Məhkəmə qərarları › İş №e-2-2(113)-3421/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3421/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3421/2024 04.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, prosessual maraq, üzləşmə aktı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 mart 2023-cü il tarixli xidmət müqaviləsi üzrə 16554 manat xidmət haqqı, 2979,72 manat ƏDV məbləğinin və ödənilmiş 148,66 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 14 mart 2023-cü il tarixli XİS-SR14032022 saylı xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1ci bəndinə əsasən iddiaçı müqaviləyə əlavələrdə nəzərdə tutulmuş xidmətləri göstərməyi, cavabdeh isə razılaşdırılmış xidmət haqqını ödəməyə öhdəsinə götürmüşdür. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirdiyi halda, cavabdeh öhdəlikləri yerinə yetirməmiş, nəticədə 16554 əsas məbləğ və 2979,72 ƏDV borcu yaranmışdır. Qeyd olunan məbləğlər 2023-cü ilin iyun, iyul, avqust, sentyabr və oktyabr ayında göstərilən xidmətlərə görə yaranan borcdur. Adıçəkilən müqavilədə qeyd olunmuşdur ki, ödəniş iddiaçının təqdim etdiyi hesab-faktura əsasında həyata keçiriləcək. Ödəniş qeyd olunan sənədlər təqdim edildikdən və cavabdeh tərəfindən qəbul olunduqdan sonra 5 iş günü ərzində bank köçürməsi yolu ilə həyata keçirilməli idi. Lakin bu müddət ərzində cavabdeh ödənişi etməkdən yayınmışdır. Cavabdehə elektron qaimə-faktura təqdim edilmiş, həmin elektron qaimə-faktura sonuncu tərəfindən təsdiq edilmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442, 445-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, 14 mart 2023-cü il tarixli xidmət müqaviləsi üzrə ödənişlər olsa da, üzləşmə aktı tərtib edildikdən sonra hər hansı ödəniş olmamışdır.

6. Məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli XİS-SR14032022 nömrəli xidmət müqaviləsinin şərtlərindən görünür ki, “İcraçı” Müqaviləyə əlavələrdə nəzərdə tutulmuş xidmətləri göstərməyi, “Sifarişçi” isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürür (1.1). Bu Müqavilə tərəflərin öhdəliklərinin çərçivəsini müəyyən etməklə məcburi qüvvəyə malikdir. Bu Müqavilə üzrə təqdim edilən ayrı-ayrı xidmətlər onun ayrılmaz hissəsi olan Əlavələrdə göstəriləcəkdir (1.2). Xidmət haqqının məbləği Müqavilənin Əlavələrində göstəriləcəkdir. Qiymət bütün Xidmət və onun göstərilməsi müddəti üçün təsbit edilir və birtərəfli qaydada dəyişdirilə bilməz. “Sifarişçi” texnikanı yanacaqla təmin edir, operatorun məişət təminatını öz üzərinə götürür. “İcraçı” texnika ilə əlaqəli bütün təmir və servis xidmətlərini öz üzərinə götürür (2.1). Xidmət göstərilməsi müddəti xidmətlərin yerinə yetirilməsini təsdiq edən ikitərəfli təhvil aktın əsasında, texnikanı Sifarişçiyə təhvil verildiyi gündən başlanır və Müqavilənin əlavələrində başqa müddət nəzərdə tutulmamışdırsa davam edir (2.2). Sifarişçinin işi dayandırması və ya əlverişsiz hava şəraitinə (yağış və s.), bayramlara görə işlənilməyən gün və ya saatlara görə hesablanmış xidmət haqqının məbləğindən heç bir pul tutulması həyata keçirilməyəcəkdir (2.3). Əgər Müqavilənin əlavələrində başqa ödəmə şərtləri nəzərdə tutulmamışdırsa, xidmət haqqı, təhvil aktının Sifarişçi tərəfindən təsdiq edilmiş olması şərtilə, İcraçı tərəfindən hesab-fakturanın təqdim edildiyi gündən 5 (beş) iş günü müddətində ödəniləcəkdir. Ödənişin gecikdirildiyi hər gün üçün Sifarişçi tərəfindən İcraçıya müqavilənin ümumi dəyərinin 1%-i dəyərində gecikdirlməyə görə penya ödəniləcəkdir (2.4). Hesab-faktura ən azı aşağıdakı məlumatlardan ibarət olmalıdır: müqavilənin nömrəsi; icraçının ünvanı və adı; sifarişçinin ünvanı və adı; ümumi dəyəri (2.5). İcraçı ödəmə üçün hesab-fakturalarını Azərbaycan manatı ilə (AZN) təqdim etməlidir (2.6). Ödəniş Sifarişçi tərəfindən İcraçının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək (2.7).

11. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixli 01 nömrəli əlavənin şərtlərindən görünür ki, “Hangcha CPCD 30” markalı nəqliyyat vasitəsilə xidmətin göstərilməsi şərtləri və qaydası razılaşdırılmışdır.

12. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixli 2 nömrəli əlavənin şərtlərindən görünür ki, 3 tonluq avtoyükləyici vasitəsilə xidmətin göstərilməsi şərtləri və qaydası razılaşdırılmışdır.

13. İş materiallarına əlavə edilən elektron qaimələr və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixli EBDL 159467 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4189 manat, xx.xx.2023-cü il tarixli EBDM 237506 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4113,48 manat, xx.xx.2023-cü il tarixli EBDN 581856 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3865,68 manat, xx.xx.2023cü il tarixli EBDQ 39912 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3901,08 manat, xx.xx.2023-cü il tarixli EBDS 188363 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3464,48 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 19533,72 manat dəyərində xidmətlərin göstərilməsi üçün tərtib edilmişdir.

14. Məhkəməyə təqdim edilən 13 noyabr 2023-cü il tarixli borcların qarşılıqlı üzləşdirilməsi üzrə aktdan görünür ki, hər iki hüquqi şəxsin möhürü ilə cavabdehin iddiaçıya 13 noyabr 2023-cü il tarixə olan borcu EBDL 159467 seriya və nömrəli elektron qaimə üzrə 3550 manat, EBDM 237506 seriya və nömrəli elektron qaimə üzrə 3486 manat, EBDN 581856 seriya və nömrəli elektron qaimə üzrə 3276 manat, EBDQ 399912 seriya və nömrəli elektron qaimə üzrə 3306 manat, EBDS 188363 seriya və nömrəli elektron qaimə üzrə 2936 manat olmaqla ümumilikdə ƏDV-siz 16554 manat olaraq təsdiq edilmişdir.

15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli XİS-SR14032022 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqaviləyə əlavələrdə nəzərdə tutulmuş xidmətləri göstərməyi, cavabdeh isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilə üzrə EBDL 159467, EBDM 237506, EBDN 581856, EBDQ 399912 və EBDS 188363 seriya və nömrəli elektron qaimələr əsasında ƏDV daxil olmaqla ümumilikdə 19533,72 manat dəyərində xidmət göstərmiş, cavabdeh tərəfindən adıçəkilən xidmət haqqı xx.xx.2023-cü il tarixdə təsdiq edilmişdir.

16. İddiaçı xx.xx.2023-cü il tarixli XİS-SR14032022 nömrəli xidmət müqaviləsi ƏDV daxil olmaqla 19533,72 manat məbləğində pulun tutulmasını tələb edir.

17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilən bütün sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

22. Məhkəmə kommersiya mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

23. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

26. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli XİS- SR14032022 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

27. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

28. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

29. Məhkəmə qeyd edir ki, müqavilənin ödəniş şərtlərində xidmətlərin dəyərinin icraçı tərəfindən hesab-fakturanın təqdim edildiyi gündən 5 iş günü müddətində ödənilməsi şərtləşdirilmiş (2.4), lakin xidmətlərin dəyəri ödənilməmişdir.

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

36. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli XİS-SR14032022 nömrəli xidmət müqaviləsi üzrə 2979,72 manat ƏDV məbləği daxil olmaqla 19533,72 manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

37. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 148,66 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

38. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 149 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

39. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

40. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə iddia tələbinin təmin edildiyini və iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 148 manat pul Cavabdeh MTK-dan tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 14 mart 2023-cü il tarixdə bağlanmış XİS-SR 14032022 saylı xidmət müqaviləsi üzrə 2979 (iki min doqquz yüz yetmiş doqquz) manat 72 (yetmiş iki) qəpik ƏDV daxil olmaqla ümumilikdə 19533 (on doqquz min beş yüz otuz üç) manat 72 (yetmiş iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 148 (bir yüz qırx səkkiz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar