Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3401/2025 01.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4828,57 manat borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 69 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə (bundan sonra “İddiaçı”) Cavabdeh MMC arasında (bundan sonra “Cavabdeh”) bağlanmış xx.xx.2023-cü il tarixli, 23429 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh MMC İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 3955,57 manat əsas və ona hesablanmış 873 manat dəbbə pulu, cəm olaraq 4828,57 manat məbləğində qalıq borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Həmçinin AR MPMnin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2025-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının (Dövlət Vergi Xidməti – onlayn kargüzarlıq) elektron kabineti vasitəsilə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 462, 462.1. və 462.3.-cü maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iddianı tam müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxıb qərar verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 23 may 2023 il tarixli № 23429 saylı müqavilədən görünür ki, bu müqavilənin predmeti, Alıcı Satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda qida və qeyri qida Məhsullarını (bundan sonra “Mallar”) qiymətlər cədvəlinə uyğun olaraq vaxtaşırı Satıcıdan sifariş edəcək, Satıcı Sifariş edilmiş Malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimenttə Alıcıya təhvil verəcək, və Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini Satıcıya Müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmaqla) göstərilən qaydada ödəyəcəkdir, Malların faktura məbləği Satıcıya tam ödənilənə qədər malların mülkiyyət hüququ Satıcıya məxsus olaraq qalır. Bu müqavilənin 3.5-ci maddəsinə əsasən, X1 təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq Malların Təhvil-Qəbul Aktını (Qaimə-fakturanı) 2 (iki) nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və Aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri Alıcıya təqdim etməlidir. Aktla birlikdə Satıcı Malların təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləridə (bundan sonra “Digər Sənədlər”) Alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. Bu müqavilənin 7.10-cu maddəsinə əsasən, Alıcı Satıcıya olan ödənişini Müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və Satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.5%-i miqdarında cərimə ödəməlidir. Bu müqavilənin 8.1-ci maddəsinə əsasən, Alıcı bu Müqaviləyə uyğun olaraq Satıcı tərəfindən təhvil verilən Malların dəyərini (“Qiymət”), Müqavilənin digər şərtlərini nəzərə almaqla, aşağıdakı qaydada ödəməlidir: “Alıcı”ya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 21 gündən artıq ola bilməz. Ödəniş 21 gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 7.10-cu bəndində göstərilən qaydada hesablanmaqla “Satıcı”ya ödəniləcəkdir. Bu müqavilənin 12.2-ci maddəsinə əsasən, əgər Tərəflər mübahisələrin həllində mübahisənin yarandığı gündən 30 (otuz) gün ərzində qarşılıqlı razılıq əldə edə bilməzlərsə, belə mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəməsində öz yekun həllini tapmalıdır. xx.xx.2023-cü il tarixli № ********** X2 Aktı üzrə İddiaçı MMC tərəfindən ümumi dəyəri 1084,75 manat olan 10 ədəd MİSİR YAGİ 5 L.X4 TENEKE SOYİGİT, ümumi dəyəri 884,75 manat olan 30 ədəd BOND.KUKURUZ TENEKE 425ML, ümumi dəyəri 884,75 manat olan 30 ədəd BOND.QOROX 425ML, ümumi dəyəri 142,37 manat olan 10 ədəd SARİKlZ 24X200 ML SADE (KAPAKLİ) Cavabdeh MMC-yə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli № ********** X2 Aktı üzrə İddiaçı MMC tərəfindən ümumi dəyəri 1900 manat olan 300 ədəd EMAL EDİLMİS TOYUQ FİLESİ 15KG DON. SERV "xxxx" MMC-yə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli № ********** X2 Aktı üzrə İddiaçı MMC tərəfindən ümumi dəyəri 1276,78 manat olan 150 ədəd “Badamlı” suse Qazsız 600 ml x 12, ümumi dəyəri 1240,68 manat olan 20 ədəd RED BULL ED AZ ALU CAN 24X250ML Cavabdeh MMC-yə təhvil verilmişdir. İddiaçı MMC tərəfindən tərtib olunmuş Maliyyə arayışından görünür ki, "xxxx" MMCnin xx.xx.2024-cü il tarixinə 3955,57 manat əsas borcu və 873 manat dəbbə borcu, cəmi 4828,57 manat borcu yaranmışdır. EBDP seriyalı, 402054 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1478,01 manat, EBDQ seriyalı, 023405 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1187,50 manat, EBDP seriyalı, 612964 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1662,50 manat, EBDR seriyalı, 124957 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 545,99 manat, EBDQ seriyalı, 970577 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1045 manat, EBDQ seriyalı, 023405 nömrəli, xx.xx.2023cü il tarixli elektron qaiməyə əsasən 1187,50 manat, EBDP seriyalı, 612964 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1662,50 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunda 3955,57 manat borcun 3 (gün) günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC MMC 69 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə məhsulları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı məhsulların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktları və elektron qaimələr) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilələr üzrə öhdəliklərini icra etmədiyini, yəni aldığı malların cəmi dəyəri olan 3955,57 manat pul məbləğini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı məhsulların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 3955,57 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən əsas borca hesablanmış 873 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 150 manat müəyyən olunmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 69 manat dövlət rüsumunun 61,06 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3955,57 manat əsas borc, 150 manat cərimə borcu olmaqla, cəmi 4105 (dörd min yüz beş) manat 57 (əlli yeddi) qəpik borc və ödənilmiş 61 (altmış bir) manat 06 (altı) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3401/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3401/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver