Məhkəmə qərarları › İş №e-2-2(113)-346/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-346/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-346/2024 12.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, ödənilmiş pul vəsaitinin geri qaytarılması) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə üzrə Cavabdeh MMC-dən ƏDV ilə birlikdə 61816,65 manat pulun, illik 5 faiz olaraq 3090 manat və 400 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli “malların alqı-satqısı haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı alıcıya tələb olunan malı (bundan sonra “Mal”) satır, alıcı isə həmin malı qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Cavabdehlə iddiaçı arasında xx.xx.2022-ci il tarixli, TSM/2022- 199 nömrəli müqavilə bağlanandan sonra iddiaçı - İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ƏDV ilə birlikdə 61816,65 manat Cavabdeh MMC-yə avans olaraq ödənilmişdir. Lakin müqavilə bağlanandan sonra Cavabdeh MMC tərəfindən heç bir mal iddiaçıya təhvil verilməyib. Cavabdeh MMC xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliyini icra etmədiyi üçün cavabdehə pretenziya göndərilərək avans kimi ödənilmiş 61816,65 manat məbləğində pulun geri qaytarılması tələb edilmiş, lakin bu günədək Cavabdeh MMC tərəfindən pulun geri qaytarılması təmin edilməmişdir.

3. Daha sonra iddiaçnın nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək (mediasiya xərci hissəsində), İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə üzrə cavabdeh – Cavabdeh MMC-yə ödənilmiş ƏDV ilə birlikdə 61816,65 manat, illik 5 faiz olaraq hesablanmış 3090 manat və 400 manat ödənilmiş mediasiya xərcinin əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

6. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştrak edə bilməyəcəyini qeyd etmiş və məhkəmə iclasının iştrakı olmadan keçirilib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, alıcı qismində İddiaçı MMC ilə satıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə TSM/2022-199 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı alıcıya tələb olunan malı satır, alıcı isə həmin malı qəbul edir və hazırkı müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir; 2.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri tərəflərin razılaşması ilə bu müqaviləyə tərtib olunmuş əlavələrlə müəyyən olunur; 2.3-cü bəndinə əsasən müqavilənin icrası müddətində tərəflər (onların təmsilçiləri, səlahiyyətli nümayəndələri, səlahiyyət verilmiş iş icraçıları) arasında olan bütün məktublaşma və elektron poçt vasitəsi ilə aparılan yazışmalar tərəflərin iradə ifadəsi hesab olunur və bu müqavilənin tərkib hissəsi hesab olunur; 4.1-ci bəndinə əsasən mallar alıcının sifarişi əsasında 2 (iki) iş günü ərzində satıcı tərəfindən öz hesabına çatdırılır; 4.4cü bəndinə əsasən satıcı alıcıya malları müvafiq qaimə-faktura (təhvil-təslim aktı) ilə təhvil verir. Malın alıcının anbarına qəbul edilmə tarixi malın göndərilinəsi tarixi sayılır; 5.1-ci bəndinə əsasən malların qiyməti satıcı tərəfindən müəyyən edilir və tərəflər arasında razılaşdırılmış şəkildə hazırkı müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilir; 5.4-cü bəndinə əsasən ödəniş satıcının hazırkı Müqavilənin rekvizitlərində göstərilmiş hesablaşma hesabına malın əsas məbləği, ƏDV-si isə ƏDV depozit hesabına köçürmə yolu ilə həyata keçirilir; 5.5-ci bəndinə əsasən alıcı ödənişi malı təhvil aldığı tarixdən 15 (on beş) iş günü müddətində həyata keçirməyi öz üzərinə götürür. Ödənişin hazırkı Müqavilənin 5.5. bəndində göstərilən müddətdə ödənilməsi gecikərsə, hər gecikdirilən gün üçün alıcı satıcıya ödəməli olduğu məbləğin 0.3% məbləğində, lakin hər bir sifarişin ümumi məbləğinin 3%-dən çox olmamaqla cərimə ödəyir; 5.10-cu bəndinə əsasən alıcı malların dəyərini öncədən ödəyərsə, bu müqavilənin 2.3-cü bəndi qüvvəsini itirmiş olur; 6.1.2-ci bəndinə əsasən hazırkı müqavilə şərtlərinə uyğun olaraq alıcıya malları qüsursuz və yararlı şəkildə, vaxtlı-vaxtında alıcının sifarişinə əsasən çatdırmaq satıcının öhdəliyi kimi müəyyən edilmişdir.

8. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 180 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ85AZFİ40060AZNHC********** nömrəli hesabına 52386,99 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı xx.xx.2022-ci il tarixli, TSM/2022-199 saylı alqısatqı müqaviləsinə əsasən avans ödəniş olaraq qeyd edilmişdir.

9. XalqBank” ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 181 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ48STRE******************** nömrəli hesabına 9429,66 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı xx.xx.2022-ci il tarixli, TSM/2022-199 saylı alqı-satqı müqaviləsinə əsasən avans ödəniş olaraq qeyd edilmişdir.

10. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilən pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh (VÖEN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətinin bankda olan hesabına avans olaraq ödənilmiş 52386,99 manat və 9429,66 manat ƏDV məbləği olmaqla, ümumilikdə 61816,65 manat məbləğində pulun 3 (üç) gün müddətində geri ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

11. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, ona görə də iddiaçının hazırkı tələb hüququ yaranmışdır. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

15. İddia tələbinin bir hissəsini cavabdehdən ƏDV ilə birlikdə 61816,65 manat pulun iddiaçının xeyrinə tutulması təşkil edir.

16. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, qabaqcadan ödəniş məbləğini almış cavabdeh əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyindən iddiaçının əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMC-dən ƏDV daxil 61816,65 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, ƏDV daxil 61816,65 manat məbləğində pul vəsaiti (52386,99+9429,66=61816,65) xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən avans olaraq ödənilmiş, lakin dəyəri öncədən ödənilmiş mallar alıcıya-iddiaçıya təhvil verilməmişdir. Bu hal iş materialları ilə öz təsdiqini tapır.

17. İddia tələbinin digər hissəsi cavabdehdən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz olaraq hesablanmış 3090 manat məbləğində pulun tutulmasından ibarətdir.

18. Məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı tərəfindən avans məbləğ cavabdehin hesabına xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Müqavilə şərtlərinə əsasən alıcıya mallar 2 iş günü ərzində satıcı tərəfindən öz hesabına çatdırılmalı olsa da, mallar alıcıya təhvil verilməmiş, eyni zamanda qeyd olunan pul vəsaiti də iddiaçıya geri qaytarılmamışdır. Belə olan təqdirdə məhkəmənin qənaətinə əsasən cavabdehin öhdəliyin icrasını gecikdirməsi öz təsdiqini tapdığından iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də iddia həmin hissədə də təmin olunmalı və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 3090 (üç min doxsan) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. İddiaçı 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

20. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 400 (dörd yüz) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2022-ci il tarixli, TSM/2022-199 saylı alqı-satqı müqaviləsi üzrə 61816,65 manat (altmış bir min səkkiz yüz on altı manat altmış beş qəpik) manat, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 3090 (üç min doxsan) manat və 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 65306,65 manat (altmış beş min üç yüz altı manat altmış beş qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar