Məhkəmə qərarları › İş №e-2-2(113)-3405/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3405/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3405/2021 14.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “x2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh “x2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.05.2020-ci il tarixində bağlanmış O000768268 saylı alqı-satqı müqaviləsi üzrə 37766,1 manat (otuz yeddi min yeddi yüz altmış altı manat on qəpik) məbləğində əsas borc, 9962,3 manat (doqquz min doqquz yüz altmış iki manat otuz qəpik) cərimə olmaqla, cəmi 47728,4 manat (qırx yeddi min yeddi yüz iyirmi səkkiz manat qırx qəpik) məbləğində borc və köçürülmüş dövlət rüsumuna görə 30 (otuz) manat pulun cavabdeh “x2” MMC-dən tutularaq iddiaçı “xxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “x2” MMC ilə “xxx” ASC arasında 13.05.2020-ci il tarixində bağlanmış O000768268 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş məhsullar cavabdehə göndərilmiş, lakin cavabdeh göndərilmiş məhsulların dəyərini tam olaraq ödəməmişdir. 37766,1 manat (otuz yeddi min yeddi yüz altmış altı manat on qəpik) məbləğ indiyədək ödənilməmiş qalmışdır. 07.05.2021-ci il tarixdə cavabdehə pretenziya məktubu ünvanlanaraq, borc məbləğinin 17.05.2021-ci il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Pretenziya məktubu cavabdehə 08.05.2021ci il tarixində çatdırılmışdır. Cavabdehlə 13.05.2020-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinin 7.2-ci maddəsinə əsasən Satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda, hər bir gecikdirilmiş günə 0,1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqı-satqı müqaviləsi üzrə ödənişi gecikdirməsinə görə indiki tarixədək yaranmış cərimə məbləği 9962,3 (doqquz min doqquz yüz altmış iki manat otuz qəpik) manat təşkil edir. Cavabehə göndərilmiş elektron qaimə-faktura təsdiq edilmişdir. Cavabdeh həmçinin malların qəbul edilməsi barədə yük-nəqliyyat qaimələrini imzalayıb möhürləmişdir. İş materiallarında olan alqı-satqı müqaviləsi, elektron qaimə-faktura, üzləşmə aktı, yüknəqliyyat qaiməsi və digər sənədlər iddianın əsaslılığını təsdiq edir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, 13.05.2020-ci il tarixində bağlanmış ********** saylı alqı-satqı müqaviləsi üzrə 48471,06 manat (qırx səkkiz min dörd yüz yetmiş bir manat altı qəpik) məbləğində əsas borc, 9962,3 manat (doqquz min doqquz yüz altmış iki manat otuz qəpik) cərimə və köçürülmüş dövlət rüsumuna görə 30 (otuz) manat pulun cavabdeh “x2” MMC-dən tutularaq iddiaçı “xxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılmasına dair verilmiş ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış müqavilənin 8.2-ci maddəsində qeyd olunur ki, Alıcı aldığı hər bir taxta altlığı geri qaytarmalıdır, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə “Qiymət” əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini Satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 gün ərzində Satıcıya ödəməlidir. Tərəflər arasında imzalanmış 13.05.2020-ci il tarixli müqavilənin qiymət əlavəsində hər bir altlığın qiyməti ƏDV xaric 24 manat, ƏDV daxil 28,32 manat müəyyən edilmişdir. Müqavilənin imzalandığı tarixdən etibarən cavabdehə təhvil verilmiş 378 ədəd altlıq cavabdeh tərəfindən qaytarılmamışdır. Təhvil verilmiş 378 ədəd altlığın dəyəri ƏDV daxil 10704,96 manat təşkil etmişdir. Altlıqlar üzrə ƏDV daxil 10704,96 manat məbləğin ödənilməsi üçün cavabdehə 30.06.2021-ci il tarixində EBBE seriyalı, 157647 saylı elektron qaimə təqdim edilmişdir və həmin elektron qaimə təsdiq edilmişdir. Hal-hazırkı tarixədək altlıqların dəyəri ödənilməmişdir. Buna görə də təqdim etdikləri iddia ərizəsinin məbləğini artırırlar. Beləliklə, cavabdehə təhvil verilmiş sement məhsulları və altlıqlar üzrə cavabdehin hal-hazırkı tarixə əsas borcu 37766,1 + 10704,96 = 48471,06 (qırx səkkiz min dörd yüz yetmiş bir manat altı qəpik) manat, cərimə borcu 9962,30 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “x2” Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmdan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində “xxx” Açıq Səhmdar Cəmiyyəti ilə alıcı qismində “x2” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış O000768268 saylı, 13.05.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən satıcı bu müqavilənin 3-cü bəndində göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul etməyi və malın satış qiymətini vaxtında satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - “xxx” ASC ilə “x2” MMC arasında bağlanmış O000768268 saylı, 13.05.2020-ci il tarixli alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, əlavədə göstərilən cədvəldə qeyd edilmiş malların qiymətləri tərəflər arasında müəyyən edilmiş və 13.05.2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək həmin qiymətlər üzrə alqı-satqının edilməsi razılaşdırılmışdır. Qeyd edilən əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 31.12.2020-ci il tarixdə tərəflər arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, 31.12.2020-ci il tarixə cavabdeh “x2” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı “xxx” ASCyə ümumi borcu 37766,13 manat təşkil edir. Qeyd edilən üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 27.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin alqı-satqı müqaviləsinə əsasən əsas borcu 48471,09 manat, cərimə borcu 9962,30 manat təşkil edir. - 21.05.2020-ci il tarixli, EBAK seriyalı, 219499 nömrəli elektron qaimədən müəyyən edilir ki, “xxx” ASC tərəfindən “x2” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3486,45 (ƏDV daxil) manat təşkil edir. - 22.05.2020-ci il tarixli, EBAK seriyalı, 277071 nömrəli elektron qaimədən müəyyən edilir ki, “xxx” ASC tərəfindən “x2” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13945,82 (ƏDV daxil) manat təşkil edir. - 26.05.2020-ci il tarixli, EBAK seriyalı, 310755 nömrəli elektron qaimədən müəyyən edilir ki, “xxx” ASC tərəfindən “x2” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3486,45 (ƏDV daxil) manat təşkil edir. - 26.05.2020-ci il tarixli, EBAK seriyalı, 315666 nömrəli elektron qaimədən müəyyən edilir ki, “xxx” ASC tərəfindən “x2” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6972,91 (ƏDV daxil) manat təşkil edir. - 28.05.2020-ci il tarixli, EBAK seriyalı, 399049 nömrəli elektron qaimədən müəyyən edilir ki, “xxx” ASC tərəfindən “x2” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6972,91 (ƏDV daxil) manat təşkil edir. - 28.05.2020-ci il tarixli, EBAK seriyalı, 418826 nömrəli elektron qaimədən müəyyən edilir ki, “xxx” ASC tərəfindən “x2” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13945,82 (ƏDV daxil) manat təşkil edir. - 29.05.2020-ci il tarixli, EBAK seriyalı, 476254 nömrəli elektron qaimədən müəyyən edilir ki, “xxx” ASC tərəfindən “x2” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3486,45 (ƏDV daxil) manat təşkil edir. - 31.05.2020-ci il tarixli, EBAK seriyalı, 540409 nömrəli elektron qaimədən müəyyən edilir ki, “xxx” ASC tərəfindən “x2” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3486,45 (ƏDV daxil) manat təşkil edir. - 31.05.2020-ci il tarixli, EBAK seriyalı, 540989 nömrəli elektron qaimədən müəyyən edilir ki, “xxx” ASC tərəfindən “x2” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10434,69 (ƏDV daxil) manat təşkil edir. - 01.06.2020-ci il tarixli, EBAK seriyalı, 572886 nömrəli elektron qaimədən müəyyən edilir ki, “xxx” ASC tərəfindən “x2” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6948,23 (ƏDV daxil) manat təşkil edir. - 30.06.2020-ci il tarixli, EBBE seriyalı, 157647 nömrəli elektron qaimədən müəyyən edilir ki, “xxx” ASC tərəfindən 378 ədəd altlığa görə 10704,96 (ƏDV daxil) manat hesablanaraq, ödənilməsi üçün “x2” MMC-yə göndərilmişdir. - Yük nəqliyyat qaimələrindən müəyyən olunur ki, iddiaçının dəyərinin ödənilməsini istədiyi altlıqlar cavabdehə təhvil verilmişdir. - “xxx” ASC tərəfindən cavabdeh “x2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 07.05.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, borcun 17.05.2021-ci il tarixədək ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 07.05.2021-ci il tarixli pretenziya məktubuna cavabdeh tərfindən iddiaçıya göndərilən, 14.05.2021-ci il tarixli, imzalanıb möhürlənmiş cavab məktubunda deyilir ki, iddiaçıya borclu olduqları 37766,1 manat borcu maliyyə çətinlikləri ilə əlaqədar ödəyə bilməmişlər. Məktubda borcu ödəmək üçün iki ay vaxt verilməsi xahiş olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxx” ASC ilə cavabdeh “x2” MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini nəzərə alaraq hesab edir ki, cavabdeh yuxarıda göstərilən müqavilə öhdəliklərini icra etmədiyindən, iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. İddia tələbinin bir hissəsi 48471,06 manat məbləğində borcun cavabdehdən tutulmasından ibarətdir. Həmin məbləğin 37766,13 manat hissəsi satılmış malların ödənilməmiş dəyəridir. Həmin borcun mövcudluğu üzləşmə aktı və diğər sübutlarla öz təsdiğini tapır. 48471,06 manat məbləğin 10704,96 manat hissəsi (ƏDV daxil) cavabdehə təhvil verilmiş, qaytarılmamış 378 ədəd altlığın dəyərini təşkil edir. Həmin borcun mövcudluğu yük nəqliyyat qaimələri və 30.06.2020-ci il tarixli, EBBE seriyalı, 157647 nömrəli elektron qaimə ilə öz təsdiqini tapır. Cavabdehin təhvil verilmiş, qaytarılmamış altlıqların dəyərini ödəmək öhdəliyi yuxarıda qeyd olunan müqavilənin 8.2-ci maddəsindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən alıcı aldığı hər bir taxta altlığı geri qaytarmalıdır, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə “Qiymət” əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini Satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 gün ərzində Satıcıya ödəməlidir. Tərəflər arasında imzalanmış 13.05.2020-ci il tarixli müqavilənin qiymət əlavəsində hər bir altlığın qiyməti ƏDV xaric 24 manat, ƏDV daxil 28,32 manat müəyyən edilmişdir. Beləliklə, 378 ədəd altlığa görə iddiaçıya 10704,96 manat (378X28,32=10704,96) ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia 48471,06 manat məbləğində borcun cavabdehdən tutulması hissəsində təmin olunmalıdır. İddia tələbinin digər hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 9962,30 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2500 (iki min beş yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 4 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 26 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “x2” Məhdud Məsuliyyətli Cəmiyyətindən 13.05.2020-ci il tarixli, O000768268 saylı alqı-satqı müqaviləsi üzrə 48471,06 manat (qırx səkkiz min dörd yüz yetmiş bir manat altı qəpik) məbləğində əsas borc, 2500 (iki min beş yüz) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 26 (iyirmi altı) manat olmaqla, cəmi 50997,06 manat (əlli min doqquz yüz doxsan yeddi manat aıtı qəpik) məbləğində pul iddiaçı “xxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 4 (dörd) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar