Məhkəmə qərarları › İş №e-2-2(113)-3428/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3428/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3428/2022 10.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icra edilməyən öhdəliklər üzrə 13.629 manat, geciktirilmiş (son tarix xx.xx.2020 olmaqla) 638 gün üçün (365 gün = 5%, 638 = 8,7%) 1.185,67 manat və 134,44 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında xx.xx.2019-cu il tarixində 10092019 saylı müqavilə bağlanmışdır. Sözügedən müqavilə xx.xx.2020-ci il tarixində qüvvədən düşmüşdür. Müqavilənin əlavəsində göstərilən şərtlərə görə, "xxxx" MMC İddiaçı MMC-yə ümumilikdə 75.895 manat miqdarında mal və xidmətlər təqdim etməli idi. Ödəniş qaydası kimi 100% əvvəlcədən ödəniş göstərilmişdir. Qeyd olunmuş məbləğdən İddiaçı MMC "xxxx" MMC-nin bank hesabına ümumilikdə 19.999,82 manat köçürmüşdür və həmin məbləğ üzrə cavabdeh tərəfindən yalnız 6.370,82 manat miqdarında mal və servis xidməti təqdim edilib. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia ilə razı olmadığını bildirmişdir, ancaq məhkəmə baxışı iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 10 sentyabr 2019cu il tarixdə servis və ehtiyat hissələrinin satış müqaviləsi bağlanmışlar. Müqavilənin 1.1 və 1.2-ci bəndindən də göründüyü kimi, icraçı ("xxxx" MMC) sifarişçinin (İddiaçı MMC) verdiyi sifarişə əsasən əlavələrdə göstərilmiş texnikaların təmir edilməsini və tələb olunan mallar, ehtiyyat hissələri ilə təmin edilməsini öhdəsinə götürmüş, sifarişçi isə təhvil verilən malların, ehtiyyat hissələrinin və işlərin qəbul edilməsini və dəyərinin ödəməsini öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixlərdə ümumilikdə 19.999,82 manat məbləğində pul köçürülmüşdür. "xxxx" MMC tərəfindən isə xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərində olan aktlardan (hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş), xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində olan elektron qaimələrdən göründüyü kimi İddiaçı MMC-yə ehtiyyat hissələri verilməklə Doosan 250 markalı texnikaya cəmi 6.370,82 manat məbləğində xidmət göstərilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tələbin qanuni tapılarkən tərəflər arasında bağlanmış və işin faktiki əsası təşkil edən 10 sentyabr 2019-cu il tarixli müqavilənin məzmuna diqqət yetirilməlidir. Göründüyü kimi, qeyd edilən müqavilə həm alqı-satqı həm də xidmət müqaviləsinin elemetlərini özündə əks etdirir. Belə olan halda məhkəmə hesab edir ki, tələbin qanuni əsası kimi alqı-satql müqaviləsinə və podrat müqaviləsinə dair normalar nəzərdən keçirilməlidir. Həmçinin o da qeyd edilməlidir ki, Xidmət müqaviləsi mülki qanunvericilikdə birbaşa möhkəmlənməmiş olsa da, hazırkı halda Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin alqı-satqı və podrat elementlərini özündə cəmləşdirdiyindən iddiaçının tələbinin qanuni əsası kimi aşağıda qeyd edilən normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. İddiaçı tərəf hazırda cavabdehin hesabına 19.999,82 manat məbləğində pul köçürməsinə baxmayaraq, cəmi 6.370,82 manat məbləğində mal verildiyi və xidmət göstərildiyini qeyd edərək, qalıq 13.629 manat məbləğində pulu tələb edir. Cavabdeh tərəf isə məhkəmə hazırlıq iclasında iddiaya etiraz edərək, əvvəllər verilmiş malların və göstərilmiş xidmətlərin Doosan 250 markalı texnika üçün edildiyini, köçürülmüş pulun qalan hissəsinin Liebherr markalı texnika üçün ehtiyyat hissələrinin alınması üçün Türkiyədə olan şirkətə köçürüldüyünü, ancaq, iddiaçı tərəfindən həmin malların pulu tam verilmədiyindən, müvafiq olaraq onlar tərəfindən də, Türkiyədə olan şirkətə pul tam köçürülmədiyindən ehtiyyat hissələrinin Türkiyədən göndərilmədiyini qeyd edir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehin hesabına 19.999,82 manat məbləğində pul köçürülsə də, cəmi 6.370,82 manat məbləğində mal verilmiş və xidmət göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mal verilməmiş və xidmətlər göstərilməmiş qalıq 13.629 manat məbləğində pulun tələb edilməsi hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 1.185,67 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, pretenziya məktubunun cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə alındığını, iddianın isə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olduğunu nəzərə alaraq 46 gün gecikmə müəyyən edilir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 87 (13.629x5/100=681,45 (1 il üçün) 681,45/12=56,78 (1 ay üçün) 56,78/30=1,892 (1 gün üçün) 1,892*46=87) manat təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 134,44 manat dövlət rüsumunun cavabdehdən tələb edilməsi hissəsində iddia təmin edilə bilməz. Belə ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi, iddianın qiyməti nəzərə alınmaqla ödənilməli olan dövlət rüsumu mediasiya sessiyaı zamanı çəkilmiş xərclərlə tam əhatə olunmuşdur, belə olan halda iddiaçı tərəf dövlət rüsumu ödəməli olmadığından onu ödəmişdir. Belə olan halda, artıq ödənilmiş dövlət rüsumunun cavabdehdən tələb edilməsi əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10092019 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 13.629 (on üç min altı yüz iyirmi doqquz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 87 (səksən yeddi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar