Məhkəmə qərarları › İş №e-2-2(113)-3458/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3458/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3458/2022 06.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakim Əliyeva Aytən Heydər qızı, İddiaçı MMM-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya işinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMM Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2499.48 AZN (iki min dörd yüz doxsan doqquz manat, qırx səkkiz qəpik) məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 249.94 AZN (iki yüz qırx doqquz manat, doxsan dörd qəpik) məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 (yetmiş) AZN məbləğində pul vəsaiti tutularaq İddiaçı X1 xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh ilə 03 yanvar 2020-ci il tarixdə 261/J20 saylı alqı-satqı müqaviləsi bağlayaraq 2020-ci ilin yanvar ayından etibarən əməkdaşlıq etməyə başlamışlar. Əməkdaşlıq müddətində cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMM -nə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin, cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldıqları mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi İddiaçı MMMnə olan 2499.48 AZN (iki min dörd yüz doxsan doqquz manat, qırx səkkiz qəpik) borcunu ödəməmiş və bağlanmış Alqı-Satqı müqaviləsinin şərtlərini pozmuşdur. Nəticə etibarilə bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Borc məbləği cavabdeh tərəfindən bu günə kimi qaytarılmamışdır. xx.xx.2020ci il tarixli, 261/J20 saylı müqavilənin 5.1-ci bəndinə əsaslanaraq, alıcı kreditlə aldığı malın dəyərini müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş məbləğin faizi ümumi malın məbləğinin 10%-dən çox olduğu üçün gecikdirilmiş malın ümumi məbləğinin 10%-ni təşkil edən 249.94 AZN (iki yüz qırx doqquz manat, doxsan dörd qəpik) məbləğində dəbbə pulu yaranmışdır. Belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, eyni zamanda həmin müqavilədə öhdəliklərin icra edilməsini gecikdirmişdir. Nəticə etibarı ilə hazırda cavabdehin İddiaçı MMM-nə 2499.48 AZN (iki min dörd yüz doxsan doqquz manat, qırx səkkiz qəpik) məbləğində əsas borcu və 249.94 AZN (iki yüz qırx doqquz manat, doxsan dörd qəpik) məbləğində dəbbə pulu borcu yaranmışdır. Məhkəmə işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMM “satıcı” Cavabdeh “alıcı” olmaqla imzlanmış 3 yanvar 2020-ci il tarixli 261/J20 saylı alqı satqı müqaviləsinə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satır. Alıcı isə malların dəyərini nağd və ya hazırki müqavilənin 10-cu bəndinə əsasən alıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı kreditlə aldığı malın dəyərini müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. Müxtəlif tarixlərdə tərtib edilmiş elektron qaimələr İddiaçı MMM tərəfindən Cavabdeh ödəniməsi üçün təqdim edimişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdeh tərəfindən iddiaçının təhvil verdiyi mallar üzrə 2.499,48 manat məbləğində borc ödənilməmişdir. Əlavə olaraq iddaçı iddia tələbində 249,94 manat məbləğində dəbbə pulunu da tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd olunanlara əsasən məhkəmə 249,94 manat məbləğində dəbbə pulunun tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 70 manat məbləğində mediasiya xərci cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2.499,48 manat məbləğində əsas borc, 249,94 manat məbləğində dəbbə pulu, 70 manat mediasiya xərci İddiaçı MMM-in xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar