Məhkəmə qərarları › İş №e-2-2(113)-3416/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3416/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3416/2024 28.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Abi oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh Abi oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Abi oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh Abi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 11.678,87 (on bir min altı yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, 130/2022 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 11.678.87 (on bir min altı yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində3 (üç)ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdehmüqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 11.678,87 (on bir min altı yüz yetmiş səkkiz manat səksən yeddi qəpik) manat hissəsini bu günədək ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh Abi oğlu məhkəməyə izahatında məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, 130/2022 saylı müqaviləni, borcun etirafı barədə müqaviləni və borcun etiraf edilməsinə dair ərizəni imzaladığını qəbul etmiş, ancaq malların anasına aid mağazaya verildiyini bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh Abi oğlu (alıcı) arasında “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, 130/2022 saylı müqavilə və xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə imzalanmışdır.

9. xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 1.1-ci bəndinə əsasən kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun kreditora 12.335 manat məbləğində borcu yarandığı müəyyən olunmuşdur. Borclu kreditora 12.335 manat borcunun olduğunu tam etiraf edir və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür.

10. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borclu borc məbləğini müqavilə bağlandıqdan sonra hər ay 4.111 manat olmaqla, xx.xx.2022-ci il tarixədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürür.

11. Müqavilələr hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

13. İş materiallarına əlavə olunmuş, Cavabdeh imzası ilə təsdiq olunmuş, xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh Abi oğlu xx.xx.2022-ci il tarixli, 130/2022 saylı müqavilə üzrə İddiaçı MMC-yə 12.335 manat məbləğində borcun qaldığını etiraf etmişdir.

14. Hazırda, iddiaçı cavabdehin ödənilməmiş 11.678,87 manat məbləğində borcunun qaldığını bildirərək, pulun tutulmasını tələb edir.

15. Məhkəmə iclasında iştirak edən cavabdeh iki marketinin olduğunu, həmin marketlər üzrə hesabatların ona verildiyini, borcun mövcud olduğunu, lakin malların ona deyil, onun nəzarətində olan anasına aid mağazaya verildiyini bildirdi.

16. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi, borcun etirafı barədə müqavilə və borcun etirafı barədə ərizə Cavabdeh Abi oğlu tərəfindən imzalandığından, həmçinin də, malların verildiyi mağazanın onun nəzarətində olması barədə özü məhkəmə iclasında izahat verdiyindən, Məhkəmə hesab edir ki, cavabdehin etirazın dəlilləri əsassızdır və verilmiş olan mallara görə borcu ödəmək öhdəliyi daşıyır.

17. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 11.678,87 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Bundan başqa, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC tərəfindən mediasiya xidmət haqqı olaraq 200 manat məbləğində pul Bakı 09 saylı Mediasiya Təşkilatına ödənmişdir.

19. Ona görə də, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdeh Abi oğlundan tutularaq İddiaçınə ödənilməlidir.

20. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. 11.678 (on bir min altı yüz yetmiş səkkiz) manat, 87 (səksən yeddi) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar