Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3434/2021 01.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10920 manat əsas borc və 1650 manat ƏDV borcun, borcun gecikdirilməsinə görə 3142,65 manat dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı “X1” MMC arasında 23.02.2017-ci ildə HA 004/0217 saylı müqavilə bağlanılmış, həmin müqavilənin 1-ci bəndinə görə slıcı müqaviləyə əlavə edilən qaimə-fakturada göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə xırdavat malları satıcıdan almağı və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüş, bütün razılaşmalar müqavilədə öz əksini tapmışdır. Həmin müqavilənin 5.4-cü bəndinə görə malı bu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qəbul etmək, malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 5.1-ci maddəsinə görə alıcıdan malın qiymətini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək satıcının hüququdur. Qeyd olunan alqı-satqı müqaviləsi üzrə cavabdehin 09.04.2019-cu il tarixli EASS seriyalı, 830351 nömrəli, 13.06.2020-ci il tarixli EBAL seriyalı, 114375 nömrəli və 13.06.2020-ci il tarixli EBAL seriyalı, 114390 nömrəli elektron qaimələr üzrə 20.05.2009-cu ildə 5000 manat, 17.09.2019-cu ildə 5000 manat, eləcə də 2115 manat ƏDV borcunu ödəmiş, yekunda isə cəmi 10920 manat əsas və 1650,60 manat ƏDV borcu yaranmışdır. Qalan borcun ödənilməsi dəfələrlə şifahi qaydada tələb olunmuş, təəsüf ki, keçən müddət ərzində borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır. Sonuncu dəfə aidiyyəti üzrə məhkəmələrə müraciət edilməsi, vəkil ilə müqavilə bağlanılması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun ödənilməsi, hesablanmış dəbbə pulunun və digər əlavə xərclərin tutulacağı barədə 08.04.2021-ci il tarixli pretenziya məktubu cavabdehə göndərilsədə, təəsüf ki həmin xəbərdarlığa da əhəmiyyət verilməmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra edərək, cavabdehi xırdavat malları ilə təmin etmiş, cavabdeh isə aldığı malların dəyərini iddiaçıya tam ödəməmiş, ödəməməsinin səbəbləri barədə ümumiyyətlə heç bir cavab verməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulu ödənilməsinin nəzərdə tutulmamasına baxmayaraq hesab edir ki, cavabdeh öz öhdəliklərini tam şəkildə yerinə yetirmədiyi üçün həmin məbləği də ödəməlidir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanan 23.02.2017-ci il tarixli HA 004/0217 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) satır, alıcı (cavabdeh) isə bu müqavilənin ayrılmaz tərkib hissəi olan və müqaviləyə əlavə edilən qaimə-fakturalarda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə xırdavat malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği bu müqaviləyə əlavə edilmiş qaimə-fakturalar ilə müəyyən ediləcək. Müqavilənin 4.3-cü bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni imzalayırlar. Müqavilə hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imza və möhürləri ilə təsdiq olunmuşdur. EAAS 830351 nömrəli 09.04.2019-cu il tarixli elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 13865 manat, EBAL 114375 nömrəli 13.06.2020-ci il tarixli elektron qaiməyə əsasən 8319 manat, EBAL 114390 nömrəli 13.06.2020-ci il tarixli elektron qaiməyə əsasən 2501,60 manat məbləğində mallar təhvil verilmişdir. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışlara əsasən cavabdeh tərəfindən iddiaçının bank hesabına 17.09.2019-cu il tarixdə 5000 manat, 20.05.2019-cu il tarixdə 5000 manat pul vəsaiti ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 05.04.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 23.02.2017-ci il tarixli HA 004/0217 saylı müqavilə üzrə yaranmış 10920 manat əsas və 1650,60 manat ƏDV borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 23.02.2017-ci il tarixli HA 004/0217 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 12570 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12570 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 3142,65 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Lakin məhkəmə iddianın həmin hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 23.02.2017-ci il tarixli HA 004/0217 nömrəli alqı-satqı müqaviləsində öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə, o cümlədən icranın gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmamışdır. Halbuki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd olunan maddənin məzmunundan da görünür ki, dəbbə pulu müqavilədə nəzərdə tutulduğu halda tələb oluna bilən pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12570 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X2 Company” MMC-dən 10920 (on min doqquz yüz iyirmi) manat əsas borc və 1650 (bir min altı yüz əlli) manat ƏDV borcu, ümumilikdə 12570 (on iki min beş yüz yetmiş) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3434/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3434/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver