Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3442/2024 13.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, hüquqi yardım və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı X2 Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya əsas öhdəlik üzrə olan 5110,22 AZN borcu, 19009,20 AZN cərimə, iddiaçının məhkəməyə ödədiyi 164 AZN dövlət rüsumu və vəkilə ödənilmiş 500AZN, ümumilikdə 24783,42 AZN iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Fərdi sahibkar X5 ilə Cavabdeh MMC arasında 23 yanvar 2023-cü il tarixində 08/CŞC-2023 saylı “Mallar və Xidmətlər Alğı-satqı Müqaviləsi” və Müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması Protokulu imzalanmışdır. Bu “Müqaviləyə” uyğun olaraq “Satıcı” “Alıcıya” sifariş olunmuş və “Əlavə” də qeyd edilən malları satmağı, “Alıcı” isə həmin malı qəbul etməyi və “Müqavilə” ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə “Satıcı” dedikdə “İddiaçı”, “Alıcı” dedikdə “Cavabdeh” nəzərdə tutulur. “Müqavilə” üzrə öhdəliklərini “İddiaçı” lazımi qaydada icra etsə də, “Cavabdeh” öhdəliklərinin icrasından boyun qaçıraraq “Müqavilə” ilə üzərinə götürdüyü vəzifələri icra etməmiş və “Müqavilənin” 5.4.-cü maddəsini pozmuşdur. “İddiaçının” təqdim etdiyi 2 fevral 2023-cü il tarixli Seriyası EBCO 027320 saylı Elektron qaiməyə əsasən, “Cavabdehin” “İddiaçıya” 5110,22 AZN borcu və “Müqavilənin 5.4.-cü bəndinə əsasən gecikdirilən hər gün üçün ödənilmiş məbləğin dəyərinin 1% miqdarında, yəni 19009,20 AZN cərimə məbləği yaranmışdır. 5. “Müqavilə” üzrə öhdəliklərini yerinə yetirməsi üçün borcluya pretenziya yollanmış, lakin heç bir nəticə alınmamışdır (qəbzlər qoşmada əlavə edilir). Bundan əlavə “İddiaçı” 09 aprel 2024-cü il tarixində pozulmuş hüquqlarının bərpası üçün № 078 saylı “X3” haqqında müqaviləyə əsasən 500 AZN vəsait mənə (Vəkil; VK-1623) ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. X5 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 08/CŞC-2023 saylı alqı-satqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırki müqavilənin ayrılmaz hissəsi sayılacaq və müqavilənin tərkib hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən məhsulları alıcıya satır və alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcaya ödəyir.
9. Müqavilənin 2.2-ci bəndinə əsasən satılan mallar tərəflər arasında imzalanmış möhürlə təsdiq edilmiş təhvil-təslim aktı əsasında təhvil verilir.
10. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqaviləyə görə mallar üçün ödəniləcək məbləğ müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstəriləcəkdir. Həmin müqavilənin 100% mallar qəbul edildikdən 5 iş günü ərzində ödəniləcəkdir.
11. Müqavilənin 5.4-cü bəndinə əsasən alıcı bu müqavilənin ayrılmaz hissəsi olan qeyd olunmuş malları təhvil aldığı gündən etibarən 5 gün müddətində nəzərdə tutulmuş ümumi məbləğin 100% satıcıya ödəyir. Alıcıya bu Müqavilənin ayrılmaz hissəsi olan əlavədə qeyd olunmuş ümumi məbləğin ödənilmə müddətindən sonrakı hər gecikdirilmiş gün üçün satıcı tərəfindən əlavədərdə nəzərdə tutulmuş ümumi məbləğin 1% miqdarında cərimə tətbiq edilə bilər.
12. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavə 1-ə əsasən satılacaq malların qiymətləri və miqdarı müəyyən edilmişdir (cəmi 5110,22 manat).
13. xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktına əsasən 5110,22 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Akt Cavabdeh MMC-nin imza və möhürü ilə təsdiq edilmişdir.
14. EBCO027320 saylı xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən X5 tərəfindən Cavabdeh MMC-yə 5110,22 manat dəyərində mallar satılmışdır.
15. 16.04.2024-cü il tarixli ödəniş tapşırığına əsasən X5 tərəfindən 21 saylı vəkil bürosuna 500 manat məbləğində ödəniş edilmişdir.
16. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 08/CŞC-2023 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı hazırki müqavilənin ayrılmaz hissəsi sayılacaq və müqavilənin tərkib hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən məhsulları alıcıya satır və alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcaya ödəməyi öhdəsinə götürmüşdür.
23. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktı, elektron qaimə ilə təstiq olunduğu üçün 5110,22 manat borca dair hissədə tələbin təmin olunması üçün əsaslar mövcuddur.
24. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 5110,22 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5110,22 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
25. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.4-cü bəndinə əsasən hesablanmış 19009,20 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
26. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
27. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
28. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
29. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 256 manat məbləğində müəyyən edilməlidir.
30. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 164 manat dövlət rüsumu və 500 manat məbləğində vəkil xərci ödənilmişdir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 300 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 74 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5110,22 manat əsas borc məbləği, 256 manat dəbbə pulu, dövət rüsumunun əvəzi olaraq 74 manat və vəkil xərcinin əvəzi olaraq 300 manat, cəmi 5740,22 manat (beş min yeddi yüz qırx manat iyirmi iki qəpik) tutularaq iddiaçı X4 ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova