Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-341/2021 17.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Xəzər rayonu, Binə qəsəbəsində yerləşən kafenin **********03900 saylı abonent hesabına hesablanmış 6593,60 manat borcun hesabdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən xx xxx 2020-ci il tarixli akt əsasında ona məxsus Xəzər rayonu, Binə qəsəbəsində yerləşən kafenin **********03900 saylı abonent koduna 5791,20 manat məbləğində borc hesablanmışdır. Təbii qazdan sayğacdan kənar istifadə hallarına yol verilməmişdir. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. Eyni zamanda, Cavabdeh İB-dən daxil olmuş pretenziyada bildirilmişdir ki, onun xx.xx.2020-ci il tarixə 6593,60 manat borcu yaranmışdır. Karantin dövründə işləmədiyi bir dövr üçün bu borcun hansı əsaslarla hesablanmasının səbəbləri naməlum qalır. Bildirir ki, fəaliyyəti olmayıb və bu məbləğdə ona borc hesablanmasının hüquqi əsası yoxdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahat verərək bildirdi ki, iddiaçıya hesablanan borcu əsassız hesab edir. İddiaçı Çin istehsalı olan sayğacdan 12 gün ərzində istifadə edib. Lakin ona borc kimi 90 gün üçün maksimum məbləğ hesablanıb. Hesabat müddəti 12 gün olmaqla hesablamanı qəbul edirlər. İddiaçıya hesablanan məbləği həddən artıq yüksək hesab edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıya məxsus ünvanda 2019-cu ilin yanvarından smart tipli qaz sayğacı olub. Mart ayının 4-də ünvana müvəqqəti sayğac quraşdırılıb. Martın 16-sı sayğaca EMTA-nın əməkdaşının iştirakı ilə baxış keçirilərkən müəyyən olunub ki, iddiaçı özü müvəqqəti sayğacı çıxararaq, yerinə Çin istehsalı olan sayğac quraşdırıb. Həmin sayğac həmin vaxt onlar tərəfindən çıxarılmamış, 2020-ci ilin aprel ayının 1-dən isə tərəflərindən hazırda istifadə etdiyi sayğac quraşdırılmışdır. Həmin vaxta qədər iddiaçı təbii qazdan istifadə etmişdir. 90 gün üçün sərfiyyat hesablanaraq, akt əsasında 5659,20 manat borc yazılmışdır. İddiaçı 6593,60 manat borcun hesabdan silinməsini xahiş etmişdir. Lakin akt əsasında borc 5659,20 manat təşkil edir. İddia tələbini əsassız hesab edir və rədd olunmasını xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - "Cavabdeh" İB ilə istehlakçı İddiaçı arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, müvəqqəti quraşdırılmış G-4 markalı sayğacı abonent özbaşına olaraq çıxarıb, onun yerinə qeydiyyatda olmayan, Çin istehsalı olan sayğac quraşdıraraq, təbii qazdan qeyri-qanuni istifadə etmişdir. aktda deyilir ki, “Azərqaz” İB-yə dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilməsi təmin edilsin (müvəqqəti sayğac xx.xx.2020-ci il tarixdə quraşdırılıb). - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, yeni sayğacın quraşdırılması üçün quraşdırılmış müvəqqəti sayğac çıxarılmışdır. - “Azərqaz” İB tərəfindən verilmiş xx.xx.2020 tarixli hesab-fakturalardan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə aprel ayına borcu 132 manat, may ayına olan borcu 135,40 manat təşkil etmişdir. -Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx xxx 2020-ci il tarixdə qəbul olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, iddiaçının istifadəsində olan, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən müəssisədə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Qaz işlədicilərindən PQ1-in maksimal saatlıq qaz sərfi 1 m³/saat və hesabat müddəti 90 gün, PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 3,5 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, təndirin maksimal saatlıq qaz sərfi 2 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Ümumilikdə 5659,20 manat məbləğində ziyan hesablanaraq cavabdehdən ödənilməsi tələb edilmişdir. -xx.xx.2021-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 2020-ci ilin mart ayında akt üzrə hesablanmış borcu 5659,20 manat, ümumilikdə isə 2021-ci ilin may ayına 7670,40 manat təşkil edir. - iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış borcun silinməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı müqaviləsi bağlanmış, tərəflər həmin müqavilə üzrə üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Abonentin ünvanından smart tipli qaz sayğacı çıxarılaraq xx.xx.2020-ci il tarixdə müvəqqəti sayğac quraşdırılmışdır. xx.xx.2020-ci il tarixdə müəyyən olunmuşdur ki, abonent özü ünvana qeydiyyatda olmayan, Çin istehsalı olan sayğac quraşdıraraq, təbii qazdan istifadə edir. Bununla bağlı xx.xx.2020-ci il tarixdə akt tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixdə müvəqqəti sayğac çıxarılmış və ünvana yeni sayğac quraşdırılmışdır. Göstərilən fakt cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə kimi qiymətləndirilərək, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya dəymiş ziyana görə 5659,20 manat borc hesablanmdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.1-ci maddəsinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır; 3.2.1-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda qeyd olunan işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının göstərilən ünvanına xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən müvəqqəti sayğac quraşdırılmış, xx.xx.2020-ci il tarixdə aşkar olunmuşdur ki, iddiaçı cavabdehin quraşdırdığı müvəqqəti sayğacı çıxararaq, qeydiyyatda olmayan, Çin istehsalı olan sayğac quraşdırmış, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh bunu sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə kimi qiymətləndirərək, itirilmiş qazın bərpası üçün, iddiaçıya dəymiş ziyana görə 5659,20 manat borc hesablamışdır. Hesabat günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün götürülməklə aparılmışdır. İddiaçı hesabat müddətinin 90 gün götürülməsi ilə razılaşmayaraq, hesabat müddətinin 12 gün götürülməklə (xx.xx.2020-ci il tarixdən (müvəqqəti sayğacın quraşdırıldığı tarix) xx.xx.2020-ci il tarixədək (qeydiyyatda olmayan sayğacdan istifadənin aşkar olunduğu tarix)) hesablamanı qəbul etdiklərini bildirmişdir. İddia tələbini 6593,60 manat borcun hesabdan silinməsi təşkil edir. Məhkəmənin qənaətinə əsasən silinməsi tələb olunan 6593,60 manat borcun 934,4 manat hissəsi (6593,60-5659,20=934,4) təbii qazdan istifadəyə görə yaranan debitor borc olduğundan həmin məbləğin silinməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə iddiaçıya ziyana görə hesablanan 5659,20 manat məbləği tənasübsüz surətdə yüksək sayaraq, həmçinin iddiaçının nümayəndəsinin cavabdehin hesabladığı qaydada, lakin hesabat müddətini 12 gün götürməklə hesablanan məbləği qəbul etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 12 gün qəbul edilməklə, 4904,64 manat məbləğində borc (5659,20- 754,56 (5659,20:90x12=754,56)= 4904,64) iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı **********03900 saylı abonent hesabından 4904,64 manat (dörd min doqquz yüz dörd manat altmış dörd qəpik) məbləğində borc silinməli, iddia qalan hissədə təmin olunmamalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı **********03900 saylı abonent hesabından 4904,64 manat (dörd min doqquz yüz dörd manat altmış dörd qəpik) məbləğində borc silinsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-341/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-341/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver