Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3437/2025 01.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.156,57 manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 62 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cü il tarixli, 16025 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 3.839,57 məbləğində qalıq borc və müqavilə üzrə hesablanmış 317 manat cərimə ümumilikdə 4.156,57 manat borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, lakin iddiaçı məhkəmə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixli 16025 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.
11. Müqaviləyə əsasən satıcı sifariş edilmiş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və malların dəyərini satıcıya müqavilədə göstərilən qaydada ödəməyi öhdəsinə götürmüşdür.
12. Müqavilənin 8.5-ci maddəsinə əsasən satıcı qiymətə dair (satıcıya müqavilə üzrə ödənilməli olan digər ödənişlərə) dair alıcıya elektron qaimə, elektron vergi hesab fakturası, müqavilədə göstərilən qaydada hər iki tərəfin imzaladığı və təsdiq etdiyi akt və qanunvericilik ilə tələb olunan digər sənədləri təqdim etməyi öhdəsinə götürmüşdür.
13. Müqavilə tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" MMC-nin üzərinə düşür.
16. İş materiallarından görünür ki, iddaçı tərəfindən cavabdehə EBCG seriyalı, xx.xx.2022-ci il tarixli 580930 nömrəli dəyəri 1.117,41 manat, EBCG seriyalı, xx.xx.2022-ci il tarixli 895056 nömrəli dəyəri 584,96 manat, EBCH seriyalı, xx.xx.2022-ci il tarixli 260181 nömrəli dəyəri 195,56 manat, EBCH seriyalı, xx.xx.2022-ci il tarixli 257615 nömrəli dəyəri 330 manat, EBCH seriyalı, xx.xx.2022-ci il tarixli 360998 nömrəli dəyəri 49,60 manat, EBCH seriyalı, xx.xx.2022-ci il tarixli 360989 nömrəli dəyəri 153,29 manat, EBCH seriyalı, 360996 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 268,20 manat, EBCH seriyalı 367109 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 49,60 manat, EBCH seriyalı, 414882 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 182 manat, EBCH seriyalı, xx.xx.2022-ci il tarixli, 414783 nömrəli, dəyəri 789,15 manat, EBCİ seriyalı, xx.xx.2022-ci il tarixli, 455732 nömrəli, dəyəri 18,30 manat, EBCG seriyalı, 265706 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 66 manat, EBCE seriyalı, 636342 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 34,50 manat, EBBT seriyalı, 179462 nömrəli, xx.xx.2022-ci il tarixli dəyəri 195,01 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.
17. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 4.034,58 manat təşkil edir.
18. İddiaçı hazırda, cavabdehin qalıq 3.839,57 manat borcunun qaldığını bildirir.
19. Məhkəmə hesab edir ki, qeyd olunan elektron qaimələrlə bağlı hər hansı bir etiraz verilmədiyi və qaimələr əsasında cavabdeh tərəfindən ödənişlər edildiyi nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmiş, cavabdehin də, ona verilmiş olan malların dəyərini ödəmək öhdəliyi yaranmışdır.
20. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
21. Məhkəmənin yalnız bir hazırlıq iclasında (ilk hazırlıq iclası) iştirak edən Cavabdeh, iddiaçıdan mal aldığını qəbul etmiş, lakin tələb edilən borc məbləği üzrə iddiaçıdan mal almadığını, alınan mallara görə iddiaçıya ödənişlər etdiyini bildirmişdir. Digər iclaslarda iştirak etməyən cavabdeh iddiaya etirazının əsaslandıra biləcək dəlilləri məhkəməyə təqdim etməmişdir.
22. Belə olan halda, Məhkəmə hesab edir ki, əsas borc üzrə 3.839,57 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Məhkəmə 317 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
24. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 7.10-cu bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı satıcıya olan ödənişini müqavilə razılaşdıırlmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır, və satıcıya sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5% miqdarında cərimə ödəməlidir.
25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
26. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 200 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
27. Bundan başqa iddia ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 62 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
28. Lakin məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60,39 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 16025 saylı müqaviləyə əsasən əsas borc üzrə 3.839 (üç min səkkiz yüz otuz doqquz) manat 57 (əlli yeddi) qəpik, cərimə borcu üzrə 200 (iki yüz) manat, ümumilikdə 4.039 (dörd min otuz doqquz) manat 57 (əlli yeddi) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat 39 (otuz doqquz) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov