Məhkəmə qərarları › İş №e-2-2(113)-3410/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3410/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3410/2023 21.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 mart 2022-ci il tarixli, 2022/16 saylı müqavilə üzrə 12215,78 manat (on iki min iki yüz on beş manat yetmiş səkkiz qəpik), Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 610 manat, mediatora ödənilmiş 200 manat və vəkilə ödənilmiş 1000 olmaqla, ümumilikdə 14025,78 manat (on dörd min iyirmi beş manat 78 qəpik) pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 29 mart 2022-ci il tarixli, 2022/16 saylı müqaviləyə əsasən satıcı bu müqavilənin əlavələri ilə müəyyən olunan malları alıcıya təqdim etməklə onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən alıcı sifariş olunan malın dəyərini satıcı malı təqdim etdiyi andan etibarən 15 (on beş) gündən gec olmayaraq, köçürmə yolu ilə həyata keçirir. xx.xx.2022-ci il tarixdə EBBT 515908 saylı elektron qaimə ilə 60000 manat, xx.xx.2022-ci il tarixdə EBBU 000098 saylı elektron qaimə ilə 28109 manat, xx.xx.2022-ci il tarixdə EBBU 045614 saylı elektron qaimə ilə 8115,78 manat və xx.xx.2022-ci il tarixdə EBBY 704260 saylı elektron qaimə ilə 42112,64 manat olmaqla, ümumilikdə 138337,42 manat dəyərində elektron qaimə Cavabdeh MMC-yə göndərilmiş, həmin məbləğdən müxtəlif vaxtlarda 126121,64 manat ödənilsə də, 12215,78 manat (on iki min iki yüz on beş manat yetmiş səkkiz qəpik) borc bu günə qədər ödənilməmişdir. Borc məbləğinin ödənilməsi məqsədilə cavabdehə mübahisənin məhkəmədən kənar qaydada, mediasiya vasitəsi ilə həll edilməsi təklif olunmuş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bundan sonra cavabdehə pretenziya məktubu göndərilərək, borc məbləğinin ödənilməsi xahiş olunmuş, əks təqdirdə bu barədə aidiyyatı məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh məsələnin həlli istiqamətində heç bir addım atmamışdır. Bundan əlavə, cavabdeh öhdəliyini vaxtında və lazımınca icra etmədiyinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 12215,78 manat üçün illik 5 %, yəni 610 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, 29 mart 2022-ci il tarixli, 2022/16 saylı müqavilə üzrə 7215,78 manat (yeddi min iki yüz on beş manat yetmiş səkkiz qəpik), Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 610 manat, mediatora ödənilmiş 200 manat və vəkilə ödənilmiş 1000 olmaqla, ümumilikdə 9025,78 manat (doqquz min iyirmi beş manat 78 qəpik) pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 390, 425, 442, 445.7-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

6. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. İş materiallarından görünür ki, İddiaçı MMC “satıcı”, Cavabdeh MMC “alıcı” olmaqla, tərəflər arasında 29 mart 2022-ci il tarixli 2022-16 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi ilə bu müqavilənin əlavələri ilə müəyyən olunan malları alıcıya təqdim etməklə, onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib, onun dəyərini bu müqavilənin şərtlərinə müvafiq olarq ödəməyi öhdəsinə götürür.

9. EBBT seriyalı, 515908 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 60000 manat, EBBU seriyalı, 000098 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 28109 manat, EBBU seriyalı, 045614 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 8115,78 manat, EBBY seriyalı, 704260 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 42112,64 manat məbləğində müxtəlif mallar İddiaçı tərəfindən Cavabdehnə ödənilməsi üçün təqdim edilmişdir.

10. xx.xx.2022-ci il tarixli 000309 nömrəli malların təhvil-qəbul aktına əsasən 60000 manat, xx.xx.2022-ci il tarixli 000314 nömrəli malların təhvil-qəbul aktına əsasən 17000 manat, xx.xx.2022-ci il tarixli 000313 nömrəli malların təhvil-qəbul aktına əsasən 28109 manat məbləğində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir.

11. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 30 may 2023-cü il tarixli pretenziya məktubunda 12215,78 manat (on iki min iki yüz on beş manat yetmiş səkkiz qəpik) məbləğində borcun 3 (üç) gün ərzində ödənilməsi tələb edilmişdir.

12. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsnə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

16. İddia tələbinin bir hissəsini 29 mart 2022-ci il tarixli, 2022/16 saylı müqavilə üzrə 7215,78 manat məbləğində pulun Cavabdeh MMC-dən tutulması təşkil edir.

17. Məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 138337,42 manat (60000+28109+8115,78+42112,64=138337,42) məbləğində pul vəsaitinin ödənilməsi üçün 4 qaimə təqdim edilmişdir. İddia ərizəsi məhkəməyə verilənədək həmin məbləğdən 126121,64 manat məbləğində ödəniş olunmuş, daha sonra məhkəmə icraatının gedişində qalan məbləğdən 5000 manat da ödənilmiş və iddiaçı müvafiq olaraq iddia tələbinin həcmini azaltmışdır. Qeyd edilən halları nəzərə alaraq və təqdim edilmiş sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, müqavilə üzrə ödənilməli olan qalıq 7215,78 manat (138337,42-126121,64-5000=7215,78) məbləğində pul Cavabdehndən iddiaçının xeyrinə tutulmalıdır.

18. İddiaçı eyni zamanda Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 610 manat pul məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə icranın gecikdirilməsi ilə bağlı faizlərin tutulmasına münasibətdə qeyd edir ki, iddiaçının tələbi həmin hissədə də əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində razılaşdırılmışdır ki, bu müqavilə üzrə ödəniş müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərini satıcı malı təqdim etdiyi andan etibarən 15 (on beş) iş günündən gec olmayaraq, köçürmə yolu ilə həyata keçirir. Müqavilənin həmin şərtinə cavabdeh tərəfindən əməl olunmamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehin qalıq borc məbləğinin 12215,78 (on iki min iki yüz on beş manat yetmiş səkkiz qəpik) manat olduğunu qeyd edərək, həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 610 manat (12215,78x5/100≈610,8) məbləğində pulun (1 il üçün) cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, öhdəliyin icrasının gecikdirilməsi öz təsdiqini tapdığından həmin hissədə də iddia təmin olunmalı, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Eləcə də, iddiaçı məhkəməyə ödənilmiş mediasiya xərclərinə görə 200 (iki yüz) manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1000 (min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

20. Məhkəmə hesab edir ki, cavabdehdən ağlabatan məbləğ olaraq 400 (dörd yüz) manat hüquqi yardım xərci, 200 (iki yüz) manat mediasiya xərci iddiaçının xeyrinə tutulmalıdır.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 29 mart 2022-ci il tarixli, 2022-16 saylı müqavilə üzrə 7215,78 manat (yeddi min iki on beş manat yetmiş səkkiz qəpik), gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 610 (altı yüz on) manat, 200 manat mediasiya xərci, hüquqi yardım xərcinə görə 400 manat olmaqla, cəmi 8425,78 manat (səkkiz min dörd yüz iyirmi beş manat yetmiş səkkiz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar