Məhkəmə qərarları › İş №e-2-2(113)-3408/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3408/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3408/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə2 iştirakları ilə İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqısatqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli beton təchizatına dair müqavilə üzrə 285 046,99 manat məbləğində pulun və ödənilmiş 674 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş 14 may 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. İddiaçı xx.xx.2023-cü ii tarixli ********** nömrəli beton təchizatına dair müqavilə üzrə 285046,99 AZN əsas borcun, dövlət rüsumu qismində ödənilmiş 674 AZN pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

2. Həmin iddia ərizəsi üzrə məhkəmə işi Bakı Kommersiya Məhkəməsinin icraatındadır.

3. Tərəflər təsdiq edirlər ki, hazırkı sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya əsas məbləğ üzrə borcu 285 046,99 (iki yüz səksən beş min qırx altı manat doxsan doqquz qəpik) AZN təşkil edir.

4. Tərəflər razılığa gəlirlər ki, cavabdeh 285046,99 (iki yüz səksən beş min qırx altı manat doxsan doqquz qəpik) AZN əsas borcunu aşağıdakı qaydada İddiaçıya ödəyəcəkdir: – 2025-ci ilin may ayında – 47721,38 AZN; – 2025-ci ilin iyun ayında – 67670,64 AZN; – 2025-ci ilin iyul ayında – 42413,74 AZN; – 2025-ci ilin avqust ayında – 42413,74 AZN; – 2025-ci ilin sentyabr ayında – 42413,74 AZN; – 2025-ci ilin oktyabr ayında – 42413,74 AZN.

5. Əsas borc məbləği bu sazişdə müəyyən edilmiş qaydada ödənildikdə cavabdeh iddiaçı qarşısındakı ödəniş öhdəliklərini tam həcmdə icra etmiş hesab edilir.

6. Cavabdeh tərəfindən ödəniş bu sazişdə müəyyən edilmiş qaydada ödənilmədikdə iddiaçı bütün borc məbləğinin ödənilməmiş hissəsinin və əlavə olaraq 10000 manat cərimə məbləğinin cavabdehdən tutulması barədə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

7. Hazırkı barışıq sazişi Bakı Kommersiya Məhkəməsinə bir ədəd və tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə eyni hüquqi qüvvəyə malik üç nüsxədə Azərbaycan dilində tərtib edilmişdir.

Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 imzalamış, iddiaçının nümayəndəsinə xx.xx.2024-cü il tarixli etibarnamə ilə müvafiq səlahiyyət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən **********09 nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 635 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin **********64 nömrəli qəbz əsasında 40 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Məhkəmə iş üzrə icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 675 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 may 2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. İddiaçı xx.xx.2023-cü ii tarixli ********** nömrəli beton təchizatına dair müqavilə üzrə 285046,99 AZN əsas borcun, dövlət rüsumu qismində ödənilmiş 674 AZN pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

2. Həmin iddia ərizəsi üzrə məhkəmə işi Bakı Kommersiya Məhkəməsinin icraatındadır.

3. Tərəflər təsdiq edirlər ki, hazırkı sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya əsas məbləğ üzrə borcu 285 046,99 (iki yüz səksən beş min qırx altı manat doxsan doqquz qəpik) AZN təşkil edir.

4. Tərəflər razılığa gəlirlər ki, cavabdeh 285046,99 (iki yüz səksən beş min qırx altı manat doxsan doqquz qəpik) AZN əsas borcunu aşağıdakı qaydada İddiaçıya ödəyəcəkdir: – 2025-ci ilin may ayında – 47721,38 AZN; – 2025-ci ilin iyun ayında – 67670,64 AZN; – 2025-ci ilin iyul ayında – 42413,74 AZN; – 2025-ci ilin avqust ayında – 42413,74 AZN; – 2025-ci ilin sentyabr ayında – 42413,74 AZN; – 2025-ci ilin oktyabr ayında – 42413,74 AZN.

5. Əsas borc məbləği bu sazişdə müəyyən edilmiş qaydada ödənildikdə cavabdeh iddiaçı qarşısındakı ödəniş öhdəliklərini tam həcmdə icra etmiş hesab edilir.

6. Cavabdeh tərəfindən ödəniş bu sazişdə müəyyən edilmiş qaydada ödənilmədikdə iddiaçı bütün borc məbləğinin ödənilməmiş hissəsinin və əlavə olaraq 10000 manat cərimə məbləğinin cavabdehdən tutulması barədə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

7. Hazırkı barışıq sazişi Bakı Kommersiya Məhkəməsinə bir ədəd və tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə eyni hüquqi qüvvəyə malik üç nüsxədə Azərbaycan dilində tərtib edilmişdir.

İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqısatqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 675 (altı yüz yetmiş beş) manat pul dövlət büdcəsindən iddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar