Məhkəmə qərarları › İş №e-2-2(113)-34/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-34/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-34/2021 05.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının qanuni təmsilçisi X9, cavabdehin nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3, cavabdehin vəkili X5, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC) qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdehlər “X17 Abwassertechnık GMBH” şirkətinin Azərbaycan Respublikasındakı filialına və “R+R İNC” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xxxx” Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs olmaqla iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, müqavilə üzrə ödənilməli olan 1.049.251 ABŞ dolları və gecikdirilməyə görə bank uçot dərəcəsinə uyğun olaraq 266.092 ABŞ dolları məbləğində pulun cavabdeh “R+R İNC” MMC-dən tutularaq “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsini, vurulmuş mənəvi zərərə görə 50.000 ABŞ dolları məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər “R+R İNC” MMC və “X19 X18 Echnık GMBH” şirkətinin Azərbaycan Respublikasındakı fililalından müştərək qaydada tutularaq “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu su təchizatı və kanalizasiya xəttinin çəkilməsi işlərinin aparılması məqsədilə Almaniya Respublikasının “X19 X18 Echnik GMBH” şirkətinin Azərbaycan Respublikasındakı fililalı ilə Türkiyə Respublikasının “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında Qəbələ Rayon Su Təchizatı və X12 Sistemi üzrə B/7460/LV/008/129 saylı 23.01.2015-ci il tarixli Subpodrat müqaviləsi bağlanmışdır. Göstərilən subpodrat müqaviləsinə əsasən Qəbələ rayonu su təchizat və kanalizasiya xəttinin çəkilməsi işləri Türkiyə Respublikasının “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına həvalə edilmişdir. Müqaviləyə əsasən görüləcək işlərin dəyəri 28.352.148 ABŞ dolları təşkil etmiş və həmin məbləğin faizi nəzərə alınaraq bütün subpodratçı işlərinin icrası və tamamlanması üçün müqavilə qiyməti 25.233.412 ABŞ dolları hesablanmışdır. 10.07.2015-ci il tarixdə İddiaçınin Azərbaycan Respublikasındakı filialı ilə “R+R İNC” MMC arasında bağlanmış müqaviləyə əsasən baş podratçı “X19 X18 Echnik GMBH” şirkəti və subpodratçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasındakı qarşılıqlı razılığa əsasən MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR filialı su çəkilişi və kanalizasiya tikintisi işlərinin görülməsi barədə subpodrat müqaviləsi üzrə öz hüquqlarını və öhdəliklərini “R+R İNC” MMC-yə əvəzi ödənilməklə güzəşt etmişdir. Qeyd edilən müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən həmin müqavilənin 1.1-ci bəndində göstərilən güzəştin dəyəri olaraq “R+R İNC” MMC 2.000.000 ABŞ dolları məbləğində pulu avans faizinə uyğun olaraq 12 ay müddətində bərabər bölünmə nisbətində nağd və ya bank köçürülməsi yolu ilə MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına ödəməli idi. Cavabdeh “R+R İNC” MMC tərəfindən müqavilənin şərtləri qismən icra olunaraq, sonuncu ödəniş tarixi 07.09.2019-cu il tarixi olmaqla hissə-hissə şəklində 950.749 ABŞ dolları MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilmiş, qalan 1.049.251 ABŞ məbləğində pul isə bu günə kimi ödənilməyərək müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Bununla bağlı cavabdehlərə dəfələrlə məhkəmədən kənar (pretenziya qaydasında) müraciət olunaraq müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunmuş, lakin tələbləri hər dəfə müxtəlif bəhanələrlə icra edilməmişdir. Qeyd edirlər ki, bundan öncə 2017-ci ildə cavabdehlərə qarşı hazırkı iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuş, lakin sonradan iddia ərizəsi baxılmadan saxlanılmışdır. 10.07.2016-cı il tarixdən hesablanmaqla gecikdirilmiş günlərin sayı 04.07.2019-cu il tarixinə 1.089 gün təşkil edir. Belə olan təqdirdə AR Mərkəzi Bankının hazırkı gün üçün müəyyən etdiyi illik 8,5 %-lik uçot faiz dərəcəsi nəzərə alınmaqla müqavilə üzrə ödənilməli olan 1.049.251 ABŞ dolları məbləğində pul vəsaitinə görə hesablanacaq faizin ümumi məbləği (1.049.251 ABŞ $ X 8.5% uçot dərəcəsi : 365gün X 1089gün) 266.092 ABŞ dolları təşkil edir. Hesab edirlər ki, qanunverciyin yuxarıda sadalanan maddələrinin tələbinə əsasən cavabdeh “R+R İNC” MMC 10.07.2015-ci il tarixli müqavilə üzrə ödəməli olduğu 1.049.251 ABŞ dolları məbləğində puldan əlavə, həmin məbləğin gecikdirilməsinə görə hesablanmış 266.092 ABŞ dolları məbləğində pulu da MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına ödəməlidir. Bundan başqa hesab edirlər ki, iş üzrə digər cavabdeh “X19 X18 Echnik GMBH” şirkətinin Azərbaycan Respublikasındakı fililalı “R+R İNC” MMC ilə İddiaçınin Azərbaycan Respublikasındakı filialı su çəkilişi və kanalizasiya tikintisi işlərinin görülməsi subpodrat müqaviləsi üzrə “X19 X18 Echnik GMBH” şirkətinin MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin subpodrat müqaviləsi üzrə özü hüquq və vəzifələrini “R+R İNC” MMC-yə ötürülməsinə razılıq vermiş şəxs olduğundan və həmçinin görülmüş işlərə bilavasitə cavabdeh şəxs olduğundan, “R+R İNC” MMC üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyinə və nəticədə MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının işgüzar nüfuzuna böyük ziyan vurulduğuna görə 50.000 ABŞ dolları məbləğində pul vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iki cavabdehdən müştərək qaydada tutulmaqla iddiaçıya ödənilməlidir. Bundan sonra İddiaçınin Azərbaycan Respublikasındakı filialı iddiaçının əsl iddiaçı, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, İddiaçınin Azərbaycan Respublikasındakı filialı əsl İddiaçı ilə əvəz edilməsini, cavabdeh “R+R İNC” MMC-nin əsl Cavabdeh MMC ilə əvəz edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.10.2019-cu il tarixli qərardadları ilə İddiaçınin Azərbaycan Respublikasındakı filialının əsl iddiaçı MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti ilə, cavabdeh “R+R İNC” MMC isə əsl Cavabdeh MMC ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməli olan 1.049,251 ABŞ dolları, həmin məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq 289.305 ABŞ dolları, işgüzar nüfüza vurulmuş zərərin əvəzi olaraq 50.000 ABŞ dolları olmaqla, cəmi 1.388.556 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 12 fevral 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materialları ilə tanış olan zaman məlum oldu ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Almaniya Respublikasının “X17 Abwassertechnik GMBH” şirkətinin Azərbaycan Respublikasındakı fililalı ilə Türkiyə Respublikasının MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında 23.01.2015-ci il tarixli subpodrat müqaviləsi bağlanarkən, MGH şirkəti PWT şirkətinə zəmanət vermişdir ki, o, səlahiyyətli qurumları və mühəndisi MGH şirkətinin lisenziya olmadan və ya lisenziya əldə edərək işləməsini qəbul etməyə inandırmaqla, işlərin həyata keçirilməsi və mühəndisdən zəruri razılığın alınması üçün hüquqi statusa malik olmaq məsələsinə diqqət yetirəcəkdir. Lakin işlər üzrə subpodrat müqaviləsinin imzalanmasından sonra bəlli olmuşdur ki, işlərin yerinə yetirilməsi üçün MGH şirkəti lisenziya almalıdır. 10 mart 2015-ci il tarixində PWT tərəfindən ilk dəfə dərc olunmuş və 24 mart, sonradan 1 iyul tarixlərində yenilənmiş, Qəbələ layihəsi üzrə MGH və PWT şirkətlərinin ümumi vəzifələrinin siyahısında bu məsələ öz əksini tapmışdır. MGH şirkəti 13 may 2015-ci il tarixdə PWT şirkətinə məktub yazaraq lisenziya alacaqlarını bildirmişdir. Amma həmin tarixdə sonrakı müddətdə də lisenziya alınmamışdır. Bu kimi səbəblərdən də MGH subpodratçı qismində öz üzərinə düşən müqavilə öhdəliklərini icra etmək üçün ilkin şərtləri bilərəkdən yerinə yetirmədiyindən 15 iyul 2015-ci il tarixli məktubunda tərəflər arasında 23 yanvar 2015-ci il tarixində imzalanmış “Qəbələ rayonunda X6 və kanalizasiya kollektorlarının tikintisi” üçün DB/7460/LV/008/129 saylı Müqavilə əsasında İşlər üzrə Subpodrat müqaviləsinə xitam vermişdir və “X17 Abwassertechnik GMBH" şirkəti normativ-hüquqi tələblərin yerinə yetirilm'əməsinə görə MGH şirkətinin suıbpodratçılığa verilən işləri icra etmək qabiliyyətində olmaması faktından irəli gələn bütün itkiləri və zərərləri həmin şirkətdən tələb etmək hüququnu özündə saxlamışdır. Yuxarıda göstərilənlər iddiaçıya məlum olduğu halda iddiaçı MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı PWT şirkətinin razılığı olmadan 10.07.2015ci il tarixdə “R+R İNC" MMC ilə müqaviləyə bağlayaraq Baş podratçı “X17 Abwassertechnık GMBH" şirkəti və subpodratçı MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasındakı qarşılıqlı razılığa əsasən su çəkilişi və kanalizasiya tikintisi işlərinin görülməsi barədə subpodrat müqaviləsi üzrə öz hüquqlarını və öhdəliklərini “R+R İNC" MMC-yə əvəzi ödənilməklə güzəşt etdiyini göstərmişdir. Tərəflər arasında bağlanmış müqavilədən də görünür ki, MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı “R+R İNC" MMC ilə tələbin güzəşti müqaviləsi bağlamışdır. Lakin əslində iddiaçı bu müqaviləni xidmət göstərmək adı ilə “R+R İNC" MMC-ni aldadaraq bağlamışdır. Halbuki, MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin belə hüququ olmamışdır. Belə ki, “X17 Abwassertechnık GMBH" şirkəti və subpodratçı MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti ilə arasındakı bağanmış subpodrat müqavilənin 9.2-ci bəndinə əsasən tərəflərdən heç biri hazırkı müqavilə üzrə hüquq və vəzifələrini, digər tərəfin əvvəlcədən yazılı razılığı olmadan, digər tərəfə güzəşt edə və ya ötürə bilməzdi. İşin materiallarından görünür ki, baş podratçı “X17 Abwassertechnik GMBH” şirkəti tərəfindən subpodratçı MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin öz hüquq və vəzifələrini, digər tərəfə güzəşt etməsinə dair müqavilə bağlamasına yazılı razılıq verilməmişdir. Bu fakt baş podratçının iş materiallarında olan etirazında da əks edilmişdir. Bundan əlavə, işin materiallarından görünür ki, “X17 Abwassertechnık GMBH" şirkəti və subpodratçı MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinə 23 iyul 2015-ci il tarixli bildiriş göndərməklə onunla imzalanmış subpodrat müqaviləsinə xitam vermiş və sonradan “R + R İNC” MMC ilə 11 avqust 2015-ci il tarixdə sobpodrat müqaviləsi-2 imzalamışdır. Göründüyü kimi, “X17 Abwassertechnık GMBH" şirkəti və subpodratçı MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti bağlanmış Subpodrat müqaviləsi artıq hüquqi qüvvəyə malik deyildir. Belə olan halda hazırda hüquqi qüvvəyə malik olmayan müqavilə əsasında bağlanmış MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə “R+R İNC" MMC arasında bağlanmış, su çəkilişi və kanalizasiya tikintisi işlərinin görülməsi ilə bağlı subpodrat müqaviləsi üzrə öz hüquqlarını və öhdəliklərini “R+R İNC" MMC-yə əvəzi ödənilməklə güzəşt edilməsinə dair 10.07.2015-ci il tarixli müqavilə də hüquqi qüvvəsi olmamaqla heç bir hüquqi əhəmiyyətə malik deyildir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış 10.07.2015-ci il tarixli müqavilə əsassız və qanunsuz olmuşdur, yəni əhəmiyyətsiz əqddir, heç bir hüquqi nəticə yaratmır və iddiaçının cavadehi aldadaraq ondan güzəşt müqaviləsi üzrə almağa nail olduğu 950.749 ABŞ dollarının geri qaytarılmasına dair iddia qaldırılacaqdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının qanuni təmsilçisi X13 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X7, və X8 və cavabdehin vəkili X10 məhkəmə iclasında iddiaya etirazın məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin vəkili X10 məhkəmə iclasında iddiaya etirazı müdafiə edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X4 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - “X17 Abwassertecnik GmbH Şirkəti (baş podratçı) və “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR Filialı (subpodratçı) arasında bağlanmış Qəbələ rayonunda X6 və Kanalizasiya Kollektorlarının Tikintisi üçün DB/7460/LV/008/129 saylı müqavilə əsasında işlər üzrə 23.01.2015-ci il tarixli subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən müəyyən edilir ki, AR Qanunvericiliyinə uyğun olaraq müvafiq surətdə təsis edilmiş və fəaliyyət göstərən “xxxx” ASC (sifarişçi) ilə baş podratçı “X17 Abwassertecnik GmbH Şirkəti arasında “Qəbələ rayonunda X6 və Kanalizasiya Kollektorlarının Tikintisi üçün DB/7460/LV/008/129 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən sifarişçi Azərbaycan Respublikası, Qəbələ şəhərində X6 və kanalizasiya kollektorlarının tikintisini baş podratçıya podratçılığa vermişdir. Baş podratçı subpodratçı ilə təzminat sazişinə əsasən subpodratçını, əsas müqavilədə göstərilən müəyyən işlər, malların çatdırılması və xidmətlərin yerinə yetiriməsinə cəlb etmək niyyətindədir və subpodratçı qeyd edilən işləri yerinə yetirməyə, həyata keçirməyə və icra etməyə razılaşır. Müqavilənin: 3.1-ci bəndinə əsasən baş podratçı subpodratçıya müstəsna olaraq subpodratçılığa verilən işlər üzrə səfərbərlik xərcləri üçün nəzərdə tutulmuş, 1 milyon ABŞ dolları məbləğində avans ödənişini, əlavə 5-in şərtlərini və müddəalarını nəzərə almaqla, yalnız subpodratçı tərəfindən şərtsiz bank zəmanəti təqdim edildikdən sonra təqdim edə bilər. Ödəniş baş podratçı tərəfindən bank zəmanəti alındıqdan sonra 7 iş günü ərzində həyata keçirilir. 3.2-ci bəndinə əsasən subpodratçı 1-ci əlavədə göstərilən qiymətlərin 89%-nə bərabər olan qiymətə subpodratçılığa verilən işləri yerinə yetirir. 9.2-ci bəndinə əsasən tərəflərdən heç biri, hazırkı müqavilə üzrə öz hüquq və vəzifələrini, digər tərəfin əvvəlcədən yazılı razılığı olmadan, digər tərəfə güzəşt edə və ya ötürə bilməz. - “R+R İNC” MMC (güzəşt alan) ilə “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR Filialı (güzəşt edən) arasında 10.07.2015-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən baş podratçı “X17 Abwassertecnik GmbH Şirkəti və subpodratçı MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR Filialı arasındakı qarşılıqlı razılığa əsasən MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR Filialı su çəkilişi və kanalizasiyasının tikintisi işlərinin görülməsi barədə subpodrat müqaviləsi üzrə öz hüquq və öhdəliklərini “R+R İNc” MMC-yə əvəzi ödənilməklə güzəşt etmişdir. Həmin müqavilənin: 2.1-ci bəndinə görə güzəşt alan hazırkı müqavilənin 1.1-ci bəndində göstərilmiş hüquqların dəyəri olaraq güzəşt edənə 2.000.000 ABŞ dolları ödəyir. 2.2-ci bəndinə görə “R+R İNC” MMC avans aldıqda, verilmiş avansın faizinə uyğun olaraq avans ödəyir və qalan hissəni isə 12 ay müddətində bərabər bölünmə nisbətində nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir. - Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, “R+R İNc” MMC adı dəyişdirilmişdir. Hüquqi şəxsin hazırkı adı Cavabdehxxxx“X17 Abwassertecnik GmbH Şirkətinin İddiaçınin AR Filialına ünvanlanmış 23.07.2015-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Qəbələ layihəsində İddiaçınin AR Filialının subpodratçı qismində çalışması üçün mühəndisdən razılıq, eləcə də işlərin yerinə yetirilməsi üçün lisenziya alınmamışdır. Nəticə etibarilə, “X17 Abwassertecnik GMBH” Şirkəti İddiaçınin AR Filialının subpodratçı qismində müqaviləni pozduğunu hesab etmiş və aralarında bağlanmış DB/7460/LV/008/129 saylı müqaviləyə xitam vermişdir. - “X17 Abwassertecnik GmbH Şirkəti (əsas podratçı) və “R+R İNC” MMC (subpodratçı) arasında Qəbələ rayonunda X6 və Kanalizasiya Kollektorlarının Tikintisi üçün DB/7460/LV/008/129 saylı müqaviləyə əsasən 11.08.2015-ci il tarixli GAB-15-102 saylı subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə görə işlər üzrə bu subpodrat müqavilə şərtlərinə əsasən, əsas podratçı aşağıda göstərilən müqavilə sənədlərində müəyyənləşdirilən və əks olunan bütün işlər və xidmətləri yerinə yetirməyi təyin etməyi və subpodratçı isə həmin işləri yerinə yetirməyi üzərinə götürmüşdür. 3.1-ci bəndinə əsasən əsas podratçı 3 saylı əlavədə göstərilən şərtlərə əsasən, əsas podratçının birinci dərəcəli beynəlxalq bank tərəfindən verilən qeyd –şərtsiz və ilkin tələbli bank zəmanətinin subpodratçı tərəfindən təmin olunmasından sonra 1.000.000 ABŞ dolları məbləğində subpodrat işləri ilə əlaqəli mobilizasiya xərcləri üçün müstəsna şəkildə subpodratçıya avans ödənişi edə bilər. Ödəniş əsas podratçı tərəfindən bank zəmanətinin qəbulundan sonra 14 iş günü ərzində edilir. 3.2-ci bəndinə görə subpodratçı sifarişçi tərəfindən əsas podratçıuya ödəniləcək xalis ödənişin 97 faizinə bərabər qiymətə subpodrat işlərini əsas podratçı üçün yerinə yetirəcəkdir. Xalis ödəniş sifarişçinin məsləhətçi şirkəti tərəfindən avans ödənişinin geri qaytarılması və keyfiyyət zamanəti üçün tutulmaların çıxılmasından sonra təsdiqlədiyi ödəniş məbləğidir. Cari olaraq, yerdə qalan xalis ödəniş məbləği 24.172.741 ABŞ dollarıdır. Bu məbləğ dəyişə bilər. - “X17 Abwassertecnik GmbH Şirkəti tərəfindən NWSSP Consultants comprising “P2M berlin GMBH” şirkətinə ünvanlanmış 06.07.2015-ci il tarixli məktubundan müəyyən edilir ki, Qəbələ layihəsində subpodratçı qismində işləmək üçün XY şirkəti (RR Groupun hissəsi) “X17 Abwassertecnik GMBH” Şirkəti ilə əlaqə qurmuşdur. “X17 Abwassertecnik GMBH” Şirkəti həmin şirkətlə son danışıqlara başlamamışdan əvvəl müqavilənin ümumi müddəalarının 4.4-cü yarımbəndinə müvafiq olaraq həmin şirkətin subpodratçı kimi işləməsi üçün P2M berlin GMBH şirkətinin razılığını almaq üçün şərtləri ödəyibödəməməsinə aydın gətirilməsi xahiş edilmişdir. “P2M berlin GMBH” şirkətinin “X17 Abwassertecnik GMBH” Şirkətinə ünvanlanmış 06.07.2015-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, şirkət tərəfindən “R+R İNC” şirkətinin təqdim olunan sənədləri nəzərdən keçirilmişdir. Həmin şirkət müqavilənin ümumi şərtlərinin 4.4-ci yarımbəndinə istinadən subpodratçı qismində fəaliyyətlə bağlı bütün tələblərə cavab verir. Göstərilənlərə əsasən “X17 Abwassertecnik GmbH Şirkətinin təklifinə razılıq verilmişdir. 01.12.2015-ci il tarixli 207 saylı; 04.12.2015-ci il tarixli 226 saylı; 18.12.2015-ci il tarixli 253 saylı, 30.12.2015-ci il tarixli 289 saylı; 29.04.2016-cı il tarixli 514 saylı; 03.06.2016-cı il tarixli 589 saylı;30.06.2016-cı il tarixli, 648 saylı; 22.08.2016-cı il tarixli 235 saylı və 07.09.2016-cı il tarixli 00015219 saylı xəzinə məxaric orderlərinə əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinə cəmi 950.749 ABŞ dolları məbləğində pul ödənilmişdir. MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR filialı tərəfindən “R+R İNC” MMC-yə ünvanlanmış 03.07.2019-cu il tarixli pretenziya məktubundan müəyyən edilir ki, “R+R İNC” MMC-dən 2 iş günü ərzində müqavilə üzrə öhdəliklərinin yerinə yetirməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” ASC (sifarişçi) ilə “X17 Abwassertecnik GMBH” Şirkəti (podratçı) arasında Qəbələ rayonunda X6 və Kanalizasiya Kollektorlarının Tikintisi üçün DB/7460/LV/008/129 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən podratçı sifarişçinin sifarişi əsasında Azərbaycan Respublikası, Qəbələ şəhərində X6 və kanalizasiya kollektorlarının tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. 23.01.2015-ci il tarixdə “X17 Abwassertecnik GmbH Şirkəti (podratçı) və iddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR Filialı (subpodratçı) arasında subpodrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən subpodratçı DB/7460/LV/008/129 saylı müqavilə üzrə podratçıya həvalə edilmiş işləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. 10.07.2015-ci ildə iddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR Filialı “R+R İNC” MMC ilə (Cavabdeh” MMC-nin əvvəlki adı) 10.07.2015-ci il tarixli müqavilə bağlayaraq su çəkilişi və kanalizasiyasının tikintisi işlərinin görülməsi barədə subpodrat müqaviləsi üzrə öz hüquq və öhdəliklərini “R+R İNc” MMC-yə əvəzi ödənilməklə güzəşt etmişdir. Subpodrat müqaviləsi üzrə hüquq və öhdəliklərinin güzəşti müqabilində “R+R İNC” MMC 2.000.000 ABŞ dolları məbləğində pulu İddiaçınin AR Filialına ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin məbləğdən 950.749 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Hazırda iddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkəti müqavilə üzrə ödənilməmiş 1.049.251 ABŞ dolları məbləğində pulun, eləcə də həmin məbləğə Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış faizlərin və işgüzar nüfuza dəymiş zərərin Cavabdeh MMC-dən tutulmasını tələb edir. Cavabdeh iddiaya etirazını tərəflər arasında bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olması və belə olan halda həmin müqaviləyə əsasən cavabdehin pul öhdəliyinin yaranmaması ilə əsaslandırır. Mübahisəli müqavilənin əhəmiyyətsiz əqd olmasına dair dəlillərini əsaslığını sübuta yetirmək üçün cavabdeh 4 fərqli hala istinad edir. 1.Güzəşt müqaviləsinin “R+R İNC” MMC-nin “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin AR Filialı tərəfindən aldadılması nəticəsində bağlanması Göstərilən əsasla bağlı əvvəla qeyd edilməlidir ki, cavabdeh İddiaçınin AR Filialı tərəfindən aldadıldığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən aldadılma nəticəsində bağlanmış əqdin etibarsız hesab edilməsi qaydalarını müəyyən edən Mülki Məcəllənin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin maddənin məzmunundan göründüyü kimi aldatma nəticəsində bağlanmış əqd əhəmiyyətsiz əqd deyil, mübahisələndirilən əqddir. Mübahisələndirilən əqd isə yalnız barəsində mübahisə edildikdə etibarsız hesab edilə bilər. Beləliklə, hazırkı halda cavabdeh aldatma nəticəsində bağlanması əsası ilə mübahisəli müqavilənin etibarlılığını məhkəmə qaydasında mübahisələndirmədiyindən həmin müqavilə MM-in 339.2-ci maddəsinin tələbləri baxımından etibarsız deyildir. 2.İddiaçınin AR Filialının 23.01.2015-ci il tarixli subpodrat müqaviləsi üzrə öz hüquq və vəzifələrinin güzəşti barədə mübahisəli müqaviləni bağlayarkən subpodrat müqaviləsinin 9.2-ci bəndinin tələblərinə zidd olaraq podratçının yazılı razılığını almaması Cavabdeh MMC “X17 Abwassertecnik GMBH” Şirkətinin güzəşt müqaviləsinə razılıq verməməsi barədə dəlillərini əsaslandırmaq üçün həmin şirkətin hazırkı iddiaya qarşı verdiyi etirazına istinad etmişdir. Belə ki, həmin etirazında “X17 Abwassertecnik GmbH Şirkəti mübahisəli güzəşt müqaviləsinə razılıq vermədiyini göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, podratçı X17 Abwassertecnik GmbH Şirkəti “MGH İnşaat Taahüt Ticaret Limited” şirkəti AR Filialı ilə bağladığı subpodrat müqaviləsi üzrə subpodtratçının hüquq və vəzifələrinin “R+R İNC” MMC-yə güzəşt edilməsinə razılıq verməməsini iddia etsə də, podratçı şirkətin iddiaya etirazında istinad etdiyi göstərilən dəlil iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış mübahisəli güzəşt müqaviləsinə əsasən “X17 Abwassertecnik GmbH Şirkəti (podratçı) və İddiaçınin AR Filialı (subpodratçı) arasında subpodrat müqaviləsi üzrə subpodratçının hüquq və vəzifələri “R+R İNC” MMC-yə ötürülmüşdür. Başqa sözlə desək, həmin müqaviləyə əsasən “R+R İNC” MMC subpodrat müqaviləsində subpodratçı İddiaçınin AR Filialını əvəz edərək Qəbələ rayonunda X6 və Kanalizasiya Kollektorlarının Tikintisi üçün DB/7460/LV/008/129 saylı müqavilə üzrə görülməli olan işləri subpodratçı qismində icra etməli idi. Digər tərəfdən iş materiallarından görünür ki, güzəşt müqaviləsinin bağlanmasından bir neçə gün əvvəl podratçı “X17 Abwassertecnik GmbH Şirkəti Qəbələ layihəsi üzrə subpodratçı qismində “R+R İNC” MMC cəlb edilməsinə razılıq verilməsi üçün mühəndis şirkətinə - “P2M berlin GMBH” şirkətinə müraciət etmiş və “P2M berlin GMBH” şirkəti 06.07.2015 –ci il tarixli məktubu ilə “R+R İNC” MMC –nin layihə üzrə subpodratçı qismində cəlb edilməsinə razılığını ifadə etmişdir. Bundan əlavə güzəşt müqaviləsinin bağlanmasından 1 ay sonra X17 Abwassertecnik GmbH Şirkəti (podratçı) ilə “R+R İNC” MMC (arasında) Qəbələ layihəsi üzrə subpodrat müqaviləsi bağlanmışdır. Göründüyü kimi podratçı “X17 Abwassertecnik GmbH Şirkəti” güzəşt müqaviləsi bağlanarkən yazılı razılıq verməsə də, şirkətin həmin əqd bağlandıqdan əvvəl (“R+R İNc” MMC -nin subpodratçı kimi cəlb edilməsinə razılıq alınması) və sonrakı (MGH şirkəti ilə bağlanmış subpodrat müqaviləsinə xitam verilməsi və eyni layihə üzrə yeni subpodrat müqaviləsinin “R+R İNc” MMC ilə bağlanması) hərəkətləri “X17 Abwassertecnik GMBH” Şirkətinin 23.01.2015-ci il tarixli subpodrat müqaviləsi üzrə hüquq və vəzifələrin “R+R İNC” MMC-yə güzəşt edilməsinə dair razılıq verməsinə açıq-aşkar dəlalət edir. Mülki Məcəllənin: 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 355.1-ci maddəsinə görə əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2-ci maddəsinə görə razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. “X17 Abwassertecnik GMBH” Şirkətinin əqdə razılığının yazılı olmaması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, yuxarıda göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi qanunverici əqdə razılıq verilməsi üçün əqd formasına riayət edilməsini zəruri hesab etməmişdir. Belə olan halda isə “X17 Abwassertecnik GmbH Şirkəti”nin əqdin bağlanmasına razılığının yazılı formada əks edilməməsi müqavilə şərtlərinin pozuntusu olsa da, qanunvericiliyin imperativ tələblərinin pozulması kimi qiymətləndirilə və belə olan halda həmin şərtə əməl edilmədən bağlanmış müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi üçün əsas ola bilməz. 3.Mübahisəli güzəşt müqaviləsinin uydurma əqd olması. Cavabdehin mübahisəli əqdin əhəmiyyətsiz olması ilə bağlı istinad etdiyi əsaslardan biri də həmin əqdin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqd olmasıdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Qanunvericiliyin tələblərinə əsasən əqd o zaman uydurma hesab olunur ki, həmin əqd bağlanarkən hər iki tərəf əqdin yalnız görünüş üçün bağlandığını və heç bir hüquqi nəticələr yaratmayacığını anlamış olsun. Bu halda tərəflər həmin əqdin şərtlərinin icra edilməyəcəyi barədə əqd bağlanmamışdan əvvəl razılaşırlar. Digər tərəfdən uydurma əqd məqsədsiz olaraq bağlanmır, həmin əqdin bağlanmasının əsasında hər iki tərəfin müəyyən maraqları (əksər hallarda hüquqazidd maraqları) durur. Hazırkı halda cavabdeh əqdin uydurma əqd olmasını iddia etsə də, həmin əqd bağlanarkən hər iki tərəfin onu icra etmək niyyəti olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də tərəflərin onu icra etmək niyyəti olmadığı halda həmin əqdin hansı məqsədlə bağlandığını açıqlamamışdır. Bundan əlavə hazırkı işdə mübahisəli əqd əsasında cavabdeh tərəfindən 950.749 ABŞ dolları məbləğində pulun ödənilməsi, eləcə də cavabdehin Qəbələ layihəsində subpodratçı qismində iştirak etməsi, yəni əqdin hər iki tərəf tərəfindən qismən də olsa, icra edilməsi cavabdehin həmin əqdin görünüş üçün bağlanması barədə dəlillərini təkzib edir. 4.Mübahisəli müqavilə “X17 Abwassertecnik GMBH” Şirkəti və “MGH İnşaat Taahhüt Ticaret Limited şirkətinin AR Filialı arasında subpodrat müqaviləsi üzrə hüquq və öhdəliklərin güzəşt edilməsi barədə bağlandığı halda, həmin müqavilə bağlandıqdan sonra sözügedən subpodrat müqaviləsinə xitam verilməsi Göstərilən dəlillə bağlı məhkəmə qeyd edir ki, qanunun tələblərinə uyğun olaraq yalnız əqd bağlanarkən mövcud olmuş qüsurlar əqdin etibarsız hesab edilməsinə əsas hesab edilə bilər. Mübahisəli müqavilə bağlanarkən isə “X17 Abwassertecnik GmbH Şirkəti (podratçı) və İddiaçınin AR Filialı (subpodratçı) arasında subpodrat müqaviləsi qüvvədə olmuşdur. Belə olan halda isə mübahisəli müqavilə bağlandıqdan sonra “X17 Abwassertecnik GMBH” Şirkəti və “MGH İnşaat Taahhüt Ticaret Limited şirkətinin AR Filialı arasında subpodrat müqaviləsinə xitam verilməsi isə həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas vermir. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, mübahisəli pul öhdəliyinin yaranması üçün əsas olmuş güzəşt müqaviləsi əhəmiyyətsiz əqd deyildir. Müqavilə əhəmiyyətsiz əqd olmadığından həmin müqavilə əsasında tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə olan halda isə iddiaçı cavabdehdən həmin müqavilə üzrə yaranmış pul öhdəliyinin icra edilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin: 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə Cavabdeh MMC-nin 10.07.2015-ci il tarixli güzəşt müqaviləsi əsasında yaranmış öhdəliklərini tam icra etmədiyini, nəticədə onun iddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinə borcunun yarandığını nəzərə alaraq hesab edir ki, 1.049.251 ABŞ dolları məbləğində borcun cavabdehdən tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq 289.305 ABŞ dolları məbləğində pulun tutulması tələbi. Həmin tələbə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsas müəyyən edilmir. İşgüzar nüfüza vurulmuş zərərin əvəzi olaraq 50.000 ABŞ dolları məbləğində pul tələbi. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən 3-cü maddəsinə əsasən hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı nə cavabdehin hüquqazidd, təqsirli əməlləri nəticəsində onun işgüzar nüfuzunun ləkələndiyini, nə də həmin əməllər nəticəsində ona maddi zərər (real zərər və ya əldən çıxmış fayda formasında) dəyməsini sübuta yetirə bilməmişdir. Belə olan halda isə işgüzar nüfuza dəymiş zərərin ödənilməsi tələbinə dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia ilə iddianın qismən təmin edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1.049.251 (bir milyon qırx doqquz min iki yüz əlli bir) ABŞ dolları məbləğində borc, ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul tutularaq iddiaçı “MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar