Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3443/2021 13.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı X1 Masoudun, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X1 Masoudun Cavabdeh MMC -yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Masoud cavabdeh ATEF Şirkətlər Qrupu MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddaçı arasında bağlanmış müqavilə üzrə iddiaçıya ödənilməli 6900 (altı min doqquz yüz) AZN məbləğin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) AZN dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli Texniki məsləhət xidmətlərinin göstərilməsinə dair Çərçivə Müqaviləsinin 1.1-ci yarımbəndinə uyğun olaraq uyğun olaraq cavabdehin tapşırığına əsasən iddiaçı tərəfindən mühəndislik xidmətlərinin göstərilməsi və bunun müqabilində Müqavilənin 4.1-ci yarımbəndinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçıya aylıq olaraq 2300 (iki min üç yüz) AZN xidmət haqqı ödənilməsi şərtləşdirilmişdir. Həmçinin Müqavilənin 4.3-cü yarımbəndinə əsasən cavabdeh tərəfindən iddiaçıya Müqavilə üzrə hər hansı tapşırıq verilmədiyi halda belə qeyd edilən xidmət haqqının ödənilməsi barədə razılığa gəlinmişdir. Lakin cavabdeh tərəfindən Müqavilə üzrə aylıq xidmət haqqının ödənilməsi qaydasına əməl edilməmiş iddiaçıya 2021-ci ilin mart, aprel və may ayları üzrə xidmət haqları ödənilməmişdir. Bununla bağlı cavabdehə pretenziya məktubu göndərilmiş, lakin yenə də qeyd edilən məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Qeyd edilən aylar üzrə ödənilməmiş xidmət haqlarının cəmi məbləği 6900 (altı min doqquz yüz) AZN təşkil edir. Müqavilənin 3.2.2-ci yarımbəndinə əsasən iddiaçının cavabdeh üçün göstərilən xidmətlərə görə Müqavilə ilə razılaşdırılmış haqq almaq hüququ vardır. Həmçinin buna müvafiq olaraq cavabdeh Müqavilənin 3.3.2-ci yarımbəndinə əsasən cavabdehin Müqavilə ilə nəzərdə tutulan xidmət haqqını ödəməlidir. Müqavilənin 6.1-ci yarımbənində əsasən Müqavilə üzrə tərəflər Müqavilənin şərtlərinin pozulmasına (yerinə yetrilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə ) görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 385-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Məhkəmə iclasında iştirak edən iddiaçı X1 Masoud, onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək, iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 21 yanvar 2021-ci il tarixli Texniki məsləhət xidmətlərinin göstərilməsinə dair Çərçivə Müqaviləsinin surətindən görünür ki, "sifarişçi” qismində "ATEF Group” MMC və "icraçı” qismində X1 Masoud arasında xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında sonuncuya mühəndislik sahəsində EN 1090 standartına görə layihənin qaynaq işlərində məsləhət verilməsi, EN 1090 üzrə Layihənin sənədləşdirilməsinin tətbiqinə dari xidmətlərini göstərir və sifarişçi xidmətlərin göstərilməsi üçün icraçını cəlb etmək niyyətindədir. - Həmin müqavilənin 4.1-ci bəndinə əsasən ödənişlər Azərbaycan manatı ilə həyata keçiriləcək və icraçının xidmətlərinin aylıq dəyəri 2300 (iki min üç yüz) manat təşkil edir. - Həmin müqavilənin 4.3-cü bəndinə əsasən sifarişçi tərəfindən icraçıya tapşırıq verilmədiyi aylarda belə, bu bölmənin 4.1. maddəsində yazılmış olan məbləğ (2300 AZN) hər ay icraçıya ödənilməlidir. - Bu Müqaviləyə əsasən bütün ödənişlər nağdsız qaydada bank hesabına köçürmə yolu ilə həyata keçirilir. - 01.03.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən X1 Masoudun bank hesabına 2300 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - 06.04.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən X1 Masoudun bank hesabına 2300 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Beləliklə işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında tapşırıq müqaviləsi bağlanmış və tərəflər arasında bağlanmış hər müqavilə üzrə ödənilən 4600 manat vəsaitin məbləğinə dair mübahisə mövcud deyildir. Cavabdeh tərəfindən müqavilədə razılaşdırılmış 2300 manat məbləğində pulu yanvar və fevral aylarında göstərilmiş xidmət qarşılığında X1 Masoudun hesabına köçürülmüşdür. Hazırda iddiaçı iddia qaldıraraq, Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilmədiyini bildirərək, iddiaçı tərəfindən mühəndislik xidmətlərinin göstərilməsi və bunun müqabilində ona cavabdeh tərəfindən edilməli olan ödənişi tələb edir. Cavabdeh tərəf isə buna etiraz edərək, müqavilə üzrə iddiaçı tərəfindən yalnız yanvar və fevral aylarında xidmətin göstərildiyini, digər aylar üzrə xidmət göstərilmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pulun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış tapşırıq müqaviləsindən irəli gəlir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, 2021-ci ilin mart, aprel, may və iyun ayları üzrə xidmətin göstərilməsininin cavabdeh tərəfindən məhkəmədə mübahisələndirilməsinə baxmayaraq, müqavilənin 4.3-cü bəndinə əsasən sifarişçi tərəfindən icraçıya tapşırıq verilmədiyi aylarda belə, bu bölmənin 4.1. maddəsində yazılmış olan məbləğ (2300 AZN) hər ay icraçıya ödənilməli idi, lakin cavabdeh tərəfindən həmin aylar üzrə ödənişlər həyata keçirilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 6.1.5-ci maddəsində mülki qanunvericiliyin təməl prinsiplərindən biri kimi müqavilələr azadlığı prinsipi qeyd edilmişdir. Müqavilə azadlığı prinsipinin əsasə 2 ünsürü qeyd edilməlidir.
1. Müqavilənin qarşı tərəfini seçərək müqaviləni bağlamaq və ya bağlamamaq;
2. Müqavilənin şərtlərini tərəflərin müəyyən etməsi; Məhkəmə həmçinin qeyd edir ki, müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. Hazırki işdən də göründüyü kimi, tərəflər öz arasında bağlamış olduqları müqavilədə, sifarişçi tərəfindən icraçıya tapşırıq verilmədiyi aylarda belə 2300 manat pulun iddiaçıya verilməsi barədə razılığa gəlmişlər. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçıya 2 ay ərzində cəmi 4600 manat pulun ödənilməsi zamanı hər hansı bir formada tapşırığın verilib-verilməsi cavabdehin nümayəndəsindən soruşulsa da, o belə bir tapşırığın olmamasını bildirmiş və nəyə görə 2 ay ərzində pul ödədikləri halını izah edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilənin tapşırığın verilmədiyi təqdirdə belə aylıq 2300 manat ödənişin edilməli olması şərti ilə razılaşmış və ödəniş etmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə iclasında iştirak edən iddiaçı Karim Beigli ATEF Şirkətlər Qrupu MMC-nin beynəlxalq səviyyəli tenderdə qalib olması üçün EN 1090 standartına sahib olması, həmin standartı almaq üçün isə beynəlxalq qaynaqçı diplomuna sahib olan mühəndisin olması vacib olmuşdur. ATEF Şirkətlər Qrupu MMC də həmin diplomdan istifadə etmişdir.Standarta nəzər salınsa orada onun qaynaq koodinatoru kimi qeydə alınması aydın olacaq. Qaynaqçılara təlim keçilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında iddiaçının beynəlxalq qaynaqçı diplomuna sahib olmasından dolayı onun müvafiq sənədlərdə imzası tələb olunduğunu və ondan istifadə etdiklərini bildirmişdir. Göründüyü kimi, iddiaçı (vəkalət alan) cavabdehin (vəkalət verənin) tapşırıqlarını icra edərək müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etmişdir, cavabdeh isə müqavilə şərtlərinə əməl etməmiş və şərtləşdirilmiş pul məbləğini ödəməmişdir. Ona görə də, iddiaçının tələb etdiyi, müqavilənin qüvvədə olduğu müddət ərzində qalıq məbləğin yəni, 6900 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı təmin edilsin. 6.900 (altı min doqquz yüz) manat məbləğində pul Cavabdeh MMC -dən tutularaq X1 Masouda ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh MMC -dən tutularaq X1 Masouda ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Kənan Hüseynov