Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3434/2025 05.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X8 Zavodu” ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borc" tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “X8 Zavodu” ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borc tələbinə dair” kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, N-4/6/24 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə Satıcı müqavilə ilə müəyyən olunmuş şərtlərlə tələbə uyğun olan “bəsləməli olan diri dana və bəsləməli olan dana əti məhsulları”nı (bundan sonra Mal) Alıcıya satmağı, Alıcı isə həmin şərtlər daxilində Malı qəbul edib dəyərini hazırkı müqavilə ilə müəyyən edilmiş vaxtda Satıcıya ödəməyi öhdəsinə götrür.
2. Tərflər arasında bağlanmış sözügedən müqavilənin: 2.1. 2.1.1 və 2.1.2-ci bəndlərinə görə Satıcı Malı müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış miqdarda və çeşiddə Alıcıya təhvil verməlidir. Alıcı tərəfindən alınan Malla əlaqədar narazılıq yarandığı halda, Satıcı Malı 5 gün ərzində yeni malla əvəz etməlidir və ya Alıcı tərəfindən ödənilmiş Malın pulunu 5 gün ərzində geri qaytarmalıdır; 2.2. 3.1-ci bəndinə görə müqavilə üzrə hesablaşma Malın sifariş verilmiş partiyasının dəyərinin Alıcı tərəfindən Malın satışına dair elektron qaimə alındıqdan sonra 10 gün ərzində Satıcının hesabına 100% ödənməklə nağdsız qaydada köçürmə yolu ilə aparılır; 2.3. 3.2-ci bəndinə əsasən Malın adı, miqdarı, çeşidi və qiyməti tərəflər arasındakı razılaşmaya əsasən müqaviləyə əlavə ediləcək qiymət razılaşdırma protokollarında və Satıcı tərəfindən Alıcıya təqdim ediləcək sənədlərdə göstərilir; 2.4. 4.1-ci bəndinə görə Malın Alıcıya çatdırılması tərəflərin razılığı ilə Satıcı tərəfindən həyata keçirilir və Malın Alıcının anbarında təhvil verməklə həyata keçirilir; 2.5. 4.2-ci bəndinə görə Malın Alıcıya təhvil verilməsi Satıcı tərəfindən Alıcıya təqdim edilmiş qaimə-faktura ilə təsdiq edilir.
3. Eyni zamanda, tərəflər arasında 1 kq diri dananın 5,50 manata satılması barədə xx.xx.2024-cü il tarixdə 1 nömrəli X4 imzalanmışdır. X2 Malların cavabdehin (Alıcının) ünvanında iddiaçı (Satıcı) tərəfindən təhvil verilməsi, habelə ödənişin Malın satıldığına dair elektron qaimənin alınmasından sonra ən geci 10 iş günü ərzində Satıcının bank hesabına ödənilməsi ilə bağlı qeyd əks olunmuş, Protokol hər iki tərəfin rəhbərləri tərəfindən imzalanmaqla Cəmiyyətlərin möhürü ilə təsdiq edilmişdir.
4. xx.xx.2024-cü il tarixdə isə 5180 kq çəkidə, 40292, 40221, 40254,40244, 40264, 40226, 40194, 40201, 40230, 40210, 40233, 40267, 40515, 40256, 40190, 40235, 40199, 40222, 40224, 40247, 40204, 40205, 40258, 40266, 40514, 40516, 40216, 40213,40290, 40282, 40386, 40280, 40271, 40330 və 40310 birka nömrəli danaların kontrollu olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində cavabdehə satılması barədə Akt tərtib edilmiş və tərəflərin nümayəndələri tərəfindən imzalanmışdır.
5. Yenə də xx.xx.2024-cü il tarixdə 3250 kq çəkidə, 40350, 40284, 40311, 40279, 40381, 40384, 40366, 40338, 40352, 40356, 40297, 40281, 40345, 40312, 40339, 40318, 40383, 40374, 40398, 40299, 40378, 40369, 40236, 40234, 40316, 40332, 40388, 40376, 40315, 40385, 40418, 40401, 40422, 40425 və 40400 birka nömrəli danaların kontrollu olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində cavabdehə satılması barədə Akt tərtib edilməklə, tərəflərin nümayəndələri tərəfindən imzalanmışdır.
6. Bundan başqa, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə 46365 manat pulun ödənilməsi üçün 10242172 nömrəli elektron qaimə-faktura göndərilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
7. İddiaçı alqı-satqı müqaviləsinin şərtlərinə və qarşılıqlı razılaşmaya əsasən aldığı malların dəyəri olaraq 46365 manat pulun, 500 manat hüquqi xidmət xərcinin və 229,15 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə, sonradan həcmini artırılmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmşdır ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin şərtlərinə və qarşılıqlı razılaşmaya əsasən, Satıcı Alıcıya 1 kq 5,50 hesablanmaqla diri dana satmağı, Alıcı isə müqavilənin 3.1 maddəsinə əsasən malın satışına dair elektron qaimə alındıqdan sonra 10 gün içində aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürmüş olduğu öhdəliklərə əməl edərək xx.xx.2024-cü il tarixdə tərəflər arasında imzalanmış “Təhvil -Təslim Aktı”-na əsasən 1) **-TY-*** nömrəli nəqliyyat vasitəsi daşınmaqla - 35 baş, 2) **-BL-*** nömrəli nəqliyyat vasitəsi daşınmaqla - 35 baş olmaqla, cəmi 70 baş, yəni 8430 kq çəkidə diri dana məhsulunu, toplam 46 365 manat dəyərində malı Alıcının nümayəndəsinə təhvil vermişdir. Cavabdehin əməkdaşları baytar və alış üzrə səlahiyytli nümayəndələri fermanı gəzərək özlərinin bəyəndikləri və seçdikləri danaları gətirdikləri nəqliyyat vasitəsinə yükləmiş və Satıcının tərəzizisində çəkildikdən sonra təhvil-təslim aktlını imzaladıqdan sonra e-qaimə vurulduqdan həmən sonra dəyərini ödəyəcəklərini təhvil alaraq aparmışlardır. Bunu fermanın daxilindəki video yazılarla sübut edə bilərlər. Lakin Alıcı malı aldıqdan sonra Satıcı tərəfindən ona göndərilmiş e-qaimələri təsdiq etməmiş və hər dəfəsində müxtəlif bəhanələr gətirməklə almış olduğu malların dəyərini ödəməmişdir. Cavabehin rəhbərliyinə bununla bağlı dəfələrlə şifahi və yazılı müraciətlər edilsə də, heç bir təsdiq edici sənəd, AQTA-nın və Dövlət Baytarlıq xidmətinin təqdim etmiş olduğu heç bir arayış təqdim etmədən almış olduğu heyvanların bir qisminin güya xəstəlik səbəbi ilə tələf olduğunu bildirmiş, lakin bununla əlaqədar müvafiq dövlət orqanları tərəfindən təsdiqləyici sənədləri təqdim etmədən iddiaçını günahlandıraraq borcu ödəməmişdir. Borcun ödənilməsi tələbi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə cavabdehin elektron vergi sisteminə işlənməklə onlar tərəfiindən pretenziya göndərilmiş və borcun 7 gün ərzində ödənilməsi tələb edilsə də, cavabdeh pretenziya məktubuna cavab verməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
9. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
10. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi
11. Cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, mal cavabdehə diri təhvil verisə də, kəsilən zaman onların xəstə olması və istismara yararsız olduğu müəyyən olunmuşdur. İddiaçı tərəf iddialarını əsaslandıra bilməyiblər, heyvanların sağlam olması barədə baytarlıq şəhadətnaməsi məhkəməyə təqdim edilməyib. Heyvanların xəstə olmasını isə ancaq kəsəndən sonra biliblər. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
12. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
18. Maddə 581.2. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
23. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) yaranır.
24. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, N-4/6/24 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini iddiaçı tərəfindən iri buynuzlu diri dananın cavabdehə tərəflərin razılaşması ilə müəyyən edilmiş yerdə çatdırmaqla (təhvil verməklə) satılması, cavabdeh tərəfindən isə həmin heyvanları təhvil almaqla X5 razılaşdırılmış qiymətlə dəyərinin ödənilməsi təşkil etmişdir.
25. Yuxarıda qeyd edilən müddəalardan da göründüyü kimi müqavilə iki və ya daha çox şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilənin məzmununa ümumi anlamda onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvədə olduğu müddət, qiyməti və digər şərtlər daxildir. Eyni zamanda, müqavilənin məzmununa tərəflər arasında ayrı-ayrı hüquq münasibətlərinə xas olan elə şərtlər daxil edilə bilər ki, tərəflərin öhdəliklərinin icrası məhz həmin şərtlərdən asılı olar.
26. Hazırkı mübahisə üzrə iddiaçının satıcı qismində öhdəliyi üçün xüsusi şərt cəmi 8430 kq iri buynuzlu heyvanı diri vəziyyətdə, müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə və çeşiddə cavabdehin ünvanında təhvil verməkdən, cavabdehin öhdəliyi üçün xüsusi şərt isə elektron qaiməni aldıqdan sonra 10 iş günü ərzində (X1 görə) aldığı heyvanların dəyərini ödəməkdən ibarət olmuşdur.
27. Heyvanların cavabdehin ünvanında təhvil verilməsi işin mübahisəsiz halıdır, belə ki cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı razılaşdırılmış çəkidə heyvanların təhvil verilməsini etiraf etmişdir. Bu hal, artıq iddiaçını heyvanların razılaşdırılmış çəkidə və razılaşdırılmış yerdə təhvil verilməsi ilə bağlı öhdəliyini sübut etmək vəzifəsindən azad edir. Tərəflər arasındakı mübahisə isə heyvanların müəyyən edilmiş normalara uyğun keyfiyyətdə verilməməsi ilə əlaqədardır. Əvvəldə də qeyd edildiyi kimi, iddiaçı üçün bu hal onun xüsusi öhdəliyindən birini təşkil etmişdir.
28. Tərəflər arasında alqı-satqı predmeti olan iri buynuzlu heyvanların müəyyən edilmiş normalara uyğun keyfiyyətdə olması onların insanlar tərəfindən qida məhsulu olaraq qəbul (istismar) edilməsinə imkan verən dərəcədə sağlam olması anlamında başa düşülməlidir. Heyvanların sağlam (müəyyən edilmiş normalara uyğun keyfiyyətdə) olması isə vizual olaraq deyil, yalnız baytarlıq sahəsində tibbi yoxlama əsasında müəyyən edilə bilən haldır. Başqa sözlə, iddiaçının heyvanların müəyyən edilmiş normalara uyğun keyfiyyətdə (sağlam) təhvil verilməsi öhdəliyinin düzgün icra olunmasının müəyyən edilməsi yalnız tibbi sənədlər əsasında sübuta yetirilə bilər.
29. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X3 X7 tərəfindən verilmiş AZ-19050101/2N-07240001 nömrəli və AZ-19050101/2N-07240002 nömrəli Baytarlıq Şəhadətnamələrindən görünür ki, 05-08 yaşları arasında olan ümumilikdə 70 başdan ibarət iri buynuzlu heyvan (dana) xüsusi təhlükəli və karantin heyvan xəstəliklərinə görə sağlamdır. Hər iki Baytarlıq Şəhadətnaməsi xx.xx.2024-cü il tarixdə verilmiş və yararlılıq müddəti xx.xx.2024-cü ilədək müəyyən edilmişdir. Sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli Aktda qeyd edilmiş heyvanların birka nömrələri ilə AZ-19050101/2N-07240001 nömrəli Baytarlıq Şəhadətnaməsində göstərilmiş birka nömrələri ilə, xx.xx.2024-cü il tarixli digər Aktda göstərilmiş birka nömrələri isə AZ-19050101/2N-07240002 nömrəli Baytarlıq Şəhadətnaməsində göstərilmiş birka nömrləri ilə eynilik təşkil edir.
30. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, razılaşdırılmış çəkidə və yerdə, habelə müəyyən edilmiş normalara uyğun keyfiyyətdə (sağlam) iri buynuzlu heyvanları cavabdehə təhvil verməklə öhdəliyini tam icra etmişdir. Lakin cavabdeh satılmış heyvanların dəyərini ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmiş, iddiaçı tərəfindən ona xx.xx.2024-cü il tarixində 46365 manat pulun ödənilməsi barədə elektron qaimə-faktura göndərilsə də (tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə görə ödəniş (hesablaşma) üçün əsas Alıcı tərfindən Malın satışına dair elektron qaimənin alınması ilə şərtləndirilmişdir) o, X6 göstərilmiş müddətdə, yəni elektron qaiməni aldıqdan sonra 10 iş günü müddətində aldığı malların qiymətini ödəməməklə bağlı öhdəliyini pozmuşdur. Cavabdeh həmin öhdəliyini icra etməməsini heyvanlar kəsildikdən sonra onların bir çoxunun xəstə olması ilə istismara yararsız olmasını izah etsə də, göstərdiyi dəlillərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, müqavilənin 2.1.2-ci bəndində cavabdehin narazılıq yaranmış malın 5 gün müddətində yeni malla əvəz edilməsini iddiaçıdan tələb etmək hüququ nəzərdə tutulmuşdur.
31. Məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən iddiaçının hüquqlarının müdafiəsi üçün ödədiyi hüquqi xidmət xərci və dövlət rüsumu da cavabdehdən onun xeyrinə tutulmalıdır.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 04 iyul 2024-cü il tarixli, 4/6/24 saylı alqı-satqı müqaviləsinin şərtlərinə və qarşılıqlı razılaşmaya əsasən aldığı malların dəyəri olaraq 46365 (qırx altı min üç yüz altmış beş manat) manat məbləğində borc, hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat xidmət haqqı və ödənilmiş 229,15 manat dövlət rüsumu tutularaq iddiaçı “X8 Zavodu” MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı