Məhkəmə qərarları › İş №e-2-2(113)-3431/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3431/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3431/2021 16.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: “Holcim (Azərbaycan)” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.05.2020-ci il tarixində bağlanmış O000764272 saylı alqı-satqı müqaviləsi üzrə 3815.7 (üç min səkkiz yüz on beş manat yetmiş qəpik) AZN məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 (otuz) manat pulun Cavabdeh tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Holcim (Azərbaycan) ASC arasında 04.05.2020-ci il tarixində bağlanmış O000764272 saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında cavabdehə müqavilədə qeyd edilmiş məhsullar göndərilib. Lakin, cavabdeh göndərilmiş sement məhsulların dəyərini tam ödəməmişdir. Belə ki, 3815.7 (üç min səkkiz yüz on beş manat yetmiş qəpik) AZN məbləğində əsas borc bu günə kimi ödənilməmiş qalmışdır. 26.02.2021-ci il tarixdə şirkət cavabdehə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin 03.03.2021-ci il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Məktub cavabdehin rəsmi qeydiyyat ünvanına aparılmış, həmin ünvanda cavabdehin tanıyan olmadığı üçün məktub çatdırıla bilməmişdir. Bu barədə poçt qəbzində qeyd edilmiş və akt tərtib edilmişdir. İddia tələbi iş materiallarında olan sənədlərlə - müqavilə, yük-nəqliyyat qaiməsi, elektron qaimə-fakturanın surəti ilə təsdiq olunur. İddia ərizəsinə qoşulan yük-nəqliyyat qaiməsi isə cavabdehin malları qəbul etdiyini göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh ilə “Holcim (Azərbaycan)” ASC arasında 04.05.2020-ci il tarixdə bağlanmış O000764272 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə əsasında Satıcı (“Holcim (Azərbaycan)” ASC) 3-cü maddədə göstərilən sement növünü Alıcıya (Cavabdeh) satır, alıcı isə malı alır və dəyərini ödəyir. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görsənir ki, məhsulların qiymətləri əlavədə göstərilən cədvələ əsasən razılaşdırılmışdır və Qaradağ spesial kisənin (çatdırılma və ƏDV daxil) tonunun qiyməti 132,49 manat təşkil edir. İddia ərizəsinə əlavə olunmuş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 06.05.2020-ci il tarixli A********** saylı yük-nəqliyyat qaiməsindən Cavabdeh tərəfindən Spesial Kisə növündə 28.80 ton sementin təhvil alınması müəyyən edilir. İş materiallarından görünür ki, “Holcim (Azərbaycan)” ASC tərəfindən Cavabdeh 07.05.2020-ci il tarixdə 3.815,7 manat pulun tələb edilməsi barədə 633378 saylı elektron qaimə göndərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin hallarından görünür ki, cavabdehə 28,80 ton Qaradağ spesial kisə adlı məhsul təhvil verilmişdir. Qeyd edilən məhsulun 1 tonun qiyməti isə müqviləyə 1 saylı əlavədən də göründüyü kimi 132,49 manat təşkil edir. Belə olan halda cavabdehə 3815,7 (28,80x132,49) manatlıq mal verilmişdir. Cavabdeh isə qeyd olunan malın əvəzinin ödənilməsinə dair hər hansı sənəd təqdim etmədiyindən və bu barədə məhkəməyə etiraz təqdim etmədiyindən məhkəmə hesab edir ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır.Ona görə də, iddia təmin edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 3.815,7 (üç min səkkiz yüz on beş manat yetmiş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar