Məhkəmə qərarları › İş №e-2-2(113)-3389/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3389/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3389/2023 31.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 43026,95 manat məbləğində müqavilə üzrə qalıq borc, 12908,09 manat məbləğində dəbbə pulu, mediasiya təşkilatına ödənilmiş 200 manat və 58 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMCnin ünvan 1 ünvanında yerləşən mağazasından bir sıra elektrik avadanlıqları və digər mal və materiallar alınmışdır. Həmin məhsulların dəyərinin bir qismi cavabdeh tərəfindən ödənilsə də, 43026,95 manat məbləğində borcu ödənilməmiş qalmışdır. xx.xx.2021-ci il tarixində tərəflər arasında bağlanmış A/27/9/A-21 saylı alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında mülki münasibətlər yaranmışdır. Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün xx.xx.2022-ci il tarixdə borcların üzləşdirilməsi barədə akt tərtib edilərək, borc öhdəliyinin miqdarı müəyyən edilmişdir. Həmin akta əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 43026,95 manat borcunun olması müəyyən edilmişdir. Müəyyən edilən borcun cavabdeh tərəfindən qısa müddətdə tam ödəniləcəyinə dair öhdəlik müəyyən edilsə də, bu günə kimi borc ödənilməmişdir. Borcun ödənilməsinə dair Cavabdeh MMCyə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində bildiriş məktubu göndərilərək, borcun qısa müddətdə ödənilməsinin təmin edilməsi xahiş edilmiş, əks halda məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi xəbərdarlıqda göstərilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə cavabdeghə pretenziya göndərilmişdir. Borc ödənilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq mediatora müraciət edilmiş, cavabdeh ilkin mediasiya sessiyasına da gəlməmişdir. Tərəflər arasında bağlanan müqavilənin 6.2-ci bəndinə əsasən alıcı malın satış dəyərini vaxtında ödəməzsə, satıcı gecikdirilmiş hər gün üçün 0,2 % dəbbə pulunu alıcıdan tələb edə bilər. Cərimə məbləği malların ümumi dəyərinin 30%-dən artıq ola bilməz. Gecikdirilmiş ümumi məbləğin günlük 0,2 faizi 86,06 manat təşkil edir. (43026,95 x 0.2 % = 86,06). Ümumilikdə isə gecikdirmə 17.03,2022-ci il tarixindən başlayır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi 403 gecikdirmə günləri müəyyən edilir: 403 x 86,06 = 34682,18. Ümumi borcun 30%-i isə 12908 manat təşkil edir. Göründüyü kimi, gecikmə günləri üzrə hesablanan cərimə məbləğ borcun 30%-dən çoxdur. Odur ki, əsas borcun 30 faizi məbləğində cərimə tələb edilir. Mediasiya ilə bağlı keçirilmiş mediasiya prosesinə görə də iddiaçı tərəfindən 200 manat, dövlət rüsumuna görə 58 manat məbləğində pul vəsaiti ödənilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.1, 445.2.1, 448, 449.1, 449.4, 450, 462-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, A/249/A-21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 göstərilən mal-materialları alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malların növləri, çeşidi, kəmiyyəti və qiyməti hər bir partiya üzrə ayrıca tərtib ediləcək və hər iki tərəfdən imzalanacaq müqavilənin ayrılmaz tərkib hissəsi olan X2, elektron qaiməfakturaya uyğun olaraq müəyyən ediləcəkdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, alıcının adı tərəflər arasındakı hesablaşma sənədlərində və yazışmalarında, habelə satıcının əməliyyat bazasında şərti olaraq Cavabdeh MMC kimi qeyd edilə bilər. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən alıcı malın satış dəyərini vaxtında ödəməzsə, satıcının gecikdirilmiş hər gün üçün 0,2 % dəbbə pulunu alıcıdan tələb etmək haqqı vardır və cərimə məbləği malların ümumi dəyərinin 30%-dən artıq olmamalıdır.

8. İddiaçı MMC və Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli borcların üzləşdirilməsi barədə aktdan görünür ki, Cavabdeh MMC-nin xx.xx.2021xx.xx.2022-ci il tarixləri üçün İddiaçı MMC-yə 43026,95 manat məbləğində borcunun olduğu aşkar edilmişdir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsinə dair elektron qaimələr göndərilmişdir.

10. xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli A/27/9/A-21 saylı müqaviləyə uyğun olaraq İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 108691,46 manat dəyərində xidmətlər və mallar satılmışdır. Göstərilmiş xidmətlər və alınmış malların dəyərindən 65664,51 manat ödənilmişdir. Hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə 43026,95 manat məbləğində borcu mövcutdur. Müqavilənin 6.2-ci bəndinə əsasən müqavilənin dəyəri vaxtında ödənilməzsə, gecikdirilmiş hər gün üçün ümumi məbləğin 0.2% həddində dəbbə pulu tələb edə bilər. Müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi gecikdirilmiş günlərin sayı 403 gün, hər gecikdirilmiş gün üçün dəbbə pulunun məbləği 86,06 manat, ümumilikdə isə 403 x 86,06 = 34682,18 təşki edir. Müqavilənin 6.3cü bəndinə əsasən cərimə ümumi məbləğin 30%-dən çox ola bilməz. Odur ki, dəbbə pulu 43026 manatın 30 % həddində, yəni 12908,09 manat məbləğində tələb edilir.

11. “X4 Azərbaycan” QSC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********54 ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı 18 saylı Mediasiya Təşkilatının AZ49AİİB400600D**********104 nömrəli hesabına 200 manat məbləğində ödəniş həyata keçirilmişdir.

12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin xx.xx.2022-ci il tarixədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

13. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları, o cümlədən tərəflər arasında bağlanmış borcların üzləşdirilməsi haqqında akt ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

17. İddia tələbini cavabdehdən 43026,95 manat məbləğində müqavilə üzrə qalıq borcun tutulması təşkil edir.

18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 43022,78 manat (qırx üç min iyirmi iki manat yetmiş səkkiz qəpik) məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır.

19. İddia tələbinin digər hissəsini cavabdehdən 12908,09 manat məbləğində dəbbə pulunun tutulması təşkil edir.

20. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, A/249/A-21 nömrəli alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən alıcı malın satış dəyərini vaxtında ödəməzsə, satıcı gecikdirilmiş hər gün üçün 0,2 % dəbbə pulunu alıcıdan tələb etmək haqqı vardır və cərimə məbləği malların ümumi dəyərinin 30%-dən artıq olmamalıdır.

21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

22. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 3000 (üç min) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

23. Eləcə də, iddiaçı ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 58 (əlli səkkiz) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

24. Məhkəmə hesab edir ki, 200 (iki yüz) manat mediasiya xərci və ödənilmiş tələblərin məbləğinə mütənasib dövlət rüsumunun əvəzi olaraq 47,72 manat (qırx yeddi manat yetmiş iki qəpik) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehndən 43022,78 manat (qırx üç min iyirmi iki manat yetmiş səkkiz qəpik) borc, 3000 (üç min) manat cərimə, 200 (iki yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 47,72 manat (qırx yeddi manat yetmiş iki qəpik) olmaqla, cəmi 46270,5 manat (qırx altı min iki yüz yetmiş manat əlli qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar