Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3444/2021 01.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 9499,69 manat əsas, 6839 manat cərimə, 948 manat əldən çıxmış fayda və 30 manat dövlət rüsumunun, cəmi 17286,69 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “Cavabdeh MMC arasında subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə 03.08.2016-cı il tarixli 310 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqavilədə İddiaçı MMC Agent, Cavabdeh MMC isə Subagent kimiçıxış etmişlər. Müqaviləyə əsasən, “Agentin” tapşırığı ilə “Subagent” sərnişin daşımaları üzrə dövlətlərarası, regionlararası reysləri yerinə yetirən aviaşirkətlərin aviabiletlərinin xarici ölkələrə turların və sanatoriyalara putyovkaların satışlarını təşkil edir və satışdan əldə olunan pul vəsaitini “Agentin” hesabına ödəyir. Müqavilənin 4-cü bəndinə əsasən, “Subagent” aviadaşımaların satışı ilə bağlı “Agent” tərəfindən verilmiş əmr, təlimat, göstəriş və qaydalara ciddi əməl olunmaqla, satışı aparan şəxslərin blankların doldurulması texnologiyasına dəqiq yerinə yetirilməsinə nəzarət etməlidir, “Agentin” tələbi ilə əldə olunan pul vəsaitinin yoxlanılması ilə bağlı sənədlər və lazımi hesabatlar “Subagent” tərəfindən verilməlidir. Müqavilənin 5-ci bəndinə əsasən, aviadaşımaların satışından alınan bütün pul vəsaitləri, o cümlədən ona çatası məbləğlər daşıyıcının əmlakı hesab olunur və “Subagentə” “Agent” vasitəsilə etibar olunur. Müqaviləyə müvafiq olaraq, daşıyıcı ilə tam hesablaşma aparılana qədər onda saxlanılır. Müqavilənin 8-ci bəndinə əsasən, 1,2,3,4,5 və 6 nömrəli əlavələr müqavilənin ayrılmaz hissəsidir və müqavilə qüvvədə olduğu dövr üçün əsas sənəd hesab edilir. Həmən əlavələrdə mükafatlandırma şərtləri “Subagentin” filial və satış məntəqələrinin ünvanı və hesablaşma hesabının nömrəsi, satışdan alınmış vəsaiti uçotu və hesablaşma qaydaları, hesablaşma qrafiki, mükafatlandırma şərtləri, təsdiq edilən cərimə növləri və mükafatlandırma şərtləri nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərinə müvafiq olaraq, “Subagent” aviabilet satışından yığılan pul vəsaitinin hər gecikdirilən günü üçün “Agentə” 0,1% həcmində cərimə ödəyir. İddiaçı MMC tərəfindən 9499,69 manat borc pul vəsaitinin ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə məktub göndərilmişdir. Lakin, hal-hazıradək borc məbləği geri qaytarılmamışdır. Həmin vəsaitə ümumilikdə 2 il ərzində müqaviləyə əsasən 6839 manat cərimə hesablanmışdır. Borc məbləği həmin vaxtdan mövcud olmuş və bununla bağlı cavabdehlə üzləşmə aktı olmuşdur. Borc həmin dövrdə 35.000 manatdan çox olmuşdur və ödənişlər etməklə bu məbləğə çatdırılmışdır. “Subagent” tərəfindən müqavilənin şərtləri kobud surətdə pozularaq, aviabilet satışından əldə olunmuş pul vəsaiti vaxtında və tam şəkildə ödənilməmişdir. Hal-hazırda “Subagentin” ödənilməyən borc məbləği 9499,69 manat əsas və 6839 manat cərimə təşkil edir. “Subagent” ödənilməyən borc məbləğinin “Agentə” qaytarılması ilə şifahi və yazılı vədlər verməsinə baxmayaraq, öhdəliyə əməl etməmişdir. Beləliklə cavabdeh öhdəlikləri vaxtında yerinə yetirmədiyindən müqavilə üzrə 6839 manat dəbbə pulu və illik Bank faiz üçut dərəcəsini (illik manat 5%) nəzərə alaraq 948 manat əldən çıxmış faydanı da iddiaçıya ödəməlidir. Faktiki olaraq cavabdeh həmin vəsaiti geri qaytarmamaqla faydalanmış və iddaçıya ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, izahatında borcun olmadığını nəzərə alaraq iddiaçının tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC və Cavabdeh MMC arasında subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə 03.08.2016-cı il tarixli 310 saylı müqavilə bağlanmışdır. 28.01.2020-ci il tarixli Borcun ödənilməsi üzrə razılaşma aktından görünür ki, Cavabdeh MMC iddiaçı Delta Group LTD” MMC-yə aviabilet satışı üzrə olan 10913,69 manat məbləğində borcunun cədvəl üzrə ilk ay 913,69 manat olmaqla, qalan aylar üzrə 1000 manat ədəməyi öhdəsinə götürmüşdür. 17.08.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, 17.08.2020-ci il tarixinə hesablar arasında qarşılıqlı yoxlamaya əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə 9499,69 manat borcu vardır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.7, 462.1 və 467-ci maddələri). Göründüyü kimi tərəflərin arasında subagent aviadaşımalara biletlərin satışı ilə bağlı müqavilə bağlanmış İddiaçı MMC öz öhdəliklərini yerinə yetirsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və 17.08.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktını imzalayaraq iddiaçıya 9499,69 manat məbləğində borcun olduğunu təsdiq etmişdir. Odur ki, məhkəmə İddiaçı MMC-nin Cavabdeh” MMC-yə qarşı 9499,69 manat məbləğində əsas borcun tələbini əsaslı hesab edir. Bununla yanaşı iddiaçı 9499,69 manat borca görə 948 manat məbləğində əldən çıxmış fayda tələb etsə də, məhkəmə hesab edir ki, həmin tələb qismən təmin edilməlidir, belə ki, əsas borc məbləği vaxtında ödənilmədiyinə görə 9499,69 manat borca görə 17.08.2020-ci il tarixdən 01.07.2021-ci il tarixədək illik 5%-la hesablanmış əldən çıxmış fayda 407,31 manat (9499,69x5%:365x313) təşkil edir. Məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan dəbbə (cərimə) azaldaraq 393,18 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 9499,69 manat məbləğində əsas borc, həmin borc məbləğininin ödənilməsini gecikdirdiyinə görə illik 5%-la hesablanmış 407,31 manat və 393 manat cərimə cəmi 10300 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 59,68%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 59,68%-i, yəni 17,90 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən (VÖEN: **********) 9499,69 manat məbləğində əsas borc, həmin borc məbləğininin ödənilməsini gecikdirdiyinə görə illik 5%-la hesablanmış 407,31 manat və 393 manat cərimə cəmi 10300 manat və dövlət rüsumu kimi ödənilmiş 17,90 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3444/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3444/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver