzgün formada təqdim edilən elektron qaimə-faktura əsasında Sifarişçi tərəfindən 30 (otuz) iş günü ərzində Xidmətlərin dəyəri icraçının bu Müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilir.
25. Müqavilənin qeyd edilən bəndlərindən də görünür ki, xidmətin göstərilməsi ilə bağlı iki tərəfli təhvil-təslim aktının tətib edilməsi iddiaçının öhdəliyinin icrası, təhvil-təslim aktı cavabdeh tərəfindən təsdiq edildikdən sonra elektron-qaimə faktura və digər təhvil-təslim sənədləri əsasında xidmətlərin dəyərinin tam hissəsinin ödənilməsi isə cavabdehin öhdəliyinin icrası məqamı kimi nəzərdə tutulmuşdur.
26. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə xidmətlərin göstərilməsi barədə xx.xx.2024-cü il tarixli akt ilə ƏDV xaric 8555,56 manat, xx.xx.2024-cü il tarixli akt ilə ƏDV daxil 9112,21 manat, xx.xx.2024-cü il tarixli akt ilə ƏDV daxil 9964,43 manat, xx.xx.2024-cü il tarixli akt ilə ƏDV daxil 1475 manat məbləğində olmaqla təhvil-təslim aktları tərtib edilmiş və tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. Həmin aktların tərtib edilməsi, yuxarıda şərh edilənlər əsasında iddiaçı tərəfindən öz öhdəliyini icra etməsi anlamına gəlməyə tam əsas verir.
27. Cavabdehin isə öhdəliyi həmin təhvil-təslim aktı və verilmiş elektron qaimə-faktura əsasında icra etməli olsa da, o, göstərilmiş xidmətə görə ödənişləri etməməklə öhdəlyini pozmuşdur. İş materiallarından da göründüyü kimi, 2024-cü ilin aprel, may, iyun və iyul ayları üzrə iddiaçı tərəfindən xidmətin göstərilməsi barədə aktları imzalansa da, eləcə də həmin xidmətin göstərilməsinin ödənişi ilə bağlı 10778062, 10655100, 10379199, 10884228 saylı elektron qaimə-fakturalar göndərilsə də (ödənişin təhvil-təslim aktı ilə bərabər elektron qaiməfaktura əsasında edilməli olması müqavilənin 2.3-cü bəndində şərt kimi nəzərdə tutulmuşdur), cavabdeh pulu ödəməməklə öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı həmin xidmətlər üzrə haqqı tələb etməkdə haqlıdır.
28. Məhkəmə hesab edir ki, iddia tələbi illik 5% nisbətində pulun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.
29. Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş məbləğə illik 5 % nisbətində hesablanmaqla 1031,6 manat, yəni xx.xx.2025-ci il tarixli akt üzrə gecikdirilmiş 1 il üzrə 320,81 manat, xx.xx.2024-cü il tarixli akt üzrə gecikdirilmiş 9 ay üzrə 341,76 manat, xx.xx.2024-cü il tarixli akt üzrə gecikdirilmiş 8 ay üzrə 332,16 manat, xx.xx.2024-cü il tarixli akt üzrə gecikdirilmiş 6 ay üzrə 36,88 manat məbləğində hesablanmaqla, cəmi 1031,6 manat) məbləğində tutulmalıdır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
31. İş materiallarına əlavə edilmiş ********** saylı ödəniş qəbzindən görünür ki, hüquqi xidmət göstərilməsi məqsədi ilə iddiaçı tərəfindən Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına hesabına 321 manat, işə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 187,50 manat (qəbz nömrəsi: **********) dövlət rüsumu ödənilmişdir.
32. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin və dövlət rüsumunun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh müqavilə üzrə əsas borcu ödəsə də, hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı iddiaçının çəkdiyi xərcləri ödəməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialından 30647,20 manat əsas, gecikdirilmiş borca illik 5% məbləğində hesablanmış 1031,6 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat xidmət haqqı və ödənilmiş 187,50 manat dövlət rüsumu olmaqla, cəmi 32186,3 (otuz iki min yüz səksən altı manat otuz qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı