Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3421/2021 29.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 121365,40 manat əsas, 34063,54 manat cərimə (penya) və 30 manat dövlət rüsumunun cəmi 155458,94 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 27.11.2020-ci il tarixli MC-0029920 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilədə İddiaçı MMC “satıcı”, Cavabdeh MMC isə “alıcı” kimi çıxış etmişlər. Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı standard və texniki şərtlərə cavab verən araq və şərab, tünd spirtli içkilərin alıcıya satılmasını, alıcı isə öz növbəsində malları qəbul edib dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öz öhdəsinə götürmüşdür.Müqavilənin 4.1-ci bəndinə əsasən, malın dəyərinin ödənilməsi “Alıcı” tərəfindən ilk sifariş zamanı, ilk sifariş məbləğinin 50 % qabaqcadan avans olaraq ödənilmiş, ilk sifariş məbləğinin qalan 50 % hissəsi isə elektron qaimə göndərilən gündən sonrakı 30 təqvim günü ərzində ödənilmişdir.Növbəti sifarişlərin ödənişləri isə sifarişə uyğun olaraq göndərilən elektron qaimənin tarixindən sonrakı 30 təqvim günü ərzində ödənilmişdir.Ödəniş forması nağdsız qaydada köçürmə yolu ilə həyata keçirilmişdir.Müqavilə üzrə öhdəliklər Cavabdeh MMC tərəfindən hələ də icra edilməmişdir.Mallar Cavabdeh MMC-yə elektron qaimə əsasında təhvil verilmiş, lakin müqavilə üzrə nəzərdə tutulan malların dəyəri ödənilməmişdir. 29.01.2021-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC–yə 121365,40 manatdır. Alqı-satqı müqaviləsinə uyğun olaraq Cavabdeh MMC-yə 03 iyun 2021-ci il tarixli bildiriş göndərilmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.5-ci maddəsində qeyd edilmişdir ki, ödəmə şərtlərinə uyğun olaraq 30 təqvim günü ərzində ödəniş həyata keçirilməzsə, gecikdirilən hər gün üçün qaiməfakturanın məbləğinin 0,1 faizi penya olaraq İddiaçı MMC Cavabdeh MMC-nin üzərinə hesablanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi, vəkil X1 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək Azərbaycan Respublikası Ali Məhkəməsində məhkəmə iclasında iştirak etdiyindən işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh MMC arasında 27.11.2020-ci il tarixli MC-0029920 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. 29.01.2021-ci il tarixli qarşılıqlı üzləşmə aktından və elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 159236,40 manat dəyərində mal satılmış, bunun müqabilində Cavabdeh MMC tərəfindən 37871 manat pul ödənilmiş, 121365,40 manat məbləğində isə borcu qalmışdır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 462.1, 467, 470.1, 567, 598.1-598.3-cü maddələri). Göründüyü kimi İddiaçı MMC öz öhdəliklərini yerinə yetirsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, belə ki, İddiaçı MMC tərəfindən satılan 159236,40 manat dəyərində mala görə Cavabdeh MMC 37871 manat məbləğində pul ödəsə də, 121365,40 manat məbləğində borcu qalmışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 121365,40 manat məbləğində əsas borcun tələbi hissəsində iddiası əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı İddiaçı MMC tərəfindən müqavilənin 4.5-cü bəndinə əsasən Cavabdeh MMC-yə 34063,54 manat məbləğində cərimə hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 2634,60 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 79,77%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 79,77%-i, yəni 23,93 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən (VÖEN: **********) 121365,40 manat məbləğində əsas borc, 2634,60 manat cərimə, cəmi 124000 manat və dövlət rüsumu kimi ödənilmiş 23,93 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən (VÖEN: **********) 121365,40 manat məbləğində əsas borc, 2634,60 manat cərimə, cəmi 124000 manat və dövlət rüsumu kimi ödənilmiş 23,93 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3421/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3421/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver