Məhkəmə qərarları › İş №e-2-2(113)-3399/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3399/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3399/2025 22.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15850,10 (on beş min səkkiz yüz əlli mаnаt on qəpik) əsas borc və 2853,02 (iki min səkkiz yüz əlli üç mаnаt iki qəpik) ədv, ümumilikdə 18703,12 (on səkkiz min yeddi yüz üç manat on iki qəpik) manat və hazırki iddia ərizəsinə görə ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 164/23 saylı müqavilə üzrə 15850,10 (on beş min səkkiz yüz əlli mаnаt on qəpik) əsas məbləğ və 2853,02 (iki min səkkiz yüz əlli üç mаnаt iki qəpik) ədv cəmi 18703,12 (on səkkiz min yeddi yüz üç manat on iki qəpik) manat ödənilməmiş borc mövcuddur. Cavabdehə müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni İddiaçıya olan qalıq borcunun ödənilməsi məqsədilə bildiriş/pretenziya göndərilsə də, iddiaçıya olan borcun ödənilməsi təmin edilməmişdir. Bu səbədən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən, alıcı aldığı malın dəyərini malı aldığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq satıcıya ödəməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.Əmirov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 164- 23 nömrəli müqavilənin 1.1-ci bəndinə görə satıcı tikinti materialları satır, alıcı isə həmin tikinti materiallarını təhvil almağı və dəyərini vaxtında ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 2.1-ci bəndinə görə alıcı 1 həftə əvvəlcədən alacağı tikinti materiallarının ölçülərini və miqdarını satıcıya bildirir. Sonradan alıcı alınacaq malların qiymət razılaşması prokolu əsasında dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 01 saylı Əlavəsində satılacaq malların adı, qiyməti razılaşdırılmışdır.

10. İş materiallarında olan ödəniş sənədlərinə görə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2024-cü il tarixdə 2526,30 manat, xx.xx.2024cü il tarixdə 6423,20 manat, xx.xx.2024-cü il tarixdə 699 manat, xx.xx.2024-cü il tarixdə 10000 manat, xx.xx.2024-cü il tarixdə 6724,60 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2025-ci il tarixdə 2000 manat, ümumilikdə 40373,10 manat məbləğində ödəniş olunmuşdur.

11. 25.07.2024-cü il tarixli üzləşmə aktına görə cavabdehin iddiaçıya borcu 23850,1 manat təşkil edir.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBEB 688216 nömrəli 15295,63 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDZ 483307 nömrəli 2095,68 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDZ 482930 nömrəli 10649,03 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDY 878622 nömrəli 13281,37 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 005052 nömrəli 7579,38 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2401 00088788 nömrəli 824,82 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDV 828081 nömrəli 8037,81 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDV 172939 nömrəli 7701,03 manat məbləğində elektron qaimə-fakturalar (ümumilikdə 65464,75 manat) təqdim olunmuşdur.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 164-23 alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 65464,75 manat dəyərində malları alıcıya təhvil vermiş, alıcı həmin malların müqabilində ümumilikdə 40373,10 manat əsas borc, 6388,53 manat ƏDV ödəmiş, qalıq borc ödənilməmişdir.

25. Hazırda iddiaçı cavabdehdən yaranmış 15850,10 manat əsas borc, 2853,02 manat ƏDV borcunun ödənilməsini tələb etməklə haqlıdır.

26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ümumilikdə 18703,12 manat (ƏDV daxil olmaqla) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 146,11 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 15850,10 manat əsas borc, 2853,02 manat ƏDV, 146,11 manat dövlət rüsumu, ümumilikdə 18849,23 (on səkkiz min səkkiz yüz qırx doqquz manat iyirmi üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar