Məhkəmə qərarları › İş №e-2-2(113)-3396/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3396/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3396/2021 23.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 14/20 saylı, 01 aprel 2020-ci il tarixli “Alqı-satqı müqaviləsinin” 08 saylı, 27 oktyabr 2020-ci il tarixli, 09 saylı, 03 fevral 2021-ci il tarixli və 11 saylı, 26 aprel 2021-ci il tarixli “Əlavə Razılaşma” ları üzrə ödəməli olan 56.481,86 manat borcun 14/20 saylı 01 aprel 2020-ci i tarixli alqı-satqı müqaviləsinin 08 saylı, 27 oktyabr 2020-ci il tarixli, 09 saylı 03 fevral 2021-ci il tarixli, 10 saylı, 03 fevral 2021-ci il tarixli və 11 saylı 26 aprel 2021-ci il tarixli “Əlavə Razılaşma”ları üzrə gecikdirilmiş müddət ərzində 2.090,77 manat faiz borcu və dövlət büdcəsinə ödənilmiş 30,40 manat dövlət rüsumu ümumilikdə 58.603,03 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 14/20 saylı, 01 aprel 2020-ci il tarixli “Alqı-Satqı Müqaviləsi” bağlanmışdır. Tərəflər arasında bağlanmış 14/20 saylı, 01 aprel 2020-ci il tarixli “Alqı-Satqı Müqaviləsi”nin 1.1, 2.1, 2.2, 4.1, 4.2, 5.1,5.2 və 8-ci bəndlərinə əsasən bu Müqavilə üzrə “Satıcı” “Alıcı”ya X1 göstərilən Malları (mərmər və qranit) bu Müqavilənin şərtlərinə əsasən satır, “Alıcı” isə həmin Malları alır və razılaşdırılmış məbləği Müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. “Satıcı” Malları müvafiq sənədlərlə, elektron-qaimə faktura və hesab faktura ilə birgə “Alıcı”ya təhvil verir. Təhvil-təslim tərəflərin səlahiyyətli şəxsləri tərəfindən müvafiq sənədləri imzalanmaqla rəsmiləşdirilir. Çatdırılma mal sifarişi verildikdən sonra 15 gün ərzində həyata keçirilir. Müqavilənin ümumi məbləği X1 göstərilir. Müqavilə üzrə ödənişlər X3 “Alıcı”ya təqdim edildikdən sonra 70% (yetmiş faiz) avans formasında, qalan məbləğ mal təhvil verildikdən sonra 5 (beş) iş günü ərzində “Satıcı”-nın bu Müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Bu Müqavilədə nəzərdə tutulmuş öhdələklərin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsi hallarında təqsirli tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, zəzərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə məsuliyyət daşıyır. Cavabdehin iddaıçıya hal-hazırda borcu 56.481,86 manat təşkil edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 aprel 2020-ci il tarixli 14/20 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdeh) X1 göstərilən malları (mərmər və qranit) bu müqavilənin şərtlərinə əsasən satır. Alıcı isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Müqavilənin 2-ci bəndinə əsasən satıcı malları müvafiq sənədlərlə, elektron – qaimə faktura və hesab-faktura ilə birgə alıcıya təhvil verir. Təhvil-təslim tərəflərin səlahiyyətli şəxsləri tərəfindən müvafiq sənədlərlə imzalamaqla rəsmiləşdirilir. Çatdırılma mal sifariş verildikdən sonra 15 gün ərzində həyata keçirilir. Müqavilənin 4-cü bəndinə əsasən müqavilənin ümumi məbləği X1 göstərilib. Müqavilə üzrə ödənişlər X3 alıcıya təqdim edildikdən sonra 70 % avans formasında, qalan məbləğ mal təhvil verildikdən sonra 5 iş günü ərzində satıcının bu Müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin tərkib hissələri olan 18.05.2020-ci il tarixli Müqaviləyə 1 nömrəli əlavə razılaşmaya əsasən tərəflər 7080 manat, 05.06.2020-ci il tarixli Müqaviləyə 2 nömrəli əlavə razılaşmaya əsasən 51718,90 manat, 27.11.2020-ci il tarixli Müqaviləyə 3 nömrəli əlavə razılaşmaya əsasən 51712,23 manat, 30.09.2020-ci il tarixli Müqaviləyə 5 nömrəli əlavə razılaşmaya əsasən 14160 manat, 07.10.2020-ci il tarixli Müqaviləyə 6 nömrəli əlavə razılaşmaya əsasən 12981,18 manat, 07.10.2020-ci il tarixli Müqaviləyə 7 nömrəli əlavə razılaşmaya əsasən 2160,49 manat, 27.11.2020-ci il tarixli Müqaviləyə 8 nömrəli əlavə razılaşmaya əsasən 49889.36 manat, 03.02.2021-ci il tarixli Müqaviləyə 9 nömrəli əlavə razılaşmaya əsasən 42159,72 manat, 03.02.2021-ci il tarixli Müqaviləyə 10 nömrəli əlavə razılaşmaya əsasən 1822,86 manat, 26.04.2021-ci il tarixli Müqaviləyə 11 nömrəli əlavə razılaşmaya əsasən 820,81 manat məbləğində malın alqı-satqısı barədə razılığa gəlmişlər. 18.05.2020-ci il tarixli 1 nömrəli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən 01.04.2020-ci il tarixli 14/20 saylı müqavilənin şərtlərinə uyğun olaraq EBAK 057304 saylı elektron qaiməyə əsasən 7080 manat, 10.06.2020-ci il tarixli 2 nömrəli təhvil-təslim aktına əsasən EBAK 962570 saylı elektron qaiməyə əsasən 24120,62 manat, 10.06.2020-ci il tarixli 3 nömrəli təhvil-təslim aktına əsasən EBAK 963172 saylı elektron qaiməyə əsasən 5087,22 manat, 30.09.2020-ci il tarixli 4 nömrəli təhvil-təslim aktına əsasən EBAQ 646009 saylı elektron qaiməyə əsasən 5900 manat, 30.09.2020-ci il tarixli 5 nömrəli təhvil-təslim aktına əsasən EBAQ 645916 saylı elektron qaiməyə əsasən 14160 manat, 07.10.2020-ci il tarixli 6 nömrəli təhvil-təslim aktına əsasən EBAQ 12981,18 saylı elektron qaiməyə əsasən 12981,18 manat, 07.10.2020-ci il tarixli 7 nömrəli təhvil-təslim aktına əsasən EBAQ 925404 saylı elektron qaiməyə əsasən 2160,49 manat, 27.11.2020-ci il tarixli 8 nömrəli təhvil-təslim aktına əsasən EBAK 172095 saylı elektron qaiməyə əsasən 49889,36 manat, 03.02.2021-ci il tarixli 9 nömrəli təhvil-təslim aktına əsasən EBAW 978688 saylı elektron qaiməyə əsasən 42159,72 manat, 03.02.2021-ci il tarixli 10 nömrəli təhvil-təslim aktına əsasən EBAW 979022 saylı elektron qaiməyə əsasən 1822,86 manat, 26.04.2021-ci il tarixli 11 nömrəli təhvil-təslim aktına əsasən EBBA 751115 saylı elektron qaiməyə əsasən 820,81 manat məbləğində mallar cavabdehə təhvil verilmişdir. 21.06.2021-ci il tarixli Rabitəbank tərəfindən verilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçı alqı-satqı müqaviləsi üzrə 08.05.2020-ci ildə 6000 manat, 08.06.2020-ci ildə 5000 manat, 15.07.2020-ci ildə 13000 manat, 17.08.2020-ci ildə 10000 manat, 20.08.2020-ci ildə 5000 manat, 22.09.2020-ci ildə 12000 manat, 04.12.2020-ci ildə 27966,44 manat, 30.12.2020-ci ildə 5000 manat, 05.02.2021-ci ildə 5000 manat, 01.06.2020-ci ildə 4000 manat məbləğində pul ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı 14/20 saylı, 01 aprel 2020-ci il tarixli “Alqı-satqı” Müqaviləsinə əsasən cavabdehin ona 47.866,50 manat əsas və 8615,97 manat ƏDV borcunun olduğunu bildirərək borcun 3 iş günü ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01 aprel 2020ci il tarixli 14/20 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 56481,86 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 56481,86 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən borcun gecikdirilməsinə görə 2.090,77 manat məbləğində faiz borcunun ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə hesab edir ki, bu hissədə iddia təmin edilməməlidir. Belə ki, Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən əldən çıxmış fayda kimi 2090,77 manat pul tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi cavabdehə, 5 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən əsas borc üzrə 56481,86 manat (əlli altı min dörd yüz səksən bir manat səksən altı qəpik) məbləğində əsas borc və 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar