Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3446/2022 04.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, borclu Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan “X5-TƏTQİQAT İNİSİTUTU”nun (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" X2 (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə 01 iyun 2022-ci il tarixə ümumilikdə 9201,27 manat borcu yaranmışdır. Borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs ərizənin təmin olunmasına etiraz etdiyini bildirərək izahatında göstərdi ki, “Ulduz” Elm-İstehsalat Birliyinin direktoru Əfqan Şahmarova işdən azad olunmağı üçün ərizə vermiş və 15 oktyabr 2007-ci il tarixdən də işdən azad olunmuşdur. Hal-hazırda da həmən şirkətin qanuni təmsilçisi olmadığindan ərizənin təmin olunmamasını xahiş etmişdir. Həmçinin, Maraqlı şəxs tərəfindən təqim olunmuş etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin xx.xx.2007-ci il tarixli 371k saylı əmri ilə Maraqlı şəxs həmin Kənd Təsərrüfatı Nazirliyinin Təcrübə-Sınaq zavodunun direktor müavini vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, Maraqlı şəxs xx.xx.2007-ci il tarixdən X5-Tədqiqat İnstitutunun direktoru vəzifəsindən azad edilmişdir. Qeyd edilən borclu hüquqi şəxslərin ümumi borcu 9201,27 manat təşkil edir ki, həmin məbləğin də əksər, yəni 9160,68 manat hissəsi X5-Tədqiqat İnstitutunun DSMF-yə olan borcuna aiddir. Maraqlı şəxs xx.xx.2007-ci il tarixdən, yəni 15 ilə yaxın müddətdir ki, qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri deyil. Belə olan halda, ərizə həmin hissədə tamamilə qanunsuz və əsasızdır. Həmçinin, Maraqlı şəxs 2015-ci ildən 2021-ci ilədək işlədiyi digər müəssisələrdə də əmək müqaviləsinə xitam verilmişdir. Maraqlı şəxs 2021-ci ildən halhazıra qədər "xxxx" MMC-də işləyir, həmin MMC-nin isə hazırda heç bir vergi borcu yoxdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İş materiallarında olan: - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 16 oktyabr 2007-ci il tarixli 371k saylı əmrin surətinə əsasən Maraqlı şəxs 16 oktyabr 2007-ci il tarixdən Kənd Təsərrüfatı Nazirliyinin M.Əzizbəyov adına Təcrübə-Sınaq zavodunun direktor müavini vəzifəsinə təyin edilmişdir. - “Ulduz” Elmi-İstehsalat Birliyinin 15 oktyabr 2007-ci il tarixli 09k saylı əmrin surətinə əsasən Maraqlı şəxs “Rabitə Sistemləri” X4 direktoru vəzifəsindən AR Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq öz xahişi ilə işdən azad olunmuşdur. - 30 iyun 2022-ci il tarixli, 15226 nömrəli qəbzin surətindən görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən 12,6 manat məbləğində pul vəsaiti Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülmüşdür. - 30 iyun 2022-ci il tarixli, 4221 nömrəli qəbzin surətindən görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən 2,00 manat məbləğində pul vəsaiti Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülmüşdür. - 30 iyun 2022-ci il tarixli, 27764 nömrəli qəbzin surətindən görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən 3,00 manat məbləğində pul vəsaiti Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülmüşdür. - 30 iyun 2022-ci il tarixli, 5755 nömrəli qəbzin surətindən görünür ki, "xxxx" X2 (VÖEN: **********) tərəfindən 30,6 manat məbləğində pul vəsaiti Milli Gəlirlər Departamentinin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Hər 2 normanın məzmunundan görünür ki, qanunvericilikdə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Lakin iş materiallarına əlavə olunmuş sənədlər “Ulduz” Elmi-İstehsalat Birliyinin 15 oktyabr 2007-ci il tarixli 09k saylı əmrin surətinə əsasən Maraqlı şəxs “Rabitə Sistemləri” X4 direktoru vəzifəsindən azad olunmuşdur. Bununla da, hazırda o, “Rabitə Sistemləri” Elmi-Tədqiqat İnstitunun icra orqanının rəhbəri deyildir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin Maraqlı şəxs ünvanlanmış xəbərdarlıqda X5-Tədqiqat İnstitutunun dövlət büdcəsinə borcu 9160,68 manat, "xxxx" X1 - 27,63 manat, "xxxx" MMC-nin – 11,16 manat, "xxxx" MMC–nin – 0,62 manat, "xxxx" MMC-nin borcu isə 1,18 manat göstərilmişdir. Maraqlı şəxs tərəfindən təqdim olunmuş qəbzlərdən görünür ki, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və Aysel-İ” X1 dövlət büdcəsinə qeyd olunan borcları ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X6 (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Məhkəmə hesab edir ki, Maraqlı şəxs “Rabitə Sistemləri” Elmi-Tədqiqat İnstitunun icra orqanının rəhbəri olmadığına görə, habelə, digər hüquqi şəxslər –"xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" X1 dövlət büdcəsinə olan borcu ödənildiyindən ərizəçinin xahişi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3446/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3446/2022
04.07.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver