Məhkəmə qərarları › İş №e-2-2(113)-3459/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3459/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3459/2022 22.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 42.728,81 manat məbləğində pulun, ƏDV-yə görə 6.210,44 manat məbləğində pulun, mediasiya prosesi üçün ödənilən 400 manat pulun və hüquqi yardım üçün vəkilə ödənilən 1500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 42.728,81 manat məbləğində pulun, ƏDV-yə görə 6.210,44 manat məbləğində pulun, mediasiya prosesi üçün ödənilən 400 manat pulun və hüquqi yardım üçün vəkilə ödənilən 1500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 24 avqust 2021-ci il tarixli 112 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı müqavilənin 1 saylı əlavəsində olan malları cavabdehə satmağı, müqavilənin 3.3-cü bəndinə və 6.2.5-ci yarımbəndinə əsasən cavabdeh isə alınan malın dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim olunan tarixdən 5 iş günü müddətində iddiaçıya ödəməyi üzərinə öhdəlik kimi götürmüşdür. Müvafiq qaimə-fakturalar əsasında mallar cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi qaimə fakturada imza etməklə malların təhvil alındığını təsdiq etmişdir. Malların bir qismi isə elektron qaimə ilə cavabdehə təqdim edilmişdir. Göründüyü kimi malların satıcıya təqdim edilməsi qaiməfakturalar ilə təsdiq edilir. Cavabdeh 24 avqust 2021-ci il tarixli 112 saylı alqı-satqı müqaviləsinin 3.3-cü bəndinin və 6.2.5-ci yarımbəndinin tələblərini pozaraq, alınmış malların dəyərini ödəməkdən imtina etmişdir. Belə ki cavabdeh malları təhvil alsa da, malların dəyərinə görə 42.728,81 manat məbləğində pulu, o cümlədən ƏDV-yə görə 6.210,44 manat məbləğində pulu iddiaçıya ödəməmişdir. Göründüyü kimi iddiaçı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini tam icra edərək, cavabdehə malları təqdim etsə də, cavabdeh müqavilə şərtlərini pozmuş və malların dəyərini ödəməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 24 avqust 2021-ci il tarixli 112 saylı alqısatqı müqaviləsindən görünür ki, iddiaçı müqavilənin 1 saylı əlavəsində olan malları cavabdehə satmağı, cavabdeh isə alınan malın dəyərini malı əldə etdikdən sonra qaiməfaktura təqdim olunan tarixdən 5 iş günü müddətində iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 12 ədəd elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən ƏDV daxil ümumilikdə 50420 manat dəyərində mal cavabdehə satılmışdır. 12 ədəd Malların təhvil-qəbul aktlarından görünür ki, iddiaçı tərəfindən mallar cavabdehə təhvil verilmiş və həmin mallar cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2022-ci il tarixli Üzləşdirmə Aktından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya qalıq borcu 42728,81 manat əsas, 6210,44 manat ƏDV olmaqla ümumilikdə 48939,25 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 24 avqust 2021-ci il tarixli 112 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı müqavilənin 1 saylı əlavəsində olan malları cavabdehə satmağı, cavabdeh isə alınan malın dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim olunan tarixdən 5 iş günü müddətində iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən ƏDV daxil ümumilikdə 50420 manat dəyərində mal cavabdehə satılmış, həmin mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. İddiaçı ilə cavabdeh arasında borca dair xx.xx.2022-ci il tarixli Üzləşdirmə Aktı tərtib edilməklə təsdiq edilmiş və həmin akta əsasən cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya qalıq borcu 42728,81 manat əsas, 6210,44 manat ƏDV olmaqla ümumilikdə 48939,25 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 24 avqust 2021-ci il tarixli 112 saylı alqı-satqı müqaviləsinə və xx.xx.2022-ci il tarixli Üzləşdirmə Aktına əsasən yaranmış 42.728,81 manat əsas, ƏDV-yə görə 6.210,44 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli 107OPX********** saylı ödəniş tapşırığından görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə vəkilin göstərdiyi yardıma görə 1500 manat Bakı şəhəri 30 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1500 manat məbləğin 1000 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 400 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 241,32 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 99 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 397,58 manat (400 manat (mediasiya xərcinin məbləği) – 2,42 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 397,58 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı ilə cavabdeh arasında bağlanmış 24 avqust 2021-ci il tarixli 112 saylı alqı-satqı müqaviləsinə əsasən 42.728,81 manat, ƏDV-yə görə 6.210,44 manat, mediasiya xərcinə görə 397,58 manat və vəkilin göstərdiyi yardıma görə 1000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2021-ci il tarixli 112 saylı alqısatqı müqaviləsinə əsasən 42.728,81 manat, ƏDV-yə görə 6.210,44 manat, mediasiya xərcinə görə 397,58 manat və vəkilin göstərdiyi yardıma görə 1000 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar