Məhkəmə qərarları › İş №e-2-2(113)-3407/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3407/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3407/2024 25.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış 2150,25 manat (iki min yüz əlli manat iyirmi beş qəpik) məbləğində əsas borc, 41,51 manat (qırx bir manat əlli bir qəpik) ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (indiki İddiaçı MMC) arasında bağlanmış 01 mart 2018-ci il tarixli, 127 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Lakin alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir. xx.xx.2022-ci il tarixdə borcun dəqiqləşdirilməsi və etirafı məqsədilə, tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktına əsasən Cavabdeh İddiaçı MMC-yə 2903,25 manat məbləğində qalıq borcunun olduğu müəyyən edilmişdir. Daha sonra cavabdeh müəyyən ödənişlər etdikdən sonra 2150,25 manat icra olunmamış borc öhdəliyi qalmışdır. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda AR Mülki prosessual qanunvericiliyinə uyğun olaraq xx.xx.2024cü il tarixdə pretenziya məktubu cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Beləliklə, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.2, 385.1, 425, 442, 448, 600-cü maddələrinə istinad olunmuşdur.

4. 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

5. İş materiallarından görünür ki, alıcı qismində Cavabdeh ilə satıcı qismində “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (indiki İddiaçı MMC) arasında xx.xx.2018-ci il tarixli, 127 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında müqavilənin ayrılmaz hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada adları göstərilən malları satıcı satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların miqdarının ölçü vahidi, malların çeşidi müqavilənin ayrılmaz hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada göstərilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malların miqdarı tərəflərin qarşılıqlı müzakirələri və razılaşmaları əsasında müəyyən edilərək alıcının sifarişində göstərilir. Malların miqdarının müəyyən edilməsi üzrə qarşılıqlı müzakirə və razılaşmalar alıcının sifarişindən 2 gün qabaq həyata keçirilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malların hər vahidinin qiyməti, müqavilənin ayrılmaz hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada göstəririlir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən malların hər vahidinin qiyməti inflyasiya prosesləri, qiymətlərin mövsümi dəyişməsi, bazarın konyukturasının dəyişməsi ilə əlaqədar olaraq, tərəflərin qarşılıqlı razılaşması əsasında (müqaviləyə əlavə sazişlər şəklində) dəyişdirilə bilər. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən əgər gözlənilməz hallar baş verərsə, yəni: - enerji, nəqliyyat, su, qaz ehtiyatların xərclərinin bahalaşması və manatın məzənnəsinin ABŞ dollarına nisbətən aşağı düşməsi baş verərsə, satıcı malların qiymətini dəyişmək hüququna malikdir və satıcı alıcını belə qiymət dəyişikliyi barədə 3 (üç) gün əvvəlcədən yazılı qaydada xəbərdarlıq etməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nağd hesablaşma (ödəniş) yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir.

6. İddiaçı MMC və Cavabdeh arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə 2903,25 manat məbləğində borcunun olduğu aşkar edilmişdir. Qeyd olunan akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

7. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

10. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır.

11. İddia tələbi cavabdehdən əsas borca görə 2150,25 manat məbləğində pul vəsaitinin tutulmasından ibarətdir.

12. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 2150,25 manat (iki min yüz əlli manat iyirmi beş qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Həmin borcun mövcudluğu tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. Belə ki, üzləşmə aktından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı MMC-yə olan borcu 2903,25 manat təşkil etmişdir. İddiaçı həmin borcdan bir qisminin ödənildiyini, 2150,25 manat ödənilməmiş məbləğin qaldığını qeyd etmişdir.

13. Eləcə də, iddiaçı ödənilmiş 41,51 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

14. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,51 manat (qırx bir manat əlli bir qəpik) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2150,25 manat (iki min yüz əlli manat iyirmi beş qəpik) manat əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,51 manat (qırx bir manat əlli bir qəpik) olmaqla, cəmi 2191,76 manat (iki min yüz doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar