Məhkəmə qərarları › İş №e-2-2(113)-346/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-346/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-346/2023 06.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq cavabdehin sifarişinə əsasən xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində yüklənmiş 24.3 ton yükün Bakı şəhərinə çatdırılmasına görə cavabdeh tərəfindən ödənilməli olan 6885 manat pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında “Nəqliyyat ekspedisiyası haqqında” 09/22 saylı, 09 sentyabr 2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsəasən iddiaçı “Ekspeditor” yükləri ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin cavabdeh “Sifarişçi”nin hesabına daşımağı, cavabdeh “Sifarişçi” isə xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin qeyd olunan Müqavilənin 2.2.5-ci bəndinə əsasən cavabdeh “Sifarişçi” yüklərin daşınmasının təşkil edilməsi və nəqliyyat ekspedisiya xidmətləri üçün razılaşdırılmış məbləğdə iddiaçı “Ekspeditor”a vaxtlı-vaxtında ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasən və cavabdeh Sifarişçinin sifarişinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində yüklənmiş 24.3 ton yükün Bakı şəhərinə çatdırılmasına görə ödənilməli olan 6885 manat pul vəsaitinin ödənilməsi üçün cavabdehə elektron qaimə göndərilmiş, lakin yükün çatdırılması ilə bağlı heç bir ödəniş edilməmişdir. Göstərilənlərə əsasən Türkiyə Respublikasının İstanbul şəhərində yüklənmiş malın Bakı şəhərinə çatdırılması ilə bağlı ekspedisiya xərclərinin 3 gün ərzində ödənilməsi ilə bağlı cavabdeh “Sifarişçi” Şirkətə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş (elektron və sürətli poşt xidməti ilə), lakin cavabdeh bundan sonra da hər hansı ödəniş etməmişdir. Cavabdeh tərəfindən ödənilməli xidmət haqqının ödənilməsi üçün tərəflərindən mediasiya prosesi ilə bağlı təklif göndərilmiş, lakin cavabdeh tərəfindən təklifə cavab gəlmədiyinə görə Mediasiya təşkilatına müraciət edilmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etmək üçün bir dəfə prosesin təxirə salınmasını xahiş etmiş, onların xahişi üzrə proses bir dəfə təxirə salınmış, daha sonra onlarla razılaşdırılmış vaxtda mediasiya prosesində iştirak etmədiklərindən prosesin baş tutmamasına görə mediator tərəfindən arayış təqdim olunmuş və ondan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatı: Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı müqavilənin tarixi ilə elektron qaimənin tarixlərinin fərqli olması texniki səhvdir, tərəflər arasında hazırkı müqavilədən savayı müqavilə olmamışdır. Hazırkı müqavilə üzrə bir dəfə daşıma həyata keçirilmiş, lakin dəyəri ödənilməmişdir. Belə ki, mallar Türkiyədən tır vasitəsilə cavabdehin ünvanına çatdırılmış, cavabdeh tərəfindən qəbul edilmiş, lakin pulun ödənilməsi tələb edildikdə onlara yazılı olaraq bildirilmişdir ki, daşıma qüsurlu həyata keçirilmiş, çatdırılmış mallar daşıma nəticəsində yararsız hala düşdüyü üçün məhv edilmişdir, bu səbəbdən ödənişin verilməsindən imtina edilmişdir. Göstərilən halla bağlı cavabdehdən sübut tələb edilsə də, təqdim edilməmişdir. Mallar məhv edilərkən, habelə qüsur aktı tərtib edilərkən onlara bu barədə məlumat verilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı müqavilə üzrə cavabdeh tərəfindən daşıma həyata keçirilsə də, nə qədər yükün gətirildiyi, hansı malların daşınması barədə məlumat təqdim edilməmiş, malların çatdırılması təhvil aktı ilə rəsmiləşdirilməsə də, daşımanın həyata keçirildiyi onlar tərəfindən mübahisələndirilmir. Lakin daşıma qüsurlu həyata keçirilmiş, çatdırılmış mallar istifadəyə tam yararsız halda olduğu üçün əvvəldən əməkdaşlıq etdikləri, vaxtı keçmiş və satışa yararsız qida məhsullarını utulizasiya etdirdikləri "xxxx" MMC tərəfindən tam məhv edilmişdir. Bu səbəbdən daşıma haqqı ödənilməli deyildir. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (sifarişçi) ilə cavabdeh (ekspeditor) arasında bağlanmış 09 sentyabr 2022-ci il tarixli 09/22 nömrəli nəqliyyat ekspedisiyası haqqında müqaviləyə əsasən ekspeditor yükləri ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin sifarişçinin hesabına daşımağı, sifarişçi isə xidmətin dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçinin yazılı göstərişlərinə əsasən ekspeditor müvafiq haqq müqabilində yük daşımalarını və yükün anbarlaşdırılmasını təmin edir, sifarişçi tərəfindən etibarnamə olduqda yüklərin gömrük rəsmiləşdirilməsini və müqavilənin ayrılmaz hissəsi olan Əlavələr əsasında tariflərin ödənilməsini, sifarişçi tərəfindən tələbnamə sənədi əsasında yüklərin beynəlxalq nəqliyyat vasitələri ilə daşınmasını həyata keçirir. Müqavilənin 5.1-ci bəndinə əsasən sifarişçi tərəfindən xidmətin dəyərinin ödənilməsi ekspeditor tərəfindən hesab-faktura və elektron qaimə təqdim edildikdən sonrakı gün ərzində köçürmə yolu ilə həyata keçirilir. Müqaviləyə xx.xx.2022-ci il tarixli 01 saylı əlavədən görünür ki, xx.xx.2022-ci il tarixdən İstanbuldan Bakıya 24,3 ton yükün çatdırılması, yük maşını boşaldıqdan sonra ödəmənin bank hesabına ödənilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən cavabdehə yük daşınması ilə bağlı EBCD 456809 nömrəli, xx.xx.2022-ci il tarixli (6885 manat) elektron qaimə təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 01/2022 saylı hesab-fakturaya əsasən yük daşınmasına görə ödənilməli məbləğ 6885 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıqda ekspedisiya xərcinin 3 gün müddətində ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən həmin xəbərdarlığa verilmiş cavabda yükün daşınmasının keyfiyyətsiz həyata keçirildiyi, yüklərin qeyri-peşəkarlıqla daşınması nəticəsində yararsız vəziyyətə düşdüyü, yararsız vəziyyətə düşmüş malların istifadəyə yararsız olduğu, bu səbəbdən onların məhv edilməsinə zərurət yarandığı göstərilmişdir. Həmin malların utilizasiyası "xxxx" MMC-yə həvalə edilmiş, bu məqsədlə 472 manat vəsait ödənilmişdir. Bu səbəbdən cavabdehə ümumilikdə 6954,14 manat ziyan dəydiyi üçün həmin vəsait iddiaçı tərəfindən ödənilməli və ya iddiaçıya ödənilməli olan daşıma haqqı ilə əvəzləşdirilməlidir. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında nəqliyyat ekspedisiyası haqqında müqavilə bağlanmış, həmin müqavilə əsasında bir dəfə yük daşınması həyata keçirilmiş, həmin daşınmaya görə 6885 manat vəsait ödənilməsi razılaşdırılmışdır. İddiaçı tərəflər arasında razılaşdırılmış yükün təyinat yerinə müqavilə şərtlərinə əsasən daşındığını, malların cavabdeh tərəfindən qəbul edildiyini, daşınmanın həyata keçirilməsinin cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini bildirir. Cavabdeh iddiaya etiraz edərək, daşınmanın qüsurlu icra edildiyini, təyinat yerinə çatdırılmış malların daşınmanın qüsurlu icra edilməsi nəticəsində tam yararsız hala düşdüyünü, bu səbəbdən tərəflərindən həmin malların artıq tam şəkildə məhv edildiyini və bununla əlaqədar özünün də zərərə uğradığını bildirir. Cavabdeh etirazının əsası kimi istinad etdiyi hallarla bağlı aşağıdakı sənədləri təqdim etmişdir. Cavabdeh tərəfindən tərtib olunaraq imzalanmış itmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə 15 sentyabr 2022-ci il tarixli 09/01 nömrəli aktdan görünür ki, iddiaçı tərəfindən daşınması həyata keçirilmiş mallarda olan qüsurların ümumi məbləği 6954,14 manat təşkil edir. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, cavabdehin anbarında olan yararsız vəziyyətə düşmüş, daşınması və satışa yararsız olan adları siyahıda göstərilən malların məhv olunması üçün "xxxx" MMC-nin nümayəndəsi Bayramov Heydərə təhvil verilmişdir. Baktat qarışıq turşu – 4 ədəd, güngör yaşıl zeytun – 61 ədəd, ataşah qara zeytun – 12 ədəd, ataşah yaşıl zeytun – 18 ədəd. Ümumi say – 95 ədəd, verilən tullantının həcmi 4 m3. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli aktdan görünür ki, icraçı 02 fevral 2022-ci il tarixli 16a/2022 saylı müqaviləyə uyğun olaraq 19 sentyabr 2022-ci il tarixində qəbul olunmuş 4m3 həcmində vaxtı keçmiş və satışa yararsız qida məhsullarının utilizasiyasını tam həcmdə icra etmişdir. Bu akt maliyyə-təsərrüfat sənədidir və icraçıya 472 manat (ƏDV ilə birlikdə) məbləğində ödənişin edilməsi üçün əsasdır. "xxxx" MMC tərəfindən cavabdehə utilizasiya edilmiş mallarla bağlı EBCE 257150 nömrəli, xx.xx.2022-ci il tarixli 472 manat məbləğində elektron qaimə təqdim etmişdit. Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş tələbnamədən görünür ki, 19 sentyabr 2022-ci il tarixli 211 nömrəli hesab-faktura əsasında 472 manat ödəniş edilmişdir. Məhkəmə həmin sənədlərlə bağlı bildirir ki, tərtib edilmiş aktlarda, habelə hesabfakturalarda vaxtı keçmiş, satışa yararsız qida məhsullarının utulizasiya olunduğu göstərilsə də, lakin həmin sənədlərdən utilizasiya edilmiş malların məhz iddiaçı tərəfindən daşınması həyata keçirilmiş malların olması müəyyən edilmir. Belə ki, cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında "xxxx" MMC ilə daha əvvəldən müqavilələrinin olduğunu, sonuncunun onlara vaxtı keçmiş və satışa yararsız olan cavabdehə məxsus malların utilizasiya edilməsi ilə bağlı xidmətlər göstərdiyini bildirmişdir. Cavabdeh əlavə olaraq iki şahid ifadəsi təqdim etmişdir. MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri sübut hesab olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərdi ki, Cavabdeh MMC-nin həm təsisçisi, həm də direktorudur, lakin direktor təyin edilməsi ilə bağlı rəsmi sənədləşmə hələ aparılmamışdır. İddiaçı MMC ilə daha əvvəl müqavilə münasibətləri olmamışdır. Malın anbara daxil olma tarixi dəqiq yadında deyildir. Gətirilən mallar turşu və zeytundan ibarət idi. Zeytunlar dəmir tənəkələrdə, turşular isə plastik qutularda gətirilmişdi. Yükü boşaldan zaman malın dağılıb, xarab olmasını aşkar etdilər. Gətirilən malların təxmini üçdə biri aşmışdı. Sürücüyə iradlarını bildirmiş və o İddiaçı MMC-nin direktoruna zəng etmişdir. Sonrakı gün iddiaçının direktoru gəlmiş və gətirilən mallara baxış keçirtmişlər. Mallar yük maşının içinə dağılmış və əzilmişdi. Prosesin foto və ya video çəkilişi qeydə alınmamışdır. Zay olan mallar anbarda bir küncə yığılmış, digər malları isə qəbul etmişlər. İddiaçıya zay olmuş mallar ilə bağlı yazılı formada (e-mail vasitəsilə) iradlar bildirilmişdir. Bizə dəymiş zərər təxmini 7000 manat həcmində idi və tərəflər arasında həmin məbləğin daha sonra daşınma haqqına endirim edilməklə həyata keçiriləcəyi barədə razılıq əldə etdilər. Həmin vaxtdan bir neçə gün sonra iddiaçının direktoru ona zəng etmiş, pulu tələb etmiş və o, pulu ödəməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, "xxxx" MMCdə 2021-ci ildən etibarən anbardar vəzifəsində işləyir. İddiaçı MMC tərəfindən 2021-ci ildə mallar Bakı şəhərinə gətirilmişdir. Malların onlar tərəfindən qarşılanmasında o, qarşı tərəfdən isə yalnız sürücü iştirak edirdi. Daşınan mallar zeytun və turşulardan ibarət idi. Mallar dəmir qablaşdırmada gətirilmişdi. Yük maşının qapısı açıldıqda qutuların aşdığını, qabların zədələndiyini, turşuların suyunun axıb maşının işinə töküldüyünü görmüş, malların əzildiyini və tam şəkildə yararsız hala gəldiyini aşkar etmiş, dərhal direktora məlumat vermişdir. Həmin mallarda problem olduğu üçün onun həmin malları qəbul etməyə səlahiyyəti olmamışdır, daha sonra olanlardan isə məlumatsızdır. Beləliklə, cavabdehin təqdim etdiyi şahidlər Nümayəndə2 və X1 ifadələrində malların daşınmasının qüsurlu həyata keçirildiyini bildirsələr də, yalnız çox ümumi olan ifadələr işlətmişlər, belə ki, şahidlər daşınmanın hansı tarixdə həyata keçirilməsi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, şahid Nümayəndə2 çatdırılmış malların təxminən 1/3 hissəsinin, digər şahid Qanuni nümayəndə2 isə malların hamısının yararsız olmasını bildirmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (cavabdeh təşkilatla əmək müqaviləsi əsasında çalışan işçilər olmaqla) maraqlı olan şəxslərdir. Beləliklə də cavabdehin təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr daşınmanın qüsurlu icra edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmiş, beləliklə də cavabdeh daşınmanın qüsurlu həyata keçirildiyini, nəticədə özünün də 6954,14 manat məbləğində zərərə uğradığını bildirsə də, bu hissədə etirazını əsaslandıra və sübut edə bilməmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mallar iddiaçı tərəfindən təyinat yerinə çatdırıldıqdan sonra cavabdeh tərəfindən qeyd-şərtsiz qəbul edilmiş (halbuki cavabdeh qüsurların malların tərəflərindən təhvil verildiyi məqamda aşkar edilən gözlə görünən qüsurlar olduğunu bildirir), daşıma ilə bağlı hər hansı irad bildirilməmişdir (həmin iradın bildirildiyini təsdiq edən sübut təqdim edilməmişdir). Belə ki, cavabdeh daşınmanın qüsurlu icra edilməsi, bununla əlaqədar özünün də zərərə məruz qalması barədə iddiaçıya hər hansı məlumat verməmiş, yalnız iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsindən əvvəl cavabdehə göndərdiyi xəbərdarlığa verdiyi cavab məktubunda həyata keçirilmiş daşınma ilə bağlı iradlarını bildirmiş, malların tərəflərindən məhv edilməsi barədə məlumat vermiş, öhdəliklərin əvəzləşdirilməsini təklif etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.5-ci maddəsinə əsasən daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspeditor tərəfindən yükün daşınıb təhvil verilməsi ilə bağlı öhdəlik icra olunduğundan və öhdəliyin icrası cavabdeh tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən daşıma haqqı üzrə borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6885 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli 02210 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 100 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 6885 (altı min səkkiz yüz səksən beş) manat məbləğində pul və ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiyaya dair xərc tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar