Məhkəmə qərarları › İş №e-2-2(113)-339/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-339/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-339/2023 23.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı xx.xx.2017-ci il tarixli 1053-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 10283 manat gecikdirilmiş borcun və hesablanmış 8512,44 manat cərimə borcunun, xx.xx.2019-cu il tarixli 958-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 290 manat gecikdirilmiş borcun və hesablanmış 297,54 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manatın, 200 manat mediasiyaya dair xərcinin, cəmi 19882,98 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı xx.xx.2017-ci il tarixli 1053-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 10283 manat gecikdirilmiş borcun və hesablanmış 8512,44 manat cərimə borcunun, xx.xx.2019-cu il tarixli 958-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 290 manat gecikdirilmiş borcun və hesablanmış 297,54 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manatın, 200 manat mediasiyaya dair xərcinin, cəmi 19882,98 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1053-GL/17 nömrəli və xx.xx.2019-cu il tarixli 958-GL/19 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 1053-GL/17 nömrəli müqavilə üzrə 10283 manat gecikdirilmiş borcu və hesablanmış 8512,44 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli 958-GL/19 nömrəli müqavilə üzrə isə 290 manat gecikdirilmiş borcu və hesablanmış 587,54 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/14-00110 nömrəli arayış tərtib edilmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc də iddiaçı tərəfindən ödənilib. Hesab edir ki, bu məbləğ də məhkəmə xərci kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda bildirir ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1053-GL/17 nömrəli və xx.xx.2019-cu il tarixli 958-GL/18 nömrəli lizinq müqavilələrindən görünür ki, "xxxx" ASC cavabdehə kənd təsərrüfatı texnikalarını satış dəyərinin bir hissəsi əvvəlcədən, qalan hissəsi tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. xx.xx.2022-ci il tarixli Maliyyə arayışlarından görünür ki, cavabdehin iddiaçıya olan borcu xx.xx.2017-ci il tarixli 1053-GL/17 nömrəli müqavilə üzrə 10283 manat gecikdirilmiş əsas borc və 8512,44 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli 958-GL/18 nömrəli müqavilə üzrə 290 manat gecikdirilmiş əsas borc və 297,54 manat cərimə borcu təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli 1053-GL/17 nömrəli və xx.xx.2019-cu il tarixli 958-GL/18 nömrəli lizinq müqavilələri bağlanmış və müqavilələrə əsasən "xxxx" ASC cavabdehə kənd təsərrüfatı texnikalarını satış dəyərinin bir hissəsi əvvəlcədən, qalan hissəsi tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəliklərin icra edilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən müqavilələrə əsasən müəyyən edilmiş qrafiklər üzrə ödənişlər edilməmişdir. Göründüyü kimi cavabdeh müqavilələr üzrə öhdəliylərini tam icra etməmişdir. Cavabdehin iddiaçıya olan borcu xx.xx.2017-ci il tarixli 1053-GL/17 nömrəli müqavilə üzrə 10283 manat gecikdirilmiş əsas borc və 8512,44 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli 958- GL/18 nömrəli müqavilə üzrə 290 manat gecikdirilmiş əsas borc və 297,54 manat cərimə borcu təşkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərinin ödənilməsi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan lizinqi müqaviləsinə istinad edir. Məhkəmə iclasında tədqiq olunan işin materiallarında olan sənədlərlə cavabdehin xx.xx.2017-ci il tarixli 1053-GL/17 nömrəli və xx.xx.2019-cu il tarixli 958-GL/18 nömrəli lizinq müqavilələri üzrə iddiaçıya olan gecikdirilmiş əsas borclar təsdiq olunduğundan həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqavilələrindən irəli gəlir. Belə ki, müqavilələrin 4.2-ci bəndinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləğləri yaranmış borc məbləğlərinə görə tənasübsüz surətdə yüksək məbləğlər olduğundan, onların məbləğlərini azaldaraq xx.xx.2017-ci il tarixli 1053-GL/17 nömrəli müqavilə üzrə 500 manat, xx.xx.2019-cu il tarixli 958-GL/18 nömrəli müqavilə üzrə 10 manat hədlərində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə 300 manat Bakı şəhər 5 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 300 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 200 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 149,05 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 57,83 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 137,15 manat (200 manat (mediasiya xərci) – 62,85 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 137,15 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il tarixli 1053-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 10283 manat gecikdirilmiş borc və 500 manat cərimə, xx.xx.2019-cu il tarixli 958-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 290 manat gecikdirilmiş borc və 10 manat cərimə, hüquqi yardımla bağlı 300 manat, 137,15 manat mediasiyaya dair xərci, cəmi 11520,15 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli 1053-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 10283 manat gecikdirilmiş borc və 500 manat cərimə, xx.xx.2019-cu il tarixli 958-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 290 manat gecikdirilmiş borc və 10 manat cərimə, hüquqi yardımla bağlı 300 manat, 137,15 manat mediasiyaya dair xərci, cəmi 11520,15 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar