Məhkəmə qərarları › İş №e-2-2(113)-3441/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3441/2022

24.06.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3441/2022 24.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs "Bakı Fəhləsi Maşınqayırma Zavodu” MMC tərəfindən dövlət sosial müdafiə fonduna olan 246945,96 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "Bakı Fəhləsi Maşınqayırma Zavodu” MMC-nin (VÖEN: **********) dövlət sosial müdafiə fonduna 246945,96 manat olmaqla, ümumilikdə 246945,96 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********489700, xx.xx.2022-ci il tarixli **********447900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə ərizənin təmin edilməsini və məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməsə də, məhkəmə elektron sisteminə zəmanət məktubu və ödəniş qəbzləri yükləyərək, etirazında hər ay 70000 manat borcun ödənilməsi şərti ilə cari ilin avqust ayında borcun tam ödənilməsi ilə bağlı dövlət sosial müdafiə fondu ilə razılaşmanın olduğunu qeyd edərək ərizəçinin tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin və ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 25 yanvar 2022-ci il tarixli 01/006 nömrəli "Bakı Fəhləsi Maşınqayırma Zavodu” MMC-nin direktoru Maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı zəmanət məktubundan görünür ki, "Bakı Fəhləsi Maşınqayırma Zavodu” MMC-nin direktoru Maraqlı şəxs xx.xx.2022-ci il tarixinə MMC-nin sosial sığorta haqları üzrə əsas borcu 519319,66 manat və 25764,64 manat cərimə borcu vardır. Maraqlı şəxs qeyd olunan borc məbləğini ödəmək məqsədilə 2022-ci ilin yanvar ayından iyul ayına kimi hər ay 70000 manat olmaqla və 2022-ci ilin avqust ayında 55084,30 manat, ümumilikdə 545084,30 manat məbləğindəki borcunu ödəməyi öhdəsinə götürmüşdür. 11 yanvar 2022-ci il tarixli, yəni zəmanət məktubu göndərilməmişdən əvvəl ödənilən ödəniş qəbzlərindən görünür ki, maraqlı şəxsin dövlət sosial müdafiə fonduna olan borcdan 60172,75 manat ödənilmiş, 28 yanvar 2022-ci il tarixli ödəniş qəbzlərindən isə görünür ki, 14200,04 manat məbləğində, cəmi isə yanvar ayı ərzində 74372,79 manat məbləğində dövlət sosial müdafiə fonduna olan borc ödənilmişdir. 10 fevral 2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, fevral ayı üçün 73687,12 manat məbləğində borc ödənilmişdir. 11 mart 2022-ci il tarixli və 17 mart 2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, mart ayı ərzində 74754,05 manat məbləğində borc ödənilmişdir. 11 aprel 2022-ci il tarixli və 15 aprel 2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, aprel ayı ərzində 74517,71 manat məbləğində borc ödənilmişdir. 11 may 2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, may ayı üçün 74480,36 manat məbləğində borc ödənilmişdir. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, iyun ayı ərizndə cəmi 74666,66 manat məbləğində borc ödənilmişdir. İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyicilərinin vergi borcu barədə məlumatın verilməsi barədə xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, "Bakı Fəhləsi Maşınqayırma Zavodu” MMC-nin xx.xx.2022-ci il tarixə 178518,86 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə ərizə ilə bağlı qeyd edir ki, Maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərdiyi zəmanət məktubuna əsasən maraqlı şəxs 2022-ci ilin yanvar ayından iyul ayına kimi hər ay 70000 manat olmaqla və 2022-ci ilin avqust ayında 55084,30 manat, ümumilikdə 545084,30 manat məbləğindəki borcu ödəməyi öhdəsinə götürmüş və öhdəliyi vaxtlı-vaxtında yerinə yetirərək hər ay yanvar ayından iyun ayına kimi təxminən 74000 manat məbləğində vəsaiti ödəməklə 386305,94 manat borcu silinmiş, yəni "Bakı Fəhləsi Maşınqayırma Zavodu” MMC cari ilin əvvəlində olan 545084,30 manat məbləğində borcun 70,87%-i ödədiyinə görə cəmi 178518,86 manat məbləğində borcu qalmışdır. Göründüyü kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış zəmanət məktubunda göstərilən qrafikə uyğun heç bir gecikmə olmadan ödənişlərin aparılmasına diqqət yetirilməmiş, əsassız olaraq Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə məhkəməyə göndərilmişdir. Məhkəmə bir daha vurğulayır ki, hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı verqi orqanının ərizələrinin təmin edilməsinin məqsədi həmin hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsidir. Maraqlı şəxsin məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən edilmişdir ki, sonuncu cari ilin əvvəlində üzərinə götürdüyü öhdəliyi vaxtı-vaxtında yerinə yetirərək, borcu cari ilin avqust ayınadək ödəmək niyyətinin olduğunu hər ay təxminən 70000 manat cəmi 386305,94 manat məbləğində borcu ödəməklə ifadə etmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: Maraqlı şəxs oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar